Musiqi karvanının yorulmaz sarvanı
Tamaşa etdiyi bir cizgi filmində səslənən
musiqi bütün qəlbinə hakim kəsildiyinə görə
o, violino alətinə çox kiçik yaşlarından
maraq göstərməyə başlayır. Günlərin
bir günü uşaq bağçasında oxuduğu
dövrdə radio verilişinə qonaq dəvət edilən
bir neçə istedadlı həmyaşıdı arasında
o da var idi. Bütün uşaqlar kimi, ona
da gələcəkdə hansı peşənin sahibi olacaqsan
sualı ünvanlandıqda balaca oğlanın ürəyindən
elə həmin anda violinoçu olmaq keçir. Beləliklə də, onun gələcək tale yolu
həmin gün məlum olur. Oğlunun musiqiçi
olmaq arzusunu radionun efiri vasitəsilə dinləyən ata və
ana övladının istəyini dərhal yerinə yetirirlər.
Təhsil alması üçün onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
simli alətlər şöbəsinə gətirirlər. Bununla da, gələcəyin parlaq violinoçusunun
musiqi dünyasına ilk addımına yol açılır.
Onun ifası dinləyicilərin diqqətini
yeniyetməlik dövründən cəlb edir. Səkkizinci sinifdə oxuyarkən gənc
musiqiçi hər gün öz ifasını daha çox təkmilləşdirir.
Əzmkarlığı və
çalışqanlığı sayəsində müəllimlər
və musiqiçilər tərəfindən məktəbin ən
qabaqcıl şagirdi kimi nüfuz qazanır. Sonralar isə onun ürəklərə süzülən
böyük təsir gücünə malik ifası
bütün musiqi ictimaiyyəti və musiqisevərlər tərəfindən
alqışlarla qəbul edilir. Haqqında
söhbət açdığım şəxs istedadı, zəhmətsevərliyi,
alicənablığı və vətənpərvərliyi ilə
dərin ehtiram və rəğbətə layiq olan dəyərli
ziyalımız, görkəmli sənətkar Arif Kamal oğlu
Manaflıdır. O, Azərbaycan musiqi sənətinin
çox tanınmış və sanballı
simalarındandır, sənətinə vurğun olan və həmişə
sadiq qalan musiqiçidir.
Musiqi ilə bağlılığı ailə köklərindən
gələn A.Manaflı 2 dekabr 1957-ci ildə Bakı şəhərində,
ziyalı ailəsində dünyaya göz açıb. Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin violino sinfindən məzun
olduqdan sonra (1976) Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasına (hazırkı Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası) professor Tahir Atakişiyevin
sinfinə qəbul olunub. Lakin sonradan təhsilini
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasında (1976-1981) professor D.M.Sıqanovun rəhbərliyi
ilə davam etdirib. O, ifaçılıq səviyyəsini təkmilləşdirmək,
bu sənətin sirlərinə dərindən yiyələnmək
məqsədilə 1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət
Konservatoriyasına (hazırkı Sankt-Peterburq
Konservatoriyası: F.N.) professor B.L.Çutnikovun sinfinə
aspiranturaya qəbul olunub. Həmin illərdə
klassik və müasir dövr bəstəkarlarının
mürəkkəb əsərlərini səsləndirib.
Aspiranturanı bitirdikdən sonra (1985) vətənə
qayıdan gənc ifaçı M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında solo konsert
proqramı ilə çıxış edib. Daha
sonra dağıstanlı dirijor Pavel Yadıxın idarəsilə
Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti
ilə İ.Bramsın məşhur violino konsertionun təfsirində
dinləyicilərə çatdırılıb.
A.Manaflı əmək fəaliyyətinə 1985-ci ildə
M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının solisti kimi başlayıb. Həmin ildə
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında əvvəlcə konsertmeyster, sonradan isə bu
musiqi ocağında (1988-1993) simli alətlər
kafedrasının müəllimi kimi işini uğurla davam
etdirib. Müxtəlif konsertlərdə,
televiziya və radio proqramlarında tez-tez
çıxışları olub. Bakıya
qayıtdıqdan sonra o, vətənində maraqlı
proqramlarla konsertlər verib. 1985-1993-cü illərdə
Nazim Rzayevin, Rauf Abdullayevin, Ramiz Məlikaslanovun,
Yalçın Adıgözəlovun və İsmayıl
Hacıyevin idarəsi ilə geniş və rəngarəng məzmunlu
konsertlərdə iştirak edib. Həmin
dövrdə violino üçün yazılmış Azərbaycan
bəstəkarlarının yeni musiqi əsərləri ilk dəfə
məhz onun ifasında tanınıb. A.Manaflı təkcə
azərbaycanlı dirijorlar ilə deyil, sonralar Naci
Özgüç, Erhan Parlat, Orhan Şallıel, Ender
Sakpınar, Tolga Taviş, Emin Güven Yaşlıçam,
Nesrin Bayramoğulları, Marek Pijarovski, Can Beyli kimi
musiqiçilərlə də yaradıcılıq təmasını
davam etdirib.
Böyük musiqiçi vətənpərvər şəxsiyyət
kimi Birinci Qarabağ müharibəsində iştirak edib. Faciəli 20
Yanvar hadisələri zamanı o, dostu pianoçu Teymur Şəmsiyev
ilə birlikdə könüllü olaraq vətənin
müdafiəsinə qalxıb. Sonralar isə
mübarizəsini musiqi vasitəsilə aparıb, soydaşlarının
haqq səsinə öz səsi ilə güc qatıb. Təsadüfi deyil ki, tanınmış
ifaçı uzun illərdən bəri yeri gəldikcə
Türkiyə Televiziya və Radiosunda bu mövzuda geniş
kütləni maarifləndirir. Hünərli
eloğullarından biri kimi respublikamızdan kənarda da xidmətləri
ilə xalqımızı qürurlandırır. Onun
yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanla
yanaşı, dost ölkə olan Türkiyə Cümhuriyyətinin
musiqi mədəniyyətinin inkişafı ilə sıx tellərlə
bağlıdır. Arif bəy yüksək
peşəkarlığı və məhsuldar fəaliyyəti
ilə qardaş türk xalqının mədəniyyətinə
böyük töhfələr bəxş edib. Yorulmadan qonşu ölkənin musiqi təhsilinin tərəqqisi
uğrunda səmərəli xidmət göstərən ustad
sənətkar 1993-cü ildən "Trakya Üniversitesi,
Devlet Konservatuvarının, 1995-ci ildən isə "Dokuz
Eylül Üniversitesi, İzmir Devlet Konservatuvarının
Müzik bölümü"ndə Yrd.Doç.Dr kimi fəaliyyətə
başlayıb. Bu günə qədər
İzmir Konservatoriyasında müəllim kimi işini davam
etdirən görkəmli sənətkar yaradıcılıqla
yanaşı, gənc musiqiçilər nəslinin tərbiyəsi
ilə yaxından məşğul olub. A.Manaflı 41 il ərzində əllidən artıq violino
ifaçısı yetişdirib. Onun sayca 31
yetirməsi hazırda Türkiyədəki aparıcı musiqi
kollektivlərində ifaçılıq və pedaqoji fəaliyyətlə
məşğuldurlar.
A.Manaflının simasında sənət və həyat
təcrübəsi baxımından əvəzsiz cəhətlər
öz əksini tapıb ki, onlardan biri də musiqiçinin
yaradıcılıq yolunda özünəməxsus rol
oynamış görkəmli şəxsiyyətlərin
ehtiramla yada salınmasıdır. Bütün bunlar onun
sədaqətindən və böyüklüyündən xəbər
verir. O, valideynləri, müəllimləri, əsərlərini
ifa etdiyi bəstəkarlar və başqa musiqiçilər ilə
yanaşı, Ulu öndər Heydər Əliyevin də rolunu
yüksək dəyərləndirir. Böyük
siyasətçini dərin minnətdarlıq duyğusu ilə
yad edən görkəmli violinoçu Rusiyada təhsil
aldığı illərdə "Xalq Teatrı"nda onun məruzələrini
dinləyənlərdən biri olduğunu xatırlayır və
özünü həm də Ulu öndərin yetirməsi
hesab edir. Tale elə gətirib ki,
1990-cı illərin əvvəlində Türkiyədə
yaradıcılıq fəaliyyətinə yenicə
başladığı dövrdə gözəl sənətkar
İzmirdə güclü siyasi liderimizlə ikinci dəfə
görüşüb. H.Əliyevin 7 may 1997-ci ildə
"Dokuz Eylül Üniversitesi"nin Fəxri
Doktoru kimi təltif edilmə mərasimində onun şərəfinə
təşkil olunan tədbirdə pianoçu Aykut Bakırla
birlikdə kiçik konsert proqramı ilə
çıxış edib. Həmin gün
Q.Qarayevin, F.Əmirovun, A.Məlikovun, A.A.Sayqunun əsərlərini
səsləndirdiyini bildirən istedadlı musiqiçi konsertdən
sonra H.Əliyevin təbrikini və xoş sözlərini dinləyib.
Növbəti görüş isə
İstanbulda olub. Uzun illər ötsə də,
virtuoz ifaçı həmin görüşləri
işıqlı xatirələrlə yada salır. Sözsüz ki, bütün bunlar A.Manaflının
hafizəsində dərin iz buraxıb və ona
yaradıcılıq stimulu bəxş edib. Məhz buna
görədir ki, görkəmli sənətkarın
sorağı Fransanın, Almaniyanın, Belçikanın,
Böyük Britaniya və Yaponiyanın, Özbəkistanın,
Qırğızıstanın, Qazaxıstanın, həmçinin,
bəzi ərəb ölkələrinin nüfuzlu konsert
zallarından gəlir. O, dünyanın 36 ölkəsində
konsertlərdə çıxış edib. A.Manaflı
müxtəlif illərdə Türkiyənin aparıcı
simfonik orkestrləri ilə birlikdə həmin ölkələrə
yaradıcılıq səfərlərində olub. Fransa və Almaniyada isə solo konsertlər verib.
Arif bəy məsafəcə doğulduğu məkandan
uzaqda yaşayıb fəaliyyət göstərməsinə
baxmayaraq, qəlbi hər zaman vətən eşqilə
döyünən yurddaşımızdır. O, respublikamızda gedən
yaradıcılıq və quruculuq proseslərinə təəssübkeş
vətəndaş kimi çox fərəhlənir. A.Manaflı xalq üçün xidmət göstərir,
əldə etdiyi uğurları ilə həm türk
qardaşlarımızı, eyni zamanda həmvətənlərimizi
daim qürurlandırır. A.Manaflının bu günlərdə
nə az, nə də çox - 65 il ərzində
qət etdiyi məhsuldar həyat və yaradıcılıq
yoluna nəzər saldıqda onun şərəflə və ləyaqətlə
ömür keçirdiyinin şahidi oluram. O, bu illər ərzində
insana lazım olan ən dəyərli nə varsa
hamısını öz zəhməti və istedadı ilə
əldə edib. Dostları və həmkarları
arasında dərin hörmət və etibar qazanan
tanınmış musiqiçi, tələbələri və
doğmaları tərəfindən böyük nüfuz və
sevgi ilə əhatə olunub. Bənzərsiz sənətkar
incəsənətimizə verdiyi zəngin töhfələrə
görə 1990-cı ildə mükafata və Azərbaycanın
Əməkdar artisti (1991) fəxri adına
layiq görülüb. Bütün bunlar
virtuozifaçının Azərbaycan musiqi sənəti sahəsində
dəyərli xidmətlərinin nəticəsidir. Öz
yetirmələrinin uğurlarına hədsiz sevinən, şəxsiyyəti
və sənətkarlığı haqqında hamı tərəfindən
gözəl fikirlər səsləndirilən, hər yerdə
alqışlar eşidən Arif bəy sadaladıqlarıma
yüksək humanizmi, daxili paklığı,
dürüstlüyü, səmimiliyi və əzmkarlığı
sayəsində müvəffəq olub. Həmin
keyfiyyətlər A.Manaflını başqalarından qəti
şəkildə fərqləndirir, müdrikliyi, uzaqgörənliyi,
səmimiliyi onun şəxsiyyətini ucaldır, daha da cazibədar
və maraqlı edir. Arif bəy təbiətinə
xas olan güclü iradəsi, mərdliyi, səxavəti və
təvazökarlığı ilə də seçilir. Odur ki, xalqına və sənətinə sonsuz sevgi
ilə bağlı olan, həyatını musiqiyə həsr
edən kamil sənətkara, vətənpərvər Azərbaycan
övladına böyük ehtiramımı bildirmək məqsədilə
ürək sözlərimi bu sətirlər vasitəsilə
ünvanlamaq qərarına gəldim. İfasından
vəmaraqlı söhbətlərindən böyük
zövq aldığım yubilyar indi ömür pilləsinin
kamillik çağındadır. Onu bu
münasibətlə səmimi qəlbdən təbrik edir,
möhkəm cansağlığı, həyatın və sənətin
nahamar yollarında həmişə olduğu kimi sarsılmaz
iradə və tükənməz enerji ilə daim irəli
addımlamağı arzulayıram. Musiqi karvanının
yorulmaz sarvanını, əziz həmvətənimizi,
özünəməxsus ifaçılıq üslubu ilə
Azərbaycan violino məktəbini zənginləşdirən
və sənətkarlıq zirvəsini fəth edən hörmətli
Arif bəyin gələcək illəri sonsuz həyat sevincləri
ilə dolu olsun.
Fazilə
NƏBİYEVA
Musiqişünas,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.14.