Tənha palıd

 

Sən anadan elə tənha doğuldun,

Uzanmadı ehtiyaca əllərin.

kimsənin qapısından qovuldun,

qaçdın qabağından sellərin.

 

Palıd olub quzeydəcə boy atdın,

Küləklərin qamçısına dözərək.

Ürəyində hey paxıllıq oyatdın

Yüz nadanın, öz zirvəndən süzərək.

 

Buludlar da dolandılar başına,

Ələdilər leysanları üstünə.

Üz tutmadın yenə göz yaşına,

Qalxan oldu sinən daim pis günə.

 

İldırımlar at oynadıb bağırdı,

Çıxarmadın palıdlığı yadından.

Bilsən ki, sənə yaman ağırdır,

Çəkilmədin utanaraq adından.

 

Sığınmısan bircə qadir Allaha,

Ürəyini təkcə ona açmısan.

Batmamısan bircə yol da günaha,

Bircə kəsdən qorxub, qaçmısan.

 

            

 

Yollarım

 

Yollarım dumana büründü yenə,

başı göründü, ayağı.

Qəlbimdə bir həsrət süründü yenə,

Dolandı hər yanı Məcnunsayağı.

 

Zülməti əyninə geydi gündüzüm,

Gecəmi köməyə çağırdı mənim.

Bürünüb dumana, yox oldu izim,

Ağrıdan ürəyim bağırdı mənim.

 

Bağ-bağçam tarimar oldu büsbütün,

Dondu hər çiçəyin gözündə yaşı.

Qüssəmin bayramı, toyumu bu gün -

Bilmirəm, çatılıb heyrətin qaşı.

 

Xəyalım-nizamı pozulmuş ordu,

Üzündən, gözündən qəm aşıb-daşır.

Qəlbimin tüstüsü ucalan yurdu,

Sızlaya-sızlaya gəzib dolaşır.

 

...Yollarım dumana bürünüb yenə,

Yönümü hayana tutum bəs indi?

Qəfildən göylərdən mələktək enə

Yetişə haraya bircə səs, indi.

 

Qələmim, dəftərim mən

 

 

Bir qələmim, bir dəftərim, bir mən

Keçiririk gecələri baş-başa.

Qəm yağışı ələnsə qəlbimdən,

"İslanmaqdan" düşmürük heç təlaşa.

 

Taleyimə əsib dəli küləklər,

Qəmlə dolu bulud olub ürəyim.

Solub neçə qönçə arzu-diləklər,

Boğulubdur bələyində gərəyim.

 

"Bulud"umun qəm yağışı sellənib,

Çay-qələmim dərhal çəkib canına.

Ağuşunda "çayın" tezcə lillənib,

Yol başlayıb "qəm düzünü"nün yanına.

 

Bu dünyanın hər dərdini, qəmini

Təşnə olub dayanmadan içirik.

Ürəkdəki qəm adlı bir zəmini,

Üçümüz gecə-gündüz biçirik.

 

Hər qələmin, hər dəftərin, hər "mən"in

İşi deyil qəm-qüssəyə bürünmək.

Yollar kəsən hər dumanın, hər çənin

Arasından çıxıb məğrur görünmək.

 

Mehdi ZAHİD

525-ci qəzet.-2022.-- 7 dekabr.- S.15.