Küçə rəssamları
Bu yaxınlarda Ukraynada
məşhur küçə
rəssamı Banksyinin
əsəri divardan oğurlananda qraffiti, yəni küçə rəssamları yenidən
gündəmə gəldi. İngiltərə vətəndaşı olduğu
deyilən və əsl kimliyi məlum olmayan küçə rəssamı
Banskinin divarları bəzəyən aktivist şəkli İngiltərədə
poçt markası kimi hazırlanıb.
Almaniyanın Köln şəhərindəki divar
rəsmləri şəhərə
gələnlərin diqqətini
çəkir. Xüsusilə Erenfeld bölgəsinin,
demək olar, bütün binalarını
bəzəyən rəsmlərdə
hər cür fəlsəfə və düşüncə cərəyanını
görmək mümkündür.
Rəngarəng və yaraşıqlı
şəkillər divarlara
sığmayanda küçə
və xiyabanlarda yerləşdirilən elektrik
transformatorlarının üzlüklərində
hazırlanırdı. Rəssamlar xəyallarında formalaşan
cizgiləri tapdıqları
hər məkana diqqətlə yerləşdiriblər.
Belə küçə sənətçilərindən
pul qazanmaq istəyənlər məşhur
Köln Dom kilsəsinin meydanına
üz tuturlar. Orada ya İsa Məsihin
avropalıya oxşayan
uzun saçlı sarışın portretini,
ya da dünyanın
müstəqil ölkələrinin
bayraqlarını düzəldirlər.
Türklər orda cəmləşdiyi
üçün türk
bayrağını daha
böyük və daha çox çəkirlər. Hər bir
ölkənin vətəndaşları
öz ölkələrinin
bayrağının üzərinə
pul atırlar. İki il
əvvəl bir küçə rəssamının
yerə çəkdiyi
Türkiyə və Azərbaycan bayraqları ilə bağlı mövzu Almaniya qəzetlərində də
yer aldı. Alman qəzetinin yazdığına
görə, "Ərdoğanpərəst
millətçi türk"
küçə satıcısından
çirkli yerə çəkildiyi iddia edilən Azərbaycan və Türkiyə bayraqlarının silinməsini
istəyib və mübahisə başlayanda
polis hadisə yerinə
gəlib. İlk dəfə
idi ki, küçə
sənəti polislik olurdu. Xoşbəxtlikdən hadisəyə müdaxilə
edən küçə
sənətçisi ilə
türk razılaşıb
və polis hadisə yerini tərk edib.
Hər səhər
gəzintiyə çıxanda
alman neoromantika sənətinin ən böyük nümayəndələrindən
biri olan Kaspar David Fridrixin "Buludlar dənizinə düşən səyahətçi"
əsərini Kalk bölgəsində metroya
yaxın binada görürəm. Rəssam 1774-cü ildə Qreysfaldda anadan olub, 1840-cı ildə Drezdendə vəfat edib. Almaniyada ideya rəssamı
kimi görünən
Kaspar Devid 1818-ci ildə "Buludlar dənizinə düşən
səyahətçi" əsərini
çəkir. Onun əsərlərində
təbiətə əsl
mənəvi-fəlsəfi yanaşma var. O, uzun gəzintiləri zamanı
gördüyü mənzərələri
kətan üzərində
əks etdirib. O,
romantik rəssam kimi rəsmlərində də özünə insan vəziyyəti ilə bağlı suallar verir. "Buludlar dənizini düşünən səyahətçi"
adlı əsərində
personajın təbiətə
hakim olduğu düşünülə
bilər, amma əslində, rəssam onu əhatə edən genişlik qarşısında acizliyi
təsvir edib.
Hər dəfə o divarın yanından keçəndə bu nəhəng tablonun qarşısında dayanıram, xüsusən də sahildə böyrü üstə uzanmış qırmızı-ağ qayığa baxıram. Kaspar Davidin orijinal rəsmində qəhvəyi qayanın üzərində dayanmış və əlində əsa tutan səyyah bütün vadini bürüyən buludlara heyran qalır. Bu divar rəsmində eyni səyyah Dom kilsəsinin qarşısında cib telefonu ilə dayanıb fırtınalı Reyn çayına baxır. Hansının daha real və daha yaxşı şəkil olduğunu bilmirəm. Amma iki rəsmdəki təbiətin görünüşü və insanların sakitliyi məni çox düşündürür. Gələcək virtual aləmdə formalaşarkən, küçələr fikir yarışına girmiş kimi görünür. Bəlkə də buna görə Banskinin məşhur əsəri divarla birlikdə oğurlanıb. İnsan həm özünü divarlar arasında həbs edəcək, həm də təbiətlə görüşəcək.
Həyat o qədər rəngarəng,
o qədər mürəkkəb və çox ziddiyyətlidir ki.
Təbii ki, rəssamlar bu
ziddiyyəti, çaşqınlığı öz
əsərləri ilə izah etməyəcəklər.
Amma onlar bizi rənglərlə bunu
təbiətə qaytaracaqlar. Bu, getdikcə texnologiyaların məngənəsində
boğulan bəşəriyyət üçün xilas ola bilər.
Orxan
ARAS
525-ci qəzet.-2022.--
7 dekabr.- S.13.