Bir payız sovqatı
Bu günlərdə doğma Azərbaycanın qədim
güşəsi Gəncədən əvəzolunmaz bir sovqat
aldım. Uzun müddət gözlədiyim bu sovqatı əslində
otuz ildən əvvəl müəlliflə birlikdə
hazırlamağı planlaşdırırdıq. Sözdən işə keçmək məsafəmiz
(bu irad xüsusən özümə aiddir) o qədər
uzundur ki, nəhayətində sovqatı dostum təkbaşına
hazırladı.
Söhbət peşəkar hüquqşünas, əsil
ziyalı dostum Adil Əsgərovun mənə göndərdiyi
sovqatdan—“Acılı və şirinli günlərimin xatirələri”
adlı avtobioqrafik kitabdan gedir.
Kitab yazmaq fikri çoxdan ortalıqda dolaşsa da
axır ki, hörmətli Məmməd Əfşan onu bu
işə sövq edib və nəticədə həqiqətən
düşündürən, sevindirən, qəzəbləndirən,
qürurlandıran, hüznləndirən
acılı-şirinli günlərin xatirə toplusu ərsəyə
gəlib.
Kitabı birnəfəsə oxudum desəm yalan olar. Çünki bəzi
epizodları oxuyanda onların həqiqiliyinə inanmaq istəmir,
törədilmiş cinayətlərdə insanın (onlara
insan demək olarsa) nələrə “qadir” olduğunu göstərən
epizodlardan, səhnələrdən dəhşətə
gəlirdim. Ona görə də bu əhvalatları
təkrar-təkrar oxuyur, kitabı bir tərəfə qoyub
uzun müddət təsirdən çıxa bilmirdim. Bu
səbəbdən də indi kitabın məziyyətlərindən,
ədəbi yükundən, təhkiyə üslubundan daha
çox, kitabın vəsiləsilə onun əhatə etdiyi
zaman kəsiyindən, keçən əsrin sonu, iyirmi birinci əsrin
əvvəlində şahidi olduğumuz, bəzən
anlaşılmasında çətinlik çəkdiyimiz hadisələrdən
də danışmaq, fikir bildirmək istərdim. Əlbəttə, bu, irihəcmli tədqiqat əsərlərinin
mövzusudur, amma tarixə dönmüş bəzi məqamlara
boylanıb baxmağa hər birimizin haqqı var.
Dünənini
bilməyənin sabahı məchuldur
Xatirələr ailə səcərəsinin
tanımlanması ilə başlayır. Cənnət
Qarabağla bağlı uzaq-yaxın keçmiş cözələnir.
41 tirəlik Kəbirli tayfasından, müəllifin
aid olduğu Qızıllılar tirəsindən, nəslin əcdadı
Məmməd kişidən söhbət açılır.
Varlı-dövlətli, səxavətli
keçmişdən, ulu babalardan tutmuş, el-obada nüfuz
sahibi olan, təəssüf ki, vaxtsız dünyadan
köçən atası, doqquz uşağa və şikəst
qaynına fədakarlıqla, mətanətlə
böyüklük edən anasına qədər hər kəs
haqqında səmimiyyətlə danışılır.
Uşaqlıq və gənclik illərinin hekayəsini
oxuduqca sosial ehtiyaclar və kasıblıq baxımından təxminən
eyni olan öz uşaqlıq illərimi xatırladım.
Uşaqdan böyüyə hamının işlədiyi,
xeyir-şərdə hərənin bir işin qulpundan
tutduğu, qapı-darvazaların qıfılsız olduğu,
hər kəsin ayama ilə “mükafatlandığı”, təndir
çörəyinin ətrinin yüz metrdən adamı
bihüş etdiyi kənd.
Sonra məktəb
illəri, səkkiz kilometr uzaqdakı Hüsülü kəndinə
“elm dalınca” gedən, daha sonra Bakıda, Azərbaycan
Dövlət Universitetinin hüquq fakültəsində davam
edən, zabit kimi orduda xidmətə uzanan yol. Tələbəlik
illərini, ona dərs deyən müəllimləri yad edərək
hüquq fakültəsinin o zamankı dekanı, bü günlərdə
100 illik yubileyi qeyd olunan mərhum professor Məmməd Xələfovun
ordudan tərxis olunmuş zabitin tələbə davamiyyətinə
dayanaraq onu ixtisası üzrə işə göndərməsindən
danışır, Xələfov haqqında məqaləsinə
də kitabda yer verərək, hüquqşünaslıq
peşəsinə yiyələnməkdə əməyi
olmuş əksər pedaqoqlardan minnətdarlıqla söz
açır. Ədalətin,
qanunların keşiyində duran müsəlləh əsgərin
formalaşması, peşəsinin ərbabı olması bir
yandan zəngin ailə irsindən, eldən-obadan, digər
yandan təhsilin hər pilləsində rastına
çıxmış müəllimlərdən qidalanıb.
Rastına çıxmış adamların
hamısının mələk olmadığı, insan cildində
iblis xislətli məxluqların da bu rastlaşmada yer aldığını
bəzən təəssüflə, bəzən hiddətlə
qeyd edir, bəzən də qazanma üsulu məlum olmayan məqamı,
kürsünü başqalarına zülm vasitəsinə
çevirənlərə qarşı mübarizəsindən
söhbət açır müəllif. Təbii ki, mənfi
əhval-rühiyyə kitabda ötəri qeyd olunur, amma bir-iki
nadanın könülbulandıran hərəkətlərinin
bəzən necə böyük mənəvi zərbəyə
səbəb olduğunu, belələrini islah etməyin nə
qədər çətin olduğunu da düşünməli
olursan.
Əxlaqla
peşəkarlığın vəhdəti
Diqqətəlayiq cəhətdir ki, onilliklər
keçsə də sanki ən sıravi bir məqam belə
unudulmayıb.
Sonrakı söhbətimizdə heç bir
gündəlik tutmadığını, xatirələri
yaddaş dəftərindən kağıza
köçürdüyünü eşidəndə daha da təəccübləndim.
Bu, sadəcə ailə, vətən sevgisindən,
seçdiyi peşəyə, inamına, etiqadına məhəbbətdən
deyil, həm də bir daxili nizamdan, iradədən irəli gəlir
məncə.
İkinci fəsil hüquqşünas kimi fəaliyyətin
enişli-yoxuşlu yollarından bəhs edir. Tam xronologiyaya
riayət etmədən bəzi cinayət hadisələrinin təhqiqatı,
üstünün açılması barədə
danışmasaq, xatirə müəllifi haqqında tam təsəvvür
yaratmaq mümkün deyil.
Son otuz-qırx ildə mənfur qonşuların
xalqımızın başına nə bəlalar
açdığı hamıya məlumdur. Bu müddətdə
Sumqayıtda baş verən hadisələr də daxil olmaqla ermənilərin
öz cinayətlərini azərbaycanlıların üzərinə
ataraq dünyada xalqımız barədə yanlış fikir
yaratdıqlarının dəfələrlə şahidi
olmuşuq. Kitabda isə bunun ən bariz
nümunəsi öz əksini tapıb. 1987-ci ildə
Dağlıq Qarabağ “tonqalının” hələ
qığılcım halında olduğu bir vaxtda Gəncədə
yaşayan erməni ailəsinin başçısı
Stavropola getmək niyyətini həyata keçirmək
üçün əvvəlcə arvadının və
qaynanasının başlarını kəsməklə
onları qətlə yetirir, evdəki zinət əşyalarını
soyuqqanlılıqla bir çəkmənin içinə
doldurub, həyət qapısını özü açarla
bağlayıb Əlibayramlı şəhərinə gedir,
orada haqqında əvvəlcə
çıxarılmış məhkəmə
hökmünün surətini istəyir, bu arada evinin
özü ilə gətirdiyi açarını məhkəmə
binasının yaxınlığındakı tualetə
atır, qızılları Salyan rayonunun kəndində gizlədir.
Sonra da Gəncəyə gəlib özünə “alibi”
düzəltmək üçün əvvəlcə
qonşulardan arvadını, qaynanasını
görüb-görmədiklərini soruşur, axşama kimi həyətin
qarşısında oturub onları “gözləyir”, axşam
qonşudan nərdivan alıb həyətə girir ki, guya
açarı yoxdur. Ev qapısının
açıq olduğuna görə içəridə
arvadı və qaynanasının qətlə yetirildiyini
“görür” və vay-şivən qoparır ki, evimi
yıxıblar. Ertəsi gün də Adil
Əsgərovun və Gəncə şəhər prokuroru Fətəliyevin
qəbuluna gələrək cinayətin
açılmasını tələb edir.
Qanlı cinayəti Onikin özünün törətdiyi
şübhəsi Adil Əsgərovda cinayət işi üzrə
hərtərəfli obyektiv istintaqdan sonra cəmi on gün ərzində
qəti inama çevrilir. Etiraf ifadəsinin
alınması, caninin dediklərinin yerində yoxlanması, dəlillərin,
zinət əşyalarının, hətta evin
açarının belə tapılib üzə
çıxarılması ilə istintaqı başa
çatdırıb onun məhkəməyə verilməsini təmin
edir. Beləliklə, erməninin öz ailəsini
qətlə yetirib sonra azərbaycanlıları iftira və
böhtanla təqsirləndirmək cəhdi boşa
çıxır.
Prokuror peşəsi yalnız sözdə gözəl,
cazibədar görünür, əslində yuxusuz gecələr,
insan taleyi haqqında düzgün qərar vermək, cinayətkarın
yerinə günahsız adamın cəza almasına yol verməmək
üçün böyük məsuliyyət tələb edən
ağır işdir. Belə ağır yükü otuz iki il
daşımaq şərəfinə nail olmuş Adil Əsgərov
Azərbaycanın Yevlax, Xanlar (indiki Göygöl), Qəbələ,
Neftçala rayonlarında Gəncə və Bakı şəhərlərində
işləyib. Çalışdığı
müddətdə hər şey ürəyincə olubmu?
Bu sualın cavabı da kitabın adında əks
olunub. Yuxarıda qeyd etdiyim kimi nadan, nadürüst,
nankor adamlarla işlədiyi günlərin acısı,
yardımsevər, xeyirxah, mehriban, mərd adamlarla işlədiyi
günlərin şirini-şərbəti keşməkeşli
həyat menyusunu təşkil edib.
Kitabı
oxuduqca müəllifin hər zaman insanlara nə qədər
açıq ürəklə, səmimiyyətlə qucaq
açdığını, sürücüsündən
tutmuş baş prokurora qədər hamıya təkəbbürdən,
ədadan uzaq eyni gözlə baxdığını,
yaxşılıq etdiyi, iş öyrətdiyi, imdadına
çatdığı, səsinə səs verdiyi adamlardan
nankorluq görəndə belə təmkinini
pozmadığını görüb təəccüblənməmək,
bu daxili zənginliyə heyran qalmamaq olmur.
Kitabda
müəllif iş müddətində istintaqını, təhqiqatını
apardığı işlərin, üstünü
açdığı cinayətlrin az bir
qismi haqqında yazıb. Amma səciyyəvi olan nədir? Hər yeni
işə başladığı rayonda dörd, beş, səkkiz, on il üstü
açılmamış cinayətlərin, səthi yoxlamalarla
qapanıb toz basmış qovluqlarına, cildlərinə qətiyyətlə
girişərək onları başa çatdırıb, caniləri
haqqın, ədalətin divanına çəkib. Həm də bunu elə sənətkarlıqla,
peşəkarcasına edib ki, təcrübəsi respublika miqyasında
nümunə kimi yayılıb. Bir
yazıda bu işlərin hamısından danışmaq
çətindir. Amma elələri
də var ki, aradan yüz il də keçsə,
sadəcə xatırlanması insanın qanını dondurur.
“8 il əvvəl itən qızın hekayəti”
bir dəhşətli cinayətdən deyil, cahilliyin, yersiz
qısqanclığın, əbədi və əzəli namus
anlayışını nə qədər yanlış dərk
etməyin qanlı dəlilidir. Tərbiyəli, əxlaqlı,
orta məktəbi əla və yaxşı qiymətlərlə
bitirib həyata yenicə qədəm qoyan bacısını
öz xəstə təxəyyülü ilə “telefonda
kiminləsə danışdığına və tez-tez pəncərədən
baxdığına görə” qətlə yetirib Kür
çayının sahilində basdıran, zavallı
anasını yataq xəstəsi edən, səkkiz il sonra cinayətin
üstü açılana qədər sərbəst
yaşayan bədnam “qardaş”ın daha böyük cinayətlər
törətməməsi üçündür əslində
hüquq mühafizəsi, qanun və qanunun keşiyində
duranlar. Bu arada belə bir cinayəti bir-iki rayona sorğu
göndərməklə bitmiş hesab edən, səkkiz il ölüm cinayətinin izinə düşməyənlər,
üstünə qayıtmayanlar da formal olaraq müstəntiq,
prokuror sayılır və işlərinə niyə belə
yanaşırlar, o başqa məqalənin mövzusudur.
Daha bir ibrətamiz örnək Goranboyda baş vermiş
və o vaxt SSRİ Baş prokurorluğunun nəzarətində
olan ölüm cinayəti ilə bağlıdır. Qohumu ilə adi bir məişət
mübahisəsi üzündən atasından şillə cəzası
alan gənc Emin küsüb evdən gedir,
Xanabadda yolüstü yeməkxanada işə düzəlir.
Sonra alver məqsədilə oraya gələn iki nəfərlə
tanış olub onların gətirdiyi
“Malboro” siqaretini satmaq üçün Gəncəyə gedir,
qeri qayıdarkən yolda mübahisə etdiyi qohumunu
görüb yeni tanışlarını onun maşınını
saxlatmağa məcbur edir. Onlardan ayrılıb
qohumu ilə dalaşır, qohumu onu üstələyəndə
yeni tanışlarını köməyə
çağırır. Tanışları
dalaşanları ayıranda Emin qaçıb maşından
çəkici götürür, qohumunun başından vuraraq
onu yıxılmış vəziyyətdə qoyub
qaçır. Bir gün sonra qohumu beyninə dolan sümük qəlpələri
üzündən vəfat edir. Tezliklə
Emindən şübhələnib onu izolyatora salırlar.
İki gün sonra o, özünü asaraq
öldürür. Onu dəfn etmək
üçün ailəsinə vermək məqamı gələndə.
Eminin atası Mürsəl kişi qətiyytlə
meyitdən imtina edir, cüzi bir məsələdən
ötrü bir gəncin həyatına qıymış
oğlu haqqında deyir ki, “İndi diriltmək mümkün
olsa belə onu özüm öldürərəm”. O məhkəmədə
cinayətin iştirakçıları kimi tövsif edilərək
uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslər
barəsində yenidən vəsatət qaldıran Adil Əsgərov
onlara şamil edilən maddələrin dəyişdirilməsinə,
cəzalarının xeyli yüngülləşdirilməsinə
nail olur. İndiyə kimi də qatil atasının dəyanətini,
təmkinini, övladının cinayətinə sərt
münasibətini Adil müəllim bir hüquq keşikçisi kimi xüsusi rəğbətlə
xatırlayır.
Neftçala rayonunda üstü açılmamış
daha bir cinayət işinin yenidən istintaqa qaytarılması
və uğurla başa çatdırılması prokurorun
öz peşəsinə sədaqətinin nümunəsidir. Kor qısqanclıq və
cahillikdən başqa bir motivi olmayan bu cinayət nəticəsində
qətlə yetirilən Türkmənistan vətəndaşının
kimliyinin müəyyən edilməsi, Azərbaycan və
Türkmənistan arasında hüquqi yardım haqqında
sazişin, indiki mobil telefon, sosial şəbəkələr
kimi vasitələrin olmadığı bir vaxtda ciddi çətinliklərlə
bağlı idi. Buna baxmayaraq ədalətin zəfər
çalmasına, cinayətkarın cəzalanmasına nail
olunur.
Prokurorun Kəpəz rayonundakı fəaliyyətində
qandonduran cinayət işi insanlığa, əxlaqa
sığmayan bir hadisədir. Kitab haqqında rəy
yazmaq istədiyim halda bu işin incəliklərini
açıqlamaq heç ürəyimcə deyil. Öz gəlini ilə gizli eşq yaşamaqla
qalmayıb oğlunu qətlə yetirən ata
övladının cəsədini gizli bir yerdə
basdırır. Üstəlik bu gizli və
çirkin birgəlikdən bir övlad da dünyaya gəlir.
Bu işin üstünü sonra respublika baş
prokuroru olmuş təcrübəli hüquqşünas
Əli Ömərov açmış, bu məhkəmə
prosesi həm də Adil Əsgərovun prokurorluq fəaliyyətinin
parlaq səhifəsidir. Məhkəmədə
dövlət ittihamçısı kimi çıxış
edən Əsgərov əxlaq pozğunu və övlad qatili
cinayətkar üçün ölüm cəzası tələb
edib və hakim dövlət ittihamını təmin edir.
Kitabın üçüncü fəslinə keçmədən ürəkaçan məqamlara da müraciət etmək istərdim. İlk mətbu təcrübə olmasına baxmayaraq kitabda müəllif dünya ədəbiyyatından və klassik Azərbaycan ədəbiyyatından, xalq folklorundan gözəl misallar çəkməklə mətni daha oxunaqlı edir. Ədəbiyyata, bədii sözə, xalq musiqisinə marağı onun müasiri olduğu ədiblərlə səmimi təmas qurmasına səbəb olmuşdur. Bu baxımdan Neftçala fəaliyyəti dövrü Adil müəllimin həyatında çox xoş xatirələrlə yadda qalıb. Onların da ən qiymətlisi dəyərli alim, canlı ensiklopediya deyilə biləcək qədər zəngin, respublika ziyalıları arasında sanballı yeri olan İmamverdi Əbilovla uzunmüddətli dostluğudur. Kitabda bu dostluğa o qədər geniş yer verilməsə də şəxsi söhbətlərimizdə onun İmamverdi müəllimə necə böyük ehtiram bəslədiyinin şahidi oldum.
İnam və iman limanında
Üçüncü fəsil müəllifin həcc ziyarəti, Məşhəd səfəri, dinə münasibəti ilə bağlı xatirələrinə həsr olunmuşdur. Əslində çox şəxsi və məhrəm olan bu hisslərin təhkiyə üslubu çox maraqlıdır. Əfsus ki, son onilliklərdə birdən-birə dindar olan, yeri gəldi-gəlmədi müsahibinə din təbliğ edən suni dindarlar göz qabağındadır. Onlardan fərqli olaraq bir hüquq mühafizi olan müəllifin inamı, etiqadı qibtə ediləcək qədər məsum və səmimidir. Bir milyard yarım müsəlmanın qibləgahı Kəbə ziyarətinin təsvirində əsil bələdçi kimi mərasimi ən incə detallara qədər izah edir.
Kitabın insanı fərəhləndirən hissələri müəllifin fəxrlə bəhs etdiyi, cəmiyyətdə layiqli yer tutmuş övladları ilə, hüznləndirən məqamı isə böyük bir ailə başçısının təmkinlə qələmə aldığı kədəri—gənc yaşında ağır xəstəlikdən dünyasını dəyişən nəvəsi ilə bağlıdır.
* * *
Əsil insanı vəzifə bəzəmir. Əksinə, əsil insan məkanından, mərtəbəsindən asılı olmayaraq istənilən yerin dəyərini göylərə qaldıra bilir. Bir nəfərin fəziləti, əxlaqı, davranışı bütöv bir fəaliyyət sahəsinə nüfuz da gətirə bilər, xəcalət də. Son vaxtlar məmur özbaşınalığı, qanun keşiyində duranların haqqı, ədaləti qorumaq yerinə vicdan sövdələşməsinə girib kasıb, imkansız insanların hüquqlarının ayaqlar altına atılmasına nəinki göz yummaq, hətta yardım etməsi barədə çoxsaylı şikayətlərə rast gəlinir. Vicdanlı, işinə, məsləyinə, dövlətinə sadiq məmurlar az qala yağlı əppəyə dönüb qeybə çəkilir. Əlbəttə, bunu bütün məmurlara şamil etmək haqsızlıq olar. Təəssüflə demək lazımdır ki, son illərdə, xüsusən müstəqillik illərində gözlənilənin tam tərsi olaraq öz müqəddəratına sahib olan dövlətin məmur təbəqəsində cılızlaşma geniş vüsət alıb. İnsan beynimi qurd kimi içəridən yeyən bu qayğıların tüğyan elədiyi bir vaxtda Adil Əsgərov kimi bir peşəkar hüquqşünasın baxışlarını, mülahizələrini dinləmək adama bir məlhəm kimi təsir bağışlayır. Onunla tanışlığımın az qala qırx il olduğunu düşünəndə illərin belə tez, həmin dövrün hər birimiz üçün, xalqımız üçün necə məşəqqətlərlə dolu olduğunu fikirləşəndə isə nə qədər ağır keçdiyinin fərqinə varıram. Deyirlər ey, dost həmişə yanında olduğun deyil, aradakı məsafəyə baxmayaraq dostluğunu hər zaman hiss etdiyindir,--bu ifadənin doğruluğuna Adil müəllimlə barmaqla sayılacaq qədər az olan şəxsi görüşlərimizə və uzun illərin telefon tellərinə, cib telefonu icad edildikdən sonra dalğalarına və görüntülərinə bağlanan ünsiyyətimizə dayanaraq əmin olmuşam. Əsil dostluq təmənnasız olandır. Amma tanışlığım mənim tərəfdən bir az təmənnalı olmuşdu. Sovet vaxtı Moskvadan Gəncəyə gedən qohumum tanışlarına buradan onların xahişilə geyim əşyaları almışdı. Gəncənin “sayıq nəzarətçiləri” yaşlı adamı tutub alverçi damğası ilə iş qaldırmaq istəyirdilər. Hətta qohumumu prokurorun yanına qədər aparıb ifadə almaq istəmişdilər. O da özündən çox, mənə xələl gətirəcəyindən qorxub prokuroru inandırmağa çalışır ki, mən ömrümdə alverlə məşqul olmamışam və sözarası mənim də Moskvada işlədiyimi deyir. Prokuror nəzarətçilərə təpinir və qohumuma deyir ki, narahat olmayın, Sizin Moskvada işləyəniniz bizim də fəxrimizdir, mən də onunla tanış olmaq istərdim. Bu yerdə oxucuda mütləq belə fikir yaranacaq ki, prokurorun nəsə təmənnası varmış, əlinə “yağlı” müştəri keçib. İmanım Allah amanatı, nə yalan deyim, mən də əvvəl elə düşünmüşdüm. Ta o adamın kabinetindən içəri girənə, 35-40 yaşlarında adamın nurlu sifətini görənə qədər. Gənc olmasına baxmayaraq (sonradan öyrəndim ki, aramızda doqquz yaş fərq var) o qədər ağayanalıqla, alicənablıqla məni qarşıladı ki, ilk gündən aramızda bir səmimiyyət yarandı. Bir saatdan artıq söhbət zamanı Adil müəllimin “quru məmur” olmadığını, həm sənətinin, həm də ədəbiyyatın vurğunu olduğunu hiss etdim. Söhbətimiz tutmuşdu deyəsən, mənim iki gün sonra işin sonuna yaxın gəlib-gələ bilməyəcəyimi soruşdu, o saat da əlavə elədi, o qohumuna təşəkkür elə ki, bizi tanış elədi. O qohumun da özünün qarabağlı həmyerlisi və uzaq qohumu olduğu ortaya çıxanda məsələ daha şirin məcraya yönəldi. İki gün sonra məni Daşkəsəndəki evinə qonaq apardı. Adam məni ilk dəfə görürdü. Haqqımda bildiyi sadəcə o idi ki, bir azərbaycanlı kimi Moskvada məsul dövlət aparatında işləyirəm. Nə məndən umacağı, nə asılılığı vardı. Sadəcə bir eloğlu kimi elə sevinirdi ki, sanki doğma qardaşıq. Kitabında belə bir ifadə var: ürəyimə yatan tanışları bir-biri ilə də tanış edirəm. Onların tanışlığı davam edib dostluğa çevriləndə sevinirəm ki, “doğru yoldadırlar”. Bu, mənim də ömrüm boyu izlədiyim prinsip olub, bəlkə mənəvi yaxınlığımızda bu cəhətin də rolu var.
Əslində fikrim kitabı hissə-hissə, fəsil-fəsil təhlil etmək deyildi, o vərəqlərin arxasından boylanan yeri gələndə həlim, mülayim, lazım olanda sərt və qətiyyətli xarakterin sahibi haqqında demək istədiklərimi oxucularla bölüşmək idi.
Moskva, 20 noyabr 2022 ci il
Cəfər Sadiq
525-ci qəzet.-2022.--
7 dekabr.- S.10;11