Ad günü ərəfəsində

 

 

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti,bəstəkar Sərdar Fərəcovun bu gün 65 yaşım tamam olur. S.Fərəcovun illərdən bəri hər ad günü ərəfəsində özünə şeir həsr etmək kimi maraqlı bir adəti var. Növbəti doğum günü - yubiley yaşı münasibətilə hörmətli bəstəkarımıza təbriklərimizi, xoş arzularımızı ünvanlayır, sözügedən şeirlərindən nümunələri oxuculara təqdim edirik.

 

 

Hər ildə bir dəfə hesab soruram,

Qəlbimdə kimlərin adı əksilir?

Bir vaxt çox olardı, indisə azdır,

Doğması əksilir, yadı əksilir.

 

 

Əyilir üfüqdə Günəşin qaşı,

Böyüyür içimdə ürəyin daşı,

Dərd çox, həmdərd yox, neçəsi naşı...

Qəmlisi əksilir, şadı əksilir.

 

Ürək küskündür, danışmır, dinmir,

illah edirəm, bu can isinmir.

Yediyim, içdiyim canıma sinmir,

Deyəsən, ağzımın dadı əksilir.

 

 

Sevgili duyğular indi mürgülü,

Soluxub, yoluxub eşqin tər gülü,

Tökülsün başıma Dünyanın külü,

Çağlayan ürəyin odu əksilir.

 

08.XII.2011.

saat 01:35.

 

 

 

61-in ərəfəsində

 

, köhnə dost, danış görüm,

Gözün sözünə baxırmı?

Nəsə demək istəyəndə

Sözün sözünə baxırmı?

 

Kəsilibdir küy-küləyin,

Dikəlməyə varmı heyin?

Yada düşəndə gəncliyin

Dizin sözünə baxırmı?

 

Paran da yox paylamağa,

Ya quyuda quylamağa.

Bir dostu haraylamağa

Səsin sözünə baxırmı?

 

Yollar yordu Səni - Məni

Budur dünyanın düzəni.

Saxla çərxin gərdişini,

Desin - sözünə baxırmı?

 

7-8.XII.18

63-ün son gecəsi

"...Qapını ...

 

Mən qapının arxasındayam..."

İsa Məsih

 

Bilirəm, qapının arxasındasan,

Durub gözləyirsən bəlkə haçandır.

Bu qapını açmaq - ən böyük iman,

Allahın özü qapı açandır.

 

Qapı arxasında ən böyük nemət

Bir ömür həsrətin çəkdiyim xeyir.

Qapı arxasında ulu həqiqət,

Bəs əlim dəstəkdə niyə titrəyir?

 

Nədən tərəddüdlər didir içimi,

Neyçün qətiyyətim sarsılıb belə?

Fırtınaya düşmüş gəmilər kimi

Yan ala bilmirəm doğma sahilə.

 

vaxtsa etdiyim əməllərimin

Ağırlığı çöküb ruhuma bəlkə.

Qapıya uzanan boş əllərimin

Heyi qalmayıb dəstəyi çəkə.

 

Yoxsa günahlarım çevrilib daşa,

Zindan tək asılıb ayaqlarımdan.

Yoxsa deyilənlər gəldilər başa,

Deməli, bu sondur: verilmiş Fərman...

 

Duaya qalxıram - boğulur səsim,

Tövbə eləyirəm - dilim olur lal.

Tıxanır boğazda axır nəfəsim

Yaşanan bir ömür - bir sərsəm xəyal.

 

Doğrudanmı hər şey bitəcək belə,

O qapı mənimçün bağlı qalacaq...

Bir qarış yol qalmış axır mənzilə

Səraba dönəcək, heçlik olacaq.

 

Düşüncələr artıq iflic olurkən

Son dəfə baxıram qapıya sarı

Gözlərimmi çıxır hədəqəsindən,

Çaxır möcüzələr ildırımları?!

 

Qapı yavaş-yavaş açılır özü,

Dolur gözlərimə işıq-nur seli.

Qucur otağımı heyrət dənizi

Ucalır qüdrətin ulu heykəli.

 

- Sən özünmü gəldin, ey ulu qüdrət,

Günahkar bir qula bu iltifat?

Bu necə mərhəmət, bu necə şəfqət,

Yoxsa əfv olundum, olar, anlat...

 

Səs gəldi: - Sən unut günahı, əfvi,

Bilinməz mətləblər, məqamlar varkən.

Bir yol gedəcəyik - əzablı, qəvi,

Zaman yox... Dur gedək!

Amma çıxarkən...

Qapını bağlama...

 

08.XII. 2021

 

Sərdar FƏRƏCOV

525-ci qəzet.- 2022.- 8 dekabr.- S.15.