Ürəklərdən keçən əbədiyyətin
yolu
Böyük
dünyanın yolu sinif otaqlarından keçir, müəllim,
ustad tövsiyələrinin işığıyla nurlanır.
Bu
işıq bütün şagirdlərə eyni səviyyədə
paylansa da, istedadı olanlar bu işıqdan daha çox bəhrələnirlər. Belə
şagirdlərlə doğmalar da qürurlanır, əhatəsindəkilər
də. Hamının əzizi olmaq ifadəsi belə
yaranıb, belə yaşanıb, belə
yaşadılır...
Zamanında
Rizvan Teymur oğlu Paşayev də belə şagirdlərdən
olub...
1949-cu il dekabrın 25-də Qubadlının Tatar kəndində
dünyaya gəlmişdi. O da tay-tuşları kimi kənd məktəbində
təhsil alırdı. Bu yaşda
uşağın hərdən düşüncələrə
qapılmasını öyrənmək, öyrəndiklərini
cilalamaq, marağını yozan müəllimlər nə qədər
haqlı imiş. Sonralar Rizvan müəllim deyərdi ki,
o illərdə məni düşündürən "niyə"lərə
çox borcluyam, malik olduğum elmi təfəkkür
onların düzü-müylə püxtələşdi...
Ailələri 1958-ci ildə Zəngilana
köçdü. Öyrənmək istəyinin cazibəsində
yeni məktəbə də alışdı. Oxudu,
yaxşı oxudu, hamıdan fərqli oxudu...
Bilik, savad dünyagörüşün
formalaşmasında da ustadlıq edir; dünyagörüş
dünyanın dərki prosesinin bir mərhələsidir. Elmsiz (biliksiz)
dünyanı dərk etmək mümkünmü? Əlbəttə ki, yox. Böyük
qar-daşları sözarası Rizvana bu haqda da nəsə (nələrsə)
demişdilər. Rizvan Zəngilan şəhər orta məktəbinin
bacarıqlı, bilikli və tələbkar müəllimləri
Nəriman Ağayevdən fizikanı, Ziyad Nəsibovdan
riyaziyyatı, digər müəllimlərdən digər fənləri
böyük istəklərlə öyrənirdi. Rizvanın taleyində mahir riyaziyyat müəllimi
olan əmisi oğlu Nüsrət Paşayevin əməyi
danılmazdır. O, 8-ci sinifdən Rizvanı
fizika-riyaziyyat fənləri üzrə hazırlamağa
başlayıb, gələcəyin güclü və
tanınmış riyaziyyatçısı kimi yetişməsində
əvəzolunmaz rolu olub.
Orta məktəbi 1969-cu ildə bitirdi. O illərdə az-az təsadüf
edilən qiymətlərlə (3 "əla", 1
"yaxşı") Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə qəbul olundu. Universitetin
rəhbərliyi belə bir tələbənin kimliyi ilə
maraqlanmışdı; işığı görməmək
mümkün deyil...
Rizvan Teymur oğlunu yaxşı tələbə kimi
tanıyırdılar. Fakültənin rəhbərliyi də, fakültənin
rəhbərliyinin zəmanəti ilə universitetin rəhbərliyi
də elmi təfəkkürünə - öyrənmək istəyinə
(və bu istəyin dönməzliyinə!), xarakterinə
(düzgünlüyünə, ədalətliliyinə, milli
ruhuna...) bələd idi. Bu səmimi bələdliyə
görə Rizvan Teymur oğlu universitet Tələbə Həmkarlar
təşkilatının sədri seçildi. Partiya
sıralarına qəbul edildi...
Rizvanın qabiliyyəti, elmi təfəkkürü
universitetin elm mücahidlərinin diqqətini çəkmişdi. O illərdə nəinki Azərbaycanda,
eləcə də ittifaq miqyasında yaxşı tanınan (və
böyük nüfuza malik olan!) riyaziyyatçı alimlərin
- Mirabbas Qasımovun və Qoşqar Əhmədlinin zəmanəti
ilə rektorluq universiteti fərqlənmə diplomu ilə bitirən
Rizvan Teymur oğlunu mexanika-riyaziyyat fakültəsinin müəllimi
təyin etdi. Tələbə kimi getdiyi
auditoriyalara müəllim kimi gedəcəkdi Rizvan.
Akademiyanın
müxbir üzvü Mirabbas Qasımovun elmi rəhbərliyi ilə
1981-ci il aprelin 15-də namizədlik
dissertasiyası müdafiə etdi, fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi aldı...
Rizvan
müəllim savadlı alim idi...
Rizvan
müəllim həqiqət cəfakeşi idi...
Rizvan
müəllim tələbəni sabahın elm xadimi bilirdi...
Bunları
və elmi-pedaqoji fəaliyyətini, təhsildə idarəetmə,
təşkilatçılıq bacarığını nəzərə
alan universitet rəhbərliyi Rizvan
Paşayevin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin
dekanı seçilməsini məsləhət gördü. Məsləhət böyük sevgi ilə gerçəkləşdi.
Bütün tələbələrin
timsalında özünün tələbəliyini görmək
istəyirdi; dərsə gəlməyən tələbələri
"elmə artıq yük" adlandırırdı, bu
xasiyyətini tərgitsinlər deyə onları müəyyən
həddə cəzalandırırdı da. Hər tələbənin timsalında dostunu
görürdü. Ona elə gəlirdi ki,
hər tələbə onun əqidə, məslək
cığırdaşıdı, ona görə də çətinliyə
düşənlərə bütün ciddiyyəti ilə
kömək edirdi. Akademik Cəlal Allahverdiyevin bir
xatırlaması Rizvan müəllimin xarakterinin bir
çalarının göstəricisidir: istedadlı tələbə
Musa Məhərrəmovun I kursdan II kursa, III kursdan IV kursa
keçirilməsinin təşəbbüskarı, dönməz
müafiəçisi Rizvan müəllim olmuşdu. Musa universiteti 5 ilə deyil, 3 ilə bitirmişdi.
Sonralar Azərbaycanda riyaziyyat elminin inkişafında onun da
xüsusi xidmətləri olmuşdu; bunu Rizvan müəllim
kimi müəllimlər duya bilərdi...
Rizvan
müəllim hələ doktorluq dissertasiaysını
müdafiə etmədiyi illərdə akademik Məcid Rəsulovun
təşəbbüsü ilə fizika-riyaziyyat elmləri
namizədi, dosent Rizvan Paşayevə professor adı verilməsi
üçün SSRİ Ali Attestasiya Komissiyasına təklif
göndərildi. Təklif qəbul edildi.
Rizvan müəllimə professor adı verildi...
Rizvan
Paşyev 1998-ci il noyabrın 24-də Rusiya
Federasiyası Elmlər Akademiyasının Novosibirsk Elm Mərkəzində
doktorluq dissertasiyası müdafiə etdi. Sonralar
da Azərbaycan elmini neçə-neçə beynəlxalq
konfranslarda, simpoziumlarda gərəyincə təmsil etdi.
Rizvan müəllim deyərdi: Bizi bizdən sonra yalnız əməllərimiz
yaşadacaqdır. Bu fəlsəfi dərk də Rizvan müəllimin
dünyaduyumunun genişliyinin təsdiqidir, şübhəsiz...
Fakültənin dekanı olduğu illərdə işə
götürülmə dünyagörüşün, təcrübənin,
insantanıma amilinin, məntiqi düşüncənin vəhdəti
ilə aparılırdı və bu, müəyyən mənada
elm səviyyəsində tətbiq edilirdi. Ona görə
də belə seçimlər həmişə
şükranlıqla tamamlanırdı; Rizvan müəllimin
işəgötürmə ilə bağlı özünəməxsus
düşüncəsi fakültə miqyası ilə
tamamlanmırdı, mərhələ-mərhələ
universitetdə də tətbiq edilirdi. Professor Misir Mərdanov
xatırlayır ki, fizika-riyaziyyat elmləri doktoru professor
Rizvan Paşayevin məntiqi (və elmi!) baxımdan əsaslandırılmış
iş təcrübəsinin, fakültədə işin təşkilinin
öyrənilməsi və respublika miqyasında
yayılması barədə Təhsil Nazirliyinin
kollegiyasının qərarı olmuşdu, bu istiqamətdə
müəyyən işlər görülmüşdü də.
Sadəcə, çarəsiz bir təəssüf...
Türkiyəli
iş adamı Evsın Əli Rizvan müəllimi Rizvan müəllimin
özünə xitabən dediyi fikirlərlə nə gözəl
tanıdır: "...Hər gün dilindən düşməyən
tələbə sevgisi ilə yaşadın, yardıma
möhtac olan qabiliyyətli, himayədarsız tələbələrin
himayədarı, gücsüzün gücü, sevgisizlərin
sevgisi oldun. İstəklərin hər zaman özündən
çox gələcəyimiz olan gənclər
üçün oldu..."
Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq
idrəsində baş zabit vəzifəsində xidmət
edirdim. Hərbi
attaşeliklər və hərbi nümayəndəliklərin
fəaliyyəti ilə əlaqədar mühüm bir sənəd
hazırlanırdı. Şərq dillərindən
Azərbaycan dilinə tərcümə edilməli müəyyən
sənədlər vardı. Bunları ancaq
peşəkar tərcüməçilər icra edə bilərdi.
Bizdə belə mütəxəssislər yox
idi. Rizvan müəllimi xatırladım.
Həm özünü, həm də
nüfuzunu. Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat və kibernerika fakültəsinni
dekanı idi. Məni böyük səmimiyyətlə
qarşıladı. Məqsədimi bilincə "Gedək"
dedi. Şərqşünaslıq fakültəsinə
gəldik. Ona olan ehtiram mənə olduqca gözəl
könül xoşluğu verdi: "Bayram
müəllim indi hərbçidir, zamanında o da bizim kimi
müəllim olub. Vətənpərvərliyinə
görə döyüşlərə qatılıb, vətən-pərvərliyinə
görə xidmətini davam etdirir, vətənpərvərliyinə
görə bizə müraciət edib. Ona
yüksək səviyyədə kömək etməliyik.
Azərbaycanımız naminə...", - dedi. Xahişimə
həm vaxtında, həm də yüksək ədəbi-elmi
səviyyədə əməl edildi; Rizvan müəllim azərbaycançılığı
yaşada-yaşada yaşayan alim ömrü yaşadı...
Birinci Qarabağ müharibəsində müəllimlər də, tələbələr də iştirak etmək istəyirdilər. Hamı bu müharibəni sonlandıracaq döyüşçülərin sırasında olmaq istəyirdi. Professor Rizvan Paşayev dekan olduğu illərdə fakültənin tələbəsi Ceyhun Əliyev də bu niyyətlə dekanlığa müraciət edir. Rizvan müəllim çıxılmaz vəziyyətdə qalır: müharibənin sonlandırılmasında iştirak etmək istəyən gəncə necə xeyir-dua verməyəydi, həmin gənc tələbəydisə, təhsilini yarımçıq qoymaq istəyirdisə, ona necə xeyir-dua verəydi? Vətən amili var, Rizvan müəllim "Vətənə görə nələrəsə güzəşt edilməlidir" qənaətinə tapınıb onda. "Döyüşlərə gedəcəksən, vaxtında gəlib imtahanlarını da verəcəksən. Fakültəmizin tələbəsi kimi sənin də ali təhsil almağına yardımçı olacağıq. Uğur olsun, tələbə-döyüşçü. İmtahanlara gələndə səni imtahanlara şəxsən özüm hazırlayacam...", - deyib. Vətən naminə verilən qərar olub bu qərar...
2005-ci ildə fakültədə daha bir yenilik
həyata keçirildi. Bu yenilik mətbu yenilik idi. Onda Rizvan
müəllimin təşəbbüsü ilə fakültədə
"Zirvəyə doğru" elmi-publisistik jurnal nəşrə
başladı. Jurnalın qayəsi nə
idi? Təbii ki, "Zirvəyə
doğru" gənc nəslə müxtəlif elm sahələrini
əhatələyən elmi biliklər aşılamaq, dünyəvi
elmi prosesləri istiqamətləndirən riyaziyyat elminə
marağı daha da artırmaq, elmlərin inteqrasiyasına nail
olmaq... kimi gərəkli vəzifələri icra edəcəkdi.
Yaxın dostları xatırlayır ki, Rizvan Teymur oğlu ədalətsizliyi qəbul etməzdi, haqqın, ədalətin cəfakeşi idi, düzgünlük üçün sonacan mübarizə aparardı. O illərdə fakültə partiya təşkilatı katibi yüksək titul sayılırdı. Rizvan müəllim üçün bu tituldan da yüksək titul vardı: insanlıq titulu. Fakültə partiya təşkilatının katibi ədalətsizlik edir. Rizvan müəllim bunu bilincə Tələbə Həmkarlar təşkilatının iclasında partkomun da iştirakı ilə bu məsələnin müzakirəsini təşkil edir; Rizvan müəllim mübariz vətəndaş idi, mübariz rəhbər idi, mübariz azərbaycanlı idi...
Rizvan müəllim dekan olduğu illərdə fakültənin istedalı tələbələrinin xarici ölkələrdə beynəlxalq olimpiadalarda iştirakına böyük diqqət yetirirdi. Tələbləri yola salanda əzizlərini yola salırdı elə bil. Bəzən imkan olanda özü də onlarla birlikdə gedirdi. Gedə bilməyəndə onları aeroportda mütləq özü qarşılayardı. Ata sevgisi ilə qarşılayardı, ustad sevgisi ilə qarşılayardı, milli dəyərlərimizin gözəlliyi səviyyəsində qarşılayardı...
Tətbiqi riyaziyyat və kibernetika sahəsində 80-dən çox elmi araşdırmanın, 6 dərs vəsaitinin müəllifi olan professor Rizvan Paşayev 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Dəfələrlə Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti rəhbərliyinin Fəxri fərmanlarına layiq görülüb. Fizika-riyaziyyat elmləri üzrə 5 nəfər fəlsəfə doktoru hazırlayıb.
Rizvan Teymur oğlu 2007-ci il oktyabrın 22-də köçdü dünyadan. Özü deyirdi ki, insanı yaxşı əməlləri yaşadır; nə qədər dünya var, gözəl alim, gözəl insan Rizvan Teymur oğlunun gözəl əməlləri onu yaşadacaqdır...
Əbədiyyətin yolu ürəklərdən
keçir...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar
müəllim
525-ci qəzet.- 2022.- 9 dekabr.- S.15.