Elmiliklə bədiiliyin vəhdəti
Əlimdə çox maraqlı
bir kitab var: "Xoşbəxtliyin
rəngi". Bu kitab texnika elmləri
doktoru, professor Elçin
İsgəndərzadənin şeirlərindən ibarət
332 səhifəlik müfəssəl
bir kitabdır.
Yadıma
Xalq şairi Süleyman Rüstəmin Bəxtiyar Vahabzadə haqqında yazdığı:
Qatlayıb dizinin altına
qoyar,
Alim Bəxtiyarı
şair Bəxtiyar.
misraları düşdü.
Elm dünyasında ciddi elmi axtarışları
ilə bərabər,
ədəbiyyat, mədəniyyət
tarixində bədii yaradıcılığı və
ədəbi görüşləri
ilə mədəniyyət
tarixində iz qoyan neçə-neçə
qələm ustası
ağlımdan keçdi.
Dərin təfəkkürlü ədəbiyyatçı
olan məşhur kristolloqraf professor Xudu Məmmədov, ciddi riyazi əsərlər müəllifi olan məşhur rübai ustası Ömər Xəyyam "həkimlik mənim kəbinli arvadım, yazıçılıq
isə sevgilimdir" deyən rus yazıçısı A.P.Çexovu,
məsləkcə həkim
olub, bədii əsərləri ilə ədəbiyyat tarixində
yadda qalan Nəriman Nərimanovu, Abbas Səhhəti düşündüm. Şeirləri
çox sevilən və bəstələnən
məşhur riyaziyyatçı
alim, professor Hamlet İsaxanlı,
iqtisadçı alim, professor İsmayıl
Feyzullabəyli, oftolmoloq
alim Paşa Qəlbinur və ədəbi prosesdə qələmini sınamış
onlarla elm adamı gözlərim qarşısında
canlandı və mən texnika elmləri sahəsində ciddi araşdırmalara imza qoyan professor Elçin İsgəndərzadənin
poeziya dünyasını
"Xoşbəxtliyin rəngi"
adlı kitabında axtardım. Xoşbəxtliyin
rəngini düşünə-düşünə
Bəxtiyar Vahabzadənin
"Bir rəngi yox, göylərin min rəngini sevirəm" misralarını xatırladım...
Dünyaya məlum olan yeddi rəngi bir-birinə qatıb rənglər dünyasını
yaratsan da, xoşbəxtlik deyilən
bir məfhumun rəngini yarada bilməzsən qənaətinə
gəldim. Əfsanəvi rənglər dünyasında
xoşbəxtlik deyilən
bir röyanın, məncə, bircə rəngi görünər
ki, bu rəngin
adı da, rəngi də hər gün, hər saat, hər an belə
qarşılaşa biləcəyimiz
elə xoşbəxtlikdir.
Bu məfhum Elçin
İsgəndərzadə poeziyasında:
Mən çoxdan xoşbəxtəm,
Lap anadan olandan.
Xoşbəxtəm ki, həyatı gördüm.
şəklində fəlsəfi
rəmzə çevrilib
- dünyanın vətəndaşı
olmağın xoşbəxtliyi
rəmzinə.
Elçin İsgəndərzadənin kitabında
toplanmış şeirlərin
mayasında "Vətən",
"Dil", "Milli-mənəvi
dəyər" anlayışını
elə axtardığımız
xoşbəxtliyin rəngində
tapdım. Bu poeziya nümunələrinin
onun şeirlərində
xüsusi çəkisini
aydın şəkildə
gördüm. Çünki şeirlər Azərbaycan
adlı vətən deyilən müqəddəs
bir Ananın halal südündən əmilən Vətən ətrini, Vətən müqəddəsliyini, qələbə
sevincini əks etdirən poeziya nümunələridir. Bu nümunələrdə Ana vətənin
tarixi, müqəddəs
Vətən torpağı,
bu torpağın vətəndaşları ilhamla
qələmə alınaraq,
mövzuya çevrilmişdir.
Kitabda yer alan "Vətən qoxusu", "Vətəndə",
"Zəfər bizim
zəfərdi", "Şükranlıq
türküsü" kimi
şeirlər Vətən
torpağının müqəddəsliyini,
Şuşanın təmiz
havası kimi ciyərlərinə çəkmək
istəyən şairin
kəsərli sözlərindən
yoğrulmuşdur. "Vətəndə"
şeirində olduğu
kimi:
Apar məni gəzdiyimiz yerlərə,
Düyünləri çözdüyümüz yerlərə.
Apar məni süzdüyümüz
yerlərə,
Bir kol oldum, bir daş
olum Vətəndə.
Dağdan
dağa, yaldan-yala yollandım,
Yol içində
yoldan-yola yollandım.
O istəyə, o xəyala yollandım,
Xəyallara sirdaş olum Vətəndə.
Elçin İsgəndərzadənin qəhrəman
şəhid zabitimiz Səid Nofəloğluna yazdığı "Zəfər
bizim zəfərdi"
şeirində isə
igid oğullarımız
sayəsində düşmən
üzərində çalınan
şanlı zəfərimizdən,
onun qəhrəmanlarından
söhbət açılır. Bu qəhrəmanlar Səid Nofəloğlu kimi dəmir yumruğu ilə ölümdən qorxmadan Vətən yolunda şəhid olan Vətən oğullarıdır.
Yadlar əyləyə bilməz,
Kəhər bizim kəhərdi.
Özgələri götürməz,
Yəhər bizim yəhərdi.
- deyə şair
xalqımızın milli-mənəvi
dəyərlərini, müqəddəs
torpaqlarımızın qəhrəmanlarının
dilində poeziya gülşəninə çevirir.
Xalqımızın milli mədəniyyətinin tarixi
bir incisi olan Şuşa Azərbaycanın və türk dünyasının
mədəniyyət tarixində
önəmli mahiyyət
daşıdığı üçün
Azərbaycan ədəbi
düşüncəsində və ədəbi salnaməsində Şuşa
ədəbi mövzuya
çevrilmiş, Şuşanın
tarixi, onun mədəniyyətimizə verdiyi
töhfələr, türk
dünyasındakı mövqeyi
Azərbaycan
ədəbiyyatında silsilə əsərlər
yaranmasına vəsilə
olmuşdur.
Əslən şuşalı olan
Elçin İsgəndərzadənin
Şuşanın ecazkar
mənzərəsinə, sehrkar
görünüşünə, mədəniyyət tarixinə
məftunluğu onun qələminə ilham vermiş, "Şuşam",
"Şuşam, necəsən?",
"İstanbulda Şuşa
yuxuma girdi", "Cıdır düzündən
etüd", "Cıdır
düzündə Rəsul
Rzanı xatırlarkən"
silsilə şeirlərini
ərsəyə gətirmişdir.
Şuşanın 30 ilə
yaxın bir dövrdə gözü özgə torpaqlarında
olan xain ermənilər tərəfindən
işğal edildiyi illərdə yazdığı
"Şuşam, necəsən?"
şeirində doğma
yurda, əsrarəngiz
şəhərə nigarançılığını
Elçin İsgəndərzadə
dilə gətirirdi:
Elə nigaranam küçələrindən,
Gecələr düşəndə gecələrindən.
Suyundan,
havandan, sərçələrindən,
Elə nigaranam,
Şuşam, necəsən?
Bu şükranlıqla kitab müəllifinin
"Xoşbəxtliyin rəngi"
kitabını da müqəddəs məkan,
doğma torpaq olan Şuşanın xilaskarlarına həsr etməsi də tamamilə xoşbəxtliyin
rəngi təbii görünür. Bu təbiilik və
doğmalıq müzəffər
ordumuzun canı, qanı bahasına əldə edilən bu müqəddəs xilaskarlıq onun "Şükranlıq türküsü"
adlı dörd bəndlik şeirində ilhamla dilə gətirilir:
Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,
Payızların içindən bahar doğdu, yay doğdu.
Başımızın üstündə
mutlu, mavi göy doğdu,
Şükür, bizi bu göyə yaraşdırana,
Şükür!
Şükür, bizi Şuşaya
qovuşdurana, Şükür!
Kitabdakı şeirlərin bir qismi məhəbbət mövzulu lirik şeirlərdir. Məhəbbət, eşq, sevgi
mövzusu milli ədəbiyyatımızda, ədəbi
prosesdə eninə-boyuna,
mükəmməl bir
anlayışla işlənmişdir.
Yazılarımda mən
bu mövzuya müraciət edərkən
çox zaman məşhur türk şairi Yavuz Bülənd Bakilərdən
eşitdiyim aşağıdakı
cümlə ağlıma
gəlir: "Bugünkü
nəsil eşqin nə olduğunu bilmir. Eşqi son olaraq bizim
nəsil yaşadı.
Bu nəsil həm
də Nəbi Xəzridir, Bəxtiyar Vahabzadədir, Nəriman Həsənzadədir".
Unudulmaz
Hüseyn Cavid "Şeyx Sənan"da deyir ki, "nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı". Amma təbiətin öz qanunları ilə bunlar olur və
insanoğlu bunları
yaşamağa məhkumdur.
"Məhəbbət, eşq, sevgi nədir" sualı bir çox söz sərrafları kimi, Elçin İsgəndərzadəni də
düşündürmüş, bu mövzuda bir çox poeziya örnəklərinin
ərsəyə gəlməsinə
vəsilə olmuşdur. Bu
sualların cavabını
onun kitaba daxil etdiyi "Sevda şeiri", "Bilirsənmi?",
"Keçər", "Sevgi", "Sevgilim",
"Sənsizlik", "Olmaram"
kimi şeirlərinin cövhərində axtarmaq
lazım gəlir.
"Sevgi" şeirində
olduğu kimi:
Göyüm göydən keçmirsə,
Külüm küldən keçmirsə,
Bütün bunlar
Sənin
yolundan keçmirsə,
Keçmirsə, sevgi deyil.
Professor Elçin İsgəndərzadənin
"Xoşbəxtliyin rəngi"
kitabını vərəqlədikcə
çox maraqlı və diqqətçəkən
mövzuları əhatə
edən poetik nümunələrlə qarşılaşırsan:
"Qocalıq etüdü",
"Ömür isə",
"Qalacaq ömür",
"Ölüm", "Yaşam
düsturu", "Ölümü
yaşamaq", "Ölməkdən
ötə", "Bir
ömürlük ixtisar"
bu şeirlərdən
bir neçəsidir.
Bir-birindən anlamlı və
insanı düşündürən
bu şeirlərdə
"yaşlanma", "qocalma",
"ixtiyarlıq" və
nəhayət "ölüm"
məfhumuna dərin fəlsəfi anlam verilmişdir. Bu şeirlərdəki
fəlsəfi məzmun
yaşlanmanın nəhayətindəki
ölümün insanda
yaşatdığı qorxunu
və bu qorxudan doğan həqiqəti əks etdirir və bu anlamlı şeirlər alim və şair Elçin İsgəndərzadənin
həyat və ölüm haqqındakı
poetik mülahizələridir,
desək, yanlış
olmaz.
Qanadlarımın altına almadıqlarımı,
gözümün altına
alıram.
Gözümün altından boylanır,
bir sarı ölüm.
...Qanadlarımdan ölümü
çırpıb uçuram.
Hara uçuramsa,
Ölüm o səmtdədir.
Bu şeir Elçin İsgəndərzadənin "Ölüm haqdır" kəlamına inamının poetikası və bu poetikadan doğan fəlsəfi anlayışdır, məncə. Ancaq insanoğlu "bir yandan boşalıb, bir yandan dolan" dünyanın əzəli və ədəbi qanununun qocalıq və nəhayət ölüm olduğunu bilə-bilə, yenə də ümidini üzmür, bəzən də dağa-daşa, qoca dünyaya, hətta uzun ömürlü bir ağaca belə həsəd aparır. Bu düşüncəni də Elçinin şeirlərindəki həyata ümidlə baxmaq istəyində görmək olur.
Göy qurşağı kimi gözəldi dünya,
Dağlar vüqarlıdı, könül bəxtiyar.
Şair olmasan da, şeir yazarsan,
Burda min bir dərdin bir əlacı var.
Professor Elçin
İsgəndərzadə əlvan bir bədii
yaradıcılığa sahibdir. Onun
"Xoşbəxtliyin rəngi" kitabında toplanmış
hər bir şeir
nümunəsini incələmək istəyən oxucunun bu poeziya
örnəklərində zaman, tarix, mədəniyyət, sevgi,
ailə münasibətinin təlqin etdiyi fikir və düşüncənin əks-sədasını
görməsi mümkündür. Bu şeirlər milli ruhdan yoğrulub ərsəyə
gələn bədii nümunələr olduğu
kimi, onların dili də
xalq ifadə tərzi ilə səslənən
poeziya nümunələridir.
Maarifə HACIYEVA
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2022.- 9 dekabr.- S.14.