Aqrometeoroloji müşahidələr: kənd
təsərrüfatı üçün
mühüm faktor
Aqrometeoroloji müşahidə məlumatları
və proqnozlar kənd təsərrüfatı
bitkilərinin səpin
(əkin), gübrələmə,
dərmanlama, biçinin
və yığımın
aparılması, məhsulun
daşınması və
digər kənd təsərrüfatı işlərinin
vaxtının təyin
edilməsi baxımından
xüsusi önəm daşıyır. Eləcə də bitkilərin
inkişafı müddətində
faktiki temperatur və yağıntı miqdarına əsasən suvarılma normasının
tənzimlənməsi, şaxta,
dolu, quru küləklər və sair təhlükəli atmosfer hadisələrinə
qarşı mübarizə
tədbirlərinin görülməsi
üçün çox
əhəmiyyətlidir. Bu məlumatları əldə etməklə təsərrüfatın düzgün
planlaşdırılması, zərər riskinin azaldılması və nəticədə məhsulun
qorunmasına nail olmaq
mümkündür. Ekologiya və
Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
verilən açıqlamada
belə deyilir.
Qeyd edək
ki, Azərbaycanda epizodik aparılan aqrometeoroloji müşahidələrin
tarixi XIX əsrə təsadüf edir. İlk sistematik
aqrometeoroloji müşahidələr
1882-ci ildə Gəncə
meteoroloji stansiyasında
aparılıb. Artıq XX əsrin
30-cu illərindən başlayaraq
meteoroloji stansiya və məntəqələr
şəbəkəsinin genişlənməsi
aqrometeoroloji müşahidələrin
təşkilinə və
aparılmasına geniş
imkanlar yaradıb.
Belə müşahidələr vahid
metodika əsasında
xüsusi müşahidə
sahələrində təşkil
edilib. Bunların nəticəsi kimi
artıq 1938-ci ildən
başlayaraq aqrometeoroloji
illiklər və kənd təsərrüfatı
üçün xüsusi
icmallar tərtib olunmağa başlanıb.
Hazırda aqrometeoroloji müşahidələr
ölkə ərazisinin
kənd təsərrüfatı
üçün əhəmiyyətli
olan regionları üzrə 19 hidrometeoroloji,
11 aqrometeoroloji stansiyada
və 7 məntəqədə
aparılır. Bu müşahidələr
havanın orta, maksimum, minimum temperaturları,
torpaq səthinin və müxtəlif dərinliyinin temperaturları,
torpağın rütubətliyi,
yağıntının gündəlik
və dekadalıq miqdarı, küləyin sürəti, nisbi rütubətlik, qarın vəziyyəti kimi meteoroloji göstəricilər
üzərində aparılır.
Əldə olunan məlumatların təhlili
nəticəsində yazda
havanin orta sutkalıq temperaturunun
0°,5°,10°,15°- dən keçmə
tarixləri, effektiv temperaturların cəmi, şaxtasız dövrün
başlanması və
bitməsi, quraq günlərin sayı, ən isti ayda
havanın orta temperaturu, havanın mütləq minimum temperaturlarının
orta kəmiyyəti, qar örtüyünün
maksimimum hündürlüyü,
qar örtüyünün
yaranma tarixləri təyin edilir.
Məlumatda bildirilib ki, kənd təsərrüfatı
bitkilərinin vegetasiyası
dövründə meyvə
və tərəvəz,
buğda, arpa, pambıq, qarğıdalı,
üzüm, çay bitkilərinin səpin dövründən yetişməyə
qədər olan bütün inkişaf mərhələləri və
onların vəziyyəti
qiymətləndirilir, sahələrdə
yerinə yetirilmiş
aqrotexniki tədbirlərlə
bağlı qeydlər
aparılır. Cəfərxan,
Sabirabad, İmişli,
Zərdab, Biləsuvar,
Göytəpə, Bərdə,
Tərtər, Naftalan,
Salyan, Göyçay,
Beyləqan, Kürdəmir,
Oğuz, Şəki, Zaqatala, Qəbələ, Quba, İsmayıllı, Şamaxı, Mərəzə,
Qaraçala, Gəncə,
Tovuz rayonunun buğda və arpa sahələrində aparılan müşahidə
və müayinələr
nəticəsində bitkilərin
faktiki inkişaf fazası, hündürlüyü,
əkinin və kök sisteminin ümumi vəziyyəti, bitkilərin zədələnmə
və ya məhv olma səbəbləri təyin
edilir.
Aqrometeoroloji məlumatlara əlçatanlığın
təmin edilməsi məqsədi ilə Milli Hidrometeorologiya Xidmətinə daxil olan aqrometeoroloji müşahidə məlumatları
əsasında hər
on gündən bir dekadalıq aqrometeoroloji bülletenlər,
dekada üzrə havanın temperatur və yağıntı göstəricilərinin çoxillik
iqlim norması ilə müqayisə qrafikləri, ötən ayın aqrometeoroloji şəraitini əks etdirən icmallar, aqrometeoroloji proqnozlar, fermerlər üçün
məsləhətlər hazırlanır
və www.meteo.az saytında
yerləşdirilir.
Kənd
təsərrüfatı qurumları,
fermer, sahibkar və sığorta şirkətlərinin məktub,
sorğu, arayış
və bağlanmış
müqavilələr əsasında
təqdim olunan aqrometeoroloji xidmət növləri kənd təsərrüfatı bitkiləri
üçün fazalararası
effektiv temperatur cəminin hesablanması, ərazi üçün quraqlıq əmsalının
hesablanması, dekadalıq
aqrometeoroloji bülletenlərin
hazırlanması, quru
küləkli günlər
haqqında məlumat.
Eyni zamanda hava quraqlığı,
şaxtalı günlər
haqqında məlumat.
Havanın orta temperaturu
(gündəlik, dekadalıq,
aylıq), havanın maksimum temperaturu, havanın nisbi rütubəti, rütubət
çatışmazlığı, günəşli saatların
davamiyyəti, küləyin
maksimum sürəti, yağıntının miqdarı,
sutkalıq maksimum miqdarı, dekadanın sonunda qar örtüyünün
hündürlüyü, torpaq
səthinin makimum temperaturu və sair.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
yanında Milli Hidrometeorologiya Xidmətinin
rəisi, coğrafiya üzrə fəlsəfə
doktoru Umayra Tağıyeva deyir ki, son illərdə dövlət investisiyası
çərçivəsində vəsaitlər ayrılıb
və milli hidrometeorologiya şəbəkəmiz
müasirləşdirilib. "Azərbaycanda hidrometeorologiya
və iqlim sahəsində xidmətlərin
gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində
hidrometeorologiya haqqında
qanunun təkmilləşdirilməsi,
xidmətin və müşahidələrin optimallaşdırılması,
xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun
kadrların seçilməsi,
əməyin qiymətləndirilməsində
stimullaşdırıcı addımlar atılması vacibdir: "Xidmətin genişləndirilməsi hesabına
dövlət büdcəsindən
asılılıq azaldılmalı,
erkən xəbərdarlıq
sistemi yaradılmalı
və müasir standartlara uyğun ölkənin hidrometeoroloji
təhlükəsizliyi təmin
olunmalıdır. Hazırda Milli
Hidrometeorologiya Xidməti
1075 nəfərlə öz
fəaliyyətini davam
etdirir. 16 mərkəz
və 7 regional idarəmiz
var. Sistemlərin avtomatlaşdırılması
sayəsində son 5 ildə
ştatların optimallaşdırılması
işləri aparılıb,
36 yeni avtomat müşahidə sistemi tətbiq edilib".
Umayra Tağıyevanın sözlərinə
görə, 2022-ci ildə
Qarabağ və Şərqi Zəngəzur
İqtisadi rayonlarında
hidrometeoroloji fəaliyyətin
bərpa olunması çərçivəsində 10 çayda 11 hidrometeoroloji stansiyanın və 5 avtomat stansiyanın quraşdırılması nəzərdə
tutulur:
"Həmçinin, bu ilin sonuna
qədər respublikanın
çaylarında daha
6 hidroloji və 12 meteoroloji stansiyanın qurulması planlaşdırılıb. Bundan başqa,
aqrometeoroloji stansiyaların
inişafına da xüsusi diqqət yetiririk. Hazırda bu stansiyaların
sayı 11-ə çatdırılıb".
Xidmət rəisinin dediyinə görə, bu gün xalq təsərrüfatının
hər-hansı bir sahəsinin inkişafını
hava - iqlim amilini nəzərə almadan təsəvvür etmək mümkün deyil. İqlim dəyişmələri ölkələrin davamlı
inkişafı üçün
əlavə risklər
yaradır. Hava ilə
bağlı təhlükəli
hadisələrin tez-tez
təkrarlanması iqtisadiyyata
ziyan vurur, insanlar əziyyət çəkirlər. Bu gün
iqtisadiyyatın iqlimdən
asılı sahələrində,
hidrometeoroloji proqnozlar
və xəbərdarlıqlar
nəzərə alınmaqla
düzgün planlaşdırmanın
aparılması, zərərdən
yayınmağa, onu minimuma endirməyə, həm də qabaqlayıcı tədbirləri
görməklə insan
həyatını qorumağa
imkan verir: "Hazırda qarşımıza
2030-cu ilədək hidrometeorologiyanın
inkişafına dair Dövlət Proqramının
hazırlanması ilə
bağlı ciddi məsələ qoyulub. Bu proqramın əsas
tezisləri, ilk növbədə,
modernləşdirmə, optimallaşdırma,
effektivliyin artırılması
və keyfiyyət olacaq. İstənilən meteoxidmətin əsasını
müşahidə şəbəkəsi
təşkil edir.
Bu istiqamətdə mərhələli avtomatlaşdırma
nəzərdə tutulur.
Artıq bu il ölkənin
əsas çaylarının
üzərindəki hidroloji
müşahidə məntəqələrində,
bizim meteoxidmətin arxivində ilk dəfə
olaraq su sərfi və səviyyəsini ölçən
sensorlarla təchiz edilmiş müasir hidroloji avtomat stansiyalar quraşdırılacaq.
İqlimin sürətlə
dəyişdiyi şəraitdə,
su ehtiyatlarının
deqradasiyası fonunda çayların sululuğunun
dəqiq uçotunun aparılması sudan
səmərəli istifadə
baxımından əsas
olacaq.
Hidrometeoroloji məlumatların kənd təsərrüfatı üçün əhəmiyyəti şübhəsiz ki, hamıya bəllidir. Bununla əlaqədar bu il ərzində struktur dəyişikliyi çərçivəsində 30 faizə qədər hidrometeoroloji stansiyaların təyinatı dəyişdirilərək aqrometeoroloji stansiyalara çevriləcək. Əvvəllər onların sayı 5 faizi keçmirdi. Fermer təsərrüfatları aqrometeoroloji icmallarla təmin olunacaq.
Qlobal iqlim dəyişmələri fonunda müxtəlif transformasiyalar baş verir və atmosferdə qlobal rəqəmli modellərlə təsvir edilməsi çətin olan, proqnozlaşdırılması mümkün olmayan proseslər fiksə olunur. Sinoptik-meteoroloqların leksikonuna yeni anlayışlar daxil olub - isti və soyuq dalğalar. İqlimşünaslığın klassiklərinin kitablarında biz bu terminlərlə rastlaşmırıq. İqlim dəyişmələri ümumdünya problemlərindən biridir. Belə ki, əgər 30 il əvvəl gözlənilən iqlim dəyişmələrindən danışılırdısa, hazırda indiki nəsil bu transformasiya şəraitində yaşayır. Yeni şərait yeni çağırışlar yaradır. Mümkün təhlükələr barədə erkən xəbərdarlığı yaymaqda məsul olan bir təşkilat kimi meteoxidmətin rolu artmaqdadır. Müasir iqlim çağırışlarına, ekstremal hadisələrə hazırlıq texniki vasitələrin və imkanların daha da təkmilləşdirilməsini zəruri edir".
Yaxın gələcəkdə Xəzər üçün regional xüsusiyyətləri nəzərə alan lokal proqnozlaşdırma modelinin tətbiq edilməsi planlaşdırılır ki, bunun nəticəsində də bizim istehlakçıları dalğaların hündürlüyü və küləyin sürəti barədə daha dəqiq tərtib edilmiş yeddigünlük proqnozlarla təmin etmək mümkün olacaq.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 9 dekabr.- S.12.