"Qürbətdə xan olunca..."  

(Parisin, Eyfel qülləsinin həsrətini çəkənlərə)

 

Köhnə iş yerlərimdən birində mənimlə eyni otaqda geyimi, zahiri davranışı, danışıq tərzi ilə aristokrat xanım rolunu oynamağa uğursuz cəhdlər edən cavan bir qadın əyləşirdi. Az qala hər səhər iş gününə mənsub olduğu millətin "ifşasına" yönəli şikayətlərlə, onu ağ yuyub qara sərən replikalarla başlayırdı və onun təqdimatında dünyada bizim millətdən pinti, mədəniyyətsiz, simasız... millət yox idi.

Hər dəfə mübahisəmiz düşürdü, canımı dişimə tutub onun düşüncə alqoritmini təshih etməyə, necə deyərlər, pedaqoji  üsullarla onu inandırmağa çalışırdım ki, pinti qonşuna, 5-6 alkaşa, qoyun sürüləri qədərində simasızlara görə xalqı aşağılamaq, bu məxluqların iyrənc simalarını etiket kimi xalqa yapışdırmaq düz deyil, çünki xalqın milli-mənəvi simasını onlar yox, şəxsi nümunələri ilə mənsub olduqları toplumun milli metrinə çevrilən, əsərlərində Azərbaycan obrazını yaradan şəxsiyyətlər, qoruyub saxlamalı və gələcək nəsillərə ötürməli olduğumuz adət-ənələr formalaşdırır. Amma həmin şəxsiyyətlərdən bir-ikisinin adını çəkəndə gözlərini döyə-döyə üzümə baxmağından başa düşürdüm ki, bu zavallı onları heç tanımır, onda qalmışdı əməllərindən xəbəri ola.

Tədricən anlayırdım ki, dilindən "Of! Kaş beşcə gün Fransada yaşayaydım!", "Kanadanı görsəydim, dərdim olmazdı", "Hollandlara qibtə edirəm ey" tipli frazalar düşməyən bu nakəsi adam eləməyin daha təsirli üsullarını tapmaq lazımdır.

   Bir səhər yenə hay-həşirlə otağa girib azərbaycanlıların yaltaqlığı barədə pafoslu bir monoloq söylədi və özünün bu iyrənc çıxışına iyrənc bir sonluqla da nöqtə qoydu: "Dünyada bizdən yaltaq millət yoxdur".

Daha dözə bilmədim, ayağa qalxıb uca səslə, az qala çığıra-çığıra dedim:

- Filankəs xanım, sən özünü bu millətdən saymırsan, özünü fransız, ingilis, nə bilim moltanı hesab edirsən, et - öz işindir. Amma məni, mənim atamı, anamı, babamı, doğmalarımı, ümumiyyətlə, nəslimi təhqir etdiyinə görə səni məhkəməyə verəcəm!..

Yenə həmin o donuq baxışlarını üzümə dikdi:

- A-a-a! Məgər mən sənin, sənin nəslinin adını çəkdim?

Dedim:

- Sən şübhəsiz ki, özünü bu millətdən çıxdaş edirsən. Mən isə özümü, bütün doğmalarımı bu milləti təmsil edən milyonlardan biri kimi görürəm. Deməli, sənin bu iftira və böhtanların həm də mənim özümə, atama, anama... ünvanlanıb. Səni əmin edirəm ki, mənim atam da, anam da heç vaxt heç kimə yaltaqlanmaylb. Ona görə də onları təhqir etməyə sənin nə mənəvi haqqın, nə də hüquqi səlahiyyətin var. O ki qaldı özümə, mənim heç olmasa bir dəfə kiməsə yaltaqlanmağımı görmüsənsə, açıq şəkildə üzümə de, mən də cavabını verim.

Həmsöhbətim qızarıb-bozardı, kəkələyib nə isə demək istədi, amma demək istədikləri boğazında ilişib qaldı.

Həmin xanım bir müddət sonra axır ki, müqəddəs arzusuna qovuşdu, ailəsi ilə birlikdə nifrət elədiyi vətənini tərk edib Qərb ölkələrindən birinə köçdü və azərbaycanlıların "natamamlıq kompleksi"ndən canını qurtardı.

Bu xəbəri eşidəndə əvvəlcə sevindim, fikirləşdim ki, "Harda günüm yaxşı keçir, vətənim də oradır" düşüncəsi ilə yaşayan belələri izal olub bu torpağı nə qədər tez tərk etsələr, o qədər yaxşıdır. Lakin sonralar ağlıma gələn bir fikir məni əməllicə vahimələndirdi: "İlahi, o adam bu torpağın çörəyini, suyunu, havasını uda-uda ona nifrət edirdisə, gör oralarda nə danışacaq!" Amma bu məsələdə də təskinlik üçün ipucu tapdım: "Öz millətini sevməyənləri, Vətənini komfort həyat tərzinə, var-dövlətə dəyişənləri heç yerdə sevmirlər, bilirlər ki, onlara etibar yoxdur. Hər yerdə bunlardan yalnız istifadə edib, sonra birdəfəlik əşyalar kimi zibil yeşiyinə atırlar".

Sən saydığını say, gör fələk nə sayır!

Bu yaxınlarda eşitdim ki, həmin xanım yaşadığı yeni "vətənində" Azərbaycanlılar icmasının sədr müavini seçilib!

Necədir sizin üçün?!

İndi təsəvvür edin ki, bu kəs yaşadığı ölkədə bəyənmədiyi Azərbaycanı, onun mədəniyyətini təbliğ edir, ölkəmiz, xalqımız haqqında təsəvvür formalaşdırır.

Necə formalaşdırır - artıq özünüz bilirsiniz.

Sizi bilmirəm, amma mən tam əminəm ki, bir neçə gün əvvəl Fransa Senatında "Azərbaycanın Ermənistana hərbi təcavüzünu pisləyən və dünya birliyini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran" qətnamənin qəbul olunmasında belə üzdəniraq icmaların "fəaliyyətinin" də dolayısı ilə rolu var.

"Parisin Eyfel qülləsini görsəydim, rahat ölərdim" -  deyənlərin qulaqlarından Iraq.

lll

Adını unutduğum TV kanallarının birində xarici siyasət mövzusunda veriliş gedirdi. Verilişin qonaqlarından biri də keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov idi.

Yayımın ortalarında Azərbaycanın ən ağrılı problemlərindən olan informasiya blokadası, haqq səsimizin dünya birliyi tərəfindən eşidilməməsi məsələləri ətrafında fikir mübadiləsi başladı. Aparıcı əlində tutduğu ingilis dilində nəşr olunmuş bir neçə broşüru göstərib sual verdi ki, kitablar nəşr edib müxtəlif beynəlxalq tədbirlərdə yaysaq da, səsimizi eşidən olmur ki, olmur. Görəsən, nə üçün belədir?

T.Zülfüqarov deyilənlərə belə reaksiya verdi:

- Elə bilirsiniz ki, kitabı aparıb kiməsə verən kimi onu dərhal oxumağa tələsəcək? Xeyr, əzizim. Həmin şəxsin kitabı bir tərəfə qoyacağı ehtimalı onu oxuyacağı ehtimalından çoxdur.

 

Aparıcı dərhal soruşdu:

- Bəs onda biz nə etməliyik?

Tofir müəllim sadə, qısa, amma zənnimcə, çox dəqiq cavab verdi:

- Biz əvvəlcə elə eləməliyik ki, kitabımızı oxumaq istəsinlər.

Konkret, böyük məna yükü olan bir cavab!

 

Düşünürəm ki, bu cavabda saxta vətənpərvərlik, səriştəsiz "peşəkarlıq", strategiyasız təbliğat məsələləri ilə bağlı çox incə məqamlar var.

Doğrudan da, bəzən elə olur ki, 3 gün, 5 gün, 10 gün əlləşib vuruşursan, amma heç bir faydalı iş görmürsən və ağlına da gəlmir ki, 1 gün ağılla əziyyət çəkib 10 günün işini görə bilərdin. Özü də bu, təkcə siyasətə aid deyil, mədəniyyətə də, incəsənətə də, ədəbiyyata da eyni dərəcədə aiddir.

Biz ilk növbədə özümüzü təsdiq etməli, özümüzə başqalarında maraq yaratmalıyıq. Yalnız bundan sonra bizim kitablarımızı oxumaq, filmlərimizə baxmaq, musiqimizi dinləmək istəyəcəklər...

 

Amma sual suala calanır: "Bəs nə və necə edək ki, bizi tanısınlar?"

Hamlet demişkən, sual budur, bu!

 

Soruşa bilərlər ki, məgər xalqı tanıtdıran onun mədəniyyəti, incəsənəti, ədəbiyyatı deyilmi? Elə isə Sabirin, Cəlil Məmmədquluzadənin əsərlərindən görünən Azərbaycanı, azərbaycanlıları qınaq obyekti olmaqdan necə xilas edək?

Cavabım belədir: Bizim bu məsələyə yanaşma tərzimiz düzgün deyil. Bir çox ədəbiyyat dəllallarının yazdıqlarından belə çıxır ki, adı çəkilən ədiblər xalqı tənqid edib ona gülüblər. Belədə təbii ki, onlardan millətə xor baxan obıvatel obrazı düzəltmək o qədər də çətin deyil. Əslində isə Sabir də, Mirzə Cəlil də əsərlərində milləti itaətdə saxlamq üçün təklif olunan həyat və düşüncə tərzini tənqid ediblər və bu mənada Novruzəliləri, usta Zeynalları, Qurbanəli bəyləri, Məmmədhəsən əmiləri, ölünün dirilməyinə inanan zavallıları, əhlikef İskəndərləri, hətta Xudayar bəyin özün belə bu situasiyanın qurbanları kimi önə çəkiblər. Yuxarıdan pristavların, qlavaların, naçanniklərin, aşağıdan isə qaragürühun meydan suladığı bir dövrdə belə cəsarətə bulunmaq hər kəsin işi deyildi.

Məsələyə bu kontekstdə yanaşıb düzgün təhlillər aparmaq əvəzinə bu vicdanlı, namuslu insanlardan milli düşmən düzətmək nə dərəcədə ədalətlidir?

 

Problemin başqa qəliz tərəfləri də var.

Yadıma bir əhvalat düşdü, danışım, siz də agah olun.

 

Neçə illərsə bundan əvvəl ANS telekanalı Bişkekdə Ç.Aytmatovun evində "Təmiz söhbət" verilişi üçün ondan müsahibə alırdı. Söhbətin şirin yerində aparıcı əlində tutduğu kağıza işarə edib dedi:

- Çingiz əkə, siz çağımızın böyük yazıçılarından birisiniz. Amma qəribədir ki, Avropanın çox nüfuzlu bir yazıçılar assosiasiyasının (dediyi təşkilatın adını unutmuşam) tərtib etdiyi "XX əsrin ən böyük yazıçıları" siyahısında Sizin adınız yoxdur.

Ç.Aytmatov əvvəlcə özünü deyilənləri  ciddiyə almayan adam kimi göstərdi, amma bir neçə saniyədən sonra özünü saxlaya bilmədi, "Nə siyahıdır o, verin baxım" - deyərək kağıza işarə elədi, sonra onu aparıcıdan alıb baxdı, siyahıda öz adının olmadığını gözləri ilə gördü və...

...İndi bu sətirləri yazanda mən böyük yazıçının adının o siyahıya salınmamasına qətiyyən təəccüblənmirəm, hətta bunu qanunauyğun hesab edirəm. Çünki Ç.Aytmatovun bütün yaradıcılığı Qərbin təbliğ və yazıçılardan tələb etdiyi liberal dəyərlərin yox, milli yaddaşın, milli şüurun təbliği üzərində ucalmışdı və "Əlvida, Gülsarı", "Əsrə bərabər gün", "Cəllad kötüyü", "Dəniz kənarı ilə qaçan alabaş" kimi əsərlər yaradan bu yazıçı o siyahını tərtib edənlərin nəzərində ədəbiyyatın üfüqlərini eninə yox, dərinə  genişləndirənlərdən, yəni "konservativ düşüncəli", "geri qalmış" ( kosmopolit yox, milli) yazıçı idi.

Ötən müddət ərzində vəziyyət daha da mürəkkəbləşib - industrial cəmiyyətdən informasiya cəmiyyətinə keçid elə sürət götürüb ki, insan milli yaddaşın, mədəniyyətin, əxlaqın daşıyıcısı funksiyasını itirərək elə həmin sürətlə də virtual dünyanın miskin obrazına çevrilməkdədir. Elə bir oyun qurulub ki, elə bil dünyada tanınmağın yeganə yolu qloballaşma axınına qoşulub dünya ilə ona öz istədikləri yeni nizam verməyə çalışan qüvvələrin tələb etdiyi dildə danışmaqdan keçir.

Biz tədricən virtual dünyanın hiss və emosiyalardan məhrum uğursuz personalarına çevrilirik. Bir vaxtlar informasiya acı olan bizlər indi özümüzü informasiya basqısından, təcavüzündən qorumaq barədə fikirləşirik. "Ağıllı" smartfonların ardınca digər "ağıllı" əşyaların məişətimizə yürüşündən, əvəzimizə virtual agentlərin düşünəcəyi, iş görəcəyi informasiya cəmiyyətinə tam keçiddən sonra bizi nələr gözlədiyini özünüz təsəvvür edin.

Atalar belə yerdə deyiblər: "Yuxarı baxırsan - bığdır, aşağı baxırsan - saqqal"!

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2022.- 9 dekabr.- S.11.