Mənə söz verməyin
ŞUŞA İLİNDƏN SON XATİRƏLƏRİM
Hər
zaman səssiz-səssiz dinlədim, dindirməsələr dinmədim...
Demək istədiyim odur ki, susmağı
yaxşı bacarıram.
Səfərə çıxana qədər qorxu hissi
keçirirdim; bu saat məni geri qaytarıb deyəcəklər
ki, sənin adın siyahıda yoxdur.
Əvvəlcə
Qərib Mehdi ilə görüşdüm, artıq bu qorxu
keçmişdi, vəsiqəni alıb avtobusa əyləşdim,
yol yoldaşım Rövşən Ramizoğlu idi, Türkiyədən
istirahətə gəlmişdi, yolda bir selfi çəkdik. İmişlidə çay süfrəsində elə
ayaqüstü bir neçə xanımın əhatəsində
oldum. Yalquzaq kimi təkiydim, ilahi, mən
bura təsadüfən düşmüşdüm, ya nəydi,
heç kimin vecinə deyildim, uzaqdan uzağa Rəşad Məcidi,
Elçin Hüseynbəylini, Yusif Rzayevi axtarırdım,
insafsızcasına görünmürdülər. İmişli yolunun duracağında avtobusla çay
evinin arası 20 metrdən çox olmazdı, amma isti adamı
qarsırdı, Abşeron günəşinə
şükür etdim.
Yolboyu Füzuli rayonun çöllərinə və
obaların adsız oda yerlərinə baxa-baxa
qalmışdım, kəndlərdən əsər-əlamət
qalmamışdı, yalnız yol işarələrindən
bilmək olardı ki, bura haradır. Tələbə
vaxtı Zəngilandan Gəncəyə gedən zaman
keçdiyim yollar bizdən çoxdan üz döndərmişdi.
Füzuli aeroportunun qənşərindən
keçib gedirik, avtobusun pərdəli şüşələrinin
arxasından boz çöllərin ah-naləsini eşidirdim,
sanki "çox gec qaldınız" deyirdilər.
"Bir ağ köynəkdə Şuşaya gedirəm"
yazıb sosial şəbəkədə paylaşıram,
xoşlayanlar az deyildi, bu ağ köynək məsələsində
dostlarım fərqli fikirlər söylədilər. Qara
geyimimə öyrəşən dostlarım təəccüblənirdi,
bir il əvvəl almışdım, o
zaman satıcıya bu köynəyi geyinib Şuşaya gedəcəyimi
söyləmişdim. Sevdiyim bir xanımın yanında
qürurlanmışdım, amma son anda adım siyahıda
olmadı, o zamandan həmin ağ köynəyi
geyinmədim, amma sən demə, mövlam məni həmişəki
kimi darda qoymadı və o xanımın yanında məni
sındırmadı. İndi həmin o ağ
köynəyi geyinmişəm və Şuşaya gedirəm,
sevinirəm. Bura arxa cərgədir, Məmməd
İsmayılın qürbətdən gələn səsiylə
onun bu misralarını xatırlayıram və Rövşənə
pıçıldayıram: "Çağırın Məmmədi
arxa cərgədən".
Daşaltından keçirik, qalaya giriş dolama yollardan
keçir, bu tərəf İrəvan qapısı
adlanır.
...Şuşadayam.
Qarabağ otelinin 6-cı qatında Əbülfət Mədətoğlu
ilə eyni odanın sakinləriyik. "Ədalət" qəzetinin fədakar
redaktoruna bir az əvvəl
yazdığım və hələ üzə
çıxartmadığım bir yazının misraları
yadıma düşür:
Mesaj
yolladım
ünvansız, sərçəcik bir qız adına.
Bir də
Mədətoğluna -
işğaldan azad olan
Zəngilan
adına və Tuğa,
ömrün uzun olsun, - dedim - ay qağa.
...Şuşa gecəsinin təmiz və azad
havasını ciyərlərimə çəkib
qarşıdakı dahilərin heykəlləri önündəki
qələbəliyə yaxınlaşıram. Üzeyir
bəyin büstü yanında fotoya donub heykəlləşmək
də bir qismətdir, deyə düşünürəm.
Köhnə kişilərin Üzeyir bəyə
olan sevgisi haqqında daha bir xatirə yadıma
düşür.
Tovuzlu
bağban Tağı (dostum Mehman Əhmədovun atası)
Bakıya çox gəlməzdi, gələndə də
Aşağı Quşçuda yetişdirdiyi tər
qızılgülləri aparıb Bakıda Üzeyir bəyin
heykəli üstünə düzər, sonra övladlarına
baş çəkməyə gedərmiş. Bu
əhvalat Üzeyir bəyə xalq sevgisinin çox kiçik
nişanəsi idi. Təəssüf ki, belə
kişilər sovet zamanında adı çəkilməyən
şəxslərdən idilər.
Bu isə
Nətavanın güllələnmiş tunc qiyafəsi...
Xan
qızının həyatı haqqında düşünərkən,
ağbirçək bir qarabağlı məcburi köçgün
qadının işğaldan salamat gətirdiyi kəbin
kağızını - 40 il əvvəl vəfat etmiş
ömür-gün yoldaşının əl boyda cansız,
daha heç nəyə, heç kimə lazım olmayacaq
şərəf vərəqini öz ölümünün
sonuna kimi saxlaması, solğun bir kağızın da mənfur
əllərə düşməsini istəməməsi
yadım düşdü.
...Sübh
obaşdan küçələri dolaşıb hasarların
üzərindəki yazıları gözdən keçirirəm,
ANAMA-nın rəsmi yazılı xəbərdarlıq
nişanları aydın oxunur. Minalardan təmizlənmiş
həyətlər, hasarlara yazılmış yer, məkan
adları, döyüşlərdə iştirak etmiş əsgərlərin
divarlara yazdıqları kəlmələr və s.
"Xarıbülbül" otelinin həyəti
ağaclar, dekorativ kollar və bəzəkli çiçəklərlə
bəzədilib, Şuşanın rəmzi olan eyniadlı
maketin önündə şəkil çəkdirirəm.
Və
sonra kitab sərgisi... Yan-yörəsi
pis-yaxşı şeir qoxuyur, amma şeir demək
üçün tüküm də tərpənmir. Diqqət yetirdiyim bir neçə xanım və
hörmət etdiyim bir-iki yaşlı şair şeir söyləyir.
İlqar Fəhmi, Səlim Babullaoğlu ətrafda
nizam yaratmaq istəyir. Hətta şerlərini bir kəsin
dinləmədiyinin fərqində olanlar da az
deyildi.
Sonra, bərpadan
sonra Vaqifin məqbərəsinin önünə ağ rəngli günlük papaqlarla günəşlənir.
Azyaşlı bir ifaçının muğam
parçasını, Anar müəllimin qısa giriş
nitqini, qazilərin isti vətən şeirlərini dinləyirik.
Sonra daha ünlü, adlı şairlər, sonra
redaktorlu-qəzetli şairlər şeirlərini isti-isti
oxuyur, balası ölmüş Vətəni ovutmaq istəyirlər.
Bilirdim ki, məni şeir söyləməyə
dəvət etməyəcəklər, amma yenə nə
söyləyə biləcəyimi
düşünürdüm, düşünürdüm ki,
işdir, birdən kimsə fəhmə gələr mənə
deyər ki, bəlkə sən də bir şeir söyləyəsən.
Gözləntim suya düşür və
söyləyəcəyim şeir dilimin ucunda qalır -
"Oxuya bilmirəm özgə dilində". Səfərdən sonra o şeiri feysbukda
paylaşdım.
Oxuya
bilmirəm özgə dilində,
Oxuya
bilmirəm ərəbi, farsı.
Onsuz da
bilirəm Gün hardan çıxır,
Gün
necə fırladır bu Yeri, Marsı...
Oxuya
bilmirəm özgə dilində,
Oxuyub yazmağı bilmirəm düzü.
Sovetlər
dövründə oxuduğumdan
Anlaya bilirəm bir azca rusu.
Oxuya
bilmirəm özgə dilində,
Nə latış, nə alman, nə də yaponu.
Anlaya
bilirəm çiçəyi, gülü,
Bir də vətənsevər Adəm oğlunu.
Oxuya
bilmirəm özgə dilində,
Gəl məni
qınama bu lafdan bir az.
Söyləyə
bilərmi bir yad əcnəbi
Öz Ana
dilimdə Vaqifdən bir az?
Oxuya
bilmirəm özgə dilində,
Orjinal, əlifba eynimə gəlməz.
Bilirəm
botanik terminlərini,
Bilirəm latınca yazırdı Markez.
Oxuya
bilmirsə Ana dilində,
Dəyməz bir nadandan umub küsməyə.
Nə bir
tərcümana, nə bələdçiyə,
Nə də bir ehtiyac duydum kimsəyə.
...Günün
ikinci yarısı Cıdır düzündə xəyallarım
at çapır, düz 45 il əvvəl -
1977-ci ilin mayında Şuşaya gətirdiyim 19
yaşımı xatırladır. İndi
dünyasını dəyişmiş tələbə
yoldaşım Aişə xanımı və eyni fakültədən
olan bir neçə dostlarımı yada salıram. Cıdır düzünün sərt
qayasının qaşında əbədiləşmiş, əlimdən
çıxan fotoşəkli daha tapa bilməyəcəm,
çox yəqin. Yenə Cıdır
düzü, yenə fotoşəkil - heç özümdə
olmuram, nədənsə eynim açılmır. İşğal dövrünün bizdən
aldıqlarını bundan sonra qazana bilməyəcəyik.
İtirdiyimiz ömür, ən gözəl illərimiz
bir də qayıtmayacaq.
...Ötən
yüzilliklərin söz və saz deyimlərindən ibarət
kompozisiyası Nizamidən Vaqifə qədər
çox gözəl sərgiləndi (dəfələrlə
TV verilişlərində göstərildiyindən bu hissəyə
nöqtə qoyuram).
...Səhər
ertədən fasilədən istifadə edib Qalanın Gəncə
qapısına enirəm, Ramiz Qusarçaylı ilə Şuşa yazısının fonunda şəkil
çəkdiririk. Xarıbülbül
reklamı ilə yanaşı durmuşam, sağ əlimi
düyünləyib yuxarı qaldırıram, "Sən fəxr
qalası - Şuşa qalasısan",
pıçıldayıram. Amma içimin
düyünü açılmır ki açılmır.
Nədən 28 il gec qaldıq,
Şuşam. Mən tək özümü,
öz doğmalarımı yox, bir milyon insanın
arzularını, şəhid düşən ümidlərini
və yaralı qəlblərini düşünür və təəssüf
edirəm.
...Ayın
15-idir, Vaqifin məqbərəsi önündə çəkilişdən
kənar şeir söyləmələri başlanır,
yazıçıların bir neçəsindən müsahibə
alınır. Mənə söz verilməyəcəyini
bilirdim, söz almaq üçün xeyli dalaşqan
sözçülər vardı. Amma hər
ehtimala qarşı kiminsə yadına düşər və
məni şeir söyləməyə çağıra bilər
deyə düşünürəm, çünki məni tədbirə
dəvət edənlər bəlkə, şeir deməyə də
dəvət edə bilərdilər.
Düşünürəm ki, bu şeir yerinə düşərdi:
"Həsrətin içimdə yaşayır".
Adını
demirəm eldən ayıbdı
Filankəsin
qızı filan oynasın...
M.P.Vaqif
Həsrətin
içimdə yaşayır, gülüm,
Həsrətin
içimi oxşayır, gülüm,
Ya dəli
olacam, ya şair, gülüm,
Adını içimdə çəkirəm indi.
Ayrılıq
min ildi düşüb izimə,
Daha qısılmışam özüm-özümə.
Nə qədər
adlar var durub üzümə,
Adını içimdə çəkirəm indi.
Günəşdən,
Tanrıdan alıb gedirəm,
Kölgəmi çiynimə salıb gedirəm.
Adın
"ismi-pünah" qalıb, gedirəm,
Adını
içimdə çəkirəm indi
Bir
ayrı sevgiyə könlüm ta yoxdu,
Özgəni
yandıran çölüm ta yoxdu,
Adını
çəkməyə dilim ta yoxdu,
Adını içimdə çəkirəm indi.
Amma əslində,
"mənə söz verməyin, söz istəmirəm"
adlı şeirimi çoxdan yazıb çap etdirmişdim:
çünki "danışa bilmirəm boğazdan qəlbi".
Mənə
söz verməyin, söz istəmirəm,
Mənə deməyin ki, sən danış indi.
Danışa bilmirəm hər saat, hər an?
Danışa bilmirəm boğazdan qəlbi.
Mənə
söz verməyin, sözüm yoxdusa,
Danışa bilmirəm, sözdən-nağıldan.
Sözümün
canını deməyə qalsa,
Gərək dinləyəsən bir batman balnan.
Hər
sözün şirini acı həqiqət,
Bircə "Ol" sözüydü sözün ulusu.
Hələ
bünövrədən əyilmədi heç
Bircə yol sözümün məmmədqulusu.
Düşündüyüm kimi, mənə söz verilmədi.
...Günün ikinci yarısı toparlanıb geri qayıdırdıq. Düşüncələrim məni yormuşdu, gözlərim qan çanağına dönmüşdü. İlqar bəy avtobusu dayandırıb həkim çağırır, sosial şəbəkənin aktiv iştirakçısı olan xanım təzyiqimi ölçür: hər şey normaldır. Və avtobus yerindən tərpənir. İçimin qırılmış hissələri bu vətən hissinin tamını bilməzdi. İşğal olunmuş ərazilərin sağ qalan ən yaxşı bölgəsi Şuşadır. Amma nə Füzuli var, nə Qubadlı, nə Cəbrayıl, nə də Zəngilanım.
Deyim ki, Zəngilansız çox gücsüz idim...
Şuşa, 13-15 iyun 2022
Xosrov
NATİL
525-ci qəzet.- 2022.- 9 dekabr.- S.10.