Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Təhqir olunmuş bir
oğlan Filippin haqsızlığını görüb, onu
öldürdü. Beləliklə, Aleksandr
20 yaşında çarlığı əldə etdi, lakin
o, ölkəsinin qonşuları tərəfindən daim təhlükədə
idi. Aleksandra məsləhət
görülürdü ki, zorakılığa əl
atmasın, qəddarlıq tədbirlərinə yol verməsin.
Aleksandr isə əks qaydada hərəkət
etdi, güman edirdi ki, azacıq güzəştə yol versə,
bütün düşmənləri onun üzərinə
atılacaqlar. O, əvvəlcə fivalılarla
müharibə apardı, onları mühasirəyə alıb
məhv etdi. Sağ qalanları o, qul kimi satdı. Altı min adam öldürülmüşdü, qul kimi isə
beş dəfə artıq adam satıldı.
Aleksandr afinalılarla sülh bağladı.
Persiyalılarla müharibəyə getmək
üçün yunanlar Aleksandrı özlərinin rəhbəri
elan etdilər.
Ona qarşı özünü olduqca müstəqil
aparan Diogen isə Aleksandrın təəccübünə səbəb
olmuşdu. Hətta onu da demişdi ki,
"Mən Aleksandr olmasaydım, Diogen olmağımı istəyərdim".
Kiçik
Asiyaya keçən Aleksandrın qoşunları otuz mindən
çox piyada əsgərdən və beş
minə yaxın süvaridən ibarət idi. Ərzaq
ehtiyatı yalnız bir aya bəs edərdi. Çətinliklərinə baxmayaraq, Aleksandr gəmiyə
oturmadan öz dostlarının əmlak vəziyyətini
öyrənmişdi və onları malikanələrlə və
başqa mülkiyyətlərlə təmin etmişdi.
Ondan özünə nə saxladığını
soruşduqda demişdi: "Ümidi". Aleksandr Makedoniyada
malik olduqlarının hamısını könüllü
qaydada adamlara hədiyyə verdi.
Belə bir qətiyyətlə o, Hellespont (indiki Dardanel
boğazını) keçdi. İlion şəhərinə
(Troyaya) girəndə ilahə Afinaya qurbanlar verdi
və müharibə qəhrəmanlarını yada saldı.
O, yalnız Axilleslə maraqlandığını bildirdi.
Persiyalılar Aleksandrın yürüşündən
agah olduğundan, çar III Daranın sərkərdələri
böyük qoşun yığmış və onu Qranik
çayındakı keçiddə yerləşdirmişdilər. Bura
Asiyanın qapısı olduğuna görə
döyüş zəruri idi. Çay dərin
idi, onun əks sahili isə çox hündür idi.
Makedoniya sərkərdəsi Parmenion çayı keçməyin
riskli bir iş olduğunu dedikdə, Aleksandr cavab verdi ki, onlar keçdikləri
Hellespont boğazı ilə müqayisədə
ona bu çaydan qorxduğuna görə utanmaq lazım gələcəkdir.
Düşmən nizələrinin və
oxlarının yağışına baxmayaraq, qoşun
çayın sərt sahilinə dırmaşırdı.
Böyük gərginlik hesabına Aleksandrın
döyüşçüləri əks sahilə sahib oldular.
Bu vaxt perslərlə əlbəyaxa
döyüş başlandı. Süvarilər
isə pers süvarilərinə qarşı vuruşurdu.
Çara atılan nizə onun zirehini deşsə
də, bədəninə toxunmadı. İki
pers hərbçisi onun üstünə cumdu. Aleksandr qılınca əl atdı, lakin əvəzində
özünə qılınc zərbəsi dəydi,
düşmən qılıncının tiyəsi onun
saçına toxunmuşdu. Bu vaxt dostu Klit
persin bədənini nizəsi ilə deşdi, digərini isə
Aleksandrın öz zərbəsi yerə yıxdı.
Persiyalılar uzun müddət müqavimət göstərə
bilməyib, qaçmağa üz tutdular. Lakin həm də
çox sayda makedoniyalı yaralanmışdı və həlak
olmuşdu. Aleksandr döyüşdə fərqlənən
afinalıları təriflədi. Bu
döyüş işlərin vəziyyətini Aleksandrın
xeyrinə dəyişdirdi və o, barbarların dəniz
sahilindəki əsas bastonu olan Sardı şəhərini -
Lidiya dövlətinin paytaxtını tutdu. Bu ölkəni iki əsr əvvəl Persiya
çarı Böyük Kir işğal etmişdi. Sonra Aleksandr Halikarnası və Mileti də tutdu.
Lakin o, Dara ilə həlledici döyüşə can
atırdı. Dəniz ətrafındakı vilayətləri
perslərdən azad etdi, axı bunlar qədim yunan şəhər-dövlətləri
idi.
Sonra
Makedoniya çarı Frigiyanı tutdu, qədim çar
Midasın vətəni olan Qordini tutanda burada məşhur
arabanı gördü, onun dişləsi boyunduruqla zoğal
budağının qabığı ilə
bağlanmışdı və belə əhvalatı
eşitdi ki, kim bu ilgəyi açsa, bütün
dünyanın çarı olacaqdır. Aleksandr
onu aça bilməyəndə, qılıncla kəsdi.
O, asanlıqla bu işin öhdəsindən gəldi və
boyunduruğu dişlədən azad etdi.
Midas barədə qədim dünyada qəribə rəvayətlər
yayılmışdı. Guya Midasın buynuzu olduğu iddia edilirdi
və başının bu qəribəliyinə görə o,
Frigiya papağı geyinirdi, bunu yalnız onun dəlləyi
bilirdi. Dəllək dözə bilməyib,
sirri qamışlar olan yerdə dilinə gətirdi, sonra
külək qamşları tərpədəndə, onlar
"Midasın buynuzu var" deyə
pıçıldayırdılar.
Digər bir əfsanəyə görə, Midas çox
acgöz olduğundan allahlardan hər şeyi qızıla
çevirməyi xahiş etmişdi. Allahlar onun xahişini
yerinə yetirirlər. Midasın əli dəydiyi
hər şey qızıla çevrilirdi, ona görə də
o, nə yeyə bilir, nə də içə bilirdi.
Bu vaxt Persiya çarı Dara Suzadan dənizə tərəf
istiqamətdə hərəkət edirdi. Onun ordusu
makedoniyalılarınkından az qala 20 dəfə
böyük idi. Lakin Aleksandrın
döyüşçüləri əla igidlik göstərdiklərindən,
belə şayiə gəzirdi ki, Aleksandr bütün Asiyaya
sahib olacaqdır. Axı adi ilxıçı
olan Dara çara çevrilib, taxt-taca sahibliyə nail
olmuşdu. Aleksandr isə Makedoniya
çarının oğlu idi.
Aleksandrın
dəniz ətrafında çox qaldığına görə
Dara bunu onun tərəfindən qorxaqlıq əlaməti kimi
qəbul etmişdi. Çar isə ağır xəstəliyinə
görə irəli getməyi ləngitmişdi. Lakin tezliklə sağaldı və qoşununu
Suriyada olan perslərin üstünə apardı. Ustalıqdan xəbər verən komandanlıq
hesabına makedoniyalılar qalib gəldilər. Bu, tarixdə İss döyüşü kimi məşhurdur.
Döyüşdə çar budundan
yaralanmışdı. O, parlaq qələbə
çaldı, yüz minə qədər düşməni məhv
etdi, lakin Daranı tuta bilmədi, çünki o, qaçmaqla
canını qurtarmışdı. Aleksandr isə
onun hamamında qızıldan qayrılmış
bardaqları, tazları, mayelər üçün olan
qabları gördü. Bu əşyalar ona
çarlığın nə olduğunu başa saldı.
Aleksandr nahar etmək istəyəndə ona Daranın
anasının, arvadının və iki ərə getməmiş
qızının əsir götürüldüyünü xəbər
verdilər. Onlar Daranın döyüş arabasını
gördükdə, öldürüldüyünü güman
edib, ağlamağa başladılar. Qadınlara
bildirdilər ki, Dara sağdır və Aleksandrdan qorxmağa
da ehtiyac yoxdur, çünki o, yalnız hökmranlıq
üstündə Dara ilə müharibə aparır. Qadınlara əvvəllər istifadə etdikləri
qaydada şərait yaradıldı. Onları
biabır edə bilən heç bir hərəkətə yol
verilmədi. Daranın arvadı da əri
kimi çox qəşəng idi, qızları da valideynlərinə
oxşayırdılar. Aleksandr deyirdi ki,
Persiya qadınlarının görünüşü gözlər
üçün əzabvericidir, lakin o, heç bir artıq hərəkətə
yol vermirdi. Çünki bilirdi ki,
qadınla yaxınlıq etmək istəyi, şəhvət
insan təbiətinin zəifliyindən irəli gəlir.
O, təkcə bunda deyil, qida məsələsində də
özünü saxlamağı bacarırdı. Həm də dayısının ona öyrətdiyini
yada salırdı. O deyirdi ki, "səhər yeməyinə
gecə marşı, nahar üçün isə azacıq səhər
yeməyi bəs edir". Şərabı da, bəzi rəylərin
əksinə, az içirdi, ancaq ziyafət
süfrəsi arxasında çox otururdu. O, içmək əvəzinə
çox danışırdı. Yalnız asudə
vaxtı çox olanda o, yeyib-içirdi. Çox
danışdığına görə güman edirdilər
ki, o, həm də çox içir. Lakin
lovğalanırdı və həm də tərifi çox
sevirdi.
İss döyüşündən sonra Aleksandr
qoşununu Dəməşqə göndərdi. Makedoniyalılar
orada ilk dəfə qızılı, gümüşü,
qadınları qiymətləndirməyi öyrəndilər,
barbar həyat tərzinin cazibədarlığından hali
oldular. Ona görə də perslərin sərvətlərini
ələ keçirməyə tələsirdilər.
Tir istisna olmaqla, bütün Finikiya ona tabe oldu. Ona görə
də Tiri yeddi ay ərzində mühasirədə saxladı,
dənizdə torpaq tökməklə damba qaydasında adaya
yol çəkdi və şəhərin donanma ilə dənizə
çıxmasını bağladı. Tirin
mühasirəsi qoşunların şəhər divarlarına
hücumu ilə başa çatdı. Hücum
olduqca dəhşətli idi, tirlilər müqaviməti
dayandırdılar və şəhər tutuldu.
Daradan
götürülmüş qiymətli əşyalar içərisində
olan mücrünü Aleksandra gətirib verdikdə, o, bu
mücrüdə ən qiymətli sərvəti olan
"İliada"nı saxlamağı qərara
aldı. Yürüşdə Homer onun üçün
çox lazımlı və faydalı yol yoldaşı idi,
axı o, özü də "İliada"nın
qəhrəmanının adını daşıyırdı.
Öz adını əbədiləşdirmək
qayğısına da qalırdı, Misiri tutanda o, iri,
çox əhalisi olan yunan şəhəri salmaq və ona
öz adını vermək istəyirdi. Faros
adasının yanında o, bu şəhərin əsasını
qoymağı qərara aldı. Sonra o,
Ammon məbədinə yollandı. Ora gedən
yol uzun, ağır və yorucu idi. Bir
neçə gün onlar susuz səhra ilə yol getdilər.
Aleksandr çətinlikdən qorxmurdu,
ömrü boyu o, heç vaxt düşmənləri tərəfindən
məğlub edilməmişdi, elə görünürdü
ki, o, hətta məkan və zamandan da güclüdür.
Səhra geridə qalanda çar məbədə
yaxınlaşdı. Ammon kahini Aleksandra müraciət edərək dedi ki, allah Ammon onu öz oğlu kimi salamlayır.
Çar allaha qiymətli hədiyyələr verdi.
O, anasına da bu barədə məktub yazdı. Aleksandr
hansısa bir tələffüzə görə sevinirdi ki, allah onu Zevsin oğlu
adlandırmışdır. O, başa düşürdü
ki, bütün adamları allah idarə
edir, çünki hər bir adamda rəhbər
başlanğıc ilahi mənşədən irəli gəlir.
Çünki Allah bütün insanların
ümumi atasıdır və daha yaxşı olanları
özünə xüsusən yaxınlaşdırır.
Ona görə də o, özünü barbarlara
qarşı çox məğrur aparırdı.
Bu vaxt Dara Makedoniya çarına öz dostları ilə məktub göndərib, Aleksandra əsirlər üçün 10 min talant girov pulu təklif etdi, həm də Fəratdan bu tərəfdə, qərbdə olan bütün torpaqları, həm də qızlarından birini də ona verəcəyi təklifini bildirdi. Parmenion bu təklifi qəbul etməyi məsləhət görəndə dedi ki, "Mən Aleksandr olsaydım, bu şərtləri qəbul edərdim". Aleksandr bərkdən edi: "Zevsə and olsun ki, mən Parmenion olsaydım, belə hərəkət edərdim!" Aleksandr Daraya yazdı ki, əgər makedoniyalıların yanına gəlsə, ən xoş qəbul görəcəkdir. Əks halda isə o, özü Persiya çarının üzərinə gedəcəkdir.
Bir qədər sonra Daranın arvadı doğuş vaxtı öldü, Aleksandr pis olurdu ki, öz alicənablığını göstərməyin əlverişli imkanını əldən buraxdı. Çar arvadı çox dəbdəbə ilə dəfn edildi. Daraya da arvadının ölüm xəbəri çatdı. Lakin ona bildirdilər ki, nə arvadı Statira - o, həm də çarın bacısı idi, nə anası, nə də qızları heç nədə ehtiyac hiss etmirdilər. Aleksandr döyüşdə nə qədər qorxuludursa, məğlub olunanlara isə o qədər mərhəmətlə yanaşır. Dara emosiyasını gizlədə bilməyib, allahlardan öz məmləkətinə himayə arzuladı, onu da əlavə etdi ki, əgər Persiya dövləti məhv olsa, qoy Aleksandrdan başqa heç kəs Kirin taxt-tacına oturmasın.
Aleksandr Fərata qədər olan bütün torpaqları işğal etdi. Bu vaxt Dara bir milyonluq ordu ilə onu qarşılamaq üçün hərəkət edirdi.
Dara ilə böyük döyüş Qavqamela yaxınlığında getdi, bu, yerli dildə "Dəvə evi" demək idi, guya qədim çarlardan biri bir küyənli, dromedar dəvəsinin belində düşmənlərindən xilas olanda, onu burada yerləşdiribmişlər.
Aleksandrın ətrafında olanların yaşlıları, xüsusən Parmenion, o, çar Filippə qalibiyyətli sərkərdə kimi xidmət göstərmişdi, açıq döyüşdə belə qoşuna qalib gəlməyi olduqca çətin iş hesab edirdi. Onlar Aleksandra məsləhət gördülər ki, düşmənə gecə vaxtı hücum edilsin. Aleksandrın məşhur cavabı belə idi: "Mən qələbəni oğurlamıram", bu sözlər belə təhlükə qarşısında onun buna olduqca yüngül münasibət bəsləməsi kimi qəbul edildi.
Həm döyüşdən əvvəl, həm də döyüşün qızğın vaxtı ruhunun yüksəkliyini və igidliyini heç vaxt itirməyərək, özünü böyük döyüşçü kimi göstərdi. Sol flanq qarışıq şəkildə geri çəkiləndə, Parmenion Aleksandra xəbər göndərdi ki, ona təcili kömək göstərilməsi lazımdır. Aleksandr ətrafındakılara hücum əmri verdi. Özü də dəbilqəsini geyindi. Aleksandr çinlilərin çarının bağışladığı qılıncı üstündə gəzdirirdi. Döyüş başlananda ona atı Butsefalı gətirdilər, onun belinə tullanıb, hücuma başladı. Barbarlar qabaqdakı dəstələr hələ döyüşə başlamamışdan geri çəkilməyə başladılar. Aleksandr persləri mərkəzə doğru sıxışdırdı, Daranın özü orada idi. Aleksandr onu uzaqdan gördü, o, çar dəstəsinin ortasında hündür döyüş arabasında dayanmışdı. Aleksandr yaxınlaşanda, onlar çaş-baş qalmışdılar, çünki geri çəkilənləri sürətlə qovurdular. Daranın mühafizəçilərindən ən cəsarətliləri öz çarları üçün son nəfəsinə qədər vuruşurdu. Daranın gözləri önündə heç vaxt belə dəhşətli mənzərə yaranmamışdı, onun əhatə edən döyüşçülər onun lap yanında həlak olurdular. Ölü cəsədlərin çoxluğu döyüş arabasının hərəkətinə də mane olurdu. Silahını və arabasını atıb Dara yenicə bala doğmuş bir madyanın belinə oturub qaçdı. Aleksandr Parmeniona kömək göstərmək üçün Daranın təqibini dayandırdı. Axşam düşəndə qan axıdılmasına da son qoymaq lazım gəldi. Aleksandr təhlükədə olan qoşun hissəsinə kömək göstərməyə tələsəndə, yolda ona dedilər ki, düşmən tamamilə əzilmişdir və qaçmağa üz tutmuşdur.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 10 dekabr.- S.22.