Sənin olmazlarınla yaşamaq çox çətindir, - yazmaq istəyirəm

 

Sənin qaydalarınla yaşamağın gözəlliyini bir azca bilərək;

saçlarım elə-belə ağarmadı, üzüm ağarmalıydı halbuki...

 

Ürəyimi yeyib qurtardım.

 

İndi bu gecə Səndən yeni ürək istəyirəm,

geniş yol kimi: istəklərin tıxacından azad.

İndi Səndən yeni göz istəyirəm: məsum, işıqlarımız sönəndə

 

nənəmin yandırdığı şam kimi titrək, həyalı, qorxacaq,

işıq saçsa da, qaranlığın bir gün mütləq düşəcəyini unutdurmayacaq.

 

İndi Səndən bağışlanma istəyirəm - doğuluş kimi...

Təzə ömür dəftəri istəyirəm,

 

Anamın - hər dərs ili öncəsi - aldığı miləmil dəftər kimi:

ləkə salmayacağıma söz verirdim həmişə.

 

Bu gecə Sənə söz verirəm: ora düşən yeganə ləkə

Sənin qaydalarınla yaşamağın sevincindən doğan göz yaşları olacaq.

 

Sükr olsun Sənə, Böyük Rəbbim!

Əlbəttə ki, istəməsəydin, istəməyi verməzdin...

 

lll

Əgər cürət edib yazsaydım öz həqiqi tarixçəmi,

mənim tarixçəmi yazan mələkmi olacaqdım?

 

İstəklərimin gürdabında mən təkəm,

tənhayam, onlarsa ikidir,

üstəgəl, tükənir bizim qələmlərin mürəkkəbi.

 

Kaş ki səbrim tükənməyəydi...

o kitabın sağ səhifəsində bir boş yer qalaydı...

 

Qərarsızlığım, tərəddüdüm, ümüdüm

uşaq ləpirləritək orda iz buraxaydı...

 

bir gün o Nur həmin yazıya işıq salaydı,

"o bağışlandı" anlaşılaydı, oxunaydı...

 

Kaş ki bir gün yaza biləydim öz həqiqi tarixçəmi,

məndə məni yox, Səni nişan verə biləydim, Səni...

 

Səlim Babullaoğlu

525-ci qəzet.- 2022.- 10 dekabr.- S.19