Həsən Mirzəyev və Azərbaycan dilçiliyi: sanballı imza, dəyərli elmi irs  

 

Azərbaycan dilçilik elmində özünəməxsus üslübi xəttə sahib dilçiliyimizin inkişafında önəmli xidmətləri olan, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dilçilik məktəbinin yaradıcılarından biri də professor Həsən Mirzəyevdir.

Professor Həsən Mirzəyevin elmi-pedaqoji yaradıcılığı zəngin çoxşaxəlidir. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatlar aparıb. H.Mirzəyevin Qərbi Azərbaycan-Dərələyəz mahallarındakı yer adları bir çox toponimlərlə bağlı araşdırmaları dil tariximizin öyrənilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Professorun əsərləri arasında özünəməxsus elmi çəkiyə malik olan şah əsəri 1986-cı ildə nəşr etdirdiyi "Azərbaycan dilində feil" monoqrafiyasıdır desək, əlbəttə ki, yanılmış olmarıq. Çünki dilçiliyimizdə hər bir görkəmli dilçi alimlərimiz, dilçilikdə gedən prosesləri yaxından izləmiş, ordakı boşluqları doldurmağa çalışmışlar. Professor H.Mirzəyev dilçiliyimizdə mübahisəli hər zaman müzakirə obyekti olan bir bölməni - feil bölməsindəki boşluqları doldurmağa çalışıb buna uğurla nail olub. Əminliklə deyə bilərəm ki,"Azərbaycan dilində feil" əsəri elmi aktallığını saxlamaqla yanaşı, bu gün bu sahədə aparılan tədqiqatlar üçün mayak rolunu oynayır.

H.Mirzəyev monoqrafiyanın I fəslində feilin on yeddi əlamətdar cəhətini qeyd edir. Həmin əlamətdar cəhətlərdən biri kimi müəllif vurğulayır ki, feil dilimizin milli orijinallığını, ən qədim ünsürlərini başqa nitq hissələrinə nisbətən daha yaxşı mühafizə edə bilir. Əsərin birinci fəslindəki "Feilin tədqiq tədrisində əlaqədar mənbələrin, başqa dilçilik fənlərinin rolu əhəmiyyəti" bölməsində professor yazır: "Dilçiliyə aid problemlər həll edilərkən, dilimizdəki sözlərin, o cümlədən, feillərin xüsusiyyətləri üzə çıxarılarkən bir sıra əlaqədar məsələlərə mütləq əvvəlcədən yeri gəldikcə diqqət yetirilməlidir". H.Mirzəyev oradaca qeyd edir ki, Azərbaycan xalqının tarixinə, onun dilinin türk dilləri içərsindəki yerinə, Azərbaycan dilində danışanların daha haralarda, hansı yerlərdə yaşamasına, kənar yerlərdə olan azərbaycanlıların qohum, qonşu xalqların bizimlə dərəcə təmasda olduğuna, dilçilik fənlərinin bir-biri ilə, başqa fənlərlə əlaqəsinə, şərh olunan mövzunun digər mövzularla bağlığına nəzər salınması da olduqca vacibdir.

Professor H.Mirzəyev əsərin "Qohum dillərin rolu" bölməsində yazır: "Tutaq ki, feil bəhsində güləşmək feilinin quruluşunu şərh etməliyik. Bu məsələ haqqında da müxtəlif rəylər vardır. Bəzi ədəbiyyatda bu, sadə, bəzisində düzəltmə hesab edilir. Hətta bəzi mənbələrdə yanlış olaraq göstərilir ki, güləşmək sözünün kökü "gül"dür. Belə halda biz birinci növbədə bu sözün qohum dillərin yardımı ilə məsələ tam şəkildə aydınlaşdırıla bilər. Qohum dilləri nəzərdən keçirən zaman aydın olur ki, "güləşmək" sözü türk dilində "gureş" türkmən dilində "qöreş", qazax dilində "kures", özbək dilində "kuraş", uyğur dilində "gürəş", tatar dilində "görəş", başqırd dilində "körəş", tuva dilində "jureş", xakas dilində "kures" şəklində işlənir". Monoqrafiyada bu tipli dəqiq müqayisələr kifayət qədərdir.

Monoqrafiyadan məlum olur ki, H.Mirzəyev feilin təsirlik təsirsizlik kateqoriyası üzərində tədqiqat apardığı zaman nəinki Azərbaycan, hətta türkoloji araşdırmalarda belə bu məsələ ilə əlaqədar dilçilər arasında fikir ayrılığının olmasını qeyd edir. Əsərin "Təsirli-təsirsiz feillərin tədqiqi tarixi" bölməsində professor türkoloji ədəbiyyatda təsir kateqoriyası haqqında hələlik yekdil rəyin olmadığını, məhz bu baxımdan da əvvəlcə, başqa türk dilləri haqqında mənbələrə müraciət etməyin ən düzgün yol olduğunu göstərir: "Təsirli-təsirsiz feillərə münasibətə görə türkoloqları, əsasən, üç qrupa ayırmaq olar. Bunların bir qismi feili şərh edərkən ondakı təsirlilik təsirsizlik məsələsinə qətiyyən toxunmur, hətta onun sadəcə adını da çəkmirlər. N.P.Dırenkova oyrot şor dillərinin, N.A.Andreyev çuvaş dilinin qrammatikasını yazarkən belə hərəkət etmişlər. Türkoloqların bir qismi isə feildəki təsirlilik   təsirsizliyi növ kateqoriyasına daxil edir bunu feil növlərinin içərisində bu ya başqa şəkildə əridirlər. Maraqlısı da odur ki, bunların əksəriyyəti təsirlilik təsirsizlik məsələsindən, əsasən, feilin məlum növünü şərh edərkən söhbət açırlar. Bu deyilənləri N.A.Baskakovun qaraqalpaq noqay, L.A.Pokrovskayanın qaqauz, A.A.Palmbaxın tuva, K.M.Musayevin karaim, D.Q.Tumaşevanın tatar, M.A.Xabiçevin qaraçay-balkar dilinə aid yazdıqları qrammatika kitablarında, dərs vəsaitlərində aydın şəkildə görmək mümkündür. Türk dillərindəki feillər haqqında böyük sanballı bir əsər yazan, feilə məxsus kateqoriyaların ayrı-ayrı türk dillərində müqayisəli şəkildə şərhini verən A.M.Şerbak da feildəki təsirlilik-təsirsizlik məsələsi haqqında fikirlərini, əsasən, növ kateqoriyasını şərh edərkən vermişdir. Türkoloqların üçüncü bir qrupu isə (N.K.Dmitriyev,A.N.Kononov, V.Q.Yeqorov, A.Qulamov, E.N.Nacip, A.T.Kaydarov, Y.Tursunov, J.Muxtarov, B.Çarıyarov, A.K.Xasenova, N.T.Sauranbayev, A.Y.Boziyev, N.N.Canaşia başqalari) feildəki təsirlilik təsirsizliyi növ kateqoriyasından ayırır bunları ayri-ayrılıqda şərh edirlər".

Monoqrafiyanın elmi dəyəri həm ondan ibarətdir ki, müəllif yeri gəldikcə bir çox feillərin ilk dəfə, müəyyən qisminin isə elmi ədəbiyyatda mübahisə predmeti olan etimoloji izahına aydınlıq gətirir. Müəllif, təkcə "suvarmaq" feilini türk dillərindən tatar, uyğur, qumuq, qırğız, tuva, özbək, noqay, karaim, qaraqalpaq, türk, çuvaş dillərindəki ekvivalenti ilə müqayisə edir. Bu zaman qədim yazılı mənbələrə, Mahmud Kaşğarinin "Divani-lüğət it türk" əsərinə istinad edən müəllif, həmçinin, cırnamaq, çığnamaq, gəvələmək, yumşalmaq, gərmək, əsirgəmək, süzələmək, çapalamaq digər bu kimi yüzlərlə feilin etimoloji izahını verir. Bu feillər içərisində "anşırmaq" feili haqqında H.Mirzəyevin fikirləri son dərəcə maraqlıdır; "E.V.Sevortyan anşırmaq (an şırmaq) feilini Azərbaycan dilinin sözləri sırasında yox, türkmən dilinin sözləri sırasında verir. Halbuki bu söz Azərbaycan dilində, onun şivələrində işlənir. Hətta hal-hazırda ədəbi dilimizdə anmaq feili işlənməkdədir. Məs.: "Mən səni tez-tez anırdım, lakin tapa bilmirdim".

Əsərdə diqqətçəkən bir məqam da "axtarmaq" feili ilə bağlıdır. Bununla bağlı Həsən müəllim yazır: "Bəzi dilçilik ədəbiyyatında müasir ədəbi dilimizdə işlənən axtarmaq feilinin də - qar şəkilçisi ilə əmələ gəldiyi iddia olunur. Lakin dilçiliyimizdə necə təşəkkül tapması mübahisəli olan və yenidən tədqiq olunmağa ehtiyac duyulan axtarmaq feilinin müasir dil nöqteyi-nəzərindən düzəltmə feil hesab etmək olmaz. Çünki axtarmaq sözündə kök ilə şəkilçi, demək olar ki, qaynayıb-qarışmışdır"

Əsərin II hissəsi "Təsriflənməyən feillərlə" bağlıdır. Bu hissənin "Türkologiyada feili sifət problemonun əmələ gətirən şəkilçilərin xüsusiyyətləri" ilə bağlı olan bölməsində H.Mirzəyev qeyd edir: "Feili sifətin ayrıca nitq hissəsi olması fikri türk dilləri tədqiqə başlandığı ilk günlərdən etibarən irəli sürülmüşbu fikir türkoloji ədəbiyyatda son dövrə qədər davam etmişdir. Məsələn türkoloqlardan L.Budaqov-Azərbaycan, A.Troyanski-tatar, A.Borovkov-uyğur dilinə aid yazdıqları qrammatika kitablarında feili sifəti ayrıca nitq hissəsi hesab edirlər. Hələ qədim yunan qrammatika kitablarında feili sifət ayrıca nitq hissəsi hesab edilmişdir. Rustunqus dillərinin feili sifətləri haqqında da belə bir fikir vardır. Bütün bunlara baxmayaraq, feili sifətə dair bir sıra məsələlər hələ də mübahisəli şəkildə qalmaqdadır. Feili sifətin morfoloji xüsusiyyəti haqqında olan fikir müxtəlifliyi, əsasən, onu əmələ gətirən şəkilçilərin məna çalarlığı, vəzifəsi və necə təşəkkül tapması ilə bağlıdır. Məsələn: türk dilində -dık, -duk, -dük və -acak, -ecek şəkilçilərini Jan Deni feili sifət və feili adın, A.N.Baskakov isə feili sifətin göstəricisi hesab edir. N.K.Dmitriyev də -dık şəkilçisini həm feili sifət, həm də feili adın formal əlaməti kimi qəbul edir. Belə bir fikir müxtəlifliyi Azərbaycan dilçiliyində də vardır".

Əsərin "Türkologiyada feili sifət problemonun əmələ gətirən şəkilçilərin xüsusiyyətləri", "Feili sifətin tədqiqi tarixi", "Feili sifət şəkilçilərinin bəzi xüsusiyyətləri", "Feili sifətin feil ilə müştərək və fərqli xüsusiyyətləri", "Feili sifətlərdə hərəkət anlayışı" "Feili sifətlərdə zaman", "Feili sifətlərdə növ", "Feili sifətlərdə şəxs", "Zərflərin feili sifətlərlə işlənməsi" və başqa bu kimi bölmələrdə feili sifətin türk dilləri ilə müqayisəli şəkildə tədqiqi monoqrafiyanın elmi dəyərini artırmaqla yanaşı, Azərbaycan dilçiliyində mövzu ilə əlaqədar mübahisələrə də son qoymuşdu. Təkcə bu fakt onu deməyə əsas verir ki, professor Həsən Mirzəyev Azərbaycan dilçilik tarixində feil nitq hissəsinin tədqiqi ilə əlaqədar ən kiçik detalı belə nəzərdən qaçırmayıb. Həmçinin, feillə bağlı ən incə mübahisəli məqamları türkoloji dilçilik müstəvəsində və müqayisəli şəkildə geniş izah edib.

Əminliklə deyə bilərik ki, bu gün istər Azərbaycanda, istərsə də türk dünyasında professor Həsən Mirzəyevin dilçilik araşdırmalarında xüsusi yeri olan "Azərbaycan dilində feil" əsəri bu sahədə tədqiqat aparanlar üçün stolüstü kitabdır. Bu gün Azərbaycanda tələbələr, müəllimlər, doktorant və alimlər professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elminə həsr etdiyi onlarla elmi əsərlərdən istifadə edir, oxuyur, öyrənir və öyrədirlər.

 

Elçin İBRAHİMOV

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri

Elchinibrahimov85@mail.ru

525-ci qəzet.- 2022.- 10 dekabr.- S.17.