"Bu gün Azərbaycanda tədqiqatçılara
açıq olmayan arxiv yoxdur"
"AMMA
ARXİVLƏRDƏ HƏR KƏSƏ VERİLMƏYƏN,
HƏR KƏSİN TANIŞ OLMAQ İMKANI OLMAYAN
SƏNƏDLƏR DƏ VAR"
Müsahibimiz Azərbaycan Respublikasının Milli Arxiv
İdarəsinin rəisi Əsgər Rəsulovdur.
- Əsgər müəllim, söhbətimizə elə
yolun başından - Milli Arxiv İdarəsinin
yaradılmasından başlayaq.
- Milli Arxiv İdarəsinin yaradılmasının tarixi,
əslində, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti
dövründən başlayır. O zaman ilk addımlar atıldı, təşkilat
olaraq isə qurulmadı. Daha sonra Azərbaycan İnqilab Komitəsi
Rəyasət Heyətinin 6 dekabr 1920-ci il tarixli
iclasında müzakirə edilib, Komitənin sədri Nəriman
Nərimanovun imzaladığı Dekretlə Mərkəzi
Dövlət Arxivi quruldu. Müstəqilliyimizin
bərpası illərinə qədər müxtəlif sahələr
üzrə ixtisaslaşmış dövlət arxivləri fəaliyyətə
başladı. Müasir arxiv təşkilatlarının
və Milli Arxiv İdarəsinin quruluşu isə Ümummilli
liderin adı ilə bağlıdır. 1999-cu
ildə "Milli arxiv fondu haqqında" Qanun qəbul edildi.
Nazirlər Kabineti bu Qanundan irəli gələn mühüm qərarlar
verdi. 2002-ci ildə mərkəzi
icra hakimiyyəti statusunda Milli Arxiv İdarəsi
yaradıldı. 2003-cü ildə İdarənin
Əsasnaməsi təsdiq edildi. Son iyirmi
ildə isə dövlət arxiv xidməti təşkilatlarına
qayğı daha da artırılmışdır. 2020-ci ildə yüzilliyimiz ərəfəsində
arxiv işinin inkişafına dair Dövlət proqramı qəbul
edildi. Dövlət proqramı çərçivəsində
qəbul edilməsi lazım gələn qanunvericilik
aktları, sənədləri Milli Məclisdə yüksək
səviyyədə müzakirədən keçirildi.
Cari ilin avqust ayında möhtərəm Prezident sərəncam
verdi və Nazirlər Kabinetinə və
bizə ilin sonunadək Dövlət proqramından irəli gələn
qanunvericilik sənədlərinin hazırlanması
tapşırıldı.
- Azərbaycanda
arxiv quruculuğundan danışıb Nəriman Nərimanov
haqqında danışmamaq günah olardı. Onun
arxiv sahəsində gördüyü işləri necə
xarakterizə edərdiniz?
- Qeyd etdiyimiz
kimi, Mərkəzi Dövlət Arxivinin yaradılması
haqqında sənəd Nəriman Nərimanovun imzası ilə
qüvvəyə minmişdi. Ondan sonra 1925-ci ilədək,
yəni sağ olduğu müddətdə davamlı olaraq
arxiv işlərinə öz köməyini əsirgəməmişdi.
Yerli arxiv idarələrinin yaradılması, Mərkəzi
Dövlət Arxivinə bağlanması, daha əvvəldən
qalan sənədlərin mərkəzləşdirilmiş
qaydada toplanması, mühafizəsinin təşkili işində
də onun rolu olub.
- Amma niyəsə
Nərimanov haqqında danışarkən çoxları onun
bu kimi xidmətlərini unudur, ən yaxşı halda isə
ziddiyyətli şəxsiyyət kimi qələmə verirlər.
- Nəriman Nərimanov nəhəng şəxsiyyətdir
ictimai-siyasi xadimdir. Yazıçı, dramaturq, peşəkar
həkim kimi də tanımış şəxsiyyətdir.
O, özünün qəbul etmədiyi, məfkurəsinə
zidd olan ideyaların heç bir zaman arxasına
sığınmadı, iqtidarda kimin olmasından asılı
olmayaraq. Çox təəssüf ki, qısa
bir müddət yaşadı.
- Bəlkə
də qısa müddət yaşamasını istədilər.
- Mən
hər hansı qəsdin olmasını arxiv sənədlərinə
görə deyə bilmirəm. Amma bir şeyi
deyə bilərəm ki, Nərimanov heç bir zaman dövlətinə,
xalqına, dövlətçiliyinə zərər vura biləcək
bir hərəkət içərisində olmadı. Ən azından mənə məlum arxiv sənədlərində
buna dair belə bir şey görməmişəm.
- Əsgər müəllim, bu gün Azərbaycanda tədqiqatçılara
açıq olmayan arxiv varmı?
- Yox, tədqiqatçılara
açıq olmayan arxiv yoxdur. Arxivlərimizdəki sənədlər
tədqiqatçılara açıqdır, arxivlərimizin
oxu zalları var, vətəndaşlar istədiyi sənədlərlə
əlaqədar ərizə ilə müraciət edərək
tanış ola bilərlər. Sadəcə,
arxivlərdə hər kəsə verilməyən, hər kəsin
tanış olmaq imkanı olmayan sənədlər
də var.
- Məsələn...
- Mən
digər arxivlər haqqında bir fikir söyləmək istəmirəm.
Güc nazirliklərinin arxivlərinə hər
kəsin müraciəti, girməsi mümkün deyil. Dövlətçilik nöqteyi-nəzərindən
bu, tamamilə təbiidir. Bizim burada məxfi
sənədlər dediyimiz dövlətimiz və dövlətçiliyimizlə
əlaqədər olan, üzərindən məxfilik qrifi
götürülmədiyi üçün istifadəsinə
imkan vermədiyimiz sənədlərdir.
- Tez-tez
arxivlər açılmalıdır iddiasını
eşidirik. Bu iddia nə qədər haqlıdır?
Sizcə də, arxivlər açılsa, xaos
olmazmı?
- Mən
belə hesab edirəm ki, üzərində məxfi qrifi
götürülməmiş sənədlərin
açılmasına ehtiyac yoxdur. Çünki
bu qrifi qoyan qurumlar bunun nə olduğunu bilir. Yəni bu gün geniş istifadəsi
üçün sözügedən sənədlər
uyğun deyil. Bu məsələdə
dedi-qodulardan uzaq qalmaq lazımdır. Ola bilər, sənədlərdə
kiminsə haqqında elə bir məlumat var ki, onun varisləri
doğrudan da rəncidə ola biləcək
məsələlərlə qarşılaşar. Burda onların günahı yoxdur. Ona görə də bu gün o sənədləri
açıb onları rəncidə etməyə ehtiyac yoxdur.
Heç kəs öz valideynləri
üçün cavabdehlik daşıya bilmir. Vaxtilə babası, atası, əmisi nə iləsə
əlaqədar günahlandırılırsa, bugünkü
yaşayan nəslin burada heç bir qəbahəti yoxdur.
- Hələ
mövzu repressiya dövrü olarsa...
-
Repressiya ilə əlaqədar olan sənədlər Milli Arxiv
İdarəsi tabeliyindəki dövlət arxivlərində
deyil. Repressiya dövrü sənədlərinin
nə zaman açılmasına dair ən düzgün qərarı
həmin sənədlərin mühafizə edildiyi qurum verir.
-
Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə
hansısa sənədlər tapıldımı?
-
Çox təəssüf ki, yox. Deməli, biz
işğal başlamadan əvvəl hadisələrin ilk illərində
qismən o zaman fəaliyyət göstərən dövlət
arxivinin iki filialının - Füzuli və Ağdam
filialının sənədlərini çıxara
bilmişdik. Rayon dövlət arxivləri
bizim əsasnaməyə görə, özlərində
saxladığı sənədləri müəyyən fasilələrlə
filiallara təhvil verirlər, lakin hadisələrin
gedişatı o qədər sürətli oldu ki, sənədlərin
bir qisminin çıxarılması mümkün olmadı, mənfur
ermənilər tərəfindən məhv edildi.
- Ən çox hansı sənədləri axtaranlar
oldu?
- Dövlət
arxiv xidməti təşkilatlarımızda Qarabağ
rayonları, ərazi və sərhədlər, qaçqın
və köçkünlərlə əlaqədar sənədlər,
siyahılar, həmin bölgələrin şəhərsalma
baş planları və s. var idi. Əvvəl
mövcud olan və tamamilə dağıdılan memarlıq
abidələri ilə əlaqədar rəsmlər,
çertyojların da bir qismi arxivlərimizdə
saxlanılırdı. Onların surətləri
tələblər əsasında müvafiq qurumlara təqdim
olunur. O sənədlər əsasında bir çox
obyektin, memarlıq abidəsinin əvvəlki görkəmində
bərpaya başlanılır. Beləliklə,
arxivlərdə qorunan sənədlər xeyli dərəcədə
quruculuq işlərinə köməkçi olur.
- Əsgər müəllim, Qarabağda
çalışan fotoqraf dostlarımız deyir ki, bizdə
olan şəkilləri arxivlərdə olmalıdır. Bu istiqamətdə
hansısa işlər görülürmü?
- "Milli arxiv fondu haqqında" qanuna görə, Azərbaycanda
fəaliyyət göstərən dövlət təşkilatları,
bələdiyyə və ya özəl qurumlar milli arxiv
fondunun komplektləşdirmə mənbələridir. Son dövrlərə
qədər təhvilverilmə icbari deyildi, lakin hazırda qəbul
edilmiş Dövlət proqramı və imzalamış sərəncam
əsasında hazırlanmaqda olan qanunvericilik akt və qərarları
çərçivəsində sənədlərin təhvilverilməsi
icbari olacaq. Yəni sualınıza konkret
cavab verməli olsam, hazırda müxtəlif təşkilatlar,
elə Qarabağda fəaliyyət göstərən təşkilatlar
da öz fəaliyyəti ilə əlaqədar çəkmiş
olduğu fotoları, sənədləri bizə təqdim etmək
istəsələr, biz qəbul edirik. Normalda hər bir təşkilat
"Milli arxiv fondu haqqında" qanuna görə, sənədləri
üç il, beş il, on beş il, elə
sənədlər də var ki, 75 il özlərində
saxlayır, daha sonra daimi mühafizə məqsədilə bizə
təhvil verirlər. Bir müddət özlərində
saxlamalarının səbəbi həmin sənədlərə
günlük və ya illik duyulan ehtiyacdır ki, təhvil
verdikdən sonra təkrar müraciət etməsinlər.
Çünki arxiv təhvil alarkən surət
almır, daimi mühafizə üçün sənədin
orijinalını qəbul edir. Arxivin
özü heç bir zaman gedib hardasa sənəd
hazırlasın, şəkil çəksin, səs
yazısı götürsün - arxivin işi bu deyil. Arxiv dedikdə bu və ya digər təşkilatın,
qurumun hazırladığı, ona məxsus olan və təhvil
verməsi məcburi olan sənədlərdən söhbət
gedir. Bütün sənədlər də
qəbul edilmir. İdarələr, qurum və
quruluşlar sənədləri təhvil verməmişdən
əvvəl ekspertizadan keçirir. Sənədlərin
qaydaya salınması, məhvə ayrılması və daimi
dövlət mühafizəsinə təhvil verilməsi
üçün ekspertizadan keçirilməsi işində
onlara Milli Arxiv İdarəsinin aidiyyəti dövlət arxivlərinin
və İdarə sənədlərini qaydaya salan Mərkəzinin
təcrübəli əməkdaşları yaxından köməklik
göstərirlər.
-
Hazırda məni arxivlə bağlı maraqlandıran əsas
istiqamətlərdən biri də kameral siyahılardır. Bu siyahıların tərtibatı, tarixi haqqında
nə deyə bilərsiniz?
- Bizim Dövlət Tarix Arxivində on doqquzuncu əsrin əvvəllərindən
etibarən kameral siyahılar adı verdiyimiz siyahılar
saxlanılır. 1805-ci ildən sonra ruslar Zaqafqaziyaya girərkən
o zaman kənd-kənd gəzərək insanları siyahıya
alıblar. Həmin siyahıda müvafiq
vilayət, qəza, qəzanın tərkibindəki kəndlər
qeydiyyata alınıb. Kənddə nə
qədər əhali yaşayır, hansı millətin
nümayəndələridir və hər xanədə, yəni
evdə neçə nəfər var. Çox təəssüf
ki, qadınların adı o siyahılara yazılmırdı.
- Nəyə
görə?
- Müsəlman
olduğumuza görə, o zamanlar qadınların adını
yazmağa ehtiyac duymayıblar. On doqquzuncu əsrin
ikinci onilliyindən əsrin 80-ci illərinin sonuna qədər
şəcərə araşdırması aparanda, çox təəssüf
ki, ancaq kişiləri araşdıra bilirik.
- Dəftərə
bir ad yazmaqla nə olacaqdı ki?
- Axı
o zaman azərbaycanlılarda soyad da olmayıb. Sadəcə
Kərbəlayi filankəs, Məşədi filankəs deyə
kişilərin adı yazılıb. Ruslar
vergini adambaşına alırdılar, mütləq
hamını qeydiyyata almaq lazım idi. Müəyyən
fasilələrlə həmin o kameral siyahılar yenilənib.
O siyahılar kiçik bir dəftər deyil, səkkiz-on iki
kilo ağırlığında, son dərəcə
qalın, rusca və əski əlifba ilə azərbaycanca
yazılan siyahılardır. Təxminən bu
gün bizə gəlib çatan üç yüzdən
artıq kameral siyahı var. Müəyyən fasilələrlə
yeniləndiyinə görə, səksəninci illərin
sonundakı kameral siyahıda adlarını
gördüyümüz insanların geriyə doğru şəcərəsini
tapmaq mümkün olur. Tutaq ki, bu kameral siyahıda 40
yaşı olan adamın o biri siyahıda yaşı 30-dur. Bir adam
bir kameral siyahıda olub, o birində yoxdursa, deməli, həmin
aralıqda vəfat edib. Sözügedən siyahılar hazırda rəqəmsallaşıdırılır,
tədqiqatçılar tərəfindən işlənilir.
Xeyli sayda siyahı artıq kitab şəklində
buraxılıb.
- Əsgər müəllim, öz şəcərəsini,
nəsil-kökünü öyrənmək istəyən vətəndaş
hara müraciət etməlidir?
- 1917-ci
ilə qədərki dövr üçün Milli Arxiv
İdarəsinin Dövlət Tarix Arxivinə, sonrakı
dövrlər üçün İdarənin tabeliyindəki
Dövlət Arxivinə.
-
Müraciət demişkən, son dövrlərdə arxivlərin
elektronlaşdırılması müraciət axtarış
sisteminə də müsbət mənada təsir göstərib.
Hazırda elektronlaşma prosesi necə gedir?
- Arxiv sənədlərinin
elektron daşıyıcılara köçürülməsi
və rəqəmsallaşdırılması son bir neçə
ildr ki, sürətli şəkildə davam edir. Hazırda elektron sənədlərlə əlaqədar
xüsusi qaydalar hazırlanır. Bizim əsas
istəyimiz vətəndaşların işini daha da
asanlaşdırmaqdır. Hazırda Asan
Xidmətlə əməkdaşlıq edirik. Respublikamızda olan bütün ASAN Xidmətlərdə
arxiv xidməti pəncərəsi var. Həmin pəncərəyə
müraciət edən şəxslər arxivlə əlaqədar
sorğunun cavabını alır. Vətəndaş
ora müraciət edir və bu müraciət onlayn şəkildə
aidiyyəti arxivə yönləndirilir. Bəzən
vətəndaşların bu istiqamətdə
narazılığı olur. Biz on beş
günə cavabın hazır olacağını deyəndə
fikirləşirlər ki, bir cavab üçün bu müddət
çoxdur. Halbuki ilini göstərmədiyin bir
sənədin tapılması üçün bir ay belə
kifayət eləmir. Amma konkret olaraq ili,
tarixi, yeri göstərilən sənəd bir-iki gün
içərisində tapılır və vətəndaşa
cavab verilir. Əgər sorğudan üç gün
keçibsə,deməli, növbəlilik
var.
-
Sorğularla bağlı statistik bir rəqəm varmı?
- Bu il əlli minə
yaxın sorğu cavablandırılıb. Bu
sorğuların cavablandırılması üçün bəlkə
də milyon vərəqlərlə sənədə
baxılıb.
-
Müraciətlər əsasən hansı istiqamətdə
olur?
- İlk sırada, şübhəsiz ki, sosial-hüquq
xarakterli sorğular, vətəndaşlıq aktlarıdır. Həmçinin, torpaq məsələləri,
əmlak məsələləri ilə əlaqədar
sorğular, vətəndaşların əməkhaqqı cədvəlləri
və ya iş stajları ilə əlaqədar olan sənədlərdir.
Çünki siz bilirsiniz ki, digər məsələləri
həll etmək üçün şəxsiyyət vəsiqəsilə
əlaqədar ailəvi münasibətləri tənzimləyən
sənədlərə ehtiyac olur. İkinci sırada həmin
o əmlak məsələlərinə dair vətəndaşın
adına olan torpaqla əlaqədar sənədlər
son dərəcə önəmlidir ki, həmin torpaq və əmlaklarla
əlaqədar verilmiş müvafiq sərəncamlar istənilir.
Üçüncüsü isə müstəqilliyin ilk illərində
otuz-otuz beş yaşında olan nəsil
indi artıq pensiya yaşına gəlmiş nəsildir. Onlar
özlərinin iş stajlarını müəyyənləşdirmək
üçün bizə müraciət edir. Bilirsiniz
ki, 2006-ci ildən bu tərəfə sözügedən məsələləri
həll etmək son dərəcə rahatdır. Vətəndaşlar
sosial sığorta xətti ilə özlərinin şəxsi
kabinetlərinə daxil olduqda ödədikləri sosial
sığorta yığımı, iş
stajları görünür. 2006-ci ilədək
olan stajları isə ancaq əmək kitabçaları, yaxud
da vətəndaşın işlədiyi yerdən arxivə
mühafizə üçün təhvil verilmiş olan əməkhaqqı
cədvəlləri ilə mümkündür ki, vətəndaşa
arxiv əməkdaşları məmnuniyyətlə o sənədi
təqdim edir.
- Əsgər müəllim, beynəlxalq əməkdaşlıq
çərçivəsində hansı işlər
görülür?
- Müstəqillik
dövründə Milli Arxiv İdarəsinin beynəlxalq əməkdaşlıq
çərçivəsində əlaqələri xeyli dərəcədə
genişlənib. Təxminən, ondan artıq
ölkə ilə arxiv işi sahəsində əməkdaşlığa
dair saziş və memorandum imzalamışıq. Rusiya,
Türkiyə, Polşa, Gürcüstan, Qazaxıstan, Özbəkistan,
Finlandiya və s. Bir neçəsi ilə də
danışıqlar gedir. Bolqarıstanla ilkin
qaydada sənədlər razılaşdırılıb.
Ən sonuncu bu il üçün
bağlamış olduğumuz müqavilə Özbəkistan
Milli arxiv idarəsi ilədir. Azərbaycanla əlaqədar
xarici ölkə arxivlərində saxlanılan sənədlərin
fotosurətlərini, yaxud elektron daşıyıcılarda əldə
edib arxivlərimizi zənginləşdiririk. İndiyə qədər arxivlərimizə xeyli
sayda kağız əsaslı, foto, kino və video sənədlər
gətirmişik.
- Son
vaxtlar sənədləri muzey ekspozisiyasında tez-tez görürük.
Siz bu məsələdə nə
düşünürsünüz?
- Bəzən
dəyərli sənədlərin bir qismi, çox təəssüflə
deyim ki, aparıb muzeyə təhvil verilir, yaxud da muzeylə əməkdaşlıq
edilir. Mən muzeylərin əleyhinə deyiləm,
amma muzeylər sadəcə o sənədə baxmaq
üçündür, istifadə üçün deyil.
Arxivdə isə həm baxmaq, həm də
xüsusi şəraitdə daimi mühafizə və istifadə
üçündür.
-
Hazırda arxivlərimizdə nə qədər sənəd
saxlanılır?
-
Bütün dövlət arxivlərində dörd milyona
yaxın saxlama vahidi var. Bir saxlama vahidi, təxminən, 150-200
səhifə deməkdir. Bu o deməkdir ki, 700
milyon vərəq kağız əsaslı arxiv sənədi,
yüz minlərlə kino-foto-fono sənəd var. Bu sənədlərin
böyük bir hissəsi iyirminci ildən bu tərəfə
olan sənədlərdir.
- Arxivdə
qorunan ən qədim sənədin neçə yaşı
var?
-
Arxivimizdə on səkkizinci əsrin əvvəlinə aid sənədlər
var. Bir neçə yüzillik kağız əsaslı sənədləri
mühafizə etmək məsələsi var. Bilirik ki, bir
müddətdən sonra kağız təbii ömrünü
tamamlayır. Bizim kağızların bərpasını,
cildlənməsi və konservasiyasını həyata
keçirən mərkəzi laboratoriyamız var. Kino, foto sənədləri
də xüsusi məhlullarla təmizlənir. Hazırda kağız sənədlərin
yavaş-yavaş rəqəmsallasdırılması ilə onların
istifadəyə verilməsini azaldacağıq. Ancaq bütün hallarda kağız əsaslı sənədlər
göz bəbəyi kimi qorunacaq. Hətta
elektron daşıyıcılarda bizə verilən sənədlərin
də kağız əsaslı orjinalları təhvil
alınacaq. Əgər kağıza 200 il
ömür biçə biliriksə, hələlik elektron
daşıyıcıların ömrü nə qədərdir
bilmirik.
- Bilirəm,
belə sənədlər çoxdur, fəqət ən
çox hansı sənədin arxivimizdə olmasından
qürur duyursunuz?
- Qeyd
etdiyiniz kimi belə sənədlər çoxdur. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin
İstiqlal bəyannaməsinin orijinalı Dövlət arxivində
mühafizə edilir.
- Əsgər müəllim, siz Milli Arxiv İdarəsinin
rəisi olmaqla bərabər, filologiya üzrə elmlər
doktoru, professorsunuz. Bu vəzifə sizin elmi fəaliyyətinizə
mane olmur?
- Olmur. Hazırda Bakı Dövlət Universitetində dərs
deyirəm.Yəni elm, təhsillə yollarımı
ayırmamışam. Vaxtaşırı
elmi məqalələrim, kitablarım işıq üzü
görür. Həmçinin, arxivin mənə
bir doğmalığı var. Belə bir vəzifəyə təyin
olunanda da harda işləyəcəyimi bilirdim. Müharibədən sonrakı dövr bir daha
göstərdi ki, arxiv təşkilatı işçilərinin
əməyi müqəddəs işdir və biz
gördüyümüz bu işlə dövlətimizə,
dövlətçiliyimizə və xalqımıza xidmət
edirik.
Sizə və mənə doğma olan qəzetinizin
kollektivinə təşəkkürümü bildirirəm. Bu vəsilə
ilə 30 illik yubiley yaşınızı bir daha təbrik
edirəm.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 10 dekabr.- S.14;15