Xaricdə təhsil, Azərbaycanda iş
İLQAR
ORUCOV: "XARİCDƏ TƏHSİL ALAN
TƏLƏBƏLƏRİN ÖLKƏMİZDƏ
İŞLƏ TƏMİN OLUNMASINDA CİDDİ PROBLEM
YAŞANMIR"
Azərbaycanda xaricdə təhsil həm dövlət xətti, həm müxtəlif fondların, beynəlxalq təşkilatların dəstəyi, həm də valideynlərin şəxsi vəsaitləri hesabına həyata keçirilir. Bu gün dövlət xətti ilə ən çox tələbə Türkiyədə və Rusiya təhsil alır. Araşdırmalar göstərir ki, bu gənclər təhsil aldıqdan sonra respublikamıza qayıdarkən iş problemi ilə üzləşirlər.
Xarici ali təhsil məktəblərin diplomları ilə ölkədə işləmək istəyən gənclərlə bağlı məlumatlar dövlət qurumları və özəl sektorların müraciətlərinə əsasən, vakansiyalara uyğun olaraq, qarşı tərəfə təqdim olunur. Həmçinin, məzunların müraciətlərinə əsasən, işləmək arzusunda olduqları qurumlara nazirlik tərəfindən dəstək məktubları verilir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov "525"ə açıqlamasında xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması prosesinin Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirildiyini bildirib: "Hesab edirəm ki, bu proses kifayət qədər şəffaf yerinə yetirilir. Əlbəttə ki, prosesin təkmilləşdirməsinə gələcəkdə daha yaxşı şərait yaradılacaq. Bir məqama toxunmaq istəyirəm ki, prosesi həyata keçirən Agentlikdə əməkdaşların demək olar ki, hamısı xaricdə təhsil almış, bu yolu keçmiş insanlardır. O baxımdan da, onlar xaricdə təhsil almaqla bağlı kifayət qədər təcrübəyə malikdirlər. Qaydalarda tələb olunan ən vacib məqamlardan biri iddiaçının müvafiq qaydada sistem vasitəsilə qeydiyyatdan keçməsidir. Orada müvafiq xanalarda sənədlər tələb olunur və həmin sənədlər elektron qaydada sistemə yüklənməlidir. Növbəti mərhələdə texniki ekspertiza prosesi başlayır. Bu vaxtı sənədlərin çatışmazlığı və digər problemlər yaranarsa, iddiaçıya bildirilir. Ondan sonra müsahibə mərhələsi baş tutur. Müsahibə mərhələsi bəzi vaxtlarda onlayn qaydada həyata keçirilir, qalan vaxtlarda isə üzbəüz müsahibələr aparılır. Müsahibə mərhələsində iddiaçının oxuduğu ölkədə hansı dildə təhsil alacaqsa, həmin dillə bağlı təcrübəsi yoxlanılır və bundan sonra ona ixtisasla bağlı suallar verilir. Nəhayət, sonda iddiaçıya müsbət və ya mənfi cavab verilir. Müsbət cavab əsasən Türkiyənin, Avropanın və digər ölkələrin tanınmış universitetlərini bitirənlərə verilir. Texniki ekspertizadan sonra həmçinin, müraciət edənin tələbə olduğu dövrdə ölkə sərhədlərini keçməsi ilə bağlı yoxlama aparılır. Burada Nazirlər Kabinetinin təsdiq etdiyi müəyyən qaydalar mövcuddur. Bu zaman tələbənin sessiya boyunca neçə gün ərzində ölkə xaricində - universitetdə olması, dərslərdən yayınıb-yayınmaması kimi məsələlərə aydınlıq gətirilir. Daha çox qara siyahıda olan universitetlərdə təhsil alan tələblərə imtina cavabı verilir. Məsələn, Ukraynanın müəyyən universitetləri qara siyahıdadır. Onların adları var, lakin təhsil düzgün aparılmır, biznes maraqları baxımından onlar sadəcə diplom verirlər. Hesab edirəm ki, bu yanaşma çox doğrudur. Biz sabah kiminsə diplomunu təsdiq ediriksə, onu cəmiyyətə və əmək bazarına buraxırıq. Bu baxımdan onların diplomların tanınmaması ədalətli qərardır. Əgər məzun elementar dil biliklərinə malik deyilsə, bu zaman da onun diplomu tanınmır. Tutaq ki, Gürcüstanda gürcü dilində təhsil almış bir tələbənin həmin dillə bağlı bilgiləri diplomunda əks olunub, amma o, həmin dillərdə ümumiyyətlə, danışa bilmir. Belə hallarda onun diplomu saxta sayılır. Yaxud oxuduğu müddət ərzində hər il normaları gözləməklə imtahanlarda iştirak etməyibsə, bu da imtinaya səbəb olur. Xaricdə təhsil almış tələbələrin ölkəmizdə işlə təminatı ilə bağlı, düşünürəm ki, elə bir problem yoxdur. Nüfuzlu universtetləri bitirmiş tələbələrin iş tapması ilə bağlı heç bir problem ola bilməz".
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2022.- 13 dekabr.- S.16.