Yaratmaq, yaşatmaq, xeyirxahlıq  

 

Onun bütün varlığı yaratmaq, yaşatmaq və xeyirxahlıq simləri ilə tarıma çəkilmiş qədim və müasir qopuz kimidir. Qanında iki nəhəng elmi istiqamətin birləşməsi var. Bu iki istiqamətdən biri atası, görkəmli alim və elm təşkilatçısı Arif Paşayevdən gəlir. Bu, fizikanın səbr və təmkin tələb edən ciddi energiyasıdır. Digər istiqamət anası Aida xanım İmanquliyevadan gəlir. Bu istiqamət filologiyanın qarşısıalınmaz coşqunluğu və nəhayətsiz genişliyidir. Hər iki istiqamət kifayət qədər təlatümlü və həyəcanlı dağ selinin yoluna dönmüş istiqamətlərdir. Müasir Azərbaycan elminin və elmi təşkilatçılığının parlaq simalarından biri olan akademik Nərgiz Paşayevanın bəxtinə belə təlatümlü və qaynar istiqamətləri birləşdirən bir ömür yaşamaq düşdü. Valideynlərinin tale yükünün bir ağırlığını da o çəkməli oldu. Heç kimə bənzəməyən valideynlərinin yolunu məsuliyyət və şərəflə davam etdirmək - bu, onun missiyasına çevrildi.

İstər Azərbaycan ədəbiyyatı ilə məşğul olarkən - Azərbaycan ədəbiyyatının korifeylərindən birinin - babası Mir Calalın yolunu davam etdirə-etdirə, istərsə elm təşkilatçılığı ilə - valideyinlərinin yolu ilə gedərkən akademik Nərgiz Paşayeva həm özünün möhtəşəm valideynlərinə, böyüklərinə oxşadı, həm də heç kəsə oxşamadı, sadəcə, özü oldu.

Ədəbiyyata coşqun həvəsi əvvəlcə onu ədəbiyyat mütəxəssisi kimi formalaşdırdı. Mir Calal məktəbi universitetdə olan kimi evdə də davam edirdi. Sərrast ədəbiyyatçı baxışı, obyektin qiymətləndirilməsində genişlik və dərinlik, Azərbaycan ədəbiyyatının keçmişinə rahat səyahətlər onun, elə bil ki, anadangəlmə doğma və məhrəm xüsusiyyətləri idi. Mir Calalın "Füzuli sənətkarlığı" əsəri Nərgiz Paşayevada uzaq dövrlərin ədəbi yadigarlarına, ilk növbədə, klassiklərimizə, özəlliklə, Nizamiyə münasibəti formalaşdırdı. O, ədəbiyyatda ölkəni, xalqı görməyə, duymağa başladı. Tarixdə bu günü, müasirliyi axtarmağın doğru addım olması çox illər sonra onun tərəfindən Londonda Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinə məhz Nizami adının verilməsi təklifi ilə bir daha təsdiqləndi. Belə bir mərkəzin məhz Nizami adını daşıması Nərgiz Paşayevanın təşəbbüskarlığı və elmi inadı ilə reallaşdı.

Böyük şairimiz Sabirin novatorluğuna həsr etdiyi namizədlik dissertasiyasının özünün novatorluğu mütəxəssislərin diqqətindən kənarda qalmadı. Problemin kökünə varmaq, onu geniş kontekstdə götürmək, fəlsəfi müdrikliklə günümüzlə əlaqələndirmək, dünəndə bu günü və bu gündə dünəni görə bilmək Nərgiz Paşayevanın tədqiq etdiyi problem və şəxsiyyətdən asılı olmayaraq elmi kriteriyalarına çevrildi. Bütün bunların bir yerdə cəmləşməsi, təbii ki, hər hansı tədqiqatın obyektivliyini və yüksək elmi dəyərini şərtləndirdi.

Daha sonra Nərgiz Paşayevanın elmi üfüqlərində yeni-yeni perspektivlər görünməyə başladı.

Şərq və Qərbi birləşdirən ümumbəşəri idealların fəlsəfi interpretasiyası, antik ədəbiyyat, şərq-qərb kontekstində romantik poeziya, orta əsrlər Azərbaycan incəsənəti kimi istiqamətlər onun bir ədəbiyyatçı kimi maraq dairəsinin genişliyindən xəbər verir.

Elmə sevgisi, ədəbiyyata vurğunluğu Nərgiz Paşayevanı Azərbaycan ədəbiyyatının gözəl bir dövrünə, - müasir dövrünə gətirir. Ədəbiyyatda insan konseptinə marağı onu müasir dövrün gözəl yazarı Elçinin yaradıcılıq məkanı ilə üzləşdirir.

Keçən əsrin 60-cılar pleyadasının idealları Elçin nəsrindən öz energetik vüsəti ilə keçir. Elçin 60-cı illərdə yenicə təmiz ədəbi nəfəs almağa çalışan gənc nasirlər içində xüsusilə seçilirdi. Nərgiz Paşayeva həm onun, həm də onun məxsus olduğu ədəbi dövrün mənzərəsini böyük estetik - intellektual bacarıq ilə dərin fəlsəfi şərh ilə sanki bir rəssam kimi fırça ilə çəkdi. Nərgiz Paşayeva ədəbiyyat tariximizin bu dövrünün zəngin potensialını, təkraredilməz koloritini, xalq düşüncə tərzinin ədəbi-bədii palitraya hopmuş zənginliyini böyük səriştə və ən vacibi böyük məhəbbətlə qələmə aldı. Bir doktorluq işində təkcə Elçin yaradıcılığını yox, dövrün ədəbi ab-havasını təqdim edə bildi.

Akademik Nərgiz Paşayeva təkcə elmi yolla irəliləmədi. Onun nəhəng potensialı bu yorulmaz alimi elmi təşkilatçılıq yoluna gətirdi.

Bakı Dövlət Universiteti təkcə bitirdiyi tədris ocağı deyildi. Bura həm də onun elmi iqamətgahı oldu. Babası, Azərbaycan elminin və ədəbiyyatının ağsaqqalı Mir Calalın rəhbərlik etdiyi "Azərbaycan ədəbiyyatı" kafedrasında professional alimlərin iştirakı ilə Mir Calal elmi məktəbi yaranmışdı. Nərgiz Paşayeva bu elmi məktəbin üzvü, sonralar isə rəhbəri oldu. Bu gün Nərgiz Paşayeva vaxtilə babasının rəhbərlik etdiyi kafedranın müdiridir.

Onun coşqun fəaliyyəti üçün daha geniş elm və tədris məkanına ehtiyac vardı. Və o məkan təbii şəkildə Nərgiz Paşayevanı tapdı. O, bu gün bir alim və elm təşkilatçısı kimi öz dəst-xəttini tamamilə yeni əxlaqi - etik və elmi-intellektual bazaya malik bir universitetə - Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan filialına tətbiq edir. Onun rəhbərliyi altında Azərbaycan gəncliyinin yeni nəsli formalaşır. Bu gənclik vətən məhəbbətini, azərbaycanlı adını, bayraq anlayışını, Prezidentə sədaqəti canında, qanında saxlayan bir gənclikdir. Ölməz elmi ənənələri öz timsalında yaşadan bir gənclikdir. Böyük tarixi dövrün və ənənələrin yadigarı olan Moskva Dövlət Universitetinin bu günlə səsləşən elmi-metodik potensialına bacarıqla yiyələnən gənclikdir. Sovet imperiyası dövründə bu universitet əldə etdiyi elmi, mədəni, mənəvi-estetik ənənələrini və nailiyyətlərini bu gün Nərgiz Paşayeva kimi filial rəhbərinin timsalında qoruyub saxlayır, daha da artırır, zənginləşdirir.

Bu tədris ocağında işlər elə qurulmuşdur ki, onun auditoriyalarında mütəxəssis mübadiləsi uğurla həyata keçirilir. Lomonosov adına Moskva Dövlət Universitetində çalışan rusiyalı alim və pedaqoqlar həvəslə Bakıdakı filiallarına gəlir, biliklərini burdakılarla səxavətlə bölüşür, yeni ideyalarla silahlanıb geri dönürlər. Faktiki olaraq tələbə üçün Bakıda, yaxud Moskvada oxumağın fərqi ortadan götürülür.

Nərgiz Paşayevanın Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, humanitar məkan qarşısında çox böyük bir xidmətini xüsusi olaraq qeyd etmək lazımdır. Bu, onun İngiltərədəki bütün dünya universitetlərinin gözü olan Oksford Universitetində Nizami adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin yaratması və fəaliyyəti ilə bağlı gördüyü möhtəşəm işidir. Bu elmi mərkəz əslində, Azərbaycan elmi, mədəniyyəti və tarixi üçün böyük əhəmiyyətli bir xidmətin həyata keçirilməsini şərtləndirdi. Mədəni, intellektual irsin gələcək inkişaf istiqamətləri bu mərkəzin fəaliyyətində aşkar şəkildə görünür. Oksford universitetində, İngiltərənin, Rusiyanın, Türkiyənin, Fransanın, başqa ölkələrin müxtəlif mötəbər elmi qurumlarında çıxışları, elmi mühazirələri Nərgiz Paşayevanı Azərbaycan humanitar elminin qabaqcıl nümayəndəsi kimi dünyaya tanıdır və hər şeydən əvvəl ölkəmizin imicinin qüvvətlənməsinə səbəb olur.

Nizami adına elmi mərkəzin qurulması və fəaliyyəti Azərbaycanın dünya miqyasında tarixi izinə bir ziyalının verə biləcəyi ən böyük dəstəkdir. Vətəndaşlıq borcu, milli ləyaqət hissi, sevgili millətin təmənnasız övladı olmaq niyyəti Nərgiz Paşayevanı bu gün onu tanıyanların qəlbində bir ləyaqətli həmkar kimi, bir dəyanətli vətən övladı kimi, zəngin intellektual milli dəyər kimi yer tutmasını şərtləndirir.

Nərgiz Paşayeva anası, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva barədə belə yazır: "Həyat üçün doğulanlar ölmürlər". İlk baxışda adi sözlərdir. Ancaq dərindən diqqət edilsə, görə bilərik ki, həqiqətən də, ölməzlik təkcə bizim münasibətimizlə özünü göstərmir. Ölməzlik qazanmaq üçün həyatı bütün varlığınla sevməlisən. Həyat üçün nəsə etməlisən. Həyatda nəsə bir iz, yadigar qoymalısan. Gərəkdir ki, gedəndə təkcə ailəni, şəhərini, ölkəni qoyub getməyəsən. Gərəkdir ki, gedəndə dünyanı qoyub gedəsən. Dünyanı tərk edib gedənlərdən biri də Aida xanım idi. Və ona olan sevgi təkcə övlad sevgisi deyildi. Həyat üçün doğulduğunu hər gün görən, hiss edən bir könül dostu, qəlb sirdaşı sevgisi idi. Mən inanıram ki, Nərgiz xanım anası üçün təkcə övlad deyildi, könül sirdaşı, sevimli rəfiqə idi. Onların qəlbi bir vururdu və bu günün özündə də bir vurur. Ailədən gələn məhəbbət kosmik bir məhəbbətə çevrilmişdi. İntəhasız, əvvəli və sonu olmayan kosmik bir məhəbbətə.

Nərgiz Paşayevanın Aida xanıma həsr etdiyi bu tədqiqatında yazdığı müdrik sözləri, əslində, Aida xanımın hər iki övladına şamil etmək mümkündür:

"Aida İmanquliyeva bir qadın, ana, alim və vətəndaş olaraq dəyişməyən əbədi dəyərlərin daşıyıcısı, yaşadığımız bugünkü cəmiyyətimiz üçün ideal ola biləcək bir insan olmuşdur".

Burada sadalanan keyfiyyətlər Aida xanıma və onun gözünün işığı olan övladlarının, əslində, üç könül-qəlb rəfiqəsinin səciyyələrinə tam şəkildə uyğun gəlir. Bu gün haqq dünyasında olan ananın və onun sevimli balalarının bir-birinə qısılaraq bir-birinə deyəsi nə qədər məhrəmanə sözlər ola bilərdi?! Övladlar belə bir ünsiyyət üçün nələr etməzdilər?! Onlar doğma insan üçün nə qədər... "darıxırlar" demək istəməzdim. Yox, "darıxmaq" bu məqamda o söz deyil. Xiffət! Əlbəttə ki, xiffət çəkirlər.

Bəli, xiffətli könüllərin naləsini, mən inanıram ki, haqq dünyasında eşidirlər.

Müdrik tədqiqatçı, minlərlə gəncin bir alim kimi, bir insan kimi köməyinə gələn xeyirxah insan, Azərbaycan elmi düşüncəsini dünyaya aparan elm xadimi, mədəniyyətşünas, ədəbiyyatçı, yazar Nərgiz Paşayeva Azərbaycan və onun hüdudlarından kənarda bu günə qədər Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti naminə nə edibsə, bu gündən sonra nə edəcəksə, ana qədər sevdiyi milləti, ata qədər əziz tutduğu ölkəsi üçün edib və edəcək. O, bunu böyük məhəbbətlə edir. Çünki onun bütün varlığı yazımızın əvvəlinə qayıtsaq, yaratmaq, yaşatmaq və xeyirxahlıq simləri üzərində tarıma çəkilmiş qədim və müasir qopuz kimidir. Dədə Qorqud qopuzu kimidir. Bu qopuzun dərinliyindən çıxan hər bir səsin canında Azərbaycan yanğısı, Azərbaycan sevgisi var.

 

Kamal ABDULLA

ADU-nun rektoru, Xalq yazıçısı

525-ci qəzet.- 2022.- 13 dekabr.- S.9.