Xurşidbanu Natəvanın 190 illiyinə dəyərli töhfə  

 

“Səs qərib olmur”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Ürəyimdən kimlər keçdi” kimi çoxsaylı kitabların müəllifi, nasir, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin “Neçün gəlməz” adlı albom-kitabı xan qızı Xurşidbanu Natəvanın 190 illik yubileyinə  dəyərli töhfədir. Mustafa müəllim arxiv və muzeylərdə səbir və dəqiqliklə axtarışlar aparmış, xan qızı haqqında bilgi verə biləcək hər sənədi vərəqləməyə, onunla bağlı xatirəsi olanlarla ünsiyyətə çalışmış, Xurşidbanunun işıqlı  portretini təqdim etməyə nail olmuşdur.

Müəllif albom-kitabda ətraflı giriş-təqdimatdan sonra şairənin ədəbiyyatşünaslığa məlum olan, əlimizə gəlib çatan bütün şeirlərini oxuculara təqdim edir. Qeyd edək ki, şairənin AMEA Əlyazmalar İnstitutunun arxivində saxlanılan bir növhəsi ilk dəfə olaraq bu kitabda nəşr olunur. Xurşidbanu Natəvanın  ictimai xadim kimi Qarabağın sosial-mədəni həyatında nə qədər xidmətləri olsa da, o ədəbi-mədəni fikir tariximizdə adını daha çox şair kimi yazdırmışdır. Məhz bu səbəbdən kitabda ilk olaraq onun bədii yaradıcılığının təqdim olunması təqdir olunur. 

Natəvanın dünyasını, duyğu və yaşantılarını, bacarıq və istedadını elə şeirləri qədər əks etdirən, zəriflik və eyni zamanda işgüzarlığını  müasir oxucuya çatdıran rəsm əsərləri də adıçəkilən kitabda  natəvansevərlərə təqdim olunur. Bu rəsmlərin bir hissəsi şairənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və bundan əvvəl də Mustafa Çəmənli tərəfindən çap olunanGül dəftəri”ndən olmaqla bərabər, bir hissəsi də Dövlət Teatr Muzeyində qorunan əsərlərdən ibarətdir. Son dərəcə böyük istedadla çəkilən bu miniatür və etüdlər Xurşidbanunun zərif və incə duyğularını əks etdirmək baxımından maraqlıdır. Bu şəkillərin əksəriyyəti gül və çiçək rəsmləri olsa da,  bunların içində müxtəlif formalı çadırlar, şəhərə xas küçələr, uzundolama yollar, həmçinin Tiflis mənzərələri, Qarabağ təbiətini əks etdirən peyzaj nümunələri onun zəngin təxəyyül və fantaziyasından xəbər verir. Şairə-rəssam daha çox realist rəsmlər çəksə də, şam və ətrafında dövrə vuran pərvanələrin rəsmi  onun sufi görüşlərini əks etdirən maraqlı əsərdir. Rəsmə diqqətlə baxanda uçuşan kəpənəklərdən birinin səmavi rəqs edən pərvanəyə bənzədiyini görmək mümkündür.

Müəllif kitabda xan qızının çəkdiyi rəsm və miniatürlərlə yanaşı onun özünün tanınmış sənət adamları tərəfindən yaradılmış heykəltaraşlıq və rəssamlıqdakı obrazlarını da təqdim edir. Mikayıl Abdullayevin, Oqtay Sadıqzadənin, Altay Hacıyevin, Tağı Tağıyevin, Abdulla Ələkbərovun, Arif Hüseynovun, Yaşar Səmədovun  rəsm və kompozisiyaları, heykəltəraş Həyat Abdullayevanın, Ömər Eldarovun, Natiq Əliyevin, İmran Mehdiyevin, Səlhab Məmmədov və Əli İbadullayevin müəllifliyi ilə Natəvanın Şuşada, Bakıda, BelçikadaFransada  qoyulan büst və abidələri də kitabda özünə yer almışdır.

Mustafa Çəmənli kitab-albomda Natəvanın bütün sahələrdəki fəaliyyətini – şair, rəssam, ictimai xadim və xeyriyyəçiliyini göstərməklə onun həm ədəbiyyatımızdakı, həm mədəniyyət tariximizdəki kimliyini, ictimai həyatdakı mövqeyini göstərmək istəmişdir. Bunun üçün Xurşidbanunun müasirlərinin, onu yaxından tanıyanların xatirələrini, haqqında yaranıb dildə-ağızda dolaşan rəvayətləri təqdim etməklə onun xalqın yaddaşındakı işıqlı obrazını əks etdirmişdir. Bu  xatirələrdən öyrənirik ki, Xan qızı elmə, təhsilə, sənətə və maarifçiliyə  əhəmiyyət verib Şuşanın sosial, ədəbi-mədəni mühitinin inkişafına çalışdığı qədər, xeyriyyə işləri ilə məşğul olmuş, ehtiyacı olan hər kəsə köməklik göstərmiş, təhsil almaq üçün Şuşadan gedən gənclərdən xeyir-duasını əsirgəməmişdir. Zülfüqar Hacıbəyovun  kitabda verilmiş bir xatirə yazısında oxuyuruq: 1896-cı ildə mən qardaşım Üzeyir Hacıbəyovla bərabər Qori şəhərindəki müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi şəhərinə yola düşərkən əmimiz Hacı Hacıbəyovun vasitəsi və müşayiəti ilə o vaxt xan qızı Xurşidbanu bəyimin (Natəvanın) yanına getdik ki, bizə xeyir-dua versin.

Xan qızı isə öz Quranını götürüb mənim və Üzeyirin üzünə vərəqlədi, qulağımıza həmin Qurandan bir ayə oxuduqdan sonra ikimizi də Quranın altından keçirib hərəmizin əlinə bir tikə çörək kəsib verdi.

Bunu dübarə təsdiq edirəm ki, Natəvanın nəticəsi olan Leyla Xasay qızı Usmiyevada olan Quran həmin Natəvanda gördüyüm Qurandır. Bu Quran Natəvanın özünə məxsus olduğuna görə yaxın adamları səfərə gedəndə həmin Qurandan ayələr oxuyub onlara xeyir-dua verərdi.

Xurşidbanunun yaddaşlarda işıqlı obrazını canlandıran belə xatirələrin sayı-hesabı yoxdur. Müəllif həmçinin şairənin müxtəlif xatirə əşyalarının fotosunu və onların hər biri haqqındakı maraqlı söhbətlərdən bəhs etməklə həm onun səxavəti, həm bacarığı, həm müdrikliyi haqqında oxucuda təsəvvür formalaşdırmışdır.

Talenin xoşbəxtliyi və nisgili sanki bərabər payda verdiyi xanım şairənin həm yaradıcılığına və şəxsiyyətinə, həm Şuşanın ədəbi-mədəni, ictimai həyatındakı roluna xüsusi ehtiram bəsləyən yazıçı və şairlər əsərlərində Qarabağ xanlığının sonuncu varisi Xurşidbanunun bədii obrazını yaratmış, tarixdəki və yaddaşdakı portretini  həm də ədəbi nümunələrdə əbədiləşdirmişlər. Xalq yazıçısı İlyas Əfəndiyev “Xurşidbanu Natəvan” pyesində, Əzizə Cəfərzadə şairə haqqında oxuduğu, eşitdiyi xatirələr əsasında yazdığı silsilə hekayələrdə, Məmməd Rahim, Hüseyn Arif, Əliağa Kürçaylı, Hökümə Billuri, Bəylər Məmmədov, Sərdar Əsəd, Abbasağa, Ramiz Məmmədzadə və başqaları şeir və poemalarında onun bədii portretini yaratmışlar. Haqqında danışdığımız kitabda həm də bu poetik əsərlərdən nümunələr verilmişdir. Xalq şairi Səməd Vurğun da Xurşidbanu Natəvan poeziyasına rəğbət bəsləmiş, onun yaradıcılığını Azərbaycan qadınının hiss və yaşantılarının ifadəsi hesab etmişdir. Zəmanənin düşüncə və duyğu adamlarına necə darlıq etdiyini, hisslərini çərçivəyə saldığını ürək ağrısı ilə söyləyən şair, Natəvan şeirində böyük insanın qüssə və faciəsinin duyulduğunu vurğulayırdı. Onun fikrincə, bu kədəri doğuran bir tərəfdən şairənin şəxsi faciəsi, övlad itkisi idisə, digər tərəfdən ictimai problemlər, haqsızlıqlar, bəzən ətrafı tərəfindən anlaşılmaması idi. Səməd Vurğunun Natəvana həsr etdiyi şeir də “Neçün gəlməz?” kitabında yer almışdır:

 

Üzündə son bahar, ağzında yaşmaq,

Sənin gözəlliyin solğun görünür.

Gəl yaxın əyləşək, yaxın danışaq,

Mənalı gözlərin dolğun görünür

 

 

 

Söylə, şeirlərin can verir nədən?

Ağlayır dediyin qəzəllər.

Bir çiçək qopardı hər gəlib-gedən,

Sənin payına düşdü xəzəllər.

 

Baxıb qərənfilin solğun rənginə

O şəhla gözlərin incilər tökdü.

Bir qadın ruhunun dərinliyinə,

Hər axşam yeni bir qaranlıq çökdü.

 

Əzəldən belədir eşqü-məhəbbət,

Səni ağladan sevdamı, nədir?

Dərdin tarixlərin dərdidir, əvət!

Hicran göz yaşına bir bəhanədir!...

 

Kitabda həmçinin şairənin övladları Mehdiqulu Xan Vəfa, Mir Həsən Ağa Mir Xanbikənin bədii yaradıcılığından nümunələr verilmişdir.

Bilirik ki, Xurşidbanu həm XIX əsr Qarabağ ədəbi mühitinin istedadlı şəxsiyyətlərini, yaradıcı insanlarını özündə cəm edənMəclisi-ünsədəbi məclisinin fəaliyyətini genişləndirmiş, onu daha da   şöhrətləndirmiş inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Onun sayəsindəMəclisi-üns” o dövrdə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən ədəbi məclislərlə sıx ünsiyyət qurur ümumilikdə poeziyanın, incəsənətin inkişafına öz töhfəsini verirdi ki, Mustafa müəllim sırf bunu nəzərə çarpdırmaq məqsədiylə  kitabda ədəbiyyatşünas alim Nəsrəddin Qarayevin ədəbi məclislər haqqındakı tədqiqat işindənMəclisi-üns Natəvanın onun məşhurlaşmasındakı rolundan bəhs etdiyi  bir parçanı da oxucların diqqətinə çatdırır. Oxucular bu parçadan öyrənir ki, Xurşidbanu Natəvanın yüksək bədii-estetik zövqü, istedad bcarığı, şəxsi nüfuzu bu məclisin rövnəqlənməsinə, məhz onun adı ilə bağlı olan xeyli bədii nümunələrin yaranmasına səbəb olmuşdur.

Müəllif albom-kitabda epiqrafist alim, AMEA-nın müxbir üzvü Məşədixanım NemətinŞuşa xanı İbrahimxəlil xan övladlarının epitafiyalarıadlı məqaləsini verməklə bir daha tarixi gerçəkliyi işıqlandırmaq istəmiş, tarixi faktları saxtalaşdıranların qara niyyətlərini göstərmək istəmişdir. Belə ki, adıçəkilən məqalədən öyrənirik ki, Pənahəli xanın ailəsinə mənsub Ağdam İmarət Kompleksindəki qəbristanlıqda heçbizim bildiyimiz kimi iki türbə və bir qəbir olmamışdır. Bu övliya qəbristanlığındakı Pənahəli xanın ailəsinə mənsub məzarlıq məhz Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmış, yerində bağ salınmışdır. Mustafa müəllim Çar Nikolayın “bütün məscidlərin və görkəmli şəxsiyyətlərin məzar daşları və digər kitabələr tədqiq edilsinçap olunsun” göstərişi haqqında haqlı olaraq yazır: “Əlbəttə, bizi əsarət altında saxlayan Çar Nikolay da, onun Qafqazı idarə edən canişinləri də bizim keçmişimizə, tariximizə ona görə maraq göstərmirdilər ki, xalqımızı çox sevirdilər. Xeyr! Məqsəd xalq olaraq bizi daha yaxından tanımaq, həssas xüsusiyyətlərimizə bələd olub, üstümüzdə ağalıqlarının ömrünü uzatmaq idi”.

Çar Nikolayın tam məhv etmədiyi övliya məzarlığını, xüsusilə Natəvanın qəbrini elə xan qızının səxavət göstərib çörək verdiyi ermənilərin törəmələri öz xislətlərinə yaraşsa da, XX əsrə yaraşmayan vəhşiliklə yerlə yeksan etdilər. Bu gün Azərbaycan xalqı öz xanım şairəsinin torpağına, mülkünə, eyni zamanda şəcərəsinə mənsub qəbiristanlığına qədirşünaslıqla sahib çıxmış, tarixi ədalətsizliyi bərpa etmişdir.   

Mustafa Çəmənli arxiv və muzeylərdə çoxsaylı axtarışlar aparmaqla, el yaddaşını silkələməklə, xeyli sayda sənəd və materiallar əldə etməklə, böyük zəhmət bahasına kitabda əhəmiyyətli və dəyərli məlumatlar verməyə çalışmış və buna nail olmuşdur. Müəllifə Xan qızının, el anasının xatirəsinə ərmağan etdiyi bu töhfəyə görə təşşəkür edir, yeni uğurlaryeni tapıntılar arzulayırıq.   

 

Aygün BAĞIRLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2022.- 14 dekabr.- S.13.