Bakının mərkəzindəki sirli aləm

XVI ƏSRƏ AİD NADİR NÜSXƏLƏRİN QORUNDUĞU PREZİDENT KİTABXANASI

 

Mütaliəni çox sevirəm. Gözlərimi açandan evimizdə kitab görmüşəm. Atam da, anam da kitab həvəskarı olub. Cild-cild kitablar indi evimizin şah guşəsini bəzəyir. Böyüdükcə kitablara olan marağım da artırdı. bu maraq məni Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə aparıb çıxardı. Müəllimlərimdən çox şey öyrəndim, bu, öz yerində... Amma mənim kitab kitabxana haqqında təsəvvürlərim hələ uşaq ikən anamla birgə getdiyim bir kitabxanada formalaşmışdı artıq. O kitabxananın ətri indi burnumdadır. Rəflərə səliqə ilə düzülmüş kitablar, sakitcə oturub nələrsə oxuyan insanlar... bir qeydiyyat aparan eynəkli xanım... Nədənsə, anam da burada pıçıltı ilə danışardı. Niyəsini soruşmuşdum, "kitabxana sehrli bir aləmdir, burada adi bir səs insanı bu aləmdən qopara bilər", demişdi. Uşaq idim, inanmışdım anama... İllər keçdi, mən böyüdüm. Qismətimə həmin o uşaqlıq illərimin qoxusunu xatırladan kitabxanaya - Prezident Kitabxanasına indi hər gün bir mütəxəssis kimi işə gəlib-gedirəm. İnanın səmimiyyətimə, mənim üçün dəyişən heç yoxdur. Bura yenə o sirli aləmdir. İndi mən bu sirli aləmin hər şöbəsinə, hər rəfinə daha yaxından bələdəm. İşlədiyim Abonoment şöbəsi kitabxananın ürəyidir. Kitabxana mənə görə canlı orqanizmdir. Qulaq versən, hətta burada hər bir əsərin səsini belə eşidərsən. Axı hər bir kitab yazıçının övladıdır. bu "övladlar" bu gün biz kitabxanaçılar tərəfindən qorunur. Bu gün biz mükəmməl ənənəvi elektron kataloq-kartoteka biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə oxucuların hərtərəfli istifadəsinə vermək üçün çalışırıq.

Kitabxanamızın fondunda XVI-XIX əsrlərdə XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri qorunur. Həyatın bütün sahələrinə aid olan kitablar bizim fondu daha da zənginləşdirir.  Hazırda kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.

Kitabxanada Azərbaycan, rus digər dillərdə olan ədəbiyyatı əks etdirən əlifba sistemli kataloq tərtib edilib. Artıq 20 ilə yaxındır ki, alınan bütün kitablar haqqında məlumat Elektron kataloqa (EK) daxil edilir. 2004-cü ildən isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirləri EK-da yer alır. Kitabxanada müxtəlif təyinatlı biblioqrafik vəsaitlər tərtib nəşr edilir.

Hərdən məndən soruşurlar: indi yəni kimsə kitab oxuyur? Bu sualı verən hər kəsi kitabxanamıza dəvət edirəm. Axtardıqları, əldə etməkdə çətinlik çəkdikləri hər bir məlumat, hər bir ədəbiyyat bizim kitabxanada mövcuddur. Bəlkə , çoxları bundan xəbərsizdir. Ya da axtardığı məlumatı əlindəki telefonla tapacağına əmindir. Amma bir həqiqət var... Kitabxana doğrudan da sirli bir aləmdir. Buraya bircə dəfə gəldinsə, bu sehrdən ömür boyu ayılmaq istəməyəcəksən. Eynən mənim kimi...

 

Ülkər MƏMMƏDOVA

525-ci qəzet.- 2022.- 15 dekabr.- S.16.