"37-ci dayanacaq": süqut və əbədi
sükut
(...və başqaları" silsiləsindən)
..."və
başqalarında" qaldı neçə dağ, qaya,
Neçə çiçək adı, neçə
dağ adı.
Dili ki
öyrətdik eyni adlara,
"Başqaları"
əcəb
canqurtarandır.
Nə
bilim adı var əriyən qarın,
Nə bilim bu odla yanar min ocaq.
"...və
başqalarında" itən adların
Bilmirəm
taleyi necə olacaq..."
İki bəndini yada saldığım bu şeiri
neçə illər bundan əvvəl indi haqq
dünyasında olan şair Musa Yaqub yazıb. Nədənsə,
həmin mətn mənə şeirdən daha çox
adları "...və başqaları" kimi canqurtaran ifadədə
dəfn olunmuş istedadlı adamların taleyinə
deyilmiş ağı təsiri bağışlayır.
Bu misraları oxuyanda adama elə gəlir ki, "...və
başqaları" əslində ədalətsiz ölüm
aktının məntiqi sonluğu olan böyük bir məzardır
və biz o məzarı qazsaq, orada çərlədilib
ölümləri tezləşdirilən neçə-neçə
insanın skeletlərini, sümüklərini yox, incik, eyni zamanda,
onları bu əsarətdən xilas etdiyimizə görə bizə məhəbbət
və ümidlə baxan
küskün ruhlarını görərik.
Onlar kimlərinsə
laqeydliyinin güdazına gedənlər, sənətdə bəxti gətirməyənlər,
ulduzları parlamamış sönənlərdir. Bəxtləri
ona görə gətirməyib ki, laqeydliyin güdazına qurban
gediblər. Qurban gediblər ki, kimlərinsə ulduzları
daha parlaq yansın, kimlərinsə uğurları daha əzəmətli
görünsün...
Mən bu silsilədə həmin incik ruhlardan bir
neçəsinin könlünü almağa, vaxtilə əllərindən
slınıb başqalarına verilən halal qiymətlərini
özlərinə qaytarmaq istəyirəm.
lll
Əgər kinosevərlər arasında "Azərbaycanın
ən yaraşıqlı kinoaktyoru kimdir" sualı ilə
sorğu keçirilsəydi, adı ən çox çəkilənlərdən
biri, yəqin ki, Ələsgər İbrahimov olardı. Hərçənd
o, ixtisasca aktyor yox, neft mühəndisi idi, kinoya da tam təsadüfən
gəlmişdi. Deyilənə görə,
o, küçədə addımlayanda qızlar o
dövrün dəbdə olan fransız aktyorlarına bənzəyən
bu yaraşıqlı oğlanı bir-birinə göstərib
xısın-xısın pıçıldaşar, onun diqqətini
cəlb etmək üçün cürbəcür hiylələrə
əl atarmışlar. Amma o vaxtlar bu qızların,
ümumiyyətlə, onu tanıyanlardan heç kəsin
ağlına gəlməzdi ki, maraqlı hobbiləri,
özünəməxsus xarakteri olan bu gənci qəribə
bir tale gözləyir, illər keçəcək, Azərbaycan
kinosuna Ramiz ("İnsan məskən salır"), Kamil
("Torpaq, dəniz, od, səma"), Zalımoğlu
("Yeddi oğul istərəm") kimi obrazlar bəxş edən
bu oğlan Yaradanın onun üçün nəzərdə
tutduğu tale qapısını açıb öz
karyerasını, həyatını qurmaq, ailə sahibi olmaq əvəzinə,
itirilmiş imkanların, boşa verilmiş vaxtın,
laqeydliyin, sayğısızlığın əvəzi kimi əsəblərini
sarsıdan ruh düşkünlüyünə təslim
olacaq, özünə qapanıb ağrıyan ruhunu keyləşdirmək,
mənəvi əzablarını azaltmaq üçün
yollar axtaracaq, tapdığı yol isə onu ömür
yolununun 37-ci dayanacağına ancaq çatdıracaq.
Ələsgər İbrahimovun bioqrafiyası, həyatının
önəmli məqamları barədə indi kimdənsə səhih
məlumat almaq müşkül məsələdir. Hətta onun doğum və
vəfat tarixlərini bilən, dəfn olunduğu məzarlığı
belə nişan verən bir kimsəni tapa bilmədim(!?!).
Necə deyərlər, kiminin əvvəli,
kiminin sonu. Ələsgərin sonu bu
gün də mistik bir sirr olaraq qalır.
Amma hər
şey o qədər yaxşı başlamış, o qədər
geniş perspektivlərdən xəbər verirdi ki...
O, öz
spesifik aurası olan İçərişəhərdə,
sadə bir ailədə dünyaya gəlmişdi. Neft və
Kimya İnstitutunu bitirsə də münasib və daimi bir
iş tapa bilmirdi. Məhəllələrindəki
göyərçinləri yemləməyi, onlarla əylənməyi
xoşlayırdı. Taleyin işinə bax
ki, başqa bir içərişəhərli - çəkəcəyi
ilk tammetrajlı bədii filmdə baş rolun
ifaçısının axtarışında olan rejissor Arif
Babayev intuitiv olaraq bu oğlanı bircə anın içində
kəşf etdi. Böyük riskə gedərək kifayət
qədər mürəkkəb xarakterə malik obrazın ekran
taleyini ömründə kamera qarşısında
dayanmamış, ümumiyyətlə, aktyor sənəti barədə
təsəvvürü belə olmayan, zahirən sadəlövh
adam təsiri bağışlayan bu
oğlana etibar etdi. Bu, əlbəttə,
çox məsuliyyətli və çətin qəbul olunan qərar
idi. Amma nəticə gözlənildiyindən
də yaxşı oldu, kinomuz yeni bir xarakter - həyatda
lövbər salmaq, öz yerini tapmaq istəyən, bu yolda
xeyli çətinlikləri dəf edərək sonda istəyinə
çatan Ramiz obrazını qazandı. Ələsgər
bu filmdəki işi ilə sübut etdi ki, aktyorluq heç də
bir çoxlarının düşündüyü kimi, yalnız
yüksək intellektə, dərin təfəkkürə, hərtərəfli
analiz etmək bacarığına malik olmaq deyil, aktyorluq, ilk
növbədə, kiminsə rolunu oynamaq, onun kimi
düşünmək bacarığıdır və bu
bacarıq onda var, özü də artıqlaması ilə.
Azərbaycan
kinosunda çəkildikləri filmlərdə baş
rolları oynamış qeyri-peşəkarlar az
deyil: Xəyal Axundzadə ("Sən niyə susursan" -
Rasim), Əkbər Fərzəliyev ("Qızmar günəş
altında" - Aydın), Tamilla Rüstəmova
("Böyük dayaq" - Maya, "Ulduz" - Ulduz) və
b. Düşünürəm ki, kino tədqiqatçıları
bu fakta lazımınca diqqət yetirməli, qeyri-peşəkarlıq
zəminində əldə olunan yaradıcılıq
uğurlarının psixoloji aspektlərini dərindən
araşdırmalıdırlar. Xüsusilə bu
hadisəni diletantlıq, həvəskar marağı kimi meyillərdan
ayıran fərqlər ciddi şəkildə təhlil olunmalıdır.
Əgər kino təkcə ali təhsilin, biliyin yox, həm də
həyatın özünün yetişdirdiyi aktyorlara da ehtiyac
duyursa, bunun, təbii ki, müəyyən səbəbləri
var. Ələsgərin çəkildiyi ilk filmdə nail
olduğu uğurun kökündə aktyorluğun, necə deyərlər,
texnoloji sirlərini bilməyə-bilməyə
yaratdığı obrazın fiziopsixoloji portretini bütün
dolğunluğu ilə canlandıra bilmək
bacarığı dayanırdı. Zahirən eqoist,
özünə vurğun adam təsiri
bağışlayan Ramizin xarakteri filmdə, sanki misqal-misqal
açılırdı. O -25 yaşlı gənc aspiranturanı
buraxıb neft buruqlarında işləməyə gəlir.
Onu tufan vaxtı buruq aşarkən həlak olmuş usta
Cavadın yerinə təyin edirlər və Ramizin xarakterini
psixoloji, mənəvi, əxlaqi rakurslardan açan hadisələr
də bundan sonra başlayır. Cavadın
ölümünün nüanslarına rəhbərlik etdiyi
briqada üzvlərinin baxışları ilə onun öz
baxışları arasındakı fərq kollektivlə Ramiz
arasında psixoloji sədd yaradır: sevdiyi qız ondan üz
çevirir, fəhlələr onu ələ salır, hətta
təhqir edirlər. Bir başqası, bəlkə
də, bu böhrandan çıxmağın yolunu geriyə -
komfort həyata qayıtmaqda görərdi. Ramizsə belə
etmir, öz məhəbbəti, uğurlu fəaliyyət
üçün zəruri olan inam və etibar uğrunda
mübarizə aparmaq istəyir, lakin "Cavadın
nüfuzu" sindromu buna da mane olur və adama elə gəlir
ki, Ramiz sınaq meydanını elə beləcə - məğlub
durumda tərk edəcək. Amma yox.
Sonrakı hadisələr onun xarakterinin digər xüsusiyyətlərini
də üzə çıxarır və məlum olur ki,
Ədilənin tənə ilə "qorxaq"
adlandırdığı bu gənc, əslində, öz fədakarlığı,
cəsarəti, prinsipiallığı ilə Cavaddan heç
də geri qalmayan insan imiş.
Ə.İbrahimov obrazın xarakterindəki bu mürəkkəb
nüansları təbii cizgilərlə sərgiləyir,
tamaşaçıları obrazın dinamik inkişaf xəttindən
doğan həqiqətə inandırırdı.
Beləcə, ilk rolun uğuru Ələsgərin həyatını
dəyişdi, tale yolunu başqa məcraya yönəltdi. Onu
kinostudiyanın texniki bölməsində mühəndis vəzifəsinə
işə götürdülər. "Ət
yeyən quşu dimdiyindən tanıyan" A.İskəndərov
Ələsgəri kinoaktyor studiyasına cəlb etdi. Sonra "Torpaq, dəniz, od, səma" filmində
Kamil roluna çəkildi. Bədii siqlətinə,
psixoloji tutumuna görə, Ələsgərin Kamili Ramizə
uduzurdu: onun xarakterinin bütün səciyyəvi cəhətləri
bu dəfə üzdə idi. Bununla belə,
Ələsgər İbrahimov - Fidan Qasımova dueti maraqlı
alınmışdı.
Ələsgər deyilənə görə,
ağırtəbiətli, ünsiyyətcil, hər hansı
bir kampaniyada davranışı, danışığı ilə
fərqlənən insan idi. Amma "Yeddi oğul istərəm"
filmində yaratdığı Zalımoğlu öz qapalı
xarakteri, az danışması, astagəlliyi ilə məşhur
yeddiliyin digər üzvlərindən tam fərqlənir. Hətta
bir az da irəli gedib deyə bilərəm
ki, Zalımoğlu bir obraz kimi bu filmdə digərlərinə
nisbətən az nəzərə çarpır. "Mən də varam" iddiası ilə üzdə
olmaq, özünü və sözünü diktə etmək
onun təbiətinə yaddır və bunu obrazın zəifliyi,
yaxud aktyorun gücsüzlüyü kimi yox, Zalımoğlunun
naturası, xarakterik cəhətləri kimi qiymətləndirmək
daha düzgün olar. Həlak olana qədər
biz onun səsini cəmi 2 dəfə eşidirik. Birinci dəfə iştirakçısı
olduğu ölüm-dirim savaşının nə zaman
başa çatacağı barədə Bəxtiyarı
sorğu-suala tutur. İkinci dəfə isə son nəfəsində
Gəray bəyə "İgid igidi arxadan vurmaz, bəy",
- deyə rəqibinin arxadan vuran xain, qorxaq olduğunu
üzünə vurmaqla onu aşağılamaq istəyir. Bu sözlərin həqiqəti nə dərəcədə
əks etdirdiyini müəyyənləşdirməyi
oxucuların (və tamaşaçıların) ixtiyarına
buraxıram. Təkcə onu qeyd etmək istəyirəm
ki, teatr göstərmək adı ilə başına qoyun
qarnı keçirib rəqibini başqalarının
yanında ələ salmaq da igidə yaraşan iş deyil...
Hərdən
fikirləşirəm ki, Zalımoğlunun bu susqunluğunda,
diqqətdən kənarda qalmaq istəyində yerinə
düşən üstüörtülü bir məna da var.
Onun passivliyi, sanki kameranın diqqətindən yayınıb
kölgəyə çəkilməsi dostla düşməni
səhv salan, etdiyi səhv hərəkətlərin xəcalətini
çəkən bir insanın heç olmasa bu yolla
günahlarını azaltmaq cəhdinə bənzəyir.
Ələsgər
bir kişi kimi çox
yaraşıqlı, suyuşirin idi. O vaxtlar Bakıya
işgüzar səfərlərə gələn qəşəng
rus aktrisalarını bircə təbəssümü,
baxışı ilə ovsunlamağı bacarır və həmkarlarının
qibtə, həsəd obyektinə çevrilirdi. Amma kinorejissorlarımız, nədənsə, bu
"hazır materialı" görmür, neçə-neçə
filmdə, necə deyərlər, Ələsgərin boyuna
biçilmiş rolları ondan əsirgəyirdilər. Şəxsən mən fikirləşirəm ki, o
illərdə çəkilən bir sıra filmlərimizdə
üzdə olan obrazları o öz opponentlərindən daha
yaxşı, daha təbii yarada bilərdi. Lakin
bu rollara başqaları çəkilir, Ələsgərsə
laboratoriyada texniki işlərlə məşğul olur,
bekarçılıqdan yaranan ruh
düşkünlüyünün, gərəksizlik sindromunun əsirinə
çevrilirdi. Ruhi
tarazlığını bərpa etmək, həyatındakı
boşluğu doldurmaq üçün seçdiyi yol isə
onu daha qorxunc bir ünvana - sağalmaz xəstəliyə, tənhalığa
və əbədi sükuta aparırdı.
İşə bax ki, onu sonuncu dəfə çəkilməyə
dəvət edən yenə də Arif Babayev oldu - "Arxadan
vurulan zərbə" filmində epizodik Cabbarov roluna.
Arif Babayevin ilk filmində ilk rolu ilə bir çox peşəkarlara meydan oxuyan Ələsgər bu dəfə meydanı səssiz-səmirsiz, özü də həmişəlik tərk etdi. Son sözünü deməyə nə heyi qalmışdı, nə də həvəsi.
Bir müddət sonra onun adi bir insan ömrü yaşamaq şansı da tamam tükəndi. Əvəzində yaraşıqlı simasını dəyişdirib tanınmaz hala salan, vücudunu mum kimi əridən dəhşətli xəstəlik öz sözünü dedi.
Sonra
Hamlet demişkən, əbədi sükut...
Onda Ələsgər İbrahimovun cəmi 37 yaşı
vardı.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.-
2022.- 16 dekabr.- S.13.