Güney Azərbaycanda uşaq ədəbiyyatı:
çağdaş ədəbi prosesin önəmli qolu
2-ci
yazı
Güney
Azərbaycanda çağdaş ictimai şüurun
formalaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin
inkişafı, körpə fidanların sağlam ruhda
böyüməsi və doğma dildə mükəmməl təhsil
alması uğrunda yorulmadan çalışan, böyük
maarifpərvər şair və fəal ictimai xadim kimi
tanınan Cabbar Əsgərzadə Bağçabanın
(1885-1966) yaradıcılığında da uşaqlar
üçün yazılan bir-birindən maraqlı şeir və
hekayələr mühüm yer tutur. "Qızıllı
yarpaq, yaxud zəkalı Ənvər" poemasının da qəhrəmanları
dərslərini yaxşı və pis oxuyan, çalışqan
və tənbəl məktəblilərdir. Uşaq auditoriyasının qavrama səviyyəsini
diqqətdə saxlayan şair-pedaqoq əsəri şifahi xalq ədəbiyyatından
gələn sadə süjet əsasında qələmə
almış və poemasında ölkənin, cəmiyyətin
və insanların inkişafının, yüksəlişinin
təhsildə, elm və maarifdə olduğu fikrini təbliğ
etmişdir. Əsərin baş qəhrəmanı
Ənvəri yoldaşlarından ayıran
çalışqanlığı, oxumağa olan həvəsi,
"veyil-veyil bazar-küçəni gəzməməsi və
sakit təbiətidir". Mükəmməl tərbiyəsi
və dərslərinə hər gün ciddi
hazırlaşması, bunun müqabilində müəllimlərindən
"əla" qiymət, üstəlik də dəftər, qələm
hədiyyə alması, dəcəl uşaqlara qoşularaq
vaxtını boş və səmərəsiz oyunlarda
keçirməməsini, üst-başını
batırmamasını, bir sözlə, nümunəvi
davranışı ilə Ənvərin evdə, məktəbdə
və yaşadığı məhəllədə
hamının sevimlisinə çevrilməsini
C.Ə.Bağçaban kiçik yaşlı
oxucularının başa düşəcəyi sadə,
anlaşıqlı bir dillə təsvir edir:
Oxumağa
meyl eləyən cocuqlar
Anaları çağırcağın tez durar.
Gedər,
yuyar əl-üzünü tərtəmiz,
Olar ana yanında o, çox əziz.
Həyəti,
bağçanı dolanar, gəzər
Çiçək dərib, kəsaləti məhv edər.
Açar
kitabını bir də əzbərlər,
Dərsi əzbər, hesabı hazır edər.
Ancaq
Ənvəri sevməyən, ona paxıllıq edən,
uğurlarını gözü götürməyən və
vaxtını oyun oynamaqla keçirən tənbəl
yoldaşları da az deyil. Onlar Ənvərin
"Bütün günü oyun oynamaqdansa, dərs oxuyun,
imtahanlara az qalır" kimi
çağırışlarına rişxəndlə
yanaşaraq: "Ənvər, Ənvər, can Ənvər,
Oyundan qorxan Ənvər!" - kimi xitab edərək məsxərəyə
qoyurlar. Lakin Ənvərin yoldaşlarına ağıllı,
düşüncəli cavabı iki qütbə
bölünmüş uşaqların səviyyəsini, elm və
maarifə münasibətini müəyyən edir:
Uşaq,
uşaq, can uşaq,
Gəlir imtahan, uşaq.
Mənə
rişxənd edərsiz,
Belə atılıb-düşərsiz.
Sonra
sözümü bilərsiz,
Onda başa düşərsiz.
Çox keçmədən başlanan imtahanlarda Ənvər
məntiqli və tutarlı cavabları ilə müəllimlərini
heyran qoyur. Onun oyunçu sinif yoldaşları isə suallara
cavab verə bilmir, acizlikləri, bilgisizlikləri ilə müəllimlərinin
qarşısında pərt olur, peşmançılıq
çəkir və ürəklərində Ənvərə
haqq qazandırırlar. Sonda, hətta xorla ucadan: - Sağ
ol, zəkalı Ənvər! Var ol, zəkalı Ənvər!
- nidaları ilə onu alqışlayırlar. Əsərdə
obrazları səciyyələndirən bənzətmə və
bədii təyinlər məzmunla uyğunluq tapır, poetik məna
kəsb edir.
Əxlaqi-didaktik
məzmunu ilə seçilən "Qızıllı yarpaq,
yaxud zəkalı Ənvər" poemasında "müəllim-şagird
münasibətləri, valideynlərin uşaqlarını
oxutmaq üçün onları həvəsləndirməsi,
çəkilən zəhmətin öz bəhrəsini verməsi
həm bir şair, həm də müəllim-öyrədici
ustalığı ilə öz bədii əksini və həllini
tapmışdır".
Poemanın tərbiyəvi-didaktik ruhu güclüdür,
buna görə də uşaqların mənəviyyatına təsiri
qaçılmazdır. Sözsüz ki, əsəri oxuyan hər
bir uşaq Ənvərə oxşamaq, onun kimi
ağıllı və çalışqan olmaq istəyəcəkdir.
Ədəbiyyat
aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar
haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən
yaxşı halda, böyüklərin zərif yumorunu qatmaqla əsərlər
qələmə alırlar, ancaq onların iç
dünyasının alt qatlarına, mənəviyyatının
dərinliyinə nüfuz edə bilmirlər.
Çağdaş dövr Güney Azərbaycan uşaq nəsrinin
yaradıcısı olan Səməd Behrəngi isə öz əzərlərində
uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına
yol tapmağa nail olan yazıçılardandır. O, kamil
pedaqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə
malik istedadlı öykü yazarı, peşəkar tərcüməçi,
XX əsr İran və Azərbaycan ədəbiyyatının
ən görkəmli adlarından biri idi. Güney
Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının-nəsrinin
yaranması və inkişaf etməsi məhz onun şərəfli
adı ilə bağlıdır. Uşaqlar
üçün nağıllar, həmçinin, baş qəhrəmanları
əsasən ünsiyyətdə olduğu şagirdləri
olan və onların başına gələn olaylardan bəhs
edən son dərəcə maraqlı hekayələr qələmə
alır, özəlliklə "alleqoriya və təşxislərə
yer verməklə örtülü şəkildə ən
orijinal yolla öz fikir və düşüncələrini
yayırdı".
Səməd
Behrəngi əsərlərini "Biz uşaqlara: - Oğurluq
etmə, yalan danışma! - kimi məsləhətlər
vermək əvəzinə, onların oğru
olmalarının səbəbini açıb göstərməliyik.
Çünki insanları yetişdirən
mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə,
mühiti də yetişdirməli və insaniləşdirməliyik",
- əqidəsi ilə yazıb-yaradırdı... Uşaq təbiətini anlayan təcrübəli
pedaqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə
sevgi, şərə, pisliyə və xəyanətə,
ağa qara, yalana həqiqət, göz yaşlarını
sevinc şəlaləsi, hıçqırığı
gülüş, məhrumiyyətləri tanrının qisməti
kimi qələmə verənlərə nifrət
aşılayırdı. Bu nifrətin
onların yaşamı üçün, yaxşını
pisdən ayıra bilməsi üçün gərəkli
olduğunu düşünürdü".
"Balaca
qara balıq", "Adət", "Binam//Adsız",
"Narınc qabığı", "Balaca qara
balıq", "Ulduz və qarğalar", "24 saat yuxuda
və ayıqlıqda", "Çuğundursatan
oğlan", "Bir hulu, min hulu", "Məhəbbət
nağılı", "Təlxun", "Ləbi satan
uşaq", "Qoca arvad və qızıl cücəsi",
"Koroğlu və keçəl Həmzə",
"Ulduzla danışan gəlincik", "Çox bəxtiyar
ağa" və s. kimi hekayələrində o, bulaq suyu kimi
dumduru, saf uşaq dünyasından böyüklərin
bulunduğu aləmə bir pəncərə açır və
açdığı pəncərədən toplumu
bütün cizgiləri, xüsusiyyətləri ilə
yaşlıların gözləri önündə
canlandırırdı... Və böyüklər,
yaşlılar da həmin əsərlərə maraq göstərirdilər...
Güney yazarları oxucularını dünyaya
uşağın gözündən baxmağa yönləndirir,
öyrədir, dərs verir. Səməd Behrəngi
yaradıcılığında "uşaqlıq
mövzusu"nun işlənməsi və yaratdığı
bir-birindən fərqli obrazlar digər yazarların sunduğu
obrazlardan seçilirdi. Çünki kamil
bir öyrətmən olan və uşaqları canı qədər
sevən S.Behrəngi uşaq mövzusunu işləyərkən
ənənəvi anlayış və baxış müstəvisindən
sıyrılaraq çıxır, uşaqlıq probleminə
öz orijinal, fərqli baxış bucağından
baxmağın örnəklərini yaradırdı. Onun yaradıcılığında vahid və
tamamlanmış bədii-fəlsəfi uşaqlıq
konsepsiyası zəncirinin ayrı-ayrı halqalarına nəzər
saldıqda iki məsələ diqqət çəkir. "Yazıçı uşaqlıq mövzusuna
müraciət edərkən, bir tərəfdən qəhrəmanlarının
həyat mənzərəsini daha geniş aspektdə təqdim
edir, xarakterlərin böyümə mühitindən və
situasiyalardan asılı olmasını çatdırır,
digər tərəfdən uşaqlıq mövzusuna
saflıq, təmizlik, məsumluq və pozitivlik qaynağı
kimi müraciət edir. Bundan başqa,
uşaqlıq mövzusu yazıçının əsərlərində
həm də metafora-alleqorik çalara bürünür
("Bütün insanlar uşaqdırlar")".
S.Behrəngi
"yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər
çox sevirdi... Ana dilində təhsil almaq
imkanının olmaması və bu durumdan
çıxış yollarının axtarılması məsələsi
Səməd Behrəngini ən çox düşündürən
problemlərdən biri idi. Öz
dövründə bu problemin çıxış
yollarından biri kimi Ana dilində dərsliklərin
yazılıb çap edilməsində, ana dilində mədrəsələrin
açılmasında görürdü. O, Mir Mehdi
Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir
kimi öndərlərin qutsal işini davam etdirməyə
qalxışdı, uşaqların anlaya biləcəyi sadə
türkcədə "Əlifba" kitabı yazdı, lakin
İranın rəsmi qurumları bu dərsliyin çapına
icazə vermədi və İslami İrşad idarəsi tərəfindən
geri qaytarıldı... Bu etirazın əsas səbəbi
isə Azərbaycan türklərinin Ana dilində təhsil
almasının qarşısına çəkilən
keçilməz sədd idi. Bu
addımı Səmədin böyük qardaşı Əsəd
Behrəngi vaxtilə siyasi akt kimi qiymətləndirmişdi.
Çünki qardaşının ona
ünvanladığı: "Mən imzamı xalqın zehninə
cəfəngiyat verən bir çox müəlliflər kimi
kitabın üstünə yaza bilmərəm. Mən
ömrümdə bircə dəfə də olsun
"Ş" hərfini uşaqlara "Şah"
sözü ilə öyrətməmişəm. "Şahbanu" və "Vəliəhd"
sözlərinin üstündən atılıb
keçmişəm. Mən
kitabımın birinci səhifəsini onlara necə həsr edə
bilərəm? Qoy evimizin damı
uçsun. Mən "Ş" hərfini
"Şah", "Şahbanu" sözləri ilə,
"ə" hərfini "Vəliəhd" kəlməsi
ilə öyrədə bilmərəm. Bəli,
qardaşım, onlar mənə bunu təklif edirdilər.
De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi
bu kitabın yolundamı qoyum? Bəs onda
şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm?
"24 saat yuxuda və ayıqlıqda" hekayəmi
məşğuliyyət üçün yazmamışam.
Ona görə yazmışam ki, sən
dünyanın hər yerində yaşayan öz balaca
qardaşlarını yaxşı tanıyasan. Onların
dərdlərinin çarəsi haqqında düşünəsən..."
- sözlərində, təbii, həmin qadağanın sirri və
hansı mətləbin gizləndiyi aydın olur... Bütün yaradıcılığını əsasən,
uşaqlara həsr edən və dünyaya onların
gözü ilə, məhz onların pəncərəsindən
baxmağa qeyrət göstərən S.Behrənginin
uşaqlıq mövzusu oxucunu bütövlükdə onun bədii
konsepsiyasını dərk etməyə
yaxınlaşdırır.
Güneydə uşaq ədəbiyyatı yazarlarının düşüncələrinə görə, bir ulusun gələcəyi uşaqlarının necə eyitilməsi//tərbiyə olunması, formalaşması ilə bağlıdır. Uşaqlar üçün çalışmaq olduqca zövqlü, eyni zamanda, çətin və həssas, həm də məsuliyyətli bir işdir. Çünki uşaqları aldatmaq çətin, inandırmaq isə mümkündür.
M.H.Rüşdiyyənin digər xələfi Əlirza Nabdil Oxtayın "Mən kiçik bir çəyirdək idim", "Yağdı yağışlar", "Yaşıl", "Əl-ələ", "Qaynarca", "Axmaca", "Sığırçın", "Oğlan oxu", "Qurd və şəhər" kimi şeirləri uşaq və yeniyetmələrə dəyərli töhfəsidir.
Nağılvarı süjetə, təhkiyəyə malik "Qılınc nağılı" şeirində Oxtay elin söz-sov boxçasından qədim bir el məsəlini çağdaş dövrün düşüncə biçimində oxucuya təqdim edir. "Ata ölüm ayağında ikən: Mənim vardan, yoxdan bir qılıncım qalıb təkcə, Gətirin vidalaşım. Hər bir kişi ölümə də qılınc ilə getməlidir, - deyə oğlanlarını yanına çağırır. Onlara babalarından miras qalmış qılıncı qorumağı vəsiyyət edir. Lakin nə böyük, nə də ortancıl oğul qılınca yiyə durur. Kiçik qardaş isə kiçicik əllərini uzadaraq: - Mənim olsun bəs elədə, - deyir". Şairin təsvirində kiçik qardaşın qılınca sahib çıxması həm də onun - kiçik qardaşın timsalında bütün yurd, milli dəyər sevdalılarının vətənə, ana torpağa, tarixi yurd yerlərimizə sahib çıxacağı kimi dərk olunur. Bu hərəkət-jest Vətən, yurd sevgisinin hələ də var olduğunun göstəricisidir. Ə.N.Oxtayın kiçik yaşlı oxucularına aşılamaq istədiyi qənaət şeirin misraları arasından apaçıq görünür: "Nə qədər ki, keçmişə, xalqın qəhrəmanlıq tarixinə bugünkü və gələcək nəsil, gənclər hörmətlə yanaşacaq və onlardan öyrənəcək, o qədər də millətin sabahı, gələcəyi etibarlı, davamlı və özgür olacaq".
Yaradıcılığının leytmotivi, əsas
ideya-bədii istiqaməti aydın duyulan "Tozlu piano"
şeirində də Əlirza Nabdil Oxtay uşaqlara
ünvanlanan fikirlər, ismarıçlar sərgiləyir.
Esmira FUAD
525-ci qəzet.-
2022.- 16 dekabr.- S.12.