Anamın şəhəri Şuşa   

 

Arzu

Sözün bitdiyi yer sözün başlandığı məqamdır. Ölürsən ki, diriləsən, yox olmasan - varlığın nə olduğunu yaşaya bilməzsən. Şuşaya getmək üçün orada fiziki olaraq var olmağın şərt deyil. Şuşaya arzularda, yuxularda, nağıllarda, xatirələrdə, xəyallarda gedərsən, hər şeydən öncə. Mən Şuşaya 2022-ci ilin 8 sentyabrında getdim (bu haqda daha sonra). Uşaqlıqdan bir fotonun ruhunun qanadlarında getdiyim Cıdır düzünə illər sonra geriyə döndüm desəm, səhv etmərəm...

"Şuşa kimi cənnəti qoyub Kislovodskiyə dincəlməyə gəlirik. Minvod dağlarından  uca dağları, səfalı meşələri, havası, suyu dərman Şuşanı abadlaşdırıb dünyaya tanıtmırıq, o uzaqlıqda yol gəlirik, pul xərcləyirik", - uzaq 70-ci illərin içindən anamın bu təəssüf və milli təəssübkeşlik hissləri ilə dolu sözləri öyüd oldu, doldu ruhuma, sırğa oldu, asıldı qulağımdan... Hələ də eşidirəm o pıçıltını...

Şuşanın "getməsi" xəbərini televiziyadan eşidib ürəyi dözmədiyi üçün, bir anda həyatını dəyişən bir qadın haqqında xəbər yayıldı o vaxt Ucarda. Kimin ürəyi dözdü ki,  kim barışdı ki, bu acıyla, kim həyatını dəyişmədi ki o an. Şuşasız Azərbaycan - tək qaşını itirmiş üzüyə bənzəyirdi. Çox təşbehləri misal çəkmək olardı. Çəkirdik də, ürəyimiz soyumurdu amma, çünki təsəllimiz  Şuşanın özü idi. Şuşaya səmadan və ya ətrafdan nəzər salsan, onu gah ürəyə, gah beşiyə, gah əlçatmaz qalaya bənzətmək olar. Mənim xəyalımda və gerçəkdə gördüyüm Şuşa isə kənarları hündür, qızıl çərçivəli üzüyün ortasında ucalan tək oval qaşdır. O qaş özündə xarıbülbülün rənglərini birləşdirir. Daşaltı qayaları isə  o qiymətsiz cəvahirin ətrafını sarıb - onun göylərə layiq olduğunu sübut edirmiş kimi əzəmətini qoruyur...

Şuşa haqqında zamanın və hadisələrin  birxətli inkişafı boyunca danışmaq mümkün deyil. Yaddaşımda qalanlar isə ayrı-ayrı epizodlardır: Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal olundu, sonra Paşinyan Cıdır düzündə rəqs elədi, sonra... Sonra Allah bunu götürmədi! Prezident İlham  Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi!" sözləri və 2020-ci il 8 noyabrda, nəhayət, gözlədiyimiz "Sən azadsan, Şuşa!" sədası otağımın pəncərələrindən həyətə, küçəyə, dünyaya "Şuşa-a-a-!", "Şuşa-a-a-!", "Şuşa-a-a-a!" naləsi ilə səsləndi - o an mənim üçün heç kim yad deyildi bu məmləktdə, hər yer Şuşa idi, göy də, yer də, yaşadığım mikrorayonun illərlə bir-birinə salam verib, salam almayan sakinləri də. Müharibə başlayan gündən mənzilimin gah bu, gah da o biri pəncərəsindən asdığım Azərbaycan bayrağını indi hər pəncərədə görmək istəyirdim. O günlər insanları yalnız  bir meyara görə dəyərləndirirdim - bayraq  asanlar və asmayanlar.

Avqust ayı idi. Universitetdə yay məktəbində dərslərim vardı. Bir gün dərsdən çıxıb Azərbaycan Yazıçılar Birlyinə "Mir literaturı" ("Mir literaturı") qəzetinin redaksiyasına yazımın dərc olunduğu  nüsxələri götürmək üçün getdim. Redaktor Elmar Şeyxzadə ilə həmişəki kimi qısa görüşdük, səmimi söhbət etdik. Sentyabrın 8-də Şuşaya səfərin nəzərdə tutulduğunu və mənim də adımın siyahıda ola biləcəyini söylədi. Sentyabrın əvvəlindən gözüm yolda, qulağım səsdə olsa da, dəvət gələcəyinə çox da ümid etmirdim, daha doğrusu, sonra pərişan olmamaq üçün ən bədbin nəticəni qəbul edərək, sakitliyimi qorumağa çalışırdım. O vaxta qədər ki, ayın 7-də günorta saatlarında Mədəniyyət Nazirliyinin xanım əməkdaşı mobil telefonuma gələn zənglə bir gün sonra, ayın 8 saat 14:00-da bəlli ünvandan Şuşaya gedəcək avtobusa gecikməməyi tövsiyə etdi. Şuşada gecələyəcəyimi və Bakıya dönüşün  ayın 9-da olacağını da güclə anladım. Həyəcandan titrədiyim və yola hazırlıqsız yaxalandığımı düşündüyüm anda təhtəlşüurumdan gələn bir istəyi artıq yerinə yetirmişdim: Basqaldan aldığım iri butalı kəlağayımı və qardaşımın Ucardan göndərdiyi böyük Azərbaycan bayrağını qucaqlayıb otaqda var-gəl edirdim... Axı bu qədər tez... bu qədər asan... bu qədər yaxın, bu qədər real... Mən Şuşaya gedirəm. Mən Şuşada gecələyəcəyəm. Şuşa yaxındırmı, uzaqdırmı, soyuqdurmu, sıcaqdırmı, orda yağışdırmı, günəşdirmi... Anadırmı Şuşa, atadırmı Şuşa, sevgili bir yardımı Şuşa, gəncliyimdən yadigar, sevincli, bəzəkli arzular evidirmi Şuşa, uşaqlıq çağlarımın nəşəsi... Sanki orda kiməsə əbədi sədaqət andı içmişəm, kimisə aldatmaqdan qorxuram orda, bu həyəcanın adı nədir... Sənə layiqəmmi, Şuşa! Müqəddəsliyi hiss etmək! - Şuşa bizi həm də belə göylərə qaldırır, özünə yaxınlaşdırır. Şuşadan şəkil paylaşdığım feysbuk xəbər lentində dostlar şərh yazdılar: "Ziyarətin mübarək!", "Allah ziyarətini qəbul etsin!" Çox təsirlidir... Şuşa bizi həm də daxilən birləşdirir, Allah qarşısında bir üzə sahib olduğumuzu yadımıza salır.

Şuşaya Xurşidbanu Natəvanın 190 illik yubileyi çərçivəsidə təşkil olunan tədbirdə iştirakımın rəsmən təsdiq olunduğunu biləndə bağrımdan qəfil dörd misra qopdu:

 

Əzizim Şuşa yaxşı,

Getməyə Şuşa yaxşı,

Yallı niyyətindəyəm -

Getməyə Şuşa yaxşı.

 

Feysbuk səhifəmdə paylaşdığım bu misralar dostların da qəlbində əks-səda doğurdu və şərhlərdə Azərbaycandan Türkiyəyə Şuşanı vəsf edən bayatılara döndü:

 

Əzizim, Şuşa yaxşı!

Get xeyli yaşa, yaxşı.

Rəqs elə, yallı da get,

Üz-gözdə Şuşa naxşı.

(Əhməd Qəşəmoğlu, Bakı)

 

 

 

 

 

Azizim, Şuşa iyidir,

Gitmek için Şuşa iyidir.

Halay çekmek niyetindeyim.

Gitmek için Şuşa iyidir.

(Bülent Tarhan, İstanbul)

 

Əzizim izdə gedək,

Cığırda, izdə gedək.

Təki sən get Şuşaya,

Yanında biz də gedək.

(Səhlədar Hidayətoğlu, Qazax)

 

Əzizim Şuşa yaxşı!

Baharı, qışı yaxşı.

Çatlasın düşmən bağrı,

Şuşamda həyat yaxşı!

(Yaqut Əliyeva, Masallı)

Yol və yoldaş

 

Hisslərimizi, həyəcanımızı təkbaşına bir məcraya yönləndirə bilmədiyimiz anlarda əlimiz çatan, ünümüz yetən birinə ehtiyacımız olur. Tələbə yoldaşım, rəfiqəm, həmkarım, həmfikrim yazıçı Sevinc Nuruqızına zəng etdim. Onun turist kimi  artıq Şuşaya səfər etdiyini bilirdim, ona görə bəzi nigaranlıq doğuran məsələləri onunla bölüşmək istədim. Şuşa səfərinin daha bir mistik anını yaşadım: Sevinc də sabah eyni avtobusla, eyni vaxtda, eyni məqsədlə Şuşaya yola hazırlaşdığını söylədi. Sən nə gözəlsən, Şuşa! Mənə doğmalığını, yaxınlığını bir də bu cür yaşatdın - yol yoldaşım könül dostum oldu. Yolları, məsafələri, çətinləri asan edən dostluğu var Sevincin, yol yoldaşlığı var, etibarı, güvən verən təpəri var təbiətində. Bunları təxmin edirdim - Şuşada isə şahidi oldum. Bu haqda daha sonra.

Hökumət Evinin ətrafında dövrə vuran taksi sürücüsü ağacların altında yol çantaları ilə dayanmış qadınları görüb, maşını saxladı. Rəşad Məcidin, Səlim Babullaoğlunun, Seyran Səxavətin də bu məkana yaxınlaşdıqlarını görüb doğru ünvana gəldiyimizi yəqin etdim. Yol həyəcanı yeni mərhələyə qədəm qoyurdu. Aralarında feysbuk dostlarımın da olduğu şairə, yazıçı xanımlarımızla daha yaxından tanış olduq, ünsiyyət qurduq. Sonra Rəşad Məcid Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş kitab sərgisi və "Məclisi-üns" ədəbi məclisinin elmi-ədəbi konfransında iştirak etmək üçün Şuşaya yola düşən "natəvanları" xatirə şəkli çəkdirməyə dəvət etdi. On "natəvan"ın heç biri bu şəkildə gözəl düşmədiyindən narazılıq etmədi - çünki hər kəs doğrudan da çox gözəl görünürdü. O gün günəş də gülürdü, səma da mavi gözləriylə yuxarıdan bizə baxırdı, yolumuza xeyir-dua verirdi. Hamının xilas məqamı idi Şuşa yolu. Şuşanın adında insanın daxili gözəlliyini əks etdirə bilən bir saflıq var, şəffaflıq var, duruluq var. Torpağı, daşı, suyu, havası dərman Şuşa. Şuşanı erməni təcavüzkarlarından azad etməklə Zəfərimizi taclandıran əsgərimizin, döyüşçülərimizin, şəhid və qazilərimizin qarşısında hər zaman baş əyirik!

Ağaclar

Müharibə xüsusi mövzudur. Ağrı-acısını sözə sığdırmaq çətindir. Füzuli rayonunun 44 günlük müharibə ərzində düşməndən azad olunmuş kəndlərinin yanından  avtobusla ötüb keçərkən ürəyimdə qəribə bir hiss yarandı: özümü günahkar hiss edirdim. Avtobusdan düşüb o yanmış, dağılmış, xarabaya çevrilmiş kəndləri qarış-qarış dolaşmaq istədim, uçuq divarlara sığal çəkmək, sahibsiz daşlara salam vermək, dörd divarı qalmış evlərin ortasında bitən ağacları qucaqlayıb "sağ olun burda kök atdığınız üçün, varlığınıza şükür", - demək istədim. Dostoyevskinin divanə Mışkininin bir ritorik sualı hər zaman yaddaşımdadır: "Ağacın yanından keçərkən onun varlığından xoşbəxt olmamaq olarmı?" Müharibənin viran qoyduğu yurd yerlərində, daş-divarları yanmış evlərdə insanlar yaşamasa da, ağaclar yaşayır, qədim türk insanın səcdə yeri, inanc yeri, güvən və sevgi ünvanı olan ağaclar. Uçuq dörd divarın ortasında onillərlə bitən, boylanan bu ağaclar Tanrı ilə insan arasında əbədi bağın mövcudluğunu  xatırladır. Qarabağda ağaclar başqa gözəldir desəm... İnanın!

Xudayar təsnifi

Şuşaya yaxınlaşdıqca hava qaralırdı, duman ətrafı bürüdükcə yolları, döngələri uzaq məsafədən görmək çətinləşirdi. Aşırımlı yollarla Şuşaya qalxırdıq. Arxa oturacaqda kimsə bu cür hava və hərəkət şəraitində sürücüdən xüsusi məharət tələb olunduğunu söyləyirdi. Avtobus Daşaltı qayalarının da yaxşı göründüyü məsafədən növbəti  yüksəkliyə qalxanda, qəfil Xudayarın səsi ucaldı, ortada qəribə bir sükut yarandı. Dumanlı dağlarda döyüşün hələ də davam etdiyini bilsək də, indi bu səs artıq əfsanəyə dönmüş Xudayar və minlərlə oğullarımızın qəhrəmanlıq yolunun sonunda bundan sonra da Zəfər olacağına inam, əminlik ifadə edirdi - "Dumanlı dağların başında durdum / Dumandan özümə bir xeymə qurdum / Keçdi xəyalımdan öz gözəl yurdum / Dumanlar başımda  dastana döndü, dastana döndü". ...İndi də sakit xatırlaya bilmirəm, qəhər məni boğur, gözümdən yaş süzülür, əllərimdə qan donur. Əbədiyyətə qovuşan şəhid ruhlarının səsidir Xudayarın təsnifi. Xudayarla birlikdə mən də ifa etməyə çalışıram, səsimi onun səsinə qatmaq istəyirəm. O anı Şuşa yolunun ən gözəl anlarından biri hesab edirəm. Sürücünün xidmətidir, sağ olsun ki, bu yolun mənasını öz sərnişinlərinə belə yaşatdı. O sürücünün adını unutmuşam, amma xidmətini şərəflə yerinə yetirdiyini unutmaq mümkün deyil.

Şuşada gecə

Avtobus Şuşanın mərkəzində, adına metafizik anlam verə bilmədiyim, amma çox gözəl xidmət göstərən və dadlı yeməklər hazırlanan restoranın önündə saxlayanda ətraf tam qaranlıq və duman idi, Şuşaya  daxil olarkən yağan yağış artıq çiskinə  çevrilmişdi. Xarıbülbül otelinin yaxınlığında hosteldə təmiz və səliqəli otaqlarda əşyalarımızı, yol çantalarımızı yerbəyer edib, yenidən otelin foyesində görüşə tələsdik. Nəzərdə tutulmamış, qeyri-rəsmi "natəvanlar" məclisinə xeyli tərəddüddən sonra razılıq verən otel rəhbərliyinin kreativliyi hamı tərəfindən məmnunluqla qarşılandı. Foyenin giriş hissəsində qeyri-rəsmi musiqili-poeziya məclisi quruldu. "Sarı gəlin", "Küçələrə su səpmişəm", "Ay Laçın" xalq mahnılarımız, Zəfəri yaxınlaşdıran, döyüşçülərimizin dastan mövzusu olan qəhrəmanlıqlarını vəsf edən şeirlər səslənirdi bu gecədə. Bir xalqın musiqisində, poeziyasında nə boyda dünya kədəri və həyat eşqi ifadə oluna bilər?! Ud və kanonun canlı müşayiəti ilə hər şey spontan, ekspromt olaraq yaşanırdı. Anar, Çingiz Abdullayev, Polad Bülbüloğlu, Səyavuş Kərimi və digər tanınmış simaların da yuxusunu ərşə çəkən bu gecənin amalı, məramı torpağın öz insanları ilə görüşmək istəyi, sevinci, həyəcanı ilə üst-üstə düşürdü.

"Xarıbülbül" otelindən çıxıb hostelə tərəf getdik. Şuşa torpağında sərbəst gəzmək istəyimizi sabaha saxlamaq istəmədik - bacarmadıq desəm, daha doğru olar. 30 illik həsrətdən sonra ilk gəldiyində Şuşada gecələmək nəsib olmamışdı Sevincə. Gecəni də, Şuşanı da eyni sevda ilə sevdiyimiz üçün, artıq sözə ehtiyac qalmadı. Şuşanın yollarına düşdük gecə vaxtı...

Bir də bura yolumuz düşə, ya düşməyə, məqamdır - sis də, duman da, çiskin də sözə, söhbətə, ülviyyətə çağırırdı insanı. Cənnətim Qarabağın gecəsi də ezackar səslərlə, canlı nəfəslə doludur, gündüzü də. Gecənin qaranlığına, səkilərin kənarı ilə ard-arda düzülmüş, daşlardan tikilmiş, əsasən, ikimərtəbəli, arkaşəkilli qapı-pəncərəsi olan evlərin və daş hasarların atılan mərmilərdən, yanğınlardan uçulmuş və qaralmış divarlarına zəif də olsa işıq salan küçə fənərləri bələdçimiz oldu o gecə. Gecəni, qaranlığı və səssizliyi bu qədər sevməmişdim heç. Şuşada büsat vardı o gecə: "Yoxlanılıb, mina yoxdur!", "Bu evin yiyəsi var!", "Şirin su" hamamının tarixi və təmir-bərpa işləri aparılması haqda məlumatı əks etdirən poster, qədim qala daşlarından tikilmiş alçaq hasarlardan boylanan böyürtkən kolları, o kollarda gecə vaxtı hədər yerə böyürtkən axtarmaq  eşqimiz... "Xanımlar, gecənin bu vaxtı hara gedirsiniz. Şuşada komendant saatıdır, bilirsiniz? Qaldığınız yerə geri dönün, zəhmət olmazsa", - qarşı döngənin qaranlığından üzü aşağı getdiyimiz daşlı-çınqıllı yaş yolda qarşımıza çıxan yol-patrul maşınının pəncərəsindən bizə ünvanlanan sözlər də ilıq idi, həlim idi, sevgi dolu idi. Şuşada nə gördün desələr, məbəd gördüm deyərəm. Sakinləri də Allahın qulları. Bir də poeziyasına dəyər verdiyim qarabağlı o şair kimi " ...oranın quşları adam kimi danışır, adamları da quş kimi oxuyur deyə" (Qulu Ağsəs "Nə gördün Qarabağda?.."), mat qaldığımı söyləyərdim.

Şuşanın gecəsi

Bütün real cizgilərinə rəğmən, Şuşa bir sürrealist baxış bucağından baxmalı olduğumuz məkandır; öz müqəddəs sirrini qələmə, fırçaya fərqli şəkildə göstərə bilər, yetər ki, biz öz qəlbimizin dərinliyində  müqəddəslik sirrini daşımış olaq və iblislə daim mübarizə içində olduğumuzu unutmayaq.

Dünya ədəbiyyatında, incəsənətində müxtəlif məkan təsvirləri mövcuddur.  Onlardan ən məşhuru Qoqolun "Dikanka yaxınlığında xutor axşamları" silsilə povestlərinin birində ("Dəhşətli qisas") Dnepr çayının təsviridir. "İsti yay gecəsində, insanın da, heyvanın da, quşun da - ətrafda hər şeyin yuxuya daldığı vaxtda, Dnepr heyrətamiz gözəldir; Tanrı isə öz uca təkliyindən əzəmətlə səmanı və yeri seyr edir, öz müqəddəs əbasını silkələyir. Əbasından ulduzlar səpilir. Ulduzlar yerin üzərində işım-işım alışıb-yanır və hamısı da birdən Dnepr sularında bərq vurur. Dnepr onları öz qaranlığının ağuşuna alır, dərin sularına qərq edir. Ulduzların heç biri ondan qurtula bilməz; ta ki göydə sönənə qədər" (tərcümə edən - K.U.). Qoqoldan sonra 1880-ci ildə rəssam Kuinci də Dneprin gecə mənzərəsini fırçanın gücü ilə kətana köçürür (19-cu əsrin sonunda məşhurluq qazanmış bu əsər Həştərxan Dövlət Şəkil Qalereyasının incisi kimi qorunur). Ukrayna kəndlilərinin daxmalarının divarları və Dnepr çayının gecənin qaranlığını işıqlandıran mavi suları tamaşaçılara kainatın əbədiliyini, möhtəşəmliyini xatırladırdı.

Şuşanın möhtəşəmliyini çox sözlə ifadə etmək olar. Lakin Şuşanı cazibədar edən bir xüsusiyyəti var - üstünə çən gələr, başını sis-duman alar, göz-gözü görməz, amma  gəldiyi kimi geri çəkilər, qəfil yox olar o buludlar və tamam başqa donda, toy-bayram libasında çıxar qarşına Şuşa. Bu dünyaya, şərə, zülmə meydan oxuyar Şuşa - aid olduğu uca aləmlərdən öyrənib qurtuluşu. Bənd bilməz, qıfıl bilməz, özü bir igid qaladır Şuşa.

Şuşa dünyanın sirrini çözmüş məkandır. Şuşa dağlarının başını örtən dumanları   gizlin əsən küləklərin əli ilə sıyırıb atan   ardınca aydın səmalarında gündüz günəşi, gecə ulduzları parlayan məkandır. Şuşa ayağı yerdə, başı göydə bir dağdır. Ayağımın yerə dəymədiyini hiss edirdim Şuşa torpağında gəzərkən. Bu hiss hər zaman mənimlədir. Göylərin yerə, Allahın insana bu qədər yaxın olduğu başqa yer tanımıram. Şuşa göylərdən asılmış beşikdir, övladlarını qoynuna alar, onlara layla deyər. Bakıya geri döndükdən sonra iki gecə o yüksəklikdə yırğalan beşikdə yaşadığım cənnət duyğusu məni tərk etmədi. İki gecə hər sabah oyandıqda göydən yerə, təpədən düzə endiyimi hiss edirdim.

...Sənsiz olmazdı, Şuşa. Hər şey səninlə olacaq. Qarabağ Azərbaycandır!

Cıdır düzü

Nə yol yorğunu, nə yuxusuz olmadıq Şuşada. Sentyabrın 9-da oteldə səhər yeməyindən sonra saat 12:00-a qədər sərbəst proqramla hərəkət edə biləcəyimizi öyrəndik. Həmin saatda marşrut üzrə Şuşa qalası və Xurşidbanu Natəvanın evinin qarşısında baş tutacaq tədbirə qatılmalı idik. Cıdır düzünə getmək üçün taksi aradıq. Qəribədir, Bakıda hər yerə taksi ilə gedə bilərsən, Şuşada isə pullu xidmət göstərən maşın yox idi. "Burda heç kim heç kimi mənzil başına aparanda pul götürmür", - dedilər. Nə gözəl ənənə yaradıb Şuşa.  Amma gözləyə bilməzdik. Sevinc Ağdamın Şelli Qaradağlısındandır. Hələ uşaqlıq, gənclik illərində yaxınları, əzizləri ilə dəfələrlə Cıdır düzünə gəldiyini söylədi, işğaldan azad olunmuş Şuşaya son gəlişində də onu ("oranı" sözünü yaza bilmədim, "onu" yazdım, ixtiyarsız) ziyarət etdiyini bilirdim. İndi də mənə yol yoldaşlığı etdi, tək qoymadı. Yenə düşdük Şuşanın yollarına, payi-piyada üz tutduq Cıdır düzünə. Kimi gördük, salam verdik, kimdən xəbər aldıq, yolumuzu yaxın etmək üçün yol göstərdilər, "Piyada getsəniz, uzaqdır, dörd yolda durun,  o tərəfə maşınlar çox olur, sizi götürərlər",  - dedilər. Çox gözləyə bilməzdik, dəyib-qayıtmaq da olsa, onu görməli idik, o düzə salam verməli, ayaq basmalı idik. Anamın durduğu daşların üstündə mən də durmalı idim, əyləşib qızlarla şəkil çəkdirdiyi çəmənliyə, daşlara mən də qonaq olub bu anı fotonun yaddaşında saxlamalı idim. Torpağı yumşaq, daşı sərt, amma qucağı isti Şuşanın, Cıdır düzünün anam qədər doğmalığı var desəm... İnanın! Anamın 24 yaşı vardı o zaman, 1957-ci ildə, ADU-nin (indi BDU) coğrafiya fakültəsinin sonuncu kurs tələbələri Şuşaya İstisu sanatoriyasında dincəlməyə getmişdilər. Biri bötüv, digərinin kənarı qopmuş iki şəkil qalıb köhnə ailə albomumuzda. Şuşanı o şəkillərdən tanımışam uşaqlıqdan. Özünü görmək bu qədər gec oldu, amma güc oldu (rəhbərlik qarşısında təşəbbüsü irəli sürən Elmar Şeyxzadənin bu yaxşılığını heç vaxt  unutmaram).

...Sürətli addımlarla Qazançı kilsəsinin yanından Cıdır düzünə tərəf gedən yolla irəliləyirdik. Bilmirəm, bizim ikimizi hansı hiss əmin edirdi ki, üç kilometrə yaxın məsafəni ayaqla qət edib və təyin olunan vaxtda geri dönə biləcəyik. O inamı, əminliyi verənin hökmü ilə, yəqin, qəfil bir maşın yanımızda saxladı, "Azərişıq"ın  işçilərini daşıyan, markasını söyləməkdə çətinlik çəkdiyim bu köhnə maşın marşrut abtobusuna bənzəyirdi, işıqçəkənlər və işıq çəkmək üçün müxtəlif alətlər ilə yüklənmişdi, dağ yollarında çox çətinliklərə sinə gərmiş bir avtomobil olduğu bəlli idi. İşıqçəkənlərin maşınında xəyallarımın Düzünə gedirəm. Nə mən, nə digər xanımlar bunu ekstremal bir hal saydıq, hər şey sadə, gözəl, nağıl kimi doğma idi. Əski filmlərdə gördüyümüz romantik yol səhnələrini xatırladan bu qəfil hadisə, əslində, insan qəlbinin dərinlyində hər an yardımlaşma, paylaşma ruhunun varlığından, uca məkanlara, ilahi məqamlara yaxınlığından  xəbər verir. Şuşanın müqəddəsliyi onun Qala ruhunda, qəhrəmanlıq tarixində, onu erməni işğalından azad edən şəhidlərimizin fədakarlığında və hər qarışını qoruyan əsgərlərimizin vüqarında əks olunub. Bu ləyaqət dərsi  hər birmiz üçündür.

...Maşın bizi Cıdır düzünə qədər gətirdi və geri döndü. Qulu Ağsəsin "Nə gördün Qarabağda" sualında bir kəlməni dəyişib "Şuşada" sorsalar,  gördüklərim və eşitdiklərim sözə sığmaz, dilə gəlməz, desəm... İnanın! Meydan gördüm, qılınc, qalxan səsləri, at kişnərtisi eşitdim, qurşaq tutub güləşən gəncləri gördüm, örpəkli qız-gəlinlərin gülüşlərini eşitdim, ağsaqqal-ağbirçəklərin təmkinli, dərin baxışlarını gördüm... Ümidlərini gördüm  xalqımın, şərin birdəfəlik dəf olacağına, Qarabağın özünə dönəcəyinə və bizim də əbədi olacağımıza ümidlərin dilə gəldiyini gördüm. İnsanların quş kimi qanadlanıb uçduğunu, sevənlərin ən gözəl eşq nəğmələrini oxuduğunu, təbiətin büsatını, nəfəsini gördüm, duydum, eşitdim... Həyat var, ölüm isə yoxdur desəm, Şuşada Cıdır düzündə.... İnanın!

...Düzə qədəm qoyan kimi, hərə başını alıb bir tərəfə getdi, hərə öz Düzünü görmək istədi, öz Düzü ilə görüşmək, qucaqlaşmaq, dərdləşmək istədi. Yeyin, yüyrək addımlarla Cıdır düzünün Daşaltı dərəsinə baxan kənarına tərəf gedirik. Anamın şəhəri Şuşa! Anamın durduğu yerdəyəm, daş o daşdır, çəmən o çəmən. Qarşı dağlardakı izlər, ağaclar da eynidir. E-heey!

Cıdır düzündən arxaya çevrilib baxmadan  geri dönürəm. Arxaya baxmağa qorxuram. Ürəyimə havasını, ruhunu doldurub  gedirəm, özümə toxtaqlıq verirəm, ürəkli dönürəm geri, doyunca görüşdüyümə, söhbət etdiyimə əminlik hissimi qorumağa çalışıram. Anamı mənə qaytaran Şuşa, əbədiyyətin özü Şuşa!

"Sevinc, hardan gəlirsən!"

Real zamandan qopduğum anda Sevinc Nuruqızının tədbirə gecikə biləcəyimiz  haqda həyəcan xəbərdarlığını eşidirəm. Əziz məkandan uzaqlaşaraq gəldiyimiz yolla üzüaşağı düşürük. Yenə yol avandlığı arzu edirik özümüzə. Sevinc Allaha yalvarır: "Yol aç, - deyir. - Bizi yolda qoyma", - deyir. Gecikirik, təlaşlanırıq, daşlı Qala yolları ilə tez-tez addımlasaq da, hələ də düşüncələrimdə Düzdəyəm. Bir az getmişdik ki, aşağıda yol kənarında bir "Mersedes" markalı avtomobilin dayandığını görür, ürəklənirik. Yaxınlaşıb, sürücüdən mərkəzə gedib-getməyəcəyini soruşmağa macal tapmırıq. "Sevinc, hardan gəlirsən?", - sualı bizi həm xəyallardan ayırır, həm nigaranlıqdan qurtarır. "A-a! Dilsuz, salam. Nə yaxşı burdasan!" Dilsuz Sevincin gəlin getdiyi ailənin yaxın qohumudur, köklü qalalıdır. Həyat yoldaşı ilə Cıdır düzünə qalxan yolun sağında  yerləşən evlərinə, bağlarına, boş qalmış həyət-bacalarının kimsəsiz divarlarından, darvazalarından boylanan qoz ağaclarına, itburnu kollarına baş çəkməyə gəliblər Şuşaya. Əlləri çatan qədər budaqlardan yaşıl qabıqlı qoz və kal, qızarmağa macal tapmamış itburnu meyvələri yığmışdılar. Şehli, palçıqlı kollardan, budaqlardan dərilən bu nemətlərdən bizə də bir ovuc pay verdilər. Bu bir ovuc payın əvəzi, qiyməti yox idi indi hər birimiz üçün.

Yoxuşumuz da film idi, enişimiz də film oldu, hekayə oldu. Dilsuz Sevinci təmir gedən yolun qarşı tərəfinə, hələ Şuşanın Cıdır düzündən əsən mehin sığalı ilə xumarlandığı o qayğısız illərinin, köhnə Şuşa mənzərələrinin əks olunduğu fotoposterə tərəf aparır. Divara yapışdırılmış fotoların birində isə Dilsuzun rəhmətlik anası Züleyxa xalanın da fotoobyektivin nəzərindən yayınmadığı Şuşa bazarı mənzərəsi vardı, geniş, bol məhsullu, səliqəli piştaxtaları ilə heç vaxt erməni istilasında olacağını xəyalından belə keçirməyən Şuşa və şuşalıların bazarı.

Keçmişinin hər anı ilə hər birimizə doğma torpaq, yurd yeridir Şuşa. Bizi qoynunda sevgisi ilə salamladı yenə, Allahın adını eşitdi səması, daşı, müsafiri müsafirə yoldaş elədi, qardaş elədi, qohumu-yadı bir yerə gətirdi. Dilsuz bizi öz "Mersedes"ində ünvana çatdırdı. Yol boyu bələdçilik elədi, olub-keçənlərdən danışdı, oxuduğu məktəbi, Sürayyə müəlliməni xatırladı, evləri, onların sahiblərinin taleyini anlatdı, ürəyində bir dastanlıq söz, xatirə vardı. Şuşada evlər qaladır. Sakinləri də qalalıdır. Ümidləriniz çin olsun! Şuşaya dönmək ümidləriniz, Şuşada qalmaq ümidləriniz. İziniz qalsın deyə tikdiyiniz Qala heç zaman özünüzdən ayrı düşməsin!

Müdam ağlayan Natəvan

Avtobus Şuşa qalasının Gəncə qapılarn önündə saxladı. Burdan Xurşidbanu dastanı başlayır. Natəvan bulağının suyunun dadı, bağında otların ətri, hündür ağaclarının kölgəsi, anadan olmasının 190 illiyinin şərəfinə toplaşmış "Məclisi-üns"ünün şeir, söz, ud, kanon sədası sanki dünyanın hər yerinə yayılır, hər yerində eşidilirdi. Natəvan dastanı yeni bir yazı mövzusudur, o yazıda qəhrəman da odur, söz də onundur. Yaralı büstünün önündə çiçəklərin solmasın, Xan qızı!

P.S.  Bakıya dönməyə hazırlaşırdıq. Qala çörəyi almaq üçün yaxınlıqdakı mağazaya baş çəkdik. Qutuda cəmi üç çörək qalmışdı. Nağıllarda göydən düşən üç almanı xatırladır, deyilmi?! İksini mən, birini  Sevinc aldı. O ikisini də Bakıda üç yerə bölüb paylaşdım. Şuşadan bərəkətlə ayrıldıq. Bərəkəti bol olsun ölkəmizin.

...Qala çörəyi çox dadlı idi. İndiyə qədər yediyim heç bir çörək onun dadını-tamını vermir desəm... İnanın!

 

Kəmalə UMUDOVA

Bakı Slavyan Universiteti

525-ci qəzet.- 2022.- 17 dekabr.- S.14-15;24.