Güney Azərbaycanda uşaq ədəbiyyatı:
çağdaş ədəbi prosesin önəmli qolu
3-cü yazı
Əlirza Nabdil Oxtay "Səttarxan atlıları"
şeirində "Gələcək günlərin
qızıl qapısın"ı kimlərin
açacağını, dan yerinin sökülməsinə,
günəşin də doğmasına bənzətdiyi
azadlığı kimlərin əldə edib
qazanacağını, xalqı əsarətdən kimlərin
qurtaracağını da bəyan edir. Göstərir ki, həmin xilaskarlar
bu gün "Səttarxan atlıları"dırsa, sabah Zeynəb
Paşa, Səriyyə Şahsevənqızı, Firudin
İbrahimi, Əlirza Nabdil Oxtay, Mərziyyə
Üskülü, Səməd Behrəngi, Bulud Qərəçurlu
Səhənd, İbrahim Savalan, Mübariz İbrahimov,
Çingiz Mustafayev və başqalarıdır. Adından da
göründüyü kimi, şeir İranda və Güney Azərbaycanda dalğalanan Məşrutə
inqilabına, hərəkatın lideri Səttarxana və onun
silahdaşlarına-atlılarına ünvanlanaraq qələmə
alınsa da, aktuallığı baxımından Güney
xalqının bu gününə də tamamilə uyğun gəlir.
Məşrutə inqilabı faktını-tarixi
hadisəni böyük bir ədəbi mövzuya çevirən
Ə.N.Oxtay heç nəyin dəyişmədiyini, yurdunun yenə
də yağıların əlində olduğunu,
zülmün ərşə dirəndiyini oxucularına
anladır, onları ölkəni yadların əlindən
almağa çağırır. Döyüşkən
şair içindəki sızıltı ilə bildirir ki, əgər
bu qurtuluşu mənsub olduğu nəsil gerçəkləşdirməzsə,
gələcək nəsil-indiki balalar həyata keçirəcək,
"gədiklərin qurdların tutub boğacaqdır".
Balaca
oxuculara böyük mətləbləri onların öz dilində
anladan Ə.N.Oxtay "Qurd və şəhər"
şeirində Güney Azərbaycanda yaşayan uşaqlara
konkret olaraq anladır ki, bölük-bölük, para-para, tikə-tikə
olan və gedər-gəlməz yollara sürüklənən
yurdumuz, şəhərlər şəhəri Təbriz
azğınlaşmış, şairin dili ilə desək,
"adamcıl" qurdun ağzındadı. "Qurd
və şəhər" şeiri Güney xalqının
başına gətirilən faciələrin üç mərhələsinin
qısa kinofilmdə olduğu kimi canlandırılır,
mesajlar ötürülür.
Üsyankar
ruhlu əksər şeirlərində silahdaşı
Ə.N.Oxtayın ideallarını onaylayan Mərziyə
Üskülünün "İftixar" adlı əsərində
isə gənc şairin həyata, dünyaya
baxışını, qadına, anaya, adi əmək
adamına yanaşması müşahidə olunur. Fars dilindən
tərcümə etdikdə "Mən anayam, mən
bacıyam, mən sədaqətli həyat yoldaşıyam, mən
qadınam... Mən şimalın kiçik kəndindənəm.
Düyü plantasiyalarında, çay tarlalarında
gücüm çatana qədər əmək sərf
etmişəm... Mən fəhləyəm, mən
kəndliyəm. Mənim bütün
varlığım əməklə yoğrulmuşdur. Aclığımın qondarma,
lütlüyümün əfsanə olduğunu iddia edənlər
nə qədər şərəfsizdir. Mən bir
qadınam ki, onun varlığını ifadə edən
heç bir məfhum sizin bədnam mədəniyyətinizdə
öz əksini tapmamışdır... Mən
bir qadınam ki, zəhmət, əmək ona silah tutmaq qabiliyyəti
də bəxş edib" mənasını verən şeir
uşaqlar, özəlliklə də qız cocuqları
üçün necə yaşamağın manifesti siqlətindədir.
"Vətən",
"Sərçələr", "Durnalar",
"Qaranquş", "Fil", "Xoruz",
"Dovşanın nağılı", "Günəş",
"Buludlar", "Əsin, küləklər",
"Bizim dağlar", "Sarmaşıq", "Bənövşə",
"Mən bir qızam", "Ceyran bala", "Uşaqların
dünyası" kimi maraqlı şeirlər yazan və bu
poetik mətnlər vasitəsi ilə uşaqlara təbiəti,
doğma Azərbaycanın zəngin flora və faunasını
onların öz dili ilə öyrədən Haşım Tərlan
da həmin xələflərdən biridir. Şairin
yaradıcılığında balaca oxucular al-əlvan rənglərin
və parlaq günəş işığının
oluşdurduğu əsrarəngiz bir uşaq
dünyasının ağuşuna düşürlər.
Əli Daşqının uşaqlıq mövzusunda qələmə
aldığı əsərlər içərisində
"Əlifba" şeiri öyrədicilik, maaarifləndiricilik
funksiyasına görə xüsusilə maraq doğurur. Şairin 32 hərfdən
oluşan latın əlifbasının hər
hərfinə aid qoşduğu beyt və misralar körpə
oxuculara əlifbanın uğurla, həm də böyük
maraqla öyrədilməsinin ən parlaq örnəyidir:
"A" ananı göstərər,
O da mənəm
səsliklər!
"U"
ulduza baxırdı,
Əriyirdi, axırdı.
"Ü"
üzümdən danışdı
Gördü hamı tanışdı.
"V"
vurdu, qab calandı
Dedi:
Bunlar yalandı!
"Y"
yalanı sevmədi
Səssiz,
səsliklər! - dedi.
"Z"
züydü ağır-ağır
Göyə qalxdı çal-çağır.
Səsliklər
əyləndilər,
Uşaqlar
öyrəndilər...
Gənc yazar Ramin Cahangirzadə bu tendensiyanı
"Əlifba" və "Rəqəmlər"
(Tehran-2017) adlı silsilə şeirlərində davam etdirir. Türk kökənli
öyrəncilərə rəqəmlərin fars
dilində öyrədilməsinə göz yuma bilməyən
təəssübkeş şair onların adlarını
şeir dili ilə Azərbaycan türkcəsində
kiçikyaşlı oxucularının yaddaşına
hopdurur. Raminin rəqəmlərə poetik
yanaşması həm maraqlı, həm də çox
düşündürücüdür. Rəqəmlərlə
bağlı şairin vəsfləndirmələri
kiçikyaşlı oxucunu onları sevməyə və
möhkəm yadda saxlamağa yönləndirir, eyni zamanda da
maarifləndirir. "Beş" rəqəmi ilə
bağlı yazdıqlarında olduğu kimi:
Bədənlərin
forması
bir
cüt əl, bir cüt ayaq
bunların başında baş
gəl
yeni forma quraq
işıqlığın ünsürü
torpaq,
yel, su və işıq
alovu qat
bunlara
bu
ünsürə yaraşıq
beş
daşımız var bizim
bir az
beşdaş oynayaq
saat
beşi işləyir
bu oyuna
son qoyaq.
Bu gün Güney Azərbaycanda Uşaq ədəbiyyatının
durumu könülaçandır. Bu yöndə araya-ərsəyə
gəlmiş əsərlərin çapı sahəsindəki
gəlişmə isə gələcəyə ümidlə
baxmağa imkan verir. Çap məhsullarını
incələyərkən bu sonuca vardıq ki, uşaq ədəbiyyatı
mövzusu Güney yazarları üçün çox aktual,
həm də prioritetdir. Ramin Cahangirzadə, Xosrov
Barışan, Məhəmməd Abidinpur, Səhər Xiyavi,
Leyla Kəhalı, Məlihə Əzizpur, Murtuza Məcidfər,
Ruqiyyə Əbdili Sazaq, Ruqiyyə Əliquliyan, Süsən Nəvadərəzi,
Rəsul Qədiri və başqa yazarlar uşaqların qəlbinə
yol tapan, ruhunu oxşayan əsərlər qələmə
alırlar. Fərəh hissi ilə deyə bilərəm ki,
Ramin Cahangirzadə, Rəsul Qədiri, Xosrov Barışan,
Ruqiyyə Əliquliyan, Məhəmməd Abidinpur və Səhər
Xiyavinin çap olunmuş və son dönəmlərdə
çapa hazırladıqları kitablar uşaqlara
böyük sevinc hissi yaşadacaqdır.
Fikrimi bu
sahədə çox məhsuldar işləyən
Çağdaş Güney Azərbaycan ədəbiyyatının
zəngin
yaradıcılığa malik nümayəndələrindən
olan Ramin Cahangirzadənin timsalında əyaniləşdirmək
istəyirəm. Vurğulamaq istərdim ki, Ramin
Cahangirzadə artıq uşaq yazarı kimi püxtələşib.
Onun özəlliklə uşaqlar üçün
yazdığı və çap etdirdiyi "Ulduz",
"Nar", "Dörd fəsil", "Xallı və
Allı", "Peşələr", "Aylə və
Qohumlar", "Tıraxtur basdı qaza", "Rəqəmlər",
"Əlifba" və digər kitabları ona çox sayda
oxucu qazandırıb.
Çağdaş
dövrün ən məhsuldar şairlərindən biri olan Rəsul
Qədirinin də son illərdə Güneydə
"uşaqların böyümə və inkişaf, xəyal,
duyğu, düşüncə və
duyarlılıqlarına, zövqlərinə əyilərkən
əylənmələrində iştirak etmək məqsədilə
reallaşdırılan çocuksu bir ədəbiyyat"a son
dönəmlərdə marağın bu dərəcədə
artması və inkişafının təmini ilə
bağlı çalışmalar üzərinə Nadir
Əzhərinin yazdığı fikirlər tam bir gerçəkdir:
"İndiki vaxtda, gözəl bir kitabçı
dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi
kitabı tapa bilər. Şəkilli, rəsmsiz
macəra romanları, pəri nağılları və əfsanələr,
fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə
əlaqədar kitablar, şeirlər, qısaca, yer
üzündə var olan hər şeylə əlaqədar
düzinlərlə kitab rəfləri doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə
görə çox artdı". Kitab
satın almağa gücü çatmayan uşaqlar
üçün Xalq kitabxanalarının uşaq kitabları
hissəsindən davamlı olaraq borc kitab alına bilər.
Bir çox məktəbin də öz xüsusi
kitabxanası vardır. İndiki vaxtda
uşaq kitablarının həm təlimçi, həm də
əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik
uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. XVIII əsrin əvvəlində yaşamış
bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş
olduğu kitabların azlığına və bunların
yalnız bir neçəsinin uşaqlar üçün
yazılmış olmasına şaşardınız.
Bundan 150 il əvvəlinə qədər
kitab deyilincə, uşaqların ağlına, başdan sona
yaxşı davranış qaydaları ilə dolu dərs
kitabları gəlirdi. Təlimçi kitabların yanında
uşaqlar üçün maraqlı, əyləndirici kitablar
yazılmağa başlanalı çox olmadı..."
Xosrov Barışanın uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı "Gözəl quşum" kitabından "Ulduz" adlı şeiri fikirlərimə söykək ola bilər. Səma cismi ulduzla bu adı daşıyan qızın mükaliməsi əsasında yaranan şeirdə Xosrov çox maraqlı bədii müqayisə yaradıb. Ulduz adlı qızcığaz səmadan ona baxıb göz vuran, yanıb sönən, dağın başındaymış kimi görünən ulduzu nərdivanla dağa çıxıb dərmək və anasına hədiyyə vermək istəyir. Kiçikyaşlı oxucular bu istəyin mümkünlüyünə inanır, onların bapbalaca ürəyindən bu arzu keçir:
Çıxsam əyər dağa mən;
Əlim çatarmı sənə?!
Nərdivan qoyub dağa,
Mən səni dərəcəyəm.
Anama sonra səni
Hədiyyə verəcəyəm.
Beləliklə, bir cəhəti vurğulamaq gərəkir ki, uşaqlar üçün nəzərdə tutulan bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərə alınmalı, süjet xətti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövq və dünyagörüşlərinin inkişafına kömək etsin.
Esmira FUAD
525-ci qəzet.- 2022.- 20 dekabr.- S.15.