Qazi şairlər: ruhumuzun
yaylım atəşləri
Haqqında danışacağım bu
şeirlərin çoxu
səngərlərdə yazılıb. Bu şeirləri yazanlar (qazilər) hələ də səngərdədirlər.
Və necə ki, Vətən
var, torpaq var, bayraq var,
həmişə də
səngərdə olacaqlar.
Bu qazi şairlərin
çoxu cəbhəyə
əsgər kimi gedib, şair kimi qayıdıblar. Ancaq onlardan biri, kifayət qədər imzası tanınmış
və istedadı yüksək qiymətləndirilmiş
Emin Piri Qarabağ
müharibəsinə şair
kimi gedib qazi kimi qayıtdı.
Həm də yol boyu gedə-gedə
və gələ-gələ
dediyi (yazdığı)
şahanə misralarla
- "Formamda şair qardaşlarımın qanı,
gözlərimdə 44 günlük
gecənin yuxusuzluğu"yla
birgə!
Qələmləri güllə gilizləri olub, bu qazilərin. Və qələmlərini öz
qanlarına batırıb
yazıblar bu şeirləri onlar!
Varaqları olmadığı üçün
ürəklərinə, yaddaşlarına
yazıblar. Sonradan vaxt tapıb "köçürə" biliblər,
biz də xəbər
tutaq, oxuyaq, bilək deyə!
Və bu şeirləri oxumaq imkanı yaratdığı üçün
"Azərbaycan" jurnalının
baş redaktoru İntiqam Qasımzadəyə
və jurnalın əməkdaşlarına təşəkkürlər!
Mən bu qazilərlə (və şairlərlə) ilk dəfə
bu ilin yayında
Şuşada Vaqif Poeziya Günlərində
rastlaşmışam. Sonra
"Mədəniyyət" kanalında onların
yaradıcılığına həsr edilmiş verilişə mən də baxmışam.
Üçüncü görüşümüz, dediyim
kimi, "Azərbaycan"
jurnalının 2022-ci ilə
aid 11-ci sayında baş
tutdu. Bu görüşdən
sonra bu qazi şairlərin yaradıcılığı haqda
təsəvvürüm yetərincə
genişləndi. Bu şeirlərdən aldığım
təəssüratımı geniş oxucu auditoriyası ilə bölüşmək istədim.
Bunu özümə mənəvi borc bildim, susa
bilmədim. Onların
yazdıqları çox
təsirli, gözəl
və orijinal şeirlər açdı
dilimi...
lll
Belə deyirlər ki, əsl şair olmaq üçün gərək anadan şair doğulasan. Mənə
elə gəlir ki, elə qazi olmaq üçün də anadan şəhid yaxud qazi olmaq
üçün doğulmaq
gərəkmiş! Qazi olanda
da şair- qazi, şair olanda da qazi-
şair olmaq gərəkmiş.
Özü də şeir yazmaq yox, şeir
yaratmaq lazımmış. Bax, belə:
Allah üstümüzdən çəkməsə
əlin,
Birgə
yandırarıq zəfər
məşəlin!
Hamının qorxduğu zalım
əcəlin
Boyu boyumuzdan bəstədir, qızım! Həsən Kür adlı
qazinin (gənc şairin!) bu misralarını oxuyuram və özümdən asılı olmadan ayağa dururam, "Azərbaycan əsgərinə
(şəhidinə, qazisinə,
şairinə) eşq
olsun!" deyirəm.
Və hesab edirəm ki, jurnalın bu sayında dərc olunmuş qazi şeirlərinin hər birini oxuduqca ayağa durmaq lazımdır. Şəhid önündə ayaq üstə dururmuş kimi!
Qazi önündə ayaq üstə dururmuş kimi! Şair önündə ayağa qalxırmış kimi!
Vətən müharibəsi qazilərinin
şeirləri olsa da, əslində bu şeirlərin bircə müəllifi var: Qazi! Bu şeirlər
qazi-şairin, şair-qazinin
şeirləridir!
lll
Etiraf etməyə dəyər:
Vallah, bu qazilərin bir çoxu biz şairlərdən
daha gözəl yazırlar Vətən
müharibəsi haqqında
şeirləri… Qalib əsgər
və zabitlərimizin
ağrı-acılarını bizdən daha inandırıcı şəkildə
ifadə edə bilirlər.
Biri (Eyvaz Əyyub) yazır: "Salam Vətən,
biz gəldik". Hesab edirəm
bu həm də həm qazinin, əm də şairin kimi gəldim Vətən deməkdir.
Biri (Səbuhi Qurbanov) yazır ki:
Üç rəngli bayrağı
sanc köksümə,
övlad,
Fərz eylə, ağır xəstəyə imdad eyləyirsən.
Necə ayağa qalxmayasan, necə deməyəsən
ki. Əhsən, qazi
əsgərim, əsgər
şairim, sənə!
Başqa
birisinin (Oğuz Alparslanın) şeirini isə sanki oxumursan, elə şeiri (yox, belə şeiri!) özün yazırsan və deyirsən:
Qurban bu can hər
daşına,
Hər zərrənə, qarışına!
Bir gün ölsəm, başdaşıma
Yazılsın tarix daşıma:
"Canım qurban,
Azərbaycan!"
Bu misraları oxuyarkən
yadıma Şuşanın
uçmuş binalarının
divarlarına döyüşçülərimizin
yazdığı "Veni,
Vidi, Vici" sözləri düşdü.
Roma sərkərdəsi və hökmdarı Yuli Sezar bu
fikri Qalliyanı alanda demişdi. "Gəldim, gördüm, qalib oldum".
Şəhid və qazilərimiz sən demə, təkcə döyüşçü,
şair deyilmişlər,
həm də tarixçiymişlər, tarixi
yaxşı bilirmişlər. Ermənilərə
belə dağ çəkərlər - qıjıt verərlər,
bax!
Xatirimdədir, Vaqifin bərpa olunmuş Məqbərəsinin
qarşısında Vaqif
Poeziya günlərində
mən də iştirak edirdim. Cıdır düzündə
seyrə çıxmışdıq.
Birdən şair dostlarıma dedim ki, deyirlər, Vaqifi və oğlunu "Xəzinə
qayası"ndan atıb
öldürüblər, yalandı,
məncə, bu! Təəccüblə
mənə dikilmiş
baxışlara baxa-baxa
bədahətən dedim:
Nədən ötrü ağlayam,
Gərək coşam, çağlayam.
Mən Vaqifin oğluyam,
Ölməmişəm, burdayam!
Əlavə etdim ki, əslində çoxumuz Vaqifin nəvəsi,nəticəsi, oğlu
deyilikmi?!
Qazi Səbuhi
Qurbanovun daha bir şeirini oxuyuram və düşünürəm. Bu qazi də elə
Vaqifin oğlu (nəvəsi, yaxud nəticəsi) deyilmi?
Yoxsa belə yaza bilərdimi:
Verib sənə söz, gəlmişik,
Polad, Mübariz
gəlmişik.
Qarabağım, biz gəlmişik,
Salam verir daşım, dağım,
Gözün aydın, Qarabağım!
Gözü qanlı qurdu gördüm,
Dəmir yumruq ordu gördüm.
Xalq ayağa durdu, gördüm,
Cəngi
eşitdi qulağım,
Gözün aydın, Qarabağım!
Bəli,
gözün aydın olsun, Qarabağ! Gözün aydın, Şuşa! Sən azadsan! Azadsan, ona görə ki, Vaqifin oğlu
da, xalqımızın
igid oğulları da sənin dadına
yetdi, vaxtında hayına-harayına gəldi.
Ayın
üçündə gəldi,
Bayraq içində
gəldi.
(Elvin İntiqamoğlu)
Gəldi,
nə gəldi! Qazi şair Nicat Ağayev kimi yalnız " Mən də Vaqifin oğluyam" deməyə
yox, "Mən Vətənəm" deməyə
gəldi. Və dedi:
Adım
bəlli, soyum bəlli, köküm bəlli,
Bir gün gedib Göyçə göldə
Qarmağımı atacağam,
Orda balıq tutacağam,
Bişirəcəm Ərdəbildə.
Mən Vətənəm!
Qapınızı döydüyümdə
Düşünmədən açın, mənəm.
Zəncan,
Xoyam, Borçalıyam,
Şuşa mənəm, Laçın
mənəm!
Nicat düz deyir. İndi Vətənimizin
hər yeri Şuşadı,
Laçındı, Xoydu,
Zəncandı, Göyçədi,
Beyləqandı, Sənsən,
Mənəm, Odur! Qururlanmağa haqqımız
var. Çünki Azərbaycan
Prezidenti, Müzəffər
Sərkərdəmiz İlham
Əliyev dedi: "Biz
artıq qalib xalqıq! Bu yerlərdə
əbədi yaşayacağıq!"
Qazi şair Cavid Əlioğlu da məhz bunu demək istəyir:
Olma bundan narahat ki, silahın qaldı yetim,
Bura bir yerdi ki, burda
nə ölüm var, nə itim.
Ayrılıq məktubunu, yoxdu
savadım, oxuyam,
Dəfələrlə qoyulub nöqtəsi düz, vergülü səhv...
Haqqımız var ölümü
də ölüm saymamağa! Və daha bir qazi
yazarımız Orxan Səmədov kimi deməyə:
Şamaxıdan çıxdıq yola,
Baxmadıq heç sağa, sola.
Ermənidə niyə qalsın
Torpaq bizim ola-ola!
44 günlük Vətən müharibəsinə dönüb nəzər salanda Allaha şükürlər oxuyur,
başqa bir qazi şair Eyvaz Əyyubun diliylə deyirik: Zəfərin mübarək,
Vətən, ən gözəl guşələrindən
olan Ağdam, Cəbrayıl, Qubadlı,
Zəngilan, Kəlbəcər,
Laçın, Şuşayla
birlikdə!
Bizim dönüşümüz təsadüfi deyildi.
Səni yazda tərk edib,
Qayıdıb payızda gəldik.
Bir daha deyirəm, biz işğaldan azad etdiyimiz Qarabağ torpaqlarına Vətənin oğlu kimi gəldik. Vaqifin oğlu kimi gəldik. Yurdun əsl sahibi kimi gəldik. Bir-birimizin əzizi, doğması kimi gəldik!
Haqqında söhbət açdığım qazi şairlərin hər birinə ayrı-ayrılıqda üz tutub deyirəm: Eşq olsun hər birinizə! Halal olsun hamınıza!
Həm əsl Vətən övladı, Vətən əsgəri olduğunuz üçün, həm də belə gözəl, mənalı, məzmunlu şeirlər yazdığınıza görə! Özünüzlə qürur duyurduq. Sözünüzlə də qürur duyuruq! O sözlə, o şeirlərlə ki, nəinki səngər qoxuludur, həmçinin döyüşümüzə, qələbəmizə yaraşan şeirlərdir, böyük qələbəmizin, böyük ruhumuzun yaylım atəşləridir!
P.S Qazi, ərəbcə, din uğrunda savaşan, düşmənə həmlə edən, islam düşməni ilə döyüşən müsəlman deməkdir.
"Azərbaycan" jurnalının 2022-ci ilin noyabrına aid 11-ci
sayında Vətən müharibəsi
döyüşçülərinin şeirlərini oxuduqdan sonra mənə elə
gəldi ki, qazi həm
də şair deməkmiş!
Barat
VÜSAL
525-ci qəzet.- 2022.- 20 dekabr.- S.13.