Gizli imzanın aşkar
tərəfləri...
Bir müddət
idi ki, "M.Sadiq" imzasıyla çap olunan satirik şeirlər cəlilabadlıların diqqətini
çəkirdi. Çoxları bu imza altında kimin şeir yazdığını
bilmirdi. "Sadiq" təxəllüslü
Əzimov Mirhəbib Əzim oğlu 1954-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub, sonralar Cəlilabad şəhərinə
köçüb və
burada yaşayır.
Müxtəlif vəzifələrdə çalışdığına görə müəyyən
dövrlərdə cəmiyyətdəki
eybəcərliklərə etiraz edən şeirlərini aşkarlamamışdı.
Bu mənada Mirhəbib
Əzimovu başa düşmək mümkündür.
Bölgədə kəskin söz
demək o qədər
də asan deyil.
Satira Azərbaycan
ədəbiyyatında XIX yüzillikdən
başlayaraq bir janr kimi inkişaf
edib, XX yüzillikdə
Sabirin timsalında özünün ən yüksək zirvəsinə
yüksəlib. Sabirdən sonra satirada
uğur qazanmaq üçün bu janrı təkcə zamanın tələb etməsi azdır, fərdin müstəsna istedadı da gərəkir. Rüfət Əhmədzadənin
satiraları sovet dönəminin "antipodlarına"
qarşı mübarizədə
əvəzedilməz təsir
bağışlayırdı. Müstəqilliyimizin ilkin illəri
Baba Pünhanın şeirləri
ilə yadda qaldı.
Satira elə bir janrdır
ki, burada improvizasiya, novatorluq nümayiş etdirmək yalnız və yalnız tematik ola bilər.
Şübhəsiz, sərbəst vəzndə
yazılmış satira
əruzda və hecada yazılmış şeirin yerini verməyəcək. Buna görə də satiraya müraciət edib uğur qazanmaq çətindir.
Mirhəbib Sadiq də dərin yerlərdə üzməyi
xoşlayan dalğıclar
kimi bu çətinliyə
baş vurur və insafla desəm, uğur da qazana bilir:
Cümləsinin sözü ədəbdən
kənar,
Qiyafəmiz min cürə dəbdən
kənar,
Söz düzürük hər biri təbdən kənar,
Bilməyirik hansı səbəbdən
kənar,
Qaldı gözəl çal-çağırından
cahan?!
Əl-aman Allah, aman Allah, aman!
Bilməyirik indi günah kimdədi,
Səndə olan, söylə,
sabah kimdədi?
Var ümid aşkara pənah kimdədi,
Dərdimizin, eylə agah, kimdədi
Məlhəmi, şəfası, ya Sahib Zaman?
Əl-aman Allah, aman Allah, aman!
Keçmişə təzədən tarix yazanları, eşqi-məhəbbəti
əndazədən çıxanları
satira atəşinə
tutan, namusu, qeyrəti pula satanları,
halalı-haramı bir-birinə
qatanları sözün
gücüylə islah
edən Mirhəbib Sadiq janrın tələblərinə uyğun
yazır. Adətən, müəllifin mətbuatda
çap edilən ilk şeirlərini yeni səs, yeni nəfəs adlandırırlar.
Mirhəbib Sadiq ədəbiyyat
haqqında bilgisi ilə də oxucularını təəccübləndirir.
Klassik ədəbiyyatı,
xüsusən Nəsimi
yaradıcılığını yaxşı bildiyindən gözəl qəzəllər,
qəsidələr yazır:
Dərkə idrakımızın sanma ki,
imkanı yetər,
Hər nə idrakə yetər,
imkan onun imkanıdır...
Hər nə etsə, razı qalmaz
çox fəzilət
sahibi,
Eyləyər haqqa ibadət,
şükr onun imanıdır,
Şairin narahatlığına səbəb
olanlar "simuzərlər
içində nəfsini
dustaq edənlər və bəsirət gözləri haqqı görməyənlər"dir.
Onun Kərbəla
vaqiəsinə öz
baxışları vardır. Klassik ədəbiyyatda,
xüsusən Füzuli,
Qumru və Racidə tez-tez təkrarlanan fikirlər Mirhəbib Sadiqin təqdimatında da öz ifadəsini tapıb.
Mirhəbib Sadiq çağdaş ədəbi prosesi müntəzəm izləyir,
ən başlıcası,
Cəlilabad yazarlarını
yaxşı tanıyır,
həmyerlilərinin qələmindən
çıxanları həvəslə
oxuyur. Satirik yazıçı və şairlərin yaradıcılığına marağının
güclü olması
onun özünün satirik olmasından irəli gəlir. Ədəbi məclislərə gedir, kitab təqdimatlarında olur, öz fikrini
söyləyir, hətta
gənclərə məsləhətlər
də verir. Bu görüşlərdə bölgə yazarlarının
şeir və hekayələrinə tənqidi
münasibət göstərməsi
ədəbi müzakirələrə
meylinin olması ilə bağlıdır.
Bəlkə də buna görə Mirhəbib Sadiqin ədəbi prosesə münasibəti fərqlidir,
fikirləri sərt olsa da, maraqlıdır:
"Son dövrdə təbiətimiz
kimi ədəbiyyat aləmi də o qədər lüzumsuz yazılarla zibillənmiş
ki, oxuyanda adam müəllifin
yerinə xəcalət
çəkir. Kimin bir az imkanı var, hərarəti qalxır, kitab yazmaq eşqinə
düşür. Birinci
misrası ilə ikinci misrası həcminə və mənasına görə
uyğun gəlməyən
qəzəl yazan kim, divan ədəbiyyatından
bixəbər "Divan" yazan kim!..
Bu kitablara elə
şəxslər ön
söz yazır və kitab müəlliflərinə
elə təriflər
vurulur ki, daha dahi Nizamiyə,
Füzuliyə tərif
qalmır. İnanıram ki, həmin şəxsiyyətlərin o yazılardan
xəbəri yoxdur.
Yaxşı ki, bu üzdəniraq kitablar həmin dırnaqarası şairlərin yaşadıqları
məntəqələrdən kənara çıxa bilmir".
Təəssüf ki, poeziyaya yüksək
tələbkarlıqla yanaşan
belə bir dəyərli satirikin indəyədək bircə
poetik toplusu çap olunub. "Əhli irfan dərk edər" şeirlər toplusu Mirhəbib Sadiqin nəşr
olunan ilk
kitabıdır. Onun gənclik illərində
yazdığı yazılar bu kitaba əlavə edilməyib. Öz
yaradıcılığına tənqidi yanaşmağı bacaran şair bu poetik toplusunun
oxucuların rəğbətini qazanacağına inanır.
Bilal
ALARLI HÜSEYNOV
ADPU
Cəlilabad filialının müəllimi, filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 20 dekabr.- S.12.