Güney Azərbaycanda
uşaq ədəbiyyatı: çağdaş ədəbi
prosesin önəmli qolu
4-cü yazı
Ana təbiətin flora və faunası, ilin fəsilləri
Güney şairlərinin yaradıcılığında,
çağdaş dövr uşaq ədəbiyyatında əsas
mövzulardan biridir. Həbib Fərşbaf, İsmayıl Əfxəmi, Ramin
Cahangirzadə, Xosrov Barışan və Bəhram Əsədi
ilin dörd fəslinin özəlliklərini vəsf etdikləri
silsilə şeirlərini uşaqların anlaya biləcəyi
sadə türkcədə qələmə almışlar. İsmayıl Əfxəminin "Yaz",
"Yay", "Payız", "Qış" adlı
şeirləri bu baxımdan özəlliklə diqqətəlayiqdir.
İstedadlı yazar Əziz Səlami
"Uçanlar" silsiləsindən yazdığı
şeirlərlə balaca oxuculara, eyni zamanda, böyüklərə
quşların, təbiətin möcüzəli aləminin
sirli dünyasının qapısını açır. Şair
kiçik və böyükyaşlı oxucularını
müxtəlif quşların özəlliklərini nəzmə
çəkməklə həmin o hasarsız, divarsız
sonsuzluğun içində nəfəs ala bilməyin
mümkün olduğu dünyaya aparır və onlara o
zövqü yaşadır.
"Uşaqların dərk gücü
sandığımızdan daha yüksək dərəcədədir. Bunu anlamaq
üçün, onların hərdənbir böyüklərə
hazırcavablıq etməsinə fikir versək, yetər.
Körpələrin beyni ağ
kağıza, tarlaya, özləri isə fidana bənzəyirlər.
Onların çox həssas ruhları var.
Gözləmədiyimiz şeylərdən və çevrələrindəki
bütün olaylardan etkilənə bilərlər. Bütün bunlara görə, uşaq ədəbiyyatı
sahəsində çalışmaq, çoxlarının
düşüncəsinin əksinə olaraq, heç də
asan deyil. Hətta ən çətin və dəqiqlik
istəyən ədəbiyyat alanı əslində, uşaq ədəbiyyatı
meydanıdır... Əsərlərdə uşağın
beyninə sevgi, soruşqanlıq, yoldaşlıq, ümid, fədakarlıq,
düzlük, heyvan, bitki və çevrəsevərlik,
başqalarına yardım etmək, təmizlik, nəzm və
zəifin əlindən tutmaq kimi insani dəyərlər,
dolayısı ilə aşılanmalıdır; məncə,
bu qavramları birbaşa reklam etməkdən cavab
alınmaz" - Rəsul Qədiri belə
düşünür.
Azəryar Danişvərsə uşaqları onlar
üçün qurduğu şeir dünyasında nəinki
heyvanlar və quşlar, bitkilər aləminə aparmaqla kifayətlənir,
hətta onları şəhər nəğmələrinin
qanadları üstünə də ala bilir. "Təbriz bazarı"
şeirində Təbriz şəhərinin ən böyük
xiyabanında yerləşən böyük taxta
qapıları olan qədim örtülü bazarını gəzdirdiyi
kimi:
Çox
böyükdür bizim bazar,
Kitabların
çoxu yazar:
- Böylə
böyük bazar indi
Dünyada
bir Təbrizindi!
Uşaq ədəbiyyatı örnəklərinin
çapı və oxuculara çatdırılması
işində "Urmu Turuz" saytı böyük rol oynayır. Bu sahədə
yaradılmış çox sayda qiymətli əsərlər
məhz həmin saytda yayımlanaraq balacaların mühakiməsinə
verilib.
Son
çağlarda uşaqlar üçün maraqlı, əyləndirici
kitablar yazan şair və yazıçılar sırasında
Ramin Cahangirzadə, Məsumə Əjdəri, Əkbər Azad,
Məhəmməd Abidinpur, Fatimə Mir Həsənpur, Rəsul
Qədiri, Əli Daşqın, Aqşin Ağkəmərli,
Süsən Nəvadeye Rəzi, Murtuza Məcidfər, Həbib
Fərşbaf, Fəridə Dadxah, Zöhrə Vəfayi və
başqalarının çap məhsulları maraqla
qarşılanıb. Bu müəlliflər
arasında uşaqlar üçün təkcə şeir
deyil, həm də düz yazı-nəsr nümunələri,
bir-birindən maraqlı öykülər yazanlar da vardır.
Əli Daşqın "Kənd gəlini",
"Sarışın", "Çəkmə
yarası", "Bayraq kölgəsi", Aqşin Ağkəmərli
"Dondurmaçı", "Quru göl", Səhər
Xiyavi "İki yalqız ayı balası, Rübabə
Quluzadə "Dairə", "Cüccüldəyən
qarğa balası", Vida Həşməti "Ucuz olmayan
dadlı özgürlük", "Kiçik Yasəmənin
böyük sevinci" və digər öykülər
kiçikyaşlı oxucuların diqqət mərkəzində
öz yerini tutub. Uşaq ədəbiyyatı örnəklərinin
yayını və yayımı sahəsində vaxtilə
"Dədə Qorqud" və "Birlik" dərgilərinin
gördüyü gərəkli işi Süsən Nəvadeye
Rəzi və "Sancaq" dərgisinin ayrıca
"Muncuq" əlavəsinin yaradıcı kollektivi bu
gün Güneydə ən layiqli şəkildə davam
etdirir. "Kəpənək" dərgisinin fəaliyyəti
də ürəkaçandır.
Maraqlı cəhət budur ki, məktəb müəllimi
işləyən yazar Məhəmməd Abidinpur çox
ilginc və yeni-yeni uşaq ədəbiyyatı örnəklərinin
yaranması üçün maraqlı bir eksperiment həyata
keçirmişdi. Gənc pedaqoq şagirdlərin bədii təfəkkür
gücünü yoxlamaq, eyni zamanda da inkişaf etdirmək
üçün onlara görüb müşahidə etdiklərini
qələmə almağı tövsiyə etmişdi.
Eksperimentin sonucunda isə o, uşaq ədəbiyyatı
dünyasına Sədra Əhmədi (13 yaşında, Mərənd),
Məhəmmədrza Təvəkülipur (13 yaşında, Mərənd),
Sədra Əhmədi (13 yaşında, Mərənd), Aytək
Arvini, Dəniz Əmani, Araz Əmani (11 yaşında), Əmirrza
Purxəlil (13 yaşında, Mərənd), Məhəmməd
Rismani (11 yaşında, Mərənd), Məhəmmədmoin Rəcəbi
Kəndələci (14 yaşında, Mərənd), Əmirrza
Purhəsən (13 yaşında, Mərənddən), Ümid
Abdullahzadə (11 yaşında, Mərənd) kimi
kiçikyaşlı yeni müəlliflər
qazandırdı. Eksperimenti gerçəkləşdirən gənc
müəllimin bununla bağlı ilk addımı necə
atması ilə bağlı düşüncələri digər
öyrətmən və öyrəncilər üçün
də maraqlı olduğu qənaətindəyəm:
"Dörd yaş yarımda olan Sonay çəkdiyi rəsmi
mənə görsədib belə dedi: "Ata! Az
qaldım pis adam çəkəm!" Pis adamdan təkcə
iki barmağını çəkmişdi mənim
dınqılı Sonayım! Sonayın sözündən
fikrimdə bu soru yarandı: - Uşaqların
baxışında pis adam necə olur? Və ya uşaqlara görə pis necə bir
şeydir? Mən bu fikri bir projə sürəcində
işləmək üçün 5 yaşdan 14 yaşadək
uşaqların sorağına gedərək onlardan istədim:
Pisi və ya pis adamı mənə çəksinlər və
ya onlara görə bir inşa və öykü yazsınlar. Sonuc məncə ilginc idi. Bunların
bir neçəsini sizinlə paylaşıram; ardıcıl
olaraq yenə də paylaşacağam. Məhəmməd
Abedinpur..." Eksperimentə Mərənd şəhərindən
qatılan 13 yaşlı Əmirrza Purxəlilin
öyküsündə "pis adam"
anlayışına çox məntiqli yanaşma, həm də
sonucavarma özünü göstərir: "Yaxşı
dostum Əmirrza! Səni düzgün alqışlayıb
afərin demək istəyirəm; çünki pisi görsətməkdə
başarılısan. Qorxunc filmlərə
meydan oxuyaraq nəfəs daldıran, bağrımı
çatladan təsvirlərlə məni oturduğum yerdə
qurudaraq addım-addım qorxu ilə dəhşətin lap
içinə atmağı başarmısan. Oysa
yazıvın tənzi sonunda idi; onda ki, bildim o
bağrımı yaran yaratıq öz batinimdir!
Bizi əxlaqsız və insandışı işlərin
görülməsinə yönləndirən biz insanların
pis və qorxunc batinlərimizdir. Belə bir batinlə çox rahat,
çəkinmədən acımasızcasına
uşaqları incidib əziyyət edərək, onların
göz yaşlarına baxmadan gəlinciklərini,
qolçaqlarını paramparça edirik! Və... bəllidir ki, həm kitab oxuyursan, həm də
təxəyyül və yazmağa marağın var. Sənə
verilən azacıq fürsətdə yaxşı bir dənəmə
yazmısan. Bunların hamısının yanında
"Muncuq" üçün dəyərli və önəmli
olan budur ki, həm sən, həm isə Məhəmmədlə
Ümidin yazdığı, habelə Şayanın nəqqaşisi
yalnız və yalnız özünüzə aiddir. Onlar öz zehnizin meyvəsi, barıdır. Müncüq üçün bu, çox gözəldir".
Körpə
fidanların hərtərəfli böyüyüb yetişmələri
üçün bədii ədəbiyyatın nə qədər
önəmli olduğunu gözəl anlayan uşaq yazarı
onların anlayacağı bir dildə dram əsərləri-pyeslər
də qələmə alıb və iki pyesi - "Torpaqdan bitən
gülüş" (Ərdəbil-2018) və "Elay durur
ayağa" (Ərdəbil-2018) artıq çapdan
çıxıb. Son çağlarda istər Quzey Azərbaycanda,
istərsə də Güneydə uşaqlar üçün
dram əsərlərinin, demək olar ki,
yazılmadığı, uşaq dramaturgiyasında
durğunluğun hökm sürdüyü bir dönəmdə
bir müəllifin üç pyesinin səhnələşdirilərək
teatr salonlarında nümayiş olunması böyük hadisədir.
"Torpaqdan bitən gülüş" (Ərdəbil-2017),
"Elay durur ayağa" (Ərdəbil-2017) və
"Pinti" (Ərdəbil-2019) pyeslərinin kiçik qəhrəmanlarının
sərgüzəştlərini səhnədən tamaşa edən
kiçikyaşlı tamaşaçıların duyduğu
sevinc hissini təsəvvür etmək çətin deyil.
Çağdaş dövrdə istedadlı şair və
tərcüməçi Nigar Xiyavinin çevrəsində
oxuduğum ən mükəmməl dram əsəri
ünlü yazar Qulamhüseyn Səidinin "Dünyanın ən
yaxşı atası"dır. Aqşin Ağkəmərlinin
ata mövzusunda yazılmış "Dondurmaçı"
hekayəsi də səhnələşdirilərsə, maraq
doğuracağını əminliklə deyə bilərəm.
Uşaq dünyasının öz həqiqətləri,
gerçəklikləri var. Qar kimi tərtəmiz olan bu
dünyada ölümə, pisliyə, xəbisliyə yer yoxdu,
həyat eşqi, yaşama sevgi hissləri bulaq təkin
çağlayır. Uşaqlar həmişə əbədi
yaşayacaqlarını düşünür,
ölümü yaxına buraxmırlar. Hətta
öz doğmalarının nə vaxtsa öləcəyi,
dünyanı və onları tərk edəcəyi
düşüncəsi belə, uşaqlar üçün
yaşamın ən böyük faciəsidir. Güneyin
ünlü yazarı Rəsul Qədirinin bu məsələ
ilə ilgili fikirləri bu məqamda yerinə düşür:
"Bəlli bir yaşa qədər uşağa ümidsizlik
aşılamasın deyə, ölüm kimi gerçəklərdən
söz açılmasa, daha yaxşıdır. Amma yeniyetmələrə
yazılanlarda, o gerçəyi yumşaq şəkildə
açmaq və arasız, ölməzlik və başqa şəkildə
həyatı davam etdirə bilməyin aşılanmağı
faydalı ola bilər. Yazılar
uşaqları çalışqan, aktiv və topluma
faydalı biri olmağa yönəltməlidir..."
İncələdiyimiz uşaq ədəbiyyatı
örnəklərindən də bu tendensiyanı izlədik. Ona görə
də uşaq yazarları diqqətli olmalı,
azyaşlıların qarşısında ikiqat məsuliyyət
daşımalı, doğal düşünməli, içdən
gələn səmimiyyətlə onlar üçün
yeni-yeni əsərlər qələmə almalıdırlar.
"Biz uşaqların qarşısında
özümüzü çəkməməliyik, biz onlardan
daha kötüyük. Onlar bizə
çox şeyi öyrədirlər və... sadəcə bir
ünsiyyətlə bizə yaxşı təsir edirlər.
Aramızda olmaqla ruhumuzu insaniləşdirirlər.
Ona görə də onların mələkliyinə, məsumluğuna,
hətta ən qüsurlu vərdişinə, məsuliyyətsizliyinə
və mütəəssir edən müdafiəsizliyinə
hörmət etməliyik..."
Ən nəhayət, uşaq ədəbiyyatı sahəsində
ən önəmli məsələlərdən biri dil məsələsidir. Uşaqlar
üçün yazarkən özünü onların yerində
qoymaq, uşaq olmaq, onların dili ilə danışmaq gərəkir;
çünki böyüklərin dili ilə uşaqla ilgi
qurmaq mümkün deyil və belə olarsa, uğursuz bir əsər
meydana gələr. Doğadakı bitkilərin
və heyvanların dili ilə müəllif düşüncələrinini
yansıdan sözləri uşaqlara çatdıra bilər;
uşaqlar bunu sevərlər və gərəkən sonucu həmin
yazılardan, əsərlərdən ala bilərlər.
Yaşamı gözəlləşdirdiklərinə,
dünyanı yaxşılığa doğru dəyişdirdiklərinə,
insan ruhunu paklaşdırdıqlarına görə uşaqlar
daha çox sevgini, dəyəri və bütün bu dəyərləri
içərisinə alan ədəbiyyatı haqq edirlər.
Esmira FUAD
525-ci qəzet.-
2022.- 21 dekabr.- S.12.