"Sən tək deyilsən"

ZORAKILIĞA MƏRUZ QALMIŞ UŞAQLAR ÜÇÜN SIĞINACAQ EVİ TİKİNTİSİNİN LAYİHƏSİ TƏQDİM OLUNDU

 

"Gazelli Art House" incəsənət qalereyasında zorakılığa məruz qalmış uşaqlar üçün sığınacaq evi tikintisinin layihəsinin və qısametrajlı "Sən tək deyilsən" filminin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan "Əhməd Ağaoğlu Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri Nigar Axundova layihənin məqsəd və hədəflərindən danışaraq bu layihə ilə Türkiyənin və türk dünyasının ilk qadın vəkili, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun qızı, Türkiyədə Kimsəsiz Çocuqlar Evi yaratmış Sürəyyə xanım Ağaoğlunun ideyalarını Azərbaycanda həyata keçirməyə çalışdıqlarını bildirib. Nigar Axundova bu məqsədlə zorakılığa məruz qalmış uşaqlar üçün sığınacaq evinin tikilməsi ilə bağlı layihəyə start verdiklərini qeyd edib.

Sonra zorakılığa məruz qalmış uşaqlar üçün sığınacaq evinin tikintisinin layihəsi təqdim olunub, sığınacaq evinin Sürəyya xanım Ağaoğlunun adını daşıyacağı vurğulanıb.

Tədbirdə zorakılıq qurbanı olmuş Cəmalə adlı qızcığazın həyatından bəhs edən "Sən tək deyilsən" qısametrajlı filmi nümayiş etdirilib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Sən tək deyilsən" filmi haqqında danışıb, filmin dünyasını dəyişən balaca Cəmalənin həyatına həsr olunduğunu qeyd edib. Zorakılığa məruz qalmış uşaqlar üçün sığınacaq evinin tikintisinin layihəsinə toxunan K.Ağazadə bu gün belə sığınacaqlara böyük ehtiyac olduğunu vurğulayıb.

Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihənin əhəmiyyətindən danışaraq görülən bu işlərin, göstərilən bu fədakarlığın böyük hörmətə layiq olduğunu bildirib: "Mənim Nigar xanım Axundovanın öz şəcərəsi ilə bağlı gördüyü işlər barədə məlumatım var. Əhməd bəy Ağaoğlunun Şuşada olan evinin tapılması, onun muzeyə çevrilməsi istiqamətində gördüyü işlərdən də xəbərdaram. Hamımız arzulayırıq ki, azad Şuşamızda Azərbaycan düşüncə tarixinin nəhəng simalarından olan Əhməd bəy Ağaoğlunun evi bərpa edilsin.

Sürəyya xanım Ağaoğlu, Nigar xanım Axundova, eləcə də Nigar xanımın ənənəyə sadiq qalan qızı Sara xanım Axundova nəsildən-nəslə keçən bu gözəl xüsusiyyətləri yaşadırlar. Mən bugünkü tədbiri yüksək qiymətləndirir və sevinirəm ki, bu layihənin reallaşması ilə türk dünyasının ilk qadın vəkili Sürəyya xanım Ağaoğlunun xatirəsi Azərbaycanda əbədiləşdiriləcək".

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, belə mərkəzlərin, sığınacaq evlərinin sayı çox olmalıdır: "Sığınacaq evlərinin özünəməxsus xüsusiyyətləri var. Ora qapalı olmalıdır. Amma Sürəyyə xanım Ağaoğlunun adını daşıyacaq sığınacaq uşaqların inkişafı ilə məşğul olan bir müəssisə kimi fəaliyyət göstərə bilər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova zorakılığa məruz qalan insanlara yardım etmək üçün sığınacaqlara böyük ehtiyac olduğunu vurğulayıb: "Bizi ən çox narahat edən məsələ zorakılığa məruz qalan insanların harasa yerləşdirilməsi, onların reabilitasiyasıdır. Bu istiqamətdə dövlət səviyyəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 regional sığınacağın tikintisinə razılıq verilib. İlk sığınacaq Cənub zonasında tikiləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müəyyən layihələri çərçivəsində 5 ailə mərkəzinin tikintisi gözlənilir. Artıq Ağdam rayonunda bu mərkəzlərdən birinin inşasına başlanılıb. Hesab edirəm ki, bu mərkəzlərin yaranması ölkəmizdə zorakılığın qarşısının alınmasına böyük töhfə verəcək".

Filmin ideya müəllifi, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu nəslinin nümayəndəsi Sara Axundova layihənin əhəmiyyətindən və məqsədlərindən danışıb.

Tədbir çıxışlarla davam etdirilib.

 

 

Aytac SAHƏD

525-ci qəzet.- 2022.- 22 dekabr.- S.11.