Şuşa səyyahların gözü ilə

 

6 dekabr 2022-ci ildə Azərbaycan Milli Konservatoriyasında (AMK) "Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı" mövzusunda konfrans-müsabiqə keçirilib. Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynovanın təşəbbüsü ilə keçirilən bu konfrans-müsabiqədə "Şuşa - yeni bir səhər", "XIX əsr Şuşa təsviri incəsənətinə verilən töhfələr", "Şuşa xanəndələri: Cabbar Qaryağdıoğlu", "Şuşa səyyahların gözü ilə", "Üzeyir Hacıbəyli ənənələrinin layiqli davamçısı Süleyman Ələsgərov", "Şuşa ədəbi mühiti: Molla Pənah Vaqif", "Şuşa dağlarının musiqili-poetik obrazı", "Xalq anası - Xurşidbanu Natəvan", "Azad Şuşanın mədəni həyatı" kimi mövzularda çıxışlar dinlənilib.  Gənc musiqişünas Zəhra Bədəlovanın həmin tədbirdəki maraqlı çıxışını azacıq ixtisarla oxuculara təqdim edirik.

Hər bir azərbaycanlının qəlbində Şuşa şəhərinin xüsusi yeri var. Elm-mədəniyyət mərkəzi, çoxsaylı tarixi-memarlıq abidələri ilə seçilən, tarixi mənbələrdə "alınmaz qala" adlandırılan bu şəhər daim diqqət mərkəzində olub. Məhz buna görə Qafqaza səyahət etmiş bir çox səyyah yolunu Şuşadan da salıb. Bu səyyahların yazıları Şuşa haqqında ətraflı məlumat almaq üçün faydalı tarixi mənbələrdir. Qarabağın ən gözəl guşəsi olan Şuşa, insanı məftun edən təbiəti, memarlığı, insanlarının nəcibliyi ilə səyyahların xatirələrində dərin iz buraxıb.

Belə səyyahlardan biri 1824-cü ildə ingilis ordusunun zabiti, Albemarl hersoqu Corc Keppel olmuşdu. O, Şuşada olarkən, bu şəhərin gözəlliyi, sakinləri onda böyük təəssürat oyatmış və Şuşa haqqında fikirlərini "Hindistandan İngiltərəyə səyahətin tarixçəsi" adlı kitabında qeyd etmişdi. Keppel yazır: "Şəhərdə iki min ev var, əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini isə ermənilər təşkil edir. Əhalinin böyük əksəriyyəti tatar (türk) dilində danışır, lakin ermənilər istisna olmaqla, sakinlər ümumiyyətlə farsca oxuyub yazır. Şuşanın, eləcə də bütün Qarabağ vilayətinin tatarları Məhəmmədilərin şiə məzhəbindəndirlər. İndiki şəhər səksən il əvvəl Tatar Şahzadəsi tərəfindən tikilmişdir: köhnə şəhərin qalıqları qarşı təpənin ətəyində görünür. Evlərin aşağı hissələri daşdan tikilmişdir. Şəhər qala divarı ilə əhatə olunub. Ticarət əsasən ermənilər tərəfindən həyata keçirilir".

1843-cü ildə Şuşada olmuş Baron Avqust Haxsthauzen Şuşa haqqında düşüncələrini "Zakavkazskiy kray" adlı kitabında qeyd edib. Səyyah burada İbrahimxəlil xanın nəvəsi Cəfərqulu xanın qonağı olmuş və burada Şərq və Avropa yaşayış qaydalarını gördükdə təəccüblənmişdi. O yazır ki, xanın evi xarici görünüşdən başqa, varlı tatar evlərindən heç də fərqlənmir. Lakin binanın daxili quruluşu, xüsusilə də böyük zalı Avropa qaydasında bəzədilir. Daha sonra yazır: "Döşündə çoxlu ordenlər olan Cəfər rus generalı mundirində idi... Cəfər ucaboylu, vüqarlı və son dərəcə yaraşıqlı, həm də qeyri-adi gücü olan pəhləvan cüssəli bir igid idi. Qonaqlar çay stolu ətrafında əyləşdilər. Bir az keçmiş şərqli qonaqları gəldilər. Onlar öz adətlərinə görə, yerə salınmış döşəkcələr üzərində əyləşib qəlyan çəkir, yalnız onlara sual ilə müraciət edəndə söhbətə qarışırdılar".

Səyyah xatirələrində, həmçinin, Şuşa əhalisinin yaşayışından, məşğuliyyətindən də bəhs edir. O qeyd edir ki, əhalinin əksər hissəsi yayda dağlara köç edir, payızda isə dağdan enirlər. Həmçinin, bu insanların kifayət qədər mal-qarasının və yaxşı cins atlarının olduğunu, bu insanların güzəranının yaxşı, özlərinin isə olduqca qonaqpərvər olduqlarını vurğulayır. Səyyah burada əhalinin bölündüyü təbəqələrdən, ödədiyi vergilərdən də bəhs edir.

O dövrdə fəaliyyət göstərən "Qafqaz" qəzetinin redaktoru, rus jurnalist İvan Slivitski 1857-ci ildə Şuşada olmuş və öz təəssüratlarını məktublarından birində bu cür yazmışdı: "Şuşada gözəl yerli xalçalara rast gəlmək olar. Mənim fikrimcə, bu xalçalar naxışlarına, rənglərinə, davamlılığına görə, fars xalçalarından heç də geri qalmır, hətta Xorasan xalçalarından daha da yaxşıdır. Onları, mənşəyi belə izah olunmadan satıldığı Tiflis karvansarayında görə bilərsiniz. Şuşanın əsl sərvəti bazarların zirzəmilərində, dükanlarında qıfıllanmayıb, Şuşa onu sənə pulsuz təklif edir, ruhunu dincəldir, yorğunluğu çıxardır; bu zənginlik onun mülayim, sərin iqliminin təmiz havasındadır. Orada nəfəs almaq necə də asan və xoşdur... Zaqafqaziya bölgəsində demək olar ki, Şuşada olduğu qədər xoş və sərin yayı olan şəhər yoxdur..."

Şuşaya səyahət etmiş rus səyyahı K.Nikitin 1873-cü ildə işıq üzü görən "Şuşa şəhəri və Şuşa qəzasının oçerki" ("Oçerk qoroda Şuşi i Şuşinskoqo uezda") adlı yazısında şəhərin yaranma tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarəti, məşhur Qarabağ atları haqqında ətraflı məlumat verir. Müəllif yazısında Şuşanı dumanlı Albiona bənzədir: "Yuxarı qalxan su buxarlarını saxlaya biləcək meşə ilə örtülü yamacları olmayan Şuşa dağının yüksəkliyi, qayalı və çaylarla suvarılmış, istilik, rütubət və daim buxarla müşəhidə olunan dərin dərələr - Şuşanı dumanlı Albiona bənzədən səbəblər məhz bunlardır..."

Oçerkdə Şuşanın yaranması haqqında da məlumat verib:

"Pənahəli bəy şəhərin əsasını qoydu, onu öz iqamətgahına, bütün Qarabağın paytaxtına çevirdi və Pənahabad adlandırdı. O, bu hadisə ilə əlaqədar üzərində özünün təsviri olan, böyük olmayan gümüş sikkə buraxmağı və məscid tikdirməyi əmr edir. Məsciddə indiyədək Şuşa şəhərinin əsasının qoyulması tarixinin Hicri təqviminə əsasən 1167-ci il, yəni 1752-ci ilin olduğu yazı qalıb. Şəhər daha sonra qonşu kənd olan Şuşakəndin adına uyğun olaraq Şuşa adlandırılıb".

Oçerkdə Nikitin Şuşanın sakinlərindən bəhs edərkən əhəmiyyətli məqamlara toxunmuşdu. O qeyd edir ki, tatarlar qəza əhalisinin köklü sakinlərini təşkil edirlər. Onlar burada XII əsrdən etibarən məskunlaşıblar, ermənilərin məskunlaşma tarixi isə XVII əsrin sonlarına aiddir. Şuşaya səfər edən hər bir səyyah kimi Nikitin də Qarabağ atlarına laqeyd qala bilməyib: "Buradakı atlar Qarabağ atları adı ilə tanınır. Xüsusən də qızılı rəngdə olanlar məşhurdurlar... Bu atların yeganə çatışmazlığı ondan ibarətdir ki, onlar çox zərifdirlər və buna görə də uzunmüddətli səfərdə sərt qışa tab gətirə bilmirlər. Lakin Qarabağ atlarının rənginin gözəlliyi, formasının incəliyi, cazibəsi və yüngül qaçışı bu çatışmazlıqları örtür... Ən yaxşı at ilxıları knyaginya Usmievaya (Xurşudbanu Natəvan) məxsusdur".

Məşhur rus rəssamı Vasili Vereşagin 1864-65-ci illərdə Qafqaza səyahət edərkən Şuşanı da ziyarət etmişdir. O, buraya Məhərrəm ayının ilk 10 günlüyündə gəlmişdi. Onun burada çəkdiyi rəsmlər o dövrün Şuşa şəhəri haqqında geniş təsəvvür yaradır. Rəssam şuşalıların xarakterik etnoqrafik xüsusiyyətlərini, şəhərin milli memarlıq xüsusiyyətlərini və yaşayış binalarının dekorativ elementlərini, xüsusilə divar rəsmləri və şəbəkələri real və inandırıcı şəkildə təsvir edə bilmişdi.

Şuşa ziyarətinin əsas məqsədlərindən biri də şiə müsəlmanların hər il qeyd etdiyi Məhərrəm ayı mərasimlərində iştirak etmək və gördüklərini rəsm əsərlərində təsvir etmək idi. Rəssam yazır ki, bu mərasimlərdə insanlar məkrli düşmənlər tərəfindən öldürüldüyü iddia edilən müqəddəs Hüseyn və digər imamların vəfatına ağlayan, onlara bənzəmək, əzablarını hiss etmək istəyən və buna görə də özlərinə işgəncə verən şiələrdir. O bildirir ki, burada imamların iztirablarını təsvir etmək üçün tamaşalar təşkil olunur. Bu tamaşalarda aktyor qismində könüllü olaraq yerli əhalinin nümayəndələri və farslar iştirak edir. Bu aktyorlar qara və bənövşəyi rəngli paltarlar geyinirlər. Bəziləri başlarına uzun və üzərində fars hərfləri ilə yazı olan papaq qoyurlar.

Rəssam yazısında Şuşa şəhərinin təsvirini də vermişdi: "Şuşa şəhəri əvvəllər Qarabağ xanlarının iqamətgahı olub. Bu yer kifayət qədər yaxşı möhkəmləndirilmişdir, hər iki tərəfdən sıldırım qaya ilə, digər tərəflərdən isə çox möhkəm konstruksiyalı qüllələri olan divarla qorunur. Şəhərə qalxmaq çox çətindir, iri daşlarla kobud şəkildə döşənmiş yol o qədər dikdir ki, 5 at arabanı çətinliklə çəkirdi".

Daha sonra əlavə edir: "Şuşa tamamilə fərqli görünür. Evlər səliqə ilə düzülmüşdür. Böyük, gözəl və çoxsaylı pəncərələri vardır. Küçələr genişdir və daş piltələrlə döşənib. Evlərin damları Avropa evlərinin damlarına bənzəyir və taxtalardan hazırlanır".

Rəssam burada bir tacirin evində qonaq olmuşdur. O, varlı tacirin nümunəsində Şuşa varlılarının evlərini təsvir edir. O yazır ki, adətən varlı tatarların evi ikimərtəbəli olur: birinci mərtəbədə tövlələr, mətbəxlər və qulluqçular üçün otaqlar var, ikinci mərtəbə isə geniş eyvanla əhatə olunub, ev sahibi ailəsi ilə burada yaşayır. Daha sonra qeyd edir: "Qonaq otağı böyük deyildi, amma zərifliyi xoşuma gəldi. Otaq divarlar boyu oturmuş qonaqlarla dolu idi... Qonaq otağının divarlarında Nadir şahın döyüş səhnələri və müxtəlif geyimli pəri rəsmləri əks olunan tablolar da yer almışdı".

Vereşagin Şuşada uşaqların təhsil aldığı dini məktəbdən və məsciddən də bəhs edib. O qeyd edir ki, məktəb Məscidin yanında yerləşir. Burada 50-100 arası uşaq təhsil alır. Bir küncdə molla, məktəb müəllimi oturur, balaca oğlanlar isə nizamsız halda dizləri üstə əyləşirlər.

Vereşagin Mehdiqulu xanın ailəsindən, Xurşidbanu Natəvandan da yazır. Bildirir ki, xan qızının ailəsi də məhərrəm ayının tədbirlərinə qatılırlar. Xanın qızı atasının xatirəsini əziz tutur və onun ənənəsini yaşatmaq üçün əlindən gələni edirdi. Məhz bu niyyətlə o, məhərrəm ayının onuncu gününün bayramında mümkün qədər çox iştirak etməyə çalışırdı. Ona məxsus atlar isə tədbirə xüsusi təntənə qatırdı.

Bunu da qeyd etmək lazımdır ki, yazı boyu demək olar ki, hər cəhətdən erməniləri üstün tutmağa çalışan rəssam sonda bir cəhəti qəbul etmək məcburiyyətində qalır. O yazır: "Tatarların və ermənilərin insani keyfiyyətlərini müqayisə etməli olsam, əlbəttə, tatarlara üstünlük verərəm, çünki onlarda ermənilərdən daha çox düzgünlük, səmimiyyət, nəciblik və cəsarət var".

1897-ci ildə rus yazıçısı Vasili Sidorov Qafqaza səfəri ilə bağlı xatirələrini "Qafqaz. Səyahət qeydləri və təəssüratlar" adlı kitabında qeyd edib. Kitabda Azərbaycanın Şuşa şəhəri haqqında maraqlı faktlar verilir. Müəllif qeyd edir ki, Şuşanın yollarının təhlükəli olduğunu deyib onu bu yoldan çəkindirməyə çalışsalar da, şəhərin füsunkarlığı haqqında eşitdiyi maraqlı fikirlər onu bu gözəl şəhəri görmək istəyindən daşındıra bilmədi. Müəllifi ilk olaraq bu şəhərin yolları heyrətləndirmişdi: "Biz Xocalı stansiyasından Şuşaya getmək üçün 23 verst hündürlükdə dağ yolu qət etməli olduq. Bu yol o qədər heyrətamiz və başgicəlləndirici idi ki, hətta xatırlayanda belə adamın gözü qaralır". O, Şuşanın iqlimi haqqında yazır: "Gecə şəhər darvazalarından içəri girdik və dəhşətli fırtınadan titrədik. Ömrümdə heç vaxt bu qədər üşüməmişdim - nə Kürmük yataqlarında, nə Ural çaylarında, nə də Sibir mədənlərində".

Sidorov şəhərin ermənilər və azərbaycanlılar yaşayan hissəsini ziyarət etmişdi və o, azərbaycanlılar yaşayan ərazinin daha mənzərəli və canlı olduğunu yazır.

Şuşa yarandığı gündən çoxsaylı ziyarətçi qəbul edib, haqqında çox sayda kitablar, oçerklər, məqalələr yazılıb. Şairlər zaman-zaman Şuşa qalasını vəsf etmişlər. Artıq iki ildir ki, Şuşa şəhəri işğaldan azad edilib. Bu iki il ərzində də çoxsaylı səyahətçilər, jurnalistlər, incəsənət adamları və başqa bir çox peşə sahibləri Şuşaya gəlib-getmiş, festivallarda, mədəni tədbirlərdə iştirak etmişlər. Sevindirici haldır ki, onlar öz ölkələrinə qayıtdıqda Şuşanın əsl sahibinin azərbaycanlılar olduğunu yazır və oxucuları bu barədə məlumatlandırırlar.

 

Zəhra BƏDƏLOVA,

Azərbaycan Milli Konservatoriyasının "Etnomusiqişünaslıq" ixtisası üzrə I kurs magistrantı

 

525-ci qəzet.- 2022.- 22 dekabr.- S.10; 11.