Qaranlıqdan aydınlığa...  

 

(...və başqaları" silsiləsindən)

 

 

Təsəvvür edin ki, min bir əziyyətlə saldığınız bağda yeni sort meyvə verən bir ağac yetişdirmisiniz. Elə bir ağac ki, barından yaxın-uzaq neçə-neçə insan dadıb sizə "əhsən" deyir.

Meyvənin səsi-sarağı gedib Nəbatat İnstitutuna da çatır. Oradan mütəxəssislər tökülüşüb gəlir və kiçik bir məşvərətdən sonra sizə üz tutub deyirlər:

- İcazə verin yetişdirdiyiniz bu ağacı meyvə ağacları kataloquna "xalq ağacı" statusnda  daxil edək və hamının istifadəsinə vermək üçün onu dövriyyəyə buraxaq.

Soruşursunuz ki, niyə mənim özümün yox, məhz xalq ağacı kimi...

- Ona görə ki, kənd təsərrüfatı mütəxəssisi deyilsiniz, əlinizdə bağban ixtisasına aid heç bir sənəd yoxdur.

- Mən Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diploma ilə bitirmişəm.

- Bu, kifayət deyil. Ağacın siz tərəfdən yetişdirildiyini elan etmək üçün gərək Kənd Təsərrüfatı Akademiyasını bitirəydiniz (??? - Ə.H.).

Söhbət gəlib bu məqama çatanda təbii ki, sizin gözləriniz təəccüb və heyrətdən çıxır kəllənizə və bilmirsiniz güləsiniz, ağlayasınız, yoxsa gülə-gülə ağlaya, yaxud ağlaya-ağlaya güləsiniz.

İndiki halda təsvir etdiyim bu əhvalat mənim təxəyyülümün, fantaziyamın məhsulu olsa da, ötən əsrin son 80 ilində, yəni sovet cəmiyyətində yaşadığımız illərdə fitri istedada malik yaradıcı insanların məruz qaldığı mənəvi terrorun, yaşadıqları məşəqqətlərin mənzərəsi və miqyası barədə dəqiq və aydın təsəvvür yaradır.

Sovet dönəmində tez-tez rast gəlinən bu halların ən qəribə tərəfi onda idi ki, belə mədəni maxinasiyalarda xalq anlayışı ilə manipulyasiya edilir, "xalq hakimiyyətini təcəssüm etdirən" bir quruluşda həmin xalqı təmsil edən istedadlı insanların mənəvi sarsıntılarına, vaxtından əvvəl tutulduqları xəstəliklərə, hətta erkən ölümlərinə məhz bu yolla haqq qazandırılırdı. Çanaq isə ən çox musiqi sahəsində fəaliyyət göstərən, fitrətən bəstəçilik qabiliyyəti olan insanların başında çatlayırdı - ən çox onların haqqı tapdalanır, onların yolunda qırmızı işıq yandırılırdı.

Qəribədir, məsələn, Əliağa Ağayevin çilingər dəzgahının arxasından birbaşa səhnəyə gəlib Azərbaycanın, İsmayıl Osmanlının dram dərnəyində qazandığı təcrübə hesabına SSRİ Xalq artisti  mərtəbəsinə yüksəlməsi haqlı olaraq tamamilə qanunauyğun hesab olunurdu, amma ən azından musiqi texnikumunu bitirmiş istedadlı insanların öz adlarından mahnı bəstələmək hüququ tanınmırdı, hətta o mahnılar daha yüksək musiqi təhsili almış bəzi stajlı bəstəkarların yazdıqları mahnılardan daha təsirli, daha yaddaqalan olsalar, tanınmış müğənnilərin repertuarının bəzəyinə çevrilib ümumxalq məhəbbəti qazansalar belə!

Görəsən, nə üçün belə idi? Nə üçün məhz bəstəçilik istedadı olan insanların yaratdıqları belə total nəzarətə götürülmüşdü?

Dəqiq cavab vermək o qədər də asan deyil. Amma mən öz imkanlarım daxilində bu suallara cavab axtaracam.

Birinci versiyam belədir ki, bu anormallıq bəzi avtoritetlərin həsəddən, paxıllıqdan qaynaqlanan cığallığının, subyektiv fikirlərinin ictimai rəy səviyyəsinə qaldırılmasının nəticəsi idi - yəni mənim kimi bir nəhəng də bəstəkar adlandrılsın, hansısa bir həvəskar da?!

Amma ortada fakr var idi - onlarla gözəl mahnılar! Belədə ən asan, "optimal", canqurtaran yol tapılırdı - bu mahnıları xalq mahnıları dəryasına qərq etmək və bu yolla da müəlliflərini "boğmaq", səslərini eşidilməz hala gətirmək. Amma soruşan lazım idi: necə olur ki, xalqın gözəl mahnı yaratmaq, melodiya bəstələmək hüququ tanınır, ona hörmətlə yanaşılır, amma həmin xalq təmsil edən Əlinin, Məmmədvəlinin yox! Yoxsa, gözəlliyindən doymadığımız o mahnıları xalq bir yer yığışıb yaradıb? Onlar da hanısa əlilərin, məmmədvəlilərin fərdi yaradıcılıq qabiliyyətinin, istedadının bəhrəsi deyildimi?

Məncə, daha ağlabatan versiya mahnı melodiyası bəstələməyin texnikası, daha doğrusu, ona elitar bir görk verilməsi ilə bağlı idi. Bu ekspertiza əməliyyatlarının müəllifləri öz "kəşflərini", məsələn, bədii ədəbiyyata, aktyorluq, rəssamlıq sənətlərinə ona görə tətbiq etməyə cəsarət etmirdilər ki, deyək ki, Nizaminin, Füzulinin, Xətainin, Sabirin Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb-almamalarını araşdırmaq kimi "ləzzətli" şansdan məhrum idilər. Ona görə də paradoksal vəziyyət yaranırdı - məsələn, Neft və Kimya İnstitutunun məzunu olan istedadlı bir şəxsin ədib, şair, yazıçı olması, ömründə kamera qarşısında dayanmamış birinin filmdə baş rola dəvət alması məqbul və normal hesab olunurdu, amma orta ixtisas təhsili olan istedadlı bir musiqiçinin bəstəçilik fəaliyyəti tanınmır, onları nəinki Bəstəkarlar İttifaqına üzv qəbul etmir, heç həndəvərinə yaxın buraxmırdılar. Musiqinin mürəkkəb janrlarında (simfoniya, balet, opera) əsərlər yazmamaları (yaxud yaza bilməmələri), düşündükləri melodiyaları not kağızları üzərində yox, beyinlərində yaratmaları onlara çox baha başa gəlirdi. Ona görə də Bəhram Nəsibovun bu gün də müğənnilərin dilindən düşməyən 300-dən çox mahnısı, Şahid Əbdülkərimovun Xalq artisti Nəzakət Məmmədovanın, İslam Rzayevin repertuarını bəzəyən, Əlibaba Məmmədovun biri-birindən gözəl yüzlərlə bəstələri xalq mahnısı və təsniflər kimi təqdim olunurdu.

Yaxud Qulu Əsgərov milyonlarla tamaşaçının gözləri qarşısında musiqisini də, sözlərini də özü yazdığı "Sevgilini qınama" mahnısını oxuyurdu, subtitrdə isə bu mahnının adı "Segah təsnifi" - yəni şəxsiyyəti məlum olmayan (?) kimsə tərəfindən yaradılmış təsnif kimi yazılırdı (??!!)

Mənə elə gəlir ki, o vaxtlar bu paradoksu asanlıqla həll etmək, hər şeyi yoluna qoymaq olardı. Amma bunun üçün yaradıcı əməyin məhsulu anlayışına və onun sözlə ifadəsinə yeni düşüncə parametrlərində baxmaq lazım gəlirdi. Mən "Əlyazmalar yanmır" sərlövhəli silsilə yazılarımda qeyd etmişdim ki, əməyin adına "əsər" dediyimiz məhsulu kağız üzərində qeydə alınan yazı mətni, yaxud not vərəqlərində sıralanmış işarələr  yox, mətni oxuyanda, musiqini dinləyəndə aldığımız informasiyadır. Əsərin yazıya alınıb-alınmaması onun mövcudluğunu təsdiqləyən, yaxud inkar edən arqument ola bilməz, çünki hansısa bir hekayəni, qəzəli, yaxud melodiyanı yazıya almamışdan oncə də əsər kimi reallaşdırmaq  olar. Əliağa Vahidin bədahətən dediyi qəzəllər buna parlaq sübutdur. Elə bu məntiqlə də neçə əsrlər bundan əvvəl yaşayıb yaratmış aşıqların yazıya almadan qoşduqları qoşmaları, gəraylıları müəllifi məlum olmayan, yaxud müəllifliyə hüququ çatmayan şəxslər tərəfindən yaradılmış əsərlər kimi yox, məsələn, aşıq Abbas Tufarqanlının, aşıq  Alının, aşıq Ələsgərin əsərləri kimi təqdim edirik.

Məncə, bu yanaşma eyni ilə musiqi yaradıcılığına da şamil edilməli idi. Artıq bəstələnmiş melodiyanın müəllif tərəfindən nota alınmaması əsərin mövcudluğunu, müəllifin isə müəlliflik iddiasını heç cür inkar edə bilməz. Həmin melodiya səsləndiyi istənilən məqamda artıq mövcuddur. Aşıqların yaddaşlarda yaşayan qoşmaları kimi onları da yazıya almaq, yəni not işarələri ilə kodlaşdırmaq məsələnin sadəcə texniki tərəfidir. Elə buna görə də mahnı melodiyalarını not dəftərində yox, musiqi alətində yaradan müəlliflərin əsərlərini də musiqidə şifahi ənənələrə əsaslanan, fəqət müəllifi məlum olan əsərlər kimi təqdim etmək mümkün və zəruri idi.

Yadınızdadırsa, ustad sənətkar Əlibaba Məmmədov uzun illərdən sonra bu anormal yanaşmaya axır ki, öz etirazını bildirdi. Televiziya muğam müsabiqəsinin növbəti konsertlərinin birində iştirakçı gənc xanəndə Əlibaba müəllimin yazdığı mahnılardan birini ifa etdi (təbii ki, təsnif kimi). Qiymətləndirmə zamanı münsiflər heyətinin üzvləri təsnif haqqında danışanda onun müəllifinin, yəni Əlibaba müəllimin adını hörmətlə çəkdilər. Yalnız Bəstəkarlar İttifaqı idarə heyətinin katibi, musiqişünas, indi haqq dünyasında olan Ramiz Zöhrabov (Allah rəhmət eləsin) "ənənəni" pozmadı, hətta bir az da dərinə getdi, "Bu təsnifi Əlibaba müəllim quraqşdırıb" (yəni Əlibaba Məmmədov haqqnda "bəstələyib" sözünü işlətmək olmaz) kimi uğursuz, hətta mən deyərdim ki, kobud cümlə ilə müəllifin bostanına iri bir daş atdı. Əlibaba müəllim dözə bilmədi: "Ramiz müəllim, bütün bəstəkarlar melodiyanı əvvəlcə beyinlərində yaradır, sonra yazıya alırlar" - deyərək Ramiz müəllimin cavabını verdi.

Mən 1991-ci ildə "Yeni fikir" qəzetində işləyəndə adının yaratdığı mahnıların müəllifi kimi səslənməsinə yasaq qoyulmuş belə bəstəçilərdən biri - "Hanı bəs vəfan sənin", "Təki sən səslə məni", "Heç küsməyin yeridirmi", "Gecələr", "Yandırar məni" və s. gözəl mahnıların müəllifi Şahid Əbdülkərimovla görüşüb söhbət etdim. Belə ögey münasibətdən ruhu, psixologiyası zədələnən Şahid müəlim o vaxt artıq musiqi bəstələməyin daşını birdəfəlik atmışdı, ibadətlə məşğul olan dindar həyatı yaşayırdı. Sonralar iş elə gətirdi ki, Şəkidə onun evində, həyətində də oldum və Şahid müəllim sevimli tarını tonqalda yandırdığı yeri mənə göstərəndə başa düşdüm ki, "...və başqalarından" biri olan göyçaylı şair Aydın Kərimovun sözlərinə yazdığı "Sevgilimə könül açdım" mahnısında deyildiyi kimi, Şahid müəllim dərd əlindən bəmə qaçıb və çox təəssüf ki, biz onu zildə axtarırıq. Amma nahaq yerə, çünki biz bu istedadlı adamı "...və başqaları" qəbiristanlığında çoxdan, hətta tarından da əvvəl dəfn etmişik.

Və mən bu yazını o vaxt qələmə aldığım "Dərd əlindən bəmə qaçdım" sərlövhəli yazıdan bir fraqmentlə bitirmək istəyirəm. Oxuyun, diktafona danışan Şahid Əbdülkərimovdur

"Mən hər şeyi udurdum,  bircə müəlliflik hüququmun inkarından başqa. - Şahid müəllim qəfildən üzünü mənə çevirdi - Bax, sən cavan oğlansan, gərək qələmin iti olsun. Giriş bu işə, araşdır, aydınlaşdır bu müəmmanı. Bəlkə düz edirdilər? Bəlkə doğrudan da İncəsənət institutunu, Xalq konservatoriyasını bitirmiş bir adamın mahnı yazmağa hüququ yoxdur? Əgər yoxdursa, niyə? Vicdan haqqı, özümə görə demirəm. Mənim kimi bəxtsizlər yenə də var ey. Bəhram Nəsibovu yəqin ki, tanıyırsınız. Amma bəlkə heç siz də bilmirsiniz ki, bir vaxtlar dillər əzbəri olan "Şahnaz təsnifi"ni (Niyaməddin Musayevin böyük şövqlə oxuduğu bu mahnı "Deyin hardadır" adı ilə də məşhur idi - Ə.H.) o yazıb. "Bacılar", "Sən də həmdəm, mən də həmdəm", "Sən güləndə", "Ay gecikən məhəbbətim", "Gəl inad etmə", "Ay qız" mahnıları da onundur. Arif Babayevin oxuduğu "Qarabağ" mahnısının nəinki musiqisini, hətta sözlərini də özü yazıb. Yaxşı, nəyə görə gizlədirlər bunu camaatdan? Allah verən istedaddır da - mahnı bəstələyir. Bunu ona çox gömək insafdan deyil axı..."

...Şahid müəllimin ruhu məni eşidirsə, ona müraciət edirəm: "Bağışlayın ustad, sizin xahişinizi gec - 31 il sonra yerinə yetirməyə çalışdım. Bilmirəm alındı, ya yox. Alınmadısa, bir də bağışlayın..."

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2022.- 23 dekabr.- S.11.