Tamaşaçı zövqü  

 

 

Ötən həftə YARAT İncəsənət Mərkəzinin Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə "Kino biznes: Körpülər" mövzusunda Mədəniyyət Nazirliyinin rəsmiləri, marketoloqlar müstəqil kino adamlarının iştirakıyla müzakirə keçirildi. Yazıda müzakirə zamanı səslənən bir neçə məsələ ilə bağlı fikirlərimi bölüşəcəyəm.

Səslənən fikirlərdən biri TikTok kimi qeyri-ciddi sosial platformalara, bəsit komediyalara meyl edən müasir Azərbaycan tamaşaçısının zövqünün aşağı olması onun ciddi kinoya marağının şübhə altına alınmasıydı. Əslində, bütün dünyada sıravi tamaşaçının asan qavranılan komediyalara, həyəcan, eskpressiya gətirən filmlərə üstünlük verməsi tendensiyası geniş yayılıb. Hətta nüfuzlu festivallarda qalib gələn sənət filmləri belə yüksək gəlir əldə eləmirlər. İsveçli rejissor Ruben Estlundun Kannda əsas mükafatı qazanmış "Kvadrat" bədii filmi prokatda çox gəlir götürmədi. Yaxud, müəllif filmləri çəkən amerikalı rejissor Pol Tomas Andersonun bəzi işləri ("Ustad" bədii filmi) qoyulan xərcdən az gəlir gətirib. Ona görə sənət filmləri dövlət, müxtəlif fondlar, telekanallar, film istehsal edən bəzi şirkətlər tərəfindən dəstəklənir.

Hərçənd, indi mövzumuz bu deyil, ona görə "tamaşaçı zövqü" məsələsinə qayıdaq. Tamaşaçı zövqü elə-belə, havadan formalaşmır. Zövqü adətən istehsalçılar təklif edirlər. Sadə bir misal deyim. Dünyanın məşhur moda evlərindən biri "Balenciaga" bu il müştərilərinə qiyməti 1400 avro olan, bir neçə yeri yırtılmış zövqsüz sviterlər təklif edib. Sviterlər üzərində məhz "Balenciaga" markasının adı olduğundan satılır. Deməli, zövqü cəmiyyətə şirkətlər diktə edir. Təsadüfi deyil ki, Henri Ford, Stiv Cobs kimi biznesmenlər zövqün alıcılara diktə edilməsi fikrini dəstəkləyirdlər. Kino zövqü məsələsində məsuliyyət tamaşaçılardan çox, istehsalçıların üzərinə düşür. Bu səbəbdən istedadlı musiqiçi, rəssam, kino xadimi yetişdirən bir cəmiyyətin "zövqsüz olması" fikriylə qətiyyən razılaşmıram.

Ümumiyyətlə, "kommersiya kinosu" anlayışı heç bir halda bəsit, yüngül film mənasına gəlmir. Dərin mənalarla yüklənmiş, zövqlü, geniş auditoriyaya hesablanmış filmlər istehsal etməklə, tamaşaçının tələbatını dəyişmək, fikrini istiqamətləndirmək mümkündür. Məsələn, Türkiyə istehsalı olan "Eşq təsadüfləri sevər" (2010) romantik dramını məhz zövqlü kütləvi məhsulun meyarlarından biri kimi qəbul etmək olar. Kinoteatrlarda nümayişi zamanı böyük qazanc əldə edən, iki gəncin sevgi hekayəsini danışan film ölkənin 70-ci illərdən başlamış 2000-ci ilədək sosial həyatına, mədəniyyətinə nəzər salır.

Bizim vəziyyətimizdə əsas məsələ kommersiya filmlərinin keyfiyyətinin aşağı olmasıdır. Alternativlər təklif edilmədiyindən tamaşaçı zövqsüz məhsulların istehlakçısı olmağa məcburdur. Hazırda ölkəmizdə çəkilən komediyalar arasında həyatın reallıqlarına toxunan, maraqlı süjetləri olan filmlər az da olsa var. Problem, yuxarıda dediyim kimi,  hekayələrin keyfiyyətli nəqlində, zövqlü rejissor işində, musiqi, estetik həllində, aktyor oyunlarındadır. Bu gün maraqla baxılan, kütləviliyə xitab edən "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərinin üstünlüyü, onların məhz keyfiyyətli dramaturgiyasında, kinematoqrafik estetikasındadır.  

Sözügedən müzakirədə bir fikir səsləndi ki, filmlərin böyük büdcə ilə çəkilməsi kinodan əldə edilən gəlirlərin artmasında rol oynayacaq. Fikirdə müəyyən həqiqət payı olsa da, təcrübə göstərir ki, bu, mütləq yanaşma sayıla bilməz. Çünki bu məntiqlə, dünya kino bazarında milyonlarla vəsait qoyulan bütün filmlər yüksək gəlir gətirməliydi. Halbuki böyük xərc qoyulub, prokatda uğur qazanmayan ya az qazanan filmlər çoxdur. Yəni məsələ kinoya milyonlarla pul ayrımaqda yox, konkret mexanizm, metodlarla kinonu gəlirli sahəyə çevirməkdir.

Misalçün, tamaşaçını kinoteatrlara yönəltməkdən ötrü çevik, gündəmə aid süjetlərin böyük ekranlara daşınmasına ehtiyac var. İspan rejissoru Pedro Almodovarın 39 min avroya başa gələn ilk tammetrajlı bədii filmi  "Pepi, Lyüsi, Bom  başqa qızlar" (1980) populyarlıq qazanaraq prokatda 273 min avro gəlir əldə etmişdi.

Filmin çəkildiyi ərəfələrdə İspaniya Frankonun diktatura rejimindən yenicə xilas olmuşdu.Bir neçə qadının taleyindən danışan süjetdə dövrün sosial psixoloji reallığı, gəncliyin problemləri, həyat tərzi əks olunurdu. Tamaşaçı ekranda ekssentrik personajlar, fars situasiyalar vasitəsilə liberal, azad həyatın vizual ifadəsini görürdü.

İkinci Qarabağ müharibəsindən sonra sosial mediada yayılan rəylərə əsasən demək olar ki, tamaşaçıların arzusu böyük ekranda qələbə filmlərini görmək idi. Yəni tamaşaçı auditoriyasını kinoteatrlara cəlb etmək üçün döyüş səhnələri çəkmək, qələbə fonunda bir əsgərin, zabitinya şəhid qadınının, anasının təsirli hekayəsini danışmaq mümkün idi. Ancaq çox təəssüf ki, kino bu mənada tamaşaçı tələbatına vaxtında cavab vermədi.

Madam ki, söhbət gündəmə uyğun çevik süjetlərdən düşüb, mövzuyla bağlı bir məqamı da deyim. Azərbaycan Kinematoqrafçılar İttifaqı bu il "Mən qadınam" adlı qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan etmişdi. Müsabiqənin keçirilməsində əsas məqsədlərdən biri müəllifləri müasir Azərbaycan qadının müxtəlif obrazlarını əks etdirən ssenarilərin yazılmasına motivasiya etmək, qadın müəlliflərin aktivliyinin artırılmasıydı.

Müsabiqəyə təqdim olunan ssenarilər arasında məişət dramlarından tutmuş sosial, ictimai motivlərə qədər kinoya hələ də gətirilməyən, maraqlı, aktual hekayələr vardı. Həmin hekayələrin geniş tamaşaçıya xitab edilərək, asan qəbul olunan, amma zövqlü kino dilində çəkilməsi filmin kommersiya uğurunu təmin edə bilər.

Sonda onu deyim ki, Qərb məktəblərində sənət zövqünü formalaşdıran dərslər keçirilir. Çox arzulayıram ki, Azərbaycan məktəblərinin tədris proqramına da uşaqlara sənət zövqü aşılayan, kino, teatrla bağlı fənlər salınsın. Bu, həm də ona görə vacibdir ki, gələcəkdə rejissor, ssenarist, prodüser, dramaturq olmaq istəyən uşağın müəyyən bir zövqü, fikri formalaşacaqo, universitetlərə hazırlıqlı tələbə kimi gedəcək.

 

Sevda Sultanova

525-ci qəzet.- 2022.- 24 dekabr.- S.13.