Darısqal tamaşa zalı,genişürəkli Pantomima, bir də şlyapalı fədakar  

"SEVİRƏM" SÖZÜNÜ PANTOMİMA DİLİNDƏ DEMƏK

 

 

 Yolum Pantomima Teatrınadır. Bu məkan mənə o qədər doğma, o qədər əzizdir ki. Əslində, bu sevgidə çox səbəb gəzə bilərəm, fəqət bir səbəb var ki, məni bura möhkəm bağlayır. O da Pantomimanın kəhkəşandan uzaq olmasıdır. Yəqin ki, sizin də yolunuz ən azı bir dəfə də olsa, sonuncu tikəsini masaya qoyan, yoxdan var yaradan, xudmani evində hüzuru sizə səxavətlə bəxş edən adamlarla kəsişib. Bax Pantomima mənim üçün o adamlardır. O adamlar o məkanda bir tamaşaçı kimi sənin dəyərini özünə hiss etdirə bilirlər. Balaca, darısqal zalda tanımadığın adamların gülüşünü, nəyə kədərlənib, nəyə sevindiyini asanlıqla duya bilirsən. Darısqallıq bir-birini tanımayan insanları sanki daha da doğmalaşdırır. Hələ lap yaxınımızda olan səhnəni və o səhnədəki aktyoru demirəm. Ən əsası əgər sən o məkana bir neçə dəfə gedirsənsə, balaca kollektiv səni tezliklə tanıyır və səninlə özlərindən biri kimi davranır.

Məsələn, elə teatrın aktyor və direktoru, Əməkdar artist Elman Rəfiyev kimi. Elman bəy həmişə deyir ki, məni təqdim edərkən birinci növbədə aktyor olduğumu vurğulayın. Mən də bu qaydaya əməl edirəm. O, çox vaxt teatrın qarşısında dayanıb gələn tamaşaçıları özü qarşılayır. Bu gün də adətinə xilaf çıxmır.

Elman bəylə salamlaşıb hal-əhval tutandan sonra ona gəlişimin məramını bildirib, deyirəm ki, bu gün təkcə tamaşaya baxmağa yox, həm də Xalq artisti Cahangir Zeynalovun teatrla bağlı səsləndirdiyi fikirlərə sizdən də münasibət öyrənmək üçün gəlmişəm. Əvvəlcə onu qeyd edim ki, bu yaxınlarda Cahangir Zeynalov Pantomima Teatrının bina məsələsinə  toxunaraq problemin həllinin zəruriliyini vurğulamışdı. Əslində, sözügedən məsələ ilə bağlı veriləcək xeyli sualım olsa da, söhbətə Elmar Rəfiyevi hər gördüyümdə ağlıma gələn o sualla başlayıram.

- Elman bəy, siz niyə həmişə şlyapa qoyursunuz?

- Şlyapa mənim imicimdir. Bunun tarixçəsi var. Deməli, 2013-cü ildə aktyor yoldaşım, keçmiş pantomimçi Azər Axşamla ailəvi Bodrumdaydıq. Orada gəzərkən bir şlyapa gördüm və onu dərhal başıma qoydum. Bunu görən Azər dedi ki, Elman sənə nə gözəl yaraşdı. Sonra yoldaşım və qızım da yaraşdığını dedilər. O yaraşan-bu yaraşan (gülür), hazırda iyirmiyə yaxın rəngbərəng şlyapam var. Bir də, şlyapa seçilmək üçün qoyulur, mən də seçilməyi çox sevirəm.

- Gələk əsas məsələyə - Cahangir müəllimin dediklərinə.

- Deməli, 4.4 Qısa Tamaşalar Festivalında Cahangir müəllim münsiflər heyətinin üzvü idi. Festival zamanı bizim 40 nəfərlik zalımıza yüz nəfər adam gəldi. Biz o yüz nəfərin yetmiş nəfərini güc-bəla ilə yerləşdirdik. Cahangir müəllim də sadəcə maraqlandı ki, başqa bir zal yoxdurmu? Yuxarı zalı görəndən sonra dedi ki, bəs buranı niyə təmir eləmirlər? Vəziyyətlə tanış olandan sonra dedi ki, bina təmir edilsə, daha yaxşı olar. Aytac, sən özün də tamaşalarımızda iştirak edən adamsan, gördüyün kimi, teatrın ab-havası, hər şey qaydasındadır. Söz yox, teatr qarderobdan başlayır, bizim isə indi qarderobumuz yoxdur. Belə xırda nüanslar var, ancaq əsas odur ki, zalımız balaca da olsa, tamaşaçıların rahat otura biləcəyi skamyalar var.

- Bu bina neçə ildir teatrın ixtiyarındadır?

- Bu binanı bizə 2005-ci ildə veriblər. 2006-cı ildə isə məskunlaşmışıq. Bina bərbad vəziyyətdə idi. 2010-cu ildə Mədəniyyət Nazirliyinin öz maddi bazası hesabına binanın bir hissəsi təmir olundu: skamyalar qoyuldu, səhnə düzəldi. Əgər yenidən təmir edilsə, indi oturduğumuz zal gələcəyin foyesi olacaq.

Amma bunlara baxmayaraq, bu gün gələn tamaşaçılar qırx nəfərlik zalda oturur və razı qalırlar. Bizim teatrımızı 3D  adlandırmaq olar. Çünki aktyor səhnədə qaçanda tamaşaçı onu hiss edir.

- Belə başa düşdüm ki, siz vəziyyətdən narazı deyilsiniz.

- Bizim heç bir narazılığımız yoxdur. Niyə narazılığımız olsun ki? Binanın layihəsi hazırdır, inşallah növbəmiz çatanda binanın ikinci mərtəbəsi təmir olunacaq. Bilirsiniz, əsas məsələ odur ki, Qarabağımız azaddır. Əvvələr xaricə gedəndə soruşurdular ki, noldu sizin Qarabağınız? Bu, mənə çox pis gəlirdi. Çox şükürlər olsun ki, Qarabağ bu gün azaddır və Qarabağ tez bir zamanda çiçəklənməlidir. Biz öz növbəmizi gözləyərik. Biz doxsan birinci ildə Şuşada tamaşa oynamışıq. Qismət olsun, yenidən azad olunmuş torpaqlarımızda tamaşa oynayaq.

- Bəs bu gün nə oynayacaqsınız?

- El arasında heç vaxt dəbdən düşməyən bir tamaşa oynayacağıq: "Pantomim buketi". Bilirsiniz ki, buketin içərisində cürbəcür güllər olur. Pantomima Teatrının yarandığı gündən indiyə kimi oynadığı tamaşaların ən gözəl səhnəcikləri bir tamaşanın içərisində buket şəklində tamaşaçılara təqdim olunur.

- Elman bəy, tamaşaçı sayından narazı deyilsiniz ki?

- Keçən həftə bu tamaşa oynanılanda bütün yerlər tutulmuşdu. Tamaşaçı problemi bilirsiniz nə vaxt başlayır? Yay aylarında - hamı bağa gedəndə. Amma ümumilikdə götürəndə mən tamaşaçı sarıdan gileylənmirəm. Pantomima Teatrının yaradıcısı, Xalq artisti Bəxtiyar Xanızadənin çox gözəl bir sözü var ki, zalda oturan tamaşaçının sayı aktyoru narahat etməməlidir, iki nəfər tamaşaçı olsa belə, sən bütün varlığınla tamaşanı oynamalısan. Sabah o iki tamaşaçı olacaq dörd, dörd olacaq səkkiz və belə-belə say da artacaq. Əsas kəmiyyət yox, keyfiyyətdir. Mən istərdim ki, bu gün tamaşaya on nəfər gəlsin, ancaq həmin on nəfər teatrı sevən olsun, nəinki gəlib buradan selfi paylaşıb, "Pantomima Teatrında idim" yazanlar.

- Yəni deyirsiniz ki, buradan şəkil paylaşmayaq?

- Baxın, elə adam var ki, gəlir, ancaq bilinmir ki, niyə gəlib. Daha doğrusu, ona görə gəlir ki, buranı tağ edib şəkil paylaşsın, sonra da ona yazsınlar ki, "Aaa, sən Pantomimə getmisən?" Bu yaxınlarda bir tamaşaçı gəlmişdi, neçə vaxtdır ki, buraya gəlmək istədiyini deyirdi. Deyirdi ki, tamaşa olanda mənə mütləq deyin. Deməli, bir gün bu adam gəldi, inanın, tamaşa başlayandan bitənə kimi o, başını telefondan yuxarı qaldırmadı. Bütün tamaşa boyu telefonla oynayacaqdınsa, bəs niyə gəlmisən? Yəni sən qırx beş dəqiqə, bir saat bu aləmdən uzaqlaşıb başqa aləmə düşürsən. Pantomima hərəkət teatrı olduğu üçün tamaşalarımız uzun çəkmir. Çünki insanın hərəkət qavrama müddəti var. Onun səsini al, qoy kənara, tamaşaya bax, sonra nə qədər istəyirsənsə, oyna da.

- Hə, haqlısınız. Elman bəy, teatrınız özü-özünü dolandıra bilərmi?

- Bütün dövlət teatrları kimi, bizim teatr da qismən büdcədən maliyyələşən təşkilatdır. Şükürlər olsun ki, vaxtlı-vaxtında maaşımızı alırıq. Hamı deyir ki, zal doludursa, bunun teatra nə xeyri var?  Deməli, yeni-yeni tamaşaların hazırlanması, binanın saxlanması bilet satışından əldə olunan gəlirdən maliyyələşir. Teatr texniki cəhətdən özünü təmin edə bilir. Yeni tamaşa hazırlamaq üçün sənin bazanda pul olmalıdır. Və ən əsası, biz gələn tamaşaçıdan enerji, mənəvi güc alırıq. Teatrla məşğul olan adamlar həyata başqa cür baxırlar. Siz bir həyat yaşayırsınızsa, biz səhnədə 20 həyat yaşayırıq və biz insanların psixologiyasını gözəl bilirik, çünki biz səhnədə şah da oluruq, dilənçi də oluruq, oğru da, narkoman da. El arasında deyirlər ki, aktyorun başında hansısa "şrupu" çatmır. Amma biz sevdiyimiz sənətlə məşğuluq. Həmişə dostlarıma deyirəm ki, hansısa sənətdə uğur qazanmaq istəyirsinizsə, mütləq o sənəti sevməlisiniz.

- Niyə pantomima?

- Hər bir insanın öz bədən dili var. Biri var hisslərini sözlə ifadə edirsən, biri də var mimika ilə, jestlə. Bəs görəsən, söylədiyin "sevirəm" sözünü pantomima dilində necə deyəcəklər? Bax, bu sualın cavabını axtaranlar bu teatra üz tutur...

Müsahibə üçün Elman bəyə təşəkkür edib, eşitmək istədiyim sözləri "görə bilmək" üçün zala daxil oluram - o doğma, darısqal və sevimli məkana. Demək olar ki, zalda boş yer yoxdur.

Tamaşa başlayana qədər bir neçə tamaşaçı ilə söhbətləşməyə vaxt tapa bilirəm. Söhbət əsnasında bəlli olur ki, onların əksəriyyəti buranın sadiq tamaşaçılarıdır.

Yanımda oturan Leyla xanım deyir ki, davamlı olaraq tamaşalara gəlir: "Mən psixoloqam, burada gördüyüm səhnələr mənə insan psixologiyasını anlamağa yardımçı olur. Düşünürəm ki, pantomim bunun üçün ideal vasitədir. Həm də ruhum dincəlir. Əslində, bacım qızına da bilet almışdım, o da gəlməli idi. Sadəcə bir az naxoş olduğu üçün gələ bilmədi. Ancaq mənə söz verib ki, növbəti dəfə mütləq gələcək".

Nəhayət, tamaşa başlayır.

Deyirlər ki, Bəxtiyar Xanızadə Pantomima Teatrını rəqsə çevirdi. Bilmirəm, bu tənqid haqlıdır, ya yox. Bu tamaşada da rəqsi görürük, ancaq rəqs özü də bədən dili deyilmi?

Əminliklə deyə bilərəm ki, "Pantomim buketi"ni repertuarda görsəniz, izləmək şansını qaçırmayın, deyərəm.

Vahid sujet xətti olmayan əsərin müəllifi və quruluşçu rejissoru Bəxtiyar Xanızadədir. Tamaşa repertuarda yarandığı gündən indiyə qədər qalan ən uzunmüddətli tamaşalardan hesab olunur: 1994-cü ildən repertuardadır, ancaq hələ də maraqla baxılır.

Məndən iki oturacaq o tərəfə oturan qadının qucağında bir uşaq var. Uşağın yaşını təxmin edə bilməsəm də, hələ tam danışa bilmədiyi dəqiqdir. Bütün hissləri gülüşlərində, diqqətli baxışlarında əks olunur - lap pantomimçilər kimi. Bizim hamımızdan daha bərk onun gülüşləri eşidilir, balaca zal hər dəfə onun gülüşünə gülür. Qaranlıqda diqqətimi səhnədən ayırıb o uşağa qulaq verirəm. Onun səsi mane olmur, əksinə, səhnədəkilərlə vəhdət təşkil edir, heç kim bu səsdən gileylənmir. Uğunub gedən körpənin gülüşləri fonunda düşünürəm: Kaş heç Pantomima Teatrının o böyük səhnəsi olmasa, elə həmişə burada oynasalar... Böyük zalda mən bu uşağın səsini necə eşidəcəyəm, ya da təzə aktrisanın həyəcanını necə belə aydın sezə biləcəyəm? Axı, bu darısqal zalda mən də özümü səhnədə hiss edirəm. Olduqca eqoist düşüncə olduğunu bilirəm, ancaq neynək, eqoistlik Adəm övladının fitrətindədir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2022.- 24 dekabr.- S.12;13.