"Qoy insanlar bir-birinə mane olmasınlar"

Telejurnalist İlhamiyyə Rza: "Televiziyanın hər janrını sevmirəm, mənimki canlı və spontan verilişlərdir"

 

İnsan həyatın zaman adlı kəsiyində irəlidə onu nəyin gözlədiyini, nələrlə qarşılaşacağını bilmədən yürüyür. Yürüdükcə də, saatlar günlərə çevrilir,  günlər aylara çatır, aylar da illəri tamamlayır. Və beləcə zaman öz axarı ilə bizi arxasınca aparır... Və günlərin birində elə bir məqam çatır ki, zaman səni çox uzaq illərə belə, geri qaytara bilir. Necə ki mən qayıtdım...

Zamanında onunla  eyni iş məkanımız olub - AzTV. Hər gün çalışdığım redaksiyada onunla üz-üzə gəlirdim və aramızdakı ünsiyyət yalnız səmimi salamlaşmaqdan və hal-əhval tutmaqdan ibarət olsa da, qarşılıqlı hörmət özünü həmişə göstərirdi. Və bütün bunlar uzaq keçmişdə qalsa da, 26 ildən sonra onunla həmkarlıqdan savayı, iki həmsöhbət olacağımızı düşünə bilməzdim. Etiraf edim ki, onunla əlaqə saxlayanda tanışlıq vermək fikrindən çox uzaq idim, lakin söhbətin məcrası bunu söyləməyə vadar etdi. Bu gün vaxt darlığı adlı bir problem hamımzı qarabaqara izləsə də, nəticədə hamımız bir çıxış yolu tapa bilirik, təki istək olsun. Həmkar müsahibim də gərgin iş qrafikindən "gileylənəndən" sonra uzaq illərdə qalan münasibətdən dolayı təbii ki, vaxt ayıra bildi. Və bir neçə gündən sonra onunla qarşı-qarşıya oturanda, hər ikimiz anladıq ki, zamanı xatirələrdən silmək olmur.

Müsahibim tanınmış telejurnalist, teleaparıcı, "Şərqi Zəngəzur İqtisadi rayonunda  1 saylı  Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Mətbuat Şurası Etika Komissiyasının üzvü İlhamiyyə Rzadır.

- Vərdişimə sadiq qalıb sənə İlhamə deyə müraciət edəcəyəm...

- Elə sadiq qalsan yaxşıdır, uzaq illərə söykənən tanışlığımız var.

- Bu gün narahat bir dünyanın sakinləriyik...

 - Dünyamız kimi mən də narahatam. Təbiət etibarilə narahat adamam və bu narahatlıq özümlə deyl, əsas başqaları ilə bağlıdır. Ətrafımda olan hər kəs bunu bilir. Bir məclismi oldu, ya  kiçik bir yığıncaq, yaxınlarıma, doğmalarıma, dostlarıma deyirəm ki, çalışın yaxşı olun. Ən azından mənə görə yaxşı olun ki, heç kimin narahatlığını çəkməyim. Mən də beləyəm...

 - Əvvəldən başlayaq...

 - Əvvəldən başlamaq yarım əsrdən artıq bir zamana geri qayıtmaq deməkdir. Novruz bayramından bir neçə gün sonra Qazaxda anadan olmuşam. O zaman valideynlərim Bakıda yaşayırdı, tələbə ikən ailə qurub elə orada özlərinə isti yuva qura bilmişdilər. Həmin ərəfədə anam Səmayə xanım nənəmin yanına yəqin ki, bayramlaşmağa gəlib və mən orada doğulmuşam. Mən orada təkcə dünyaya gəlmədim, deyərdim ki, bütün estetik dəyərlərimin hamısı Qazax üstündə formalaşıb. Bu, əsla yerlibazlıq kimi anlaşılmasın. İndi artıq müəyyən bir yaş həddinə çatan mən özümə hesabat verəndə hiss edirəm ki, musiqi duyumum, varsa da, səmimiyyətim, belə deyim də, yaxşı nəyim varsa, məhz Qazax adına söykənib. Bu o demək deyil ki, Qazaxı üstün tuturam, sadəcə o məkan mənə doğmadır. Doğmanı isə bütün yaxşılardan daha çox sevirsən. Məktəb yaşım çatanda 42 saylı məktəbin birinci sinfinə getdim. Orta məktəbi başa vuran il indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Deyərdim ki, həyatımın ən darıxdırıcı illəri universitetdə keçib, baxmayaraq ki, maraqlı və gözəl müəllimlərdən dərs almışam. Tələbə ikən məndə  artıq potensialımı sərf etmək imkanı vardı, nəinki toplamaq. Çünki orta məktəbdə o qədər mütaliə etmişdim ki, universitetdə oxuduqlarımın hamısı mənə tanış idi. Mən daha çox işləməyə can atırdım və istədiyimə çatdım da. O zaman "Molodyoj Azerbaydjana" qəzetinin şöbə müdiri olan Nadir Nəsibli ilə dostluğumuz vardı və məni əməkdaşlığa dəvət etdi.

- Və beləcə qələmi tapdın...

- Deyərdim ki, qələmi hələ orta məktəbdən tapmışdım. Çox gözəl ədəbiyyat müəllimim vardı - Elman Muxtarov. O, demək olar ki, Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbi fikrinin ən  parlaq simalarını bizə sevdirmişdi. Maraqlı tədbirlər keçirirdik, tamaşalar hazırlayırdıq və sonra onların müzakirələrini aparıb məruzələrlə çıxış edirdik. Mənim filologiya sahəsinə üz tutmağımda mərhum Elman müəllimin rolu böyükdür. İnşa yazdıranda sərbəst düşüncəyə çox önəm verirdi və bizdə bu istiqaməti o inkişaf etdirib. Televiziyada fəaliyyətə başlayanda mənim jurnalistika nəzəriyyəsi haqqında heç bir məlumatım olmayıb. O zaman sosial şəbəkə də yox idi ki, sənə lazım olan məlumatı anında əldə edə biləsən. Bunun üçün yalnız dərsliklərdən öyrənmək kimi bir yol vardı ki, o da kifayət qədər deyildi. Bəlkə də, elə bu səbəbdəndir ki, mənim yazdığım süjetlər həmişə fərqli olurdu. Bunu ətrafımda olan hər kəs deyirdi. Soruşurdular ki, sən mövzuya necə daxil olursan ki, yanaşman tamam fərqli olur? Gülə-gülə cavab verirdim ki, ürəyimin səsinə qulaq asıb bildiyim yoldan yanaşıram, səbəb budur.

- İxtisasca filoloq olan İlhamiyyə jurnalistikaya üz tutdu...

- Ona görə üz tutdu ki, İlhamiyyə həmişə jurnalist olmaq arzusu ilə yaşayıb. Lakin o zaman bu fakültəyə daxil olmaq üçün iki il iş stajı tələb olunurdu. Mən isə bu qədər vaxtı gözləyə bilməzdim, çünki hövsələm buna imkan vermirdi. Lakin təhsil dövründə elə fənlər olurdu ki, Jurnalistika fakültəsinin tələbələri ilə bizi birləşdirirdilər, təbii ki, ixtisas bura daxil deyildi. Amma tələbə ikən "Molodyoj Azerbaydjana" qəzeti ilə başladığım əməkdaşlıq məni arzuladığım yolun başlanğıcına gətirdi. Mən bu redaksiyaya gələndə rəhmətlik Salatın Əsgərova, Osman Mirzəyevin qızı Lalə Mirzəyeva orada çalışırdı. Qəzet rus dilində nəşr edildiyindən, həmin dildə yazmalı idim. Bu baxımdan bir qədər narahat idim ki, görəsən fikirlərimi düzgün ifadə edə bilmişəmmi? Rus dilini təmiz  bildiyimdən redaksiyada mənə ürək-dirək verib böyük dəstək göstərdilər. O zaman Pedaqoji İnstritutda tələbə özünüidarəetmə qrupları yaradılırdı və redaksiya mənə bu mövzuda yazı hazırlamağı tapşırdı. Bir fakt olaraq yadımda qalıb həmin yazı. Lakin hələ də unutmadığım Gəncənin adının qaytarılması ilə bağlı yazımdır. O zaman Baltikyanı ölkələrin birindən Bakıya bir ailə gəlmişdi. Onlar Gəncəyə gedib gəzmiş, Göygölə qalxmışdılar. Həmin ailə ilə masahibədə mən köhnə adların qaytarılması, bərpası, milli kimliyimizə qayıtmaq mövzusuna da toxunmuşdum. Ən maraqlısı odur ki, televiziyada hazırladığım ilk süjet də küçə adlarının bərpası ilə bağlı olub. İçərişəhərdə Tverskaya  küçəsinin adı dəyişilib Mirzə Mansur qoyulmuşdu. Yəni həm mətbuatda, həm televiziyada ilk işim xaraktercə eyni olub. Bir sözlə, jurnalist karyeram bax, beləcə başladı.

- Televiziya və sən...

- Universiteti bitirəndən sonra o zaman Televiziya və Radio verilişləri Şirkəti adlanan AzTV-yə gəldim, lakin radioya. Sədr müavini Aqşin Babayevə yaxınlaşıb işləmək istədiyimi bildirdim. Rəhmətlik Aqşin müəllim dedi ki, diksiyan yaxşıdır, görkəmin də buna imkan verir, gəl səni diktorluğa yönəldək. Düzü, təklifdən çox incidim. Bu sözlərimlə diktorların xətrinə dəyməkdən çox uzağam. Lakin mən özümü yalnız müəllif kimi gördüyümdən təklifi qəbul etmədim. Və beləcə, mənimlə iki illik müqavilə bağladılar, ştatdankənar əməkdaş kimi xarici ölkələrə verilişlər redaksiyasına gəldim. Bir ay ərzində mənə bircə süjet verdilər hazırlamağa. Gördüm ki, hərə öz işi ilə məşğuldur, mənə o qədər də fikir verən yoxdur, yenə Aqşin Babayevin yanına gəlib dedim ki, orada mənə heç kim bir tapşırıq vermir axı. Hər gün gəlib boş-bekar oturmaqdan artıq sıxılıram. Bu sözlərimdəm sonra Aqşin müəllim dedi ki, get televiziyada xəbərlər redaksiyasında işlə. Xəbərlərin baş redaktoru Ənvər Qafarlı idi. Çox zəhmli insan idi Ənvər müəllim. Amma etiraf edirəm ki, bu günə qədər rəhbərliyi altında çalışdığım insanların sırasında çox yadımda qalan şəxsiyyətlərdən biridir. Özü heç vaxt bir müəllif kimi görünmürdü, lakin jurnalisti düzgün istiqamətləndirməkdə böyük peşəkar idi. Mənim bir müxbir, jurnalist kimi formalaşmağımda Ənvər Qafarlının böyük rolu olub. Lakin o zəhmin arxasında böyük bir qayğıkeşlik vardı, bunu hamı hiss edirdi. 1989-cu ildən mənim telejurnalist karyeram başladı. Sonralar kanallar da dəyişdi, verilişlərin adları da. Lakin bu gün yenə də əzəl ünvanım olan AzTV-dəyəm.

- Jurnalist və zaman...

- Jurnalist çox intellektual olmalıdır. Bu sənətə gəlibsə, ən azından bir neçə dil bilməlidir və dünya informasiya məkanında baş çıxarmağı bacarmalıdır. Azərbaycandan kənara çıxanda peşəsini özü ilə aparmalıdır. Bu gün ənənəvi jurnalistikada belə gənclər görmürəm. Başqa sahələrdə var - bloqerlər arasında, sosial mediada onlara rast gəlmək olur. Təəssüf ki, bu gün televiziyaya gələn jurnalistlərin baxışı tamam başqadır. Əksəriyyət asan yolla məşhurlaşmaq naminə bu yolu tutub. Mən sosial şəbəkədən xəbəri olmayan jurnalist görmüşəm. İnformasiya bolluğu və üstəlik də bu informasiyanı anında əldə edə bilmək imkanı olan bir dövrdə jurnalist olan buna qapalı qala bilərmi?

Acınacaqlısı odur ki, bu gün sosial şəbəkələr ənənəvi jurnalistikaya mövzu verir, halbuki bu, əksinə olmalıdır. Çox istərdim ki, internet üzərində olan çeviklik jurnalistikada özünü göstərsin. Jurnalistikanın müasir düşüncəli gənclərə ehtiyacı var. Jurnalist adını daşıyanlar üzərilərində ciddi işləməlidir, yenilikləri mənimsəməlidir. İşlədiyin sahəni inkişaf etdirməkdən ötrü böyük imkanlar var və bunlardan istifadə etmək vacibdir. Jurnalistika onu sevənlərə mütləq uğur gətirir. Əslində bu, bütün sahələrdə belədir. Uğur reytinq və ya layk qazanmaq demək deyil, bunu peşəni sevmədən də əldə etmək olar. Lakin bu gün jurnalistikada sözünü deyib, izini qoyan, maraq doğuran simalarımız var ki, onlar bu mərtəbəyə sənətə olan sevgi və bağlılığı ilə çata bilib.

- Tənqidlə təhqirin yeri jurnalistikada səhv düşüb axı...

- Jurnalistikada? Məncə, bir xalq olaraq bu, bizdə qarışıqdır. Sosial şəbəkələrdə olanların hamısı jurnalist deyil, axı. Orada sən, mən, ümumilikdə hamımız varıq. Sadəcə jurnalistika bundan barınır. Harada qalmaqal varsa, oradan yazmaq ona daha maraqlı gəlir. Əgər əvvəl bir jurnalist hansısa məşhurun evində ondan müsahibə alanda, gözünə hansısa qeyri-adi, müsahibin yayılmasını istəməyəcəyi bir nüans dəyirdisə, onu heç vaxt qələmə almırdı və ya işıqlandırmırdı. Amma indi elə bir nüansla rastlaşan jurnalist gördüyünü o qədər şişirdir ki, özünə auditoriya toplaya bilsin. Bizdə etika, olar-olmaz anlayışı vardı. Kiminsə evinə gəlib onun paltar dolabını açmaq, ora müdaxilə etmək yalnız reytinq və pul qazanmaq naminədir. Bu isə artıq jurnalistika deyil.

- Onda belə çıxır ki, senzura olmalıdır...

- Senzura jurnalistin daxilində olmalıdır. Nəyi demək olmaz anlayışını daxilindən keçirib özü qərar verməlidir. Əslində, bu hamıya aiddir, təkcə jurnalistə yox. İnsan dediyinin, danışdığının ölçüsünü bilməlidir. Sadəcə olaraq, jurnalistin yazdığı daha çox və tez ictimailəşdiyi üçün əks-səda yaranır. Senzura dövründən keçən biz jurnalistlər yersiz bir kəlmədən insan həyatının məhvinə, talelərin qırılmağına biganə qala bilmirik. Peşəkar, məsuliyyətli qələm əhlinin daxili senzurası ona kifayət edər. Səriştəsiz, hər şeyə səs-küy yaratmaq prizmasından baxanların isə çəki-düzənə ehtiyacı var. Bu, senzuraya çağırış deyil, amma mən anarxiyanın qəti əleyhinəyəm.

- Bir evdə iki yaradıcı insan və tərəf müqabili...

- Həmid (İlhamiyyə xanımın həyat yoldaşı, şair, yazıçı Həmid Herisçi - T.M.) fikir adamıdır. Həmid yazıçıdır, şairdir. Amma mən jurnalistəm. Mən hesab etmirəm ki, Həmid qədər maraqlı biriyəm. Belə deyəndə onun danlağını eşidirəm. Özümdən narazılıq kompleksinə görə məni məzəmmət edir. Amma əslində, belədir. Çox vaxt düşünürəm ki, ona böyük qayğı göstərmək daha vacibdir. Həmid bəzən söylədiklərini, düşündüklərini yazmağı çatdıra bilmir. Bax, belə halda düşünürəm ki, ona katibəlik edə bilərdim. O diktə edərdi, mən də yazardım. Bizim bərabər gördüyümüz işlər çox olub. Mətbuatda layihələrimiz yer alıb. İnsanlar bizi daha çox proqram aparıcısı kimi görməyə alışıqdır və bəzən bizim efirdə sözümüz  "çəp" düşəndə, bu, onlara xoş gəlir.

- Daha çox danışan tərəf o, susub dinləyən sən olursan...

- O susqunluğun ardında bir partlayış da olur. Yadımdadır, bir dəfə Həmid mənə, demək olar ki, danışmağa heç imkan vermədi. Fikir bildirmək üçün ağzımı açırdım, sözüm elə ağzımda qalırdı. Bu hal bir neçə dəfə təkrar olandan sonra dözməyib efirdəcə dedim ki, Həmid, sən danış, mən qulaq asım. Bu sözümdən sonra ayılan kimi oldu. Mövzu ətrafında deyilə biləcək bütün fikirlərini söyləyəndən və nöqtə qoyandan sonra mənə müraciətlə dedi ki, İlhamiyyə xanım, sizin də deyəcəkləriniz vardı, buyurun.

- Cavabın maraqlıdır...

- Cavabında dedim ki, Həmid, sən hər şeyi ətraflı, yerli-yerində söylədin, artıq mən danışmıram. Onda anladı ki, İlhamiyyə əməlli-başlı inciyib. Nə qədər israr etsə də, danışmadım.

- Və kadr arxasında umu-küsü davam etdi...

- Yox, etmədi. Həmid tez inciyən, uşaq kimi küsəyəndir. Belə olanda da özünə qapanmağı var. Onda həmişə özümü haqsız hesab edirəm, lap haqlı olsam belə.

- Efirə hazırlıq maraqlı prosesdir...

- Efir insanlarla ünsiyyət qurmaq üçün asan çıxış vasitəsidir. Televiziyanın hər janrını sevmirəm. Mənimki canlı və spontan verilişlərdir. Elə efir mənə daha çox həzz yaşadır. "Gecə kanalı" adlı tematik verilişimiz vardı. Ona hazırlaşaraq çıxırdıq. Səhər verilişinə isə hazırlıq lazım deyil. Nədən danışacağımızı əvvəldən bilmirdiksə, nəyə hazırlaşmalı idik? Qəribə odur ki, çiddi şəkildə hazırlaşdığımız verilişlərdən mən razı qalmamışam heç vaxt. Canlı efirin öz sehri, öz mistikası var, səni elə bir axına salır ki, hara gedəcəyini bilmirsən.

- Yaşadığımız 44 gün...

- Müharibə başlayandan bitənə qədər, hətta bir qədər də artıq biz şənbə-bazar bilmədən efirdə olduq. Gecələr iki saat yuxu alıb yenə də ayaq üstə olurduq. Səhərə qədər demək olar ki, oxumadığımız xəbər qalmırdı. İnformasiya mübarizəsi aparırdıq, bütün mövcud platformalarda, müxtəlif dillərdə Azərbaycan həqiqətlərini yayırdıq. Həyatda gördüyüm işləri təftiş etmiş olsam, deyərdim ki, özümdən razı qaldığım vaxtlardan biri   bu 44 gündür. Biz bir insan, jurnalist olaraq bacarıq və imkanlarımızı silaha çevirə bildik.

- İtirdiklərin və qazandıqların...

- Həyatda itkilər olur və yaşadıqca bunu normal qəbul edirəm. Bu gün nəyi qazanmışamsa, itirdiyim gəncliyim olub, illərim olub. Təəssüf ki, bizdə peşəkarlığının, karyeranın, şəxsi həyatının zirvəsinə o zaman çatırsan ki, artıq bütün enerjin tükənmiş olur. Bu məqamda demək istərdim ki, qoy insanlar bir-birinə mane olmasınlar. Televiziya karyeramda olan ciddi maneələr oradan uzaqlaşmağıma, böyük fasilələrə qədər gətirib çıxardı. Bu, həyatımın böyük travması oldu. Sevdiyim işdən ayrı qaldım, başqa sahədə işləməli oldum. Həyatımın enerji dolu illərini itirdim, hansı ki, həmin dövrdə televiziyada böyük işlər görə bilərdim. İtirdiyim o zamanı heç kəsə bağışlaya bilmirəm və onları ilahi ədalətə həvalə etmişəm.

- Geri boylananda...

- Jurnalist kimi maraqlı bir dövrdə yaşadım. Amma heyfsilənirəm ki, indiki dövrdə yaşamış olsaydım, daha geniş imkanlara malik olardım. Bir yerdə dayanmaqla kifayətlənməzdim. Peşəmlə bağlı xaricdə təhsil alardım, yəni geniş imkanların hamısından istifadə edərdim. İndi bunları əldə edə bilmirəm. Ailə var, oturuşmuş həyat var. Amma bugünkü gənclərə o qədər geniş imkanlar verilib ki, onları hərəkətsiz

görəndə heyfsilənirəm. Bugünkü gənclik gələcəyin qurucularıdır və bir ana kimi mən də oğlumuz İbrahimi sağlam gəncliyin sırasında görmək istəyirəm.

- Bir ailənin xanımı İlhamiyyə də danışsın...

- Mən nə dəbdəbə sevirəm, nə də parıltı. Mənim üçün praktik rahatlıq hər şeydən üstündür. Evimə gələn qonağın rahatlığı hər şeydən vacibdir. Amma etiraf edirəm ki, evimə çox qonaq da dəvət etmirəm. Böyük bir mətbəximin olmasını çox istəyirəm.  Olsun ki, orada qonaqlarıma cürbəcür yeməklər bişirim.

- Hətta...

- Bəli, hətta. Mən mətbəx adamı olmamışam və deyiləm də, çünki xörək bişirməyi sevirəm. Mətbəx adamları isə sevmir, çünki yemək hazırlamaq onlar üçün işə çevrilib. Qurutlu xəngəldən tutmuş küftə, dolma, şah plovu yaxşı bişirirəm. Yeyənlər bəh-bəhlə tərifləyir. Mənim nəzərimdə yemək bişirmək yaradıcı prosesdir.

- Səni yetişdirən valideynlər...

- Atam Faiq Rzayev neft mühəndisi olub. Çox sadə, insanlığa, kişi sözünə yüsək dəyər verən bir ziyalı idi. Ətrafında olanların böyük sevgisini qazana bilmişdi. Zəhmi olsa da, çox kövrək qəlbə sahib idi atam. Birinci kursda oxuyanda onu itirdik.  Qazaxda babamın evindən məzarlığa qədər uzanan izdihamı indiyə qədər unuda bilmirəm. Məzarlığa qədər xeyli yol idi, amma atamın cənazəsini məzarlığacan çiyinlərdə apardılar. Bu, insanların atama olan sevgi və hörmətinin təzahürü idi. Zəhmətkeş qadın olan anam Səmayə xanım indiki İqtisad Universitetini qırmızı diplomla bitirib. Təqaüdə çıxandan sonra belə, savadlı mütəxəssis kimi baş mühasib olaraq son illərə qədər işləyib. Artıq bəlli bir yaşı var, yanımdadır, gözümdən kənara buraxmaram onu. Məndən böyük bir qardaşım var. Kimliyimizdən, cəmiyyətdə tutduğumuz mövqedən asılı olmayaraq, valideynlərimizə olan borcumuz heç nə ilə ödənilə bilməz.

P.S. Həmkarımla söhbətimizi bitirə bilmədik, çünki artıq iki aydır, onun məsul bir vəzifəsi var. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzaya ünvanlaya bilmədiyimiz suallar qalsın Zəngəzurdakı söhbətimizə. Qarabağda görüşənədək, həmkar!..

 

Tamilla M-zadə

525-ci qəzet.- 2022.- 24 dekabr.- S.10-11.