"Yüksəliş" müsabiqəsi:
istedadlı kadrların inkişafına böyük
dəstək
Bu günlərdə Prezident
İlham Əliyev
2023-cü ildə növbəti
"Yüksəliş" müsabiqəsinin keçirilməsi
ilə bağlı tədbirlər haqqında
Sərəncam imzaladı. Sərəncama
əsasən, 2023-cü ildə
növbəti "Yüksəliş"
müsabiqəsinin keçirilməsi
ilə bağlı cari işlərin görülməsi üçün
Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb.
"Yüksəliş" müsabiqəsi ölkədə
yeni nəsil idarəçilərin aşkara
çıxarılması, perspektivli idarəçilərin
dəstəklənməsi və
təşviqi baxımından
çox faydalı, eyni zamanda, şəffaf
mexanizmə əsaslanan
sosial lift layihəsi hesab edilir. "Yüksəliş" - istedadlı
kadrların seçilməsi,
inkişaf etdirilməsi
üzrə müsabiqədir.
Bu müsabiqə iştirakçılara kadr
ehtiyatının inkişafı
proqramında iştirak
etmək, ölkənin
gələcəyini quracaq
şəxslərdən biri
olmaq imkanını qazandırır. Bu müsabiqə
peşəkar təlimlər
üçün qrant
qazanmaq, idarəetmə
bacarıqlarınızı hərtərəfli inkişaf
etdirmək, əvəzolunmaz
əlaqələr qurmaq,
vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq
fürsətdir. "Yüksəliş" - ilkin
seçim mərhələlərindən
uğurla keçən
yarımfinalçılara peşəkarlarla
görüşmək, finalçılara
şəxsi inkişaf
planları əldə
etmək, qaliblərə
isə idarəçi
rəhbərlərlə çalışmaq
imkanı qazandıran
müsabiqədir.
"Yüksəliş" müsabiqəsinin
Təşkilat Komitəsinin
üzvü, Dövlət
İmtahan Mərkəzinin
Direktorlar Şurasının
sədri Məleykə
Abbaszadənin dediyinə
görə, "Yüksəliş"
müsabiqəsi intellektual
səviyyəsi və
idarəçilik keyfiyyətləri
yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini
və ölkədə
kadr ehtiyatı bankının yaradılmasını
təmin edir. "Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək
istəyən, istedadlı,
özünə güvənən
gənclər üçün
bir şansdır.
DİM Direktorlar Şurasının
sədri təhsil, karyera imkanlarına görə ölkədə
gender bərabərliyinin mövcud
olması, qanunlarımızda
da bu məsələ
ilə bağlı məhdudiyyətlərin olmadığını
bildirib. Bəzən reallıqda bu
qaydalara riayət edilmədiyini, qadınlarımızın
karyera pillərində
çətinliklərlə, qeyri-sağlam rəqabətlə
üzləşdiklərini, bu tendensiyanın nəinki ölkəmizdə,
demək olar ki, bütün dünyada hökm sürdüyünü vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl
Cabbarov deyib ki, "Yüksəliş"
müsabiqəsi ölkədə
peşəkar kadrların
üzə çıxarılması,
innovativ idarəçiliyin
və intellektual resursların dəstəklənməsi
kimi mühüm məqsədlərə xidmət
edir: "Layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə
yüksək rəqabətli
insan kapitalının
formalaşmasına, kadr
potensialının səmərəliliyinin
artmasına və ölkəmizin dayanıqlı
iqtisadi inkişafına
mühüm töhfə
verir".
Gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə
görə, "Yüksəliş"
müsabiqəsinin əsas
məqsədi potensiallı
kadrların aşkarlanması,
dəstəklənməsidir: "Müsabiqə bir neçə mərhələdən
ibarətdir. Bu mərhələlər həm
maraqlı, həm də həyəcanvericidir.
Bütün bu amillər
bizim iştirakçılara
idarəetmə alətləri,
yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar
gözəl fürsətdir.
"Yüksəliş" müsabiqəsi intellektual
səviyyəsi və
idarəçilik keyfiyyətləri
yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini
və ölkədə
kadr ehtiyatı bankının yaradılmasını
təmin etmək məqsədilə yaradılıb.
Bu baxımdan, idarəçi rəhbər
şəxslərə, liderlərə
xas xüsusiyyətlərin
qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Nəticəyə yönəlmə, kommunikasiya, işin icra edilməsi, komanda işi, sosial məsuliyyət, innovativ yanaşma kimi liderlik xüsusiyyətləri
qiymətləndirilir. Eyni zamanda, ümumi dünyagörüşü, məntiq,
riyazi təhlil, sürətli düşünmə,
büdcənin idarə
edilməsi, sosial intellekt, layihələrin idarə edilməsi kimi bilik və
bacarıqlara da önəm verilir. Öncəliklə, gənclər
təhsillərinə diqqətlə
yanaşmalı və
bununla yanaşı mütaliəyə və şəxsi inkişafa -dil biliklərinin artırılması, müxtəlif
proqram və kurslar vasitəsi ilə əlavə biliklərin əldə olunması və s. xüsusi önəm verməlidirlər. Məqsədlərinə doğru əmin addımlarla irəliləməli
və ruhdan düşməməlidirlər. Bununla yanaşı, onlar sevdikləri və faydalı olduqları sahədə çalışmalı,
öz karyeralarını
həmin sahədə
qurmalıdırlar. İşin və
karyeranın yalnız
şəxsi təminat,
fərdi yüksəliş
üçün deyil,
eyni zamanda, cəmiyyət və ölkəyə faydalı
olmaq üçün
qazanıldığını anlamalıdırlar. Müsabiqənin hər bir mərhələsi
müxtəlif bilik və bacarıqların ölçülməsinə yönəlib.
Hər bir mərhələdən
sonra siz yüksək və aşağı nəticə
göstərdiyiniz istiqamətləri
görə bilirsiniz və özünüzü
hansı istiqamətdə
inkişaf etdirəcəyinizi
öyrənirsiniz. Bu müsabiqə həm də yeni tanışlıqlar
qazanmaq, öyrənmək
və öyrətmək
üçün çox
yaxşı platformadır".
Energetika naziri Pərviz Şahbazov Prezidenti İlham Əliyevin Sərəncamı ilə
yaradılan və dəstəyi ilə həyata keçirilən
"Yüksəliş" müsabiqəsinin ölkədə
peşəkar kadr potensialının aşkara
çıxarılması istiqamətində
əhəmiyyətli təşəbbüs
olduğunu qeyd edib. Nazir "Yüksəliş" müsabiqəsinin milli və dövlətçilik
dəyərlərimizə, qanunlara hörmətlə
yanaşan, üzərinə
düşən vəzifəni
vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin
müəyyən edilməsi
istiqamətində ümidləri
doğruldacağına əmin
olduğunu vurğulayıb.
"Yüksəliş" müsabiqəsi əmək
bazarında yüksəlmək
istəyən hər bir peşəkar üçün irəliyə
doğru böyük bir addımdır. Bu baxımdan müsabiqənin
hər mərhələsi
yeni imkanlar yaradacaq. "Yüksəliş" ilkin
seçim mərhələlərindən
uğurla keçən
yarımfinalçılara peşəkarlarla
görüşmək, finalçılara
şəxsi inkişaf
planları əldə
etmək, qaliblərə
isə idarəçi
rəhbərlərlə çalışmaq
imkanı qazandıran
müsabiqədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin
sözlərinə əsasən,
"Yüksəliş" müsabiqəsi insan kapitalının inkişafı
məqsədilə Azərbaycan
hökumətinin başladığı
növbəti təşəbbüsdür. Bu təşəbbüsdə yüksək
intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının
əsas tələblərindən
olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır
olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi
bacaranlar qalib olur. Bu müsabiqənin
iştirakçılarında həm də qərar qəbuletmə bacarığı, işin
bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət
yetirilir: "Strateji düşünənlər, komandada
ilə işləməyi
bacaranlar, büdcəni
idarə edə bilənlər peşəkarlarla
görüşmək, şəxsi
inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq
imkanı əldə edirlər. Nəticədə yaşından, ixtisasından,
fəaliyyət göstərdiyi
sahədən, dövlət,
ya da özəl
strukturda çalışmasından
asılı olmayaraq
"Yüksəliş"ə qatılan hər şəxs tələb olunan kadr ehtiyatının
inkişafı proqramında
iştirak edib, ölkənin gələcəyini
quracaq şəxslərdən
birinə çevrilir".
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, uğurlu idarəçinin əsas keyfiyyətlərindən biri onun idarəetmə cəsarətidir. Problemlərlə üzləşməli, hər şeyi olduğu kimi söyləməli, çətin qərarlar qəbul edən və hərəkətləri üçün məsuliyyət daşıyan bir şəxs olmalıdır. Qloballaşan dünyada uğurlu idarəçi bütün yeniliklərə açıq olmalıdır. İdarəçi yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək lider olmalıdır. Mənəvi cəhətdən qüvvətli, dayanıqlı, ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır. O, komandasının bütün üzvlərinə bərabər yanaşmalı, qarşılıq gözləmədən həvəsləndirməyi bacarmalıdır. Sadə və təvazökar olmalıdır: "Müasir dövrün tələbi informasiyadır və daha çox məlumatlı olmaq, daha çox bilmək deməkdir. Peşəkar idarəçi daima özünü və biliklərini yeniləməlidir. İnformasiyanın dəyərinin düşməməsi o məlumatın təzələnməsindən və daha etibarlı olmasından asılıdır. İdarəçinin irəlini görə bilmə və planlama qabiliyyətinə sahib olması zəruridir. Bacarıqlı idarəçi öz səhvlərini görməyi və bunu etiraf etməyi də bacarmalıdır. İstənilən idarəçi hər şeyin mükəmməl olmasını istəyir və bunun üçün mübarizə aparır. Əlbəttə, bu yolda səhv etmək ehtimalı istisna deyil. Lakin o, eyni səhvləri bir daha təkrarlamamağa səy göstərməlidir".
Nazirin söylədiyinə görə, "Yüksəliş"müsabiqəsi istər dövlət qulluğu, istərsə də özəl sektorda çalışan Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir: "Müasir idarəetmə prinsipləri ənənəvi idarəetmə prinsiplərindən müəyyən qədər fərqlənsə də, məqsəd birdir - ölkənin, vətənin inkişafına töhfə vermək. Bir sözlə, "Yüksəliş" müsabiqəsinin iştirakçılarından gözləntilərimiz onların daim yeniliklərə açıq olması, qloballaşan dünya ilə ayaqlaşa bilən müasir baxışlı liderlər kimi yetişmələridir. Əminəm ki, "Yüksəliş" müsabiqəsinin qalibləri Azərbaycanın gələcək inkişaf mərhələlərində yeni uğurlara nail olacaqlar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 27 dekabr.- S.14.