Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2022-ci ili uğurlarla yola salır

 

2022-ci təqvim ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin, bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu.

2022-ci təqvim ili təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin, ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi də səciyyələndirilə bilər.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 483223 şagirdin təlim-tərbiyəsi ilə 28437 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45245, IX siniflərində 40023, XI siniflərində 26438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki 282  ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22901 uşaq cəlb olunub.

Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə yaradılmış Alternativ qeydiyyat mərkəzləri, eləcə də 3 votsap nömrəsi vasitəsilə zəruri köməklik göstərilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-ci təqvim ilində 48829 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini 1751 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub. Onlardan 982 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2022-ci təqvim ilində 38 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı gümüş nişana layiq görülüb.

2022-ci təqvim ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 54 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 27 nəfər bürünc medal qazanıb.

2022-ci təqvim ilində Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 paytaxt məktəblisi qalib olub. Belə ki, 1 nəfər I, 6 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb.

V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.

Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn  (fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə) müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 10 nəfər riyaziyyat, 4 nəfər fizika, 10 nəfər biologiya, 11 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.

Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin davamlılığı təmin edilib. Layihə çərçivəsində paytaxtdakı 19 ümumi təhsil müəssisəsində 108 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir. Həmçinin, Bakıdakı 31 məktəbdə 47 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu da təşkil olunub.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Prezidentin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfər "Tərəqqi" medalı ilə təltif edilib, 2 nəfər isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Həmçinin, elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 17 nəfər "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb.

İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

Qeyd edək ki, növbəti təqvim ilində 50 məktəbin inkişaf planının hazırlanması nəzərdə tutulub.

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16085 şagird təhsil alır.

Qeyd edək ki, 2022-ci təqvim ilində paytaxtın 15 təhsil müəssisəsində təmayül sinifləri üzrə monitorinqlər aparılıb və 50-yə yaxın dərs dinlənərək təhlil edilib.

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

2022-ci təqvim ilində paytaxt üzrə 121 şagird fərdi təhsilə cəlb olunub.

Qeyd edək ki, ümumilikdə Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alır. 

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2334 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində 2012 nəfər işə qəbul olunub. Bunlardan795   nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1098 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin, cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə direktor təyin olunub.

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 541 nəfər müəllimin iş yeri daimiləşib.

 

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2022-ci təqvim ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 21 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərindən müvəffəqiyyətlə keçən 222 nəfər işə qəbul hüququ qazanıb.

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçirilən müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 44 nəfər işə qəbul hüququ qazanıb.

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsinin direktoru vəzifəsi Təlimə Dəstək Mərkəzinin metodistlərinə həvalə edilib.

Məktəb rəhbərliyi vəzifəsinin metodistlərə həvalə edilməsinin əsas məqsədi BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin idarəetməsinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi vermək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə daha yaxından metodiki yardım göstərməkdən ibarətdir.

BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində "Yay məktəbi" təşkil edilib.

16-30 iyun tarixlərini əhatə edən "Yay məktəbi"nə ümumi təhsil müəssisələrinin I-X sinifləri üzrə 19827 şagird qoşulub. Ödənişsiz və könüllü əsaslarla keçirilən "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. "Yay məktəbi" çərçivəsində BŞTİ tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis  dili, robototexnika sahəsində bilik və  bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2022.- 28 dekabr.- S.14.