Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Florensiya
hersoqu Alessandro
Alessandro hökumətə başçılıq etməyə
başlayanda imperator V Karldan Florensiya Hersoqu titulunu aldı, həm
də onun qızı ilə evləndi. O, əsl tirana
çevrildi, buna görə də sui-qəsdin qurbanı oldu.
V Karl təklif edirdi ki, Florensiya respublika olaraq qalsın və
bu, Alessandroya öz şəhərinə nəzarət etmək
qarantiyası verirdi. Florensiya üçün respublika
quruluşu şərəfli idi, lakin zaman artıq dəyişmişdi.
1532-ci ildə
VII Klement yeni konstitusiya vasitəsilə Alessandroya qarantiya verdi. Şuralardan ibarət
"Ali magistratura" yaradıldı və əhəmiyyətli
bir cəhət o idi ki, Alessandro daim onun lideri olacaqdı.
Magistratura ilə yanaşı, iki Şura - 48-lər
Şurası, o, xarici siyasət üçün məsuliyyət
daşıyırdı və 200-lər Şurası, onun vəzifələri
ikinci dərəcəli əhəmiyyətə malik olmaqla, ədalətsizlik
barədə fərdi şikayətlərə və vergi məsələlərinə
baxırdı.
Bu şuralar formal olaraq başlıca
magistratların əsas komponentlərini mərkəzləşdirirdi.
Belə bir qayda tezliklə həyata
keçirildi ki, Alessandro real olaraq özünə
"Florensiya Respublikasının hersoqu" titulunu verməyə
qadir olsun.
Alessandro Mediçilərin bu formatda ilk hersoqu idi, 20
yaşı olanda o, həmin rola sahib olmuşdu. Onun anası
Simonetta Romadakı Mediçi evinin qulluqçusu idi, doğma
atası isə VII Klement idi. Alessandro həyasız və
çox hiyləgər adam idi. Onun
heç vaxt nəcib bir adam hesab etməmişdilər.
Onun barəsində yazırdılar ki, cavanlığında səfeh
adam olmuşdu. Terrora əl
atdığına görə heç kəs onu narazı
salmağa cəsarət etmirdi və ya onun səhvini düzəltmirdi,
çünki qorxurdular ki, birbaşa və ya dolayı yolla
ondan qisas alacaqdır.
V Karl Alessandronun xarakterinə görə, ondan qorunmaq əvəzinə,
qızını ona ərə vermişdi. Toy 1536-cı ilin iyununda
oldu, bundan iki il əvvəl V Karl
Mediçi sarayında Alessandronun qonağı olmuşdu. 1537-ci ilin yanvarında, toydan 6 ay sonra Alessandro
öldü. Onun əxlaqsız
davranışındakı gənc sirdaşı olan Lorentsino
özü onu öldürmüşdü. Axırıncı Böyük Lorentsonun törəməsi
olmaqla ailənin gənc qoluna məxsus idi. Papanın Alessandroya etibar etdiyi yolla o, qanuni varis
olmalı idi.
Alessandronun ölümü barədə iki versiya
vardır. Birinciyə müvafiq olaraq, Lorentsino vəd etdiyi kimi
öz olduqca gözəl bacısı, dul gəlin olan Laudomaya
Alessandro sarayda özünü təqdim etməli idi və
evin ayrıca guşəsində tutduğu qatil onu
öldürməli idi. İkinci versiya isə ondan ibarət
idi ki, Alessandro Katerina adlı gənc qızla
maraqlanmışdı və Lorentsino Alessandronu tələyə
salmaq üçün ona vəd etmişdi ki, həmin
qadınla o, görüşə biləcəkdir. Lakin əvəzində onu öldürdü, qətlə
bir muzdlu qatil də köməklik göstərmişdi. Bu hadisə 1537-ci ildə baş vermişdi.
Lorentsinonun özü də pis sonluğa gəlib
çıxdı. Kozimo vaxtı ötürməzdən
Florensiya hökumətinin başında Alessandronun yerini tutdu və
qorxurdu ki, onun düşmənləri Lorentsinonu qanuni ailə varisini
bu vəzifəyə təklif edəcəklər.
O, rəqibinin
arxasınca Fransaya gəldi, Lorentsino bu ölkəyə
qaçmışdı, sonra Türkiyədə olmuş və
nəhayət, Venetsiyaya getmişdi. Orada
anası ilə birlikdə sığınacaq
tapmışdı. Kozimonun tutduğu iki
qatil Venetsiyada onu 1548-ci ildə qarışıq bir
küçədə öldürdülər.
Alessandro heç bir mühüm rəssamlıq əsəri
sifariş vermədi ki, ailənin qiymətli
kolleksiyasını əhəmiyyətli dərəcədə
zənginləşdirsin. Yalnız özünün iki portretini
görkəmli rəssamlara sifariş vermişdi. Həmin dövrün ən məşhur portret
ustası olan Titsian onun düşməni İppolitonun
portretini işləmişdi və onu göz oxşayan cavan
oğlan kimi, Möhtəşəm Lorentsonun əsl nəvəsi
tək təsvir etmişdi.
Böyük
hersoq Kozimo
Bu Kozimo ilə respublika rejiminin bütün izləri qeybə
çəkilmişdi. Florensiya yalnız regional bir dövlətin
və rəssamlığın paytaxtı oldu.
Alessandro qətlə yetiriləndə, bu xəbər,
anasına görə, həmçinin, Mediçi sayılan
İnnosentsa Sibodan gizli saxlanıldı. Onun anası
Madlena papa X Leonun bacısı idi. V
Karlın nümayəndəsi qərara aldı ki, o vaxtlar 18
yaşı olan Kozimonun hökmdar olmağa adını çəksin.
Kardinal dörd mühüm senatoru inandırdı ki, onun
seçimini qəbul etsinlər. Onlar kardinala
asanlıqla inandılar, çünki
düşünürdülər ki, Kozimodan asanlıqla istifadə
etmək mümkün olacaqdır. Düşüncəsiz
və məsuliyyətsiz olduğundan çətinlik çəkmədən
bu adama nəzarət etməyi bacaracaqlar. Lakin
onlar tezliklə yəqin etdilər ki, bu elə də
düşündükləri kimi olmayacaqdır.
I Kozimo
öz cavanlıq dostlarına da heç bir mərhəmət
göstərmirdi, onlara işgəncə verdirir, sonra da qrup
şəklində edam etdirirdi. Bu hadisələr
baş verəndə Kozimonun 18 yaşı var idi və o,
artıq kifayət qədər yetişmişdi ki,
özünün imperatora tabe olmamasını elan etməsini
yaxşı bir iş kimi qiymətləndirsin. Alessandronun
dul gəlini, imperatorun qızı olan Marqaritanın əlini
uğursuz qaydada xahiş etsə də, ümidini itirməmişdi
və daha çox Neapol vitse-kralı Toledolu Peterə tərəf
döndü və onun qızı Eleanor ilə evlənməyə
razılıq aldı. Toy 1539-cu ildə
baş tutduğu vaxt Eleanorun 16 yaşı var idi, həm də
çox varlı idi. Gözəl olmasa da,
müəyyən lətafətlərə malik idi.
Evləndikdən sonra Kozimo Sinyoriya sarayına
köçdü, orada onu 200 İsveçrə və alman
mühafizəçiləri qoruyurdu.
Kozimo özünün praqmatik təbiəti hesabına
hersoqluğun inkişafında qeyri-adi ağıl
nümayiş etdirirdi. Onun xarici siyasəti isə
özünün ilk illəri ərzində vassallıq
formasında idi. Bu, ona imkan verdi ki,
ispan qüvvəsindən İtaliyada öz sərhədlərinin
genişləndirilməsindən ötrü istifadə etsin.
O, 1555-ci ildə Sienanı işğal etmişdi, təslim
aktını Fransa marşalı da imzalamışdı.
Kozimo hərbi donanma qurdu, Santo Stefano hərbi ordenini
yaratdı və ərazinin resurslarına maraq göstərdi. Gümüş
mədənlərini və Karrara mərmər
karxanasının yatağını işlətdi. Bu
uğurlarına görə 1569-cu ildə papa V Piy Kozimoya
Toskananın Böyük Hersoqu titulunu verdi.
Ancaq Kozimo sonralar respublika həyatında yoruldu və
1564-cü ildə öz varisi Françeskonu regent
adlandırıb, istirahətə yollandı. Kozimo 1562-ci
ildə faciəli səyahətində böyük itkilərdən
- arvadının və iki uşağının
ölümündən əzab çəkməli olmuşdu.
Arvadı Eleanor bəd xassəli isitmədən
ölmüş, uşaqlarını da həmin xəstəliyə
yoluxdurmuşdu, onlar da eyni xəstəlikdən
ölmüşdülər. Bu qadın Mediçilərin həyatının
maddi cəhətdən yaxşılaşmasına əhəmiyyətli
dərəcədə köməklik göstərmişdi. O,
öz böyük var-dövlətini ərinin sərəncamına
vermiş, onun atası isə papaya təzyiq göstərmişdi
ki, Kozimonun muxtar və sərbəst hərəkət etməsinə
imkan versin. Bu qadın düzgün, sədaqətli
və fərasətli idi, əri bütün ömrü boyu
ona qulaq asmışdı. 20 il ərdə
olduqdan sonra 40 yaşında öləndə, Kozimonu tək
qoyanda, Hersoq bunu dünyanın qalan hissəsindən
uzaqlaşmaq kimi qiymətləndirmişdi.
Kozimo iki il sonra istefa verdi, öz arvadının və
övladlarının matəmindən sonra o, ailəsinin Roma
ilə əlaqəsini inkişaf etdirmək üçün papa
IV Piydən xahiş etdi ki, onun oğlu Ferdinandonu kardinal
adlandırsın. IV Piy razılaşdı,
baxmayaraq ki, bu vaxt uşağın cəmi 14 yaşı var
idi.
O,
özü şəxsən botanika elmi ilə
maraqlanırdı və Pizada Boboli bağlarını
salmışdı və dünyada bu növdən olanların
arasında ən mühüm bağ hesab olunurdu. O, Möhtəşəm
Lorentsonun yığmağa başladığı, sikkə
pulların və medalların kolleksiyasını
böyütdü. Öz səfirlərinə
tapşırmışdı ki, digər ölkələrdən
mümkün olduqca qədim yunan kitablarını və heykəllərini
alsınlar. Sənətkarlıqla
iqtisadiyyat dövlətin inkişafı naminə birləşdirilmişdi
və onların növləri
çoxaldılmışdı.
O,
Sinyoriya sarayını hökmdar iqamətgahına çevirmək
kimi çox diqqət tələb edən və prestijli
işi Vazariyə etibar etmişdi. Vazari 1565-ci
ildə Uffitsi qalereyası binasını tikintisinə
başlanmışdı, həm də Vekkio sarayını
Pitti sarayı ilə birləşdirən dəhliz tikmişdi.
Digər təşəbbüslərindən biri, 1541-ci
ildə Florensiya Akademiyasını yaratması idi. Kozimo, həmçinin,
qobelen manufakturası yaratmışdı, bu obyekt Avropanın
mərkəzində ən yaxşı qobelen, şpaler
istehsalçısına çevrildi.
1518-ci ildən
başlayaraq 6 il ərzində layihəsini
Mikelancelonun verdiyi Lavrenti kitabxanasını tikdirdi, bina
ictimaiyyət üçün 1554-cü ildə
açıldı. 1563-cü ildə Avropada ilk
Rəngkarlıq Akademiyası olan Rəssamlıq və Rəsm
Akademiyasını qurdu. 70 nəfər rəssamdan, heykəltaraşdan
və arxitektordan ibarət olan bir qrupu altı nəfər
konsul idarə edirdi, Vazari də onun üzvü idi, heykəltaraşların
arasında Battista del Tasso da var idi.
1566-cı ildə o, Alterati ("Dəyişikliklər")
Akademiyasını yaratdı, təpələrdə San Martin
istehkamını tikdirdi. Mikelancelonun layihəsini verdiyi top San
Peolotoni adlanırdı, çünki onun
qurtaracağının forması müqəddəsin
başı şəklində idi. O, Florensiya
Dumasının qübbəsinin rəsm tsiklini çəkməyi
Vazariyə sifariş vermişdi. Lakin nə
Böyük Hersoq, nə də rəssam bu işin başa
çatmasını görə bildilər, onların hər
ikisi 1574-cü ildə öldü.
Böyük
Hersoq I Françesko
I Françesko 1564-cü ildə şəhərin
regentliyini qəbul etdi və onu 1574-cü ilə qədər
bu qaydada idarə etmişdi. Utancaq və dinc adam
olmaqla o, ictimai işləri idarə etməyə çox
yarayırdı və özünü elmlərə həsr
etməklə onların inkişafına köməklik
göstərmişdi.
Avropada isə mürəkkəb hadisələr gedirdi,
İngiltərə ilə İspaniya dağıdıcı və
bu ölkələri taqətdən salan müharibələrə
cəlb olunmuşdular. Fransa isə daxili münaqişələrdən
əziyyət çəkirdi, Çökək Ölkələr
(indiki Niderland) zorakı münaqişələr hesabına
parçalanırdı.
Florensiyada qətllər və sui-qəsdlər baş
alıb gedirdi.
Françesko idarəçiliyinin ilk ilində öz həyatına
qarşı olan qəsdin üstünün
açılmasına nail oldu. Bu epizod onda
qisasçılığın ən aşağı instinktlərini
oyatdı. Hətta Mikelancelo da qəsdə
cəlb edilmişdi. Qəsdçilər
qaçmağa macal tapmamış öldürüldülər.
Şübhə olunanlar cəzalandırıldılar.
Françesko, həmçinin, çox sayda
böyük Florensiya ailələrinin tənəzzülünə
səbəb oldu və bu əməlləri onunla sonuclandı
ki, ona hətta atasından çox nifrət edirdilər.
İmperator II Maksimilian öz kürəkənini
1576-cı ildə Böyük Hersoq etdi. Xarici siyasətdə
o, İspaniya ilə üstün əlaqələrə malik
idi, bunun əsasını vaxtilə Kozimo qoymuşdu. Fransa ilə isə formal əlaqəni dəstəkləyirdi,
bu sahədə də atasının xarici siyasət xətti
ilə gedirdi.
Lakin Françesko dövlət adamı deyildi, hökumətin
işlərinə birbaşa müdaxilədən kənarda
dayanırdı. O, özünü əlkimyaya və elmə həsr etməyə
üstünlük verirdi. Farmakologiya
axtarışlarına özünü hazır hesab edirdi, buna
həm də zəhər təsiri verən maddələrin
axtarışları daxil idi. Bu məqsədlə
o, həşəratlardan və minlərlə əqrəbdən
istifadə edirdi.
Onu bu
maraqlardan çəkindirməyə olduqca az
adam cəhd edirdi. Buna hətta 1576-cı ildə
başına gələn dəhşətli ailə faciələri
də öz təsirini göstərə bilməmişdi.
Onun kiçik qardaşı Piero anasının
15 yaşlı əmisi qızına evlənmişdi, onun da
adı, həmçinin, Eleanor idi. Piero onu
sevmirdi və həm də qızın qüsurlarına
dözürdü, laqeydliyi ilə arvadına təsir göstərmək
istəyirdi. Nəhayət, onu xəyanətdə
ittiham edərək, evdən qovmaq istədi. Arvadının cinayətkarlığını
öyrəndikdə Piero onu öldürdü, arvadının
kürəyinə qılınc soxmuşdu. Onun öz versiyasına görə isə bu,
namussuzluğa qarşı olan bir cinayət idi.
Françeskonun bacısı İzabella fərasətli və
mədəni bir qız idi, bütün saray əhli onun
çoxsahəli istedadını qiymətləndirirdi. Qız
fransızca, ispanca, latınca danışırdı, həm də
musiqiçi, müğənni və şairə idi. Lakin onun belə cazibədar keyfiyyətlərinə əri,
ümumiyyətlə, heç bir maraq göstərmirdi. Öz maraqları isə onu başqa istiqamətlərə
aparırdı.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 28 dekabr.- S.14.