Böyük alim,
böyük insan
Kimya elmləri
doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) həqiqi üzvü, neft-kimya sahəsində görkəmli
alim, ictimai xadim, akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru
Vaqif Məhərrəm oğlu Abbasov AMEA-nın flaqmanı,
qocaman, nüfuzlu elm ocağı olan NKPİ-nin uzun illər rəhbərləri
olmuş dünya şöhrətli alimlərin, demək olar
ki, II Dünya müharibəsində nəhəng SSRİ
dövlətinə qələbə qazandıran kimya elminin
korifeyi akademik Yusif Məmmədəliyevin, habelə akademiklər
Murtuza Nağıyevin, Vahab Əliyevin, Musa Rüstəmovun
davamçısı olaraq, on ildən çoxdur ki, bu instituta
uğurla rəhbərlik edir. 100 illiyinə doğru irəliləyən
bu elm məbədinə ömrünün 50 ilə yaxın
hissəsini həsr edən (onun 10 ildən çoxunu direktor vəzifəsində)
akademik Vaqif Abbasov respublikamızın təbii sərvətlərinin
emalı, dövlətimizin maraqlarına, xalqımızın
ehtiyaclarının ödənilməsinə yönəlmiş
korroziya, duz və parafinçökmə
inhibitorlarının, antistatik aşqarların sintezi və
öyrənilməsi, unikal Azərbaycan neftlərinin tədqiqi,
neft turşularının sintezi, konservasiya mayelərinin
alınması sahəsində elmi tədqiqatlarının nəticələri,
ixtiraları, patentləri ilə həm milli elmimizin xəzinəsinə
dəyərli töhfələr verir, həm də ölkəmizin
hüdudlarından çox-çox uzaqlarda, müxtəlif
ölkələrin aparıcı elm və təhsil
ocaqlarının elm xadimləri tərəfındən
görkəmli alim kimi tanınır və yüksək dəyərləndirilir.
Vaqif Abbasov Tərtər rayonunun Cəmilli kəndində
müəllim ailəsində anadan olub. O, atası Məhərrəm
müəllimin davamçısı kimi müəllim sənətini
seçir və təhsilini davam etdirmək məqsədi ilə
Bakıya gəlir, onu cəlb edən sehirli kimya elmini seçərək,
1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə
daxil olur.
1973-cü ildə fərqlənmə diplomu ilə təhsilini
bitirir və qısa müddət ərzində öz kəndində,
oxuduğu məktəbdə müəllimlik etdikdən sonra,
gələcəkdə direktoru vəzifəsində
çalışacağı NKPİ-nin aspiranturasına qəbul
olunur.
Burada təhsil
aldığı illər ağır şəraitdə
keçir, anası, həyat yoldaşı, dünyaya gəlmiş
üç övladı ilə darısqal şəraitdə,
ailə qayğıları ilə, maddi və məişət
çətinlikləri ilə Elmlər Akademiyasının
yataqxanasında yaşamağına baxmayaraq, möhkəm iradəsi,
gərgin çalışmağı nəticəsində, təbiətin
ona bəxş etdiyi istedadını, bacarığını,
qətiyyətini səfərbər edərək,
qarşısına qoyduğu məqsədinə, arzusuna nail
olur və 1978-ci ildə "Sintetik neft turşuları əsasında
antistatik aşqarların sintezi və sınaqları"
mövzusunda dissertasiyasını müdafiə edir, kimya
ixtisası üzrə elmlər namizədi (fəlsəfə
doktoru) alimlik dərəcəsi alır və elmin çətin
yolları ilə inamla irəliləyir.
1991-ci ildə
o, öz karyerasında daha bir pillə ucalmağa nail olur,
"Olefinlər və bəzi turşular əsasında amin və
xrom kompleksləri korroziya inhibitorları və karbohidrogen mayelərə
antistatik aşqarlar kimi" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edir, elmlər doktoru alimlik
dərəcəsi alır, 1992-ci ildə isə professor adına layiq görülür.
Bu illərdə
o, uğurlu elmi məktəb, həm də şərəfli həyat
məktəbi keçərək, artıq yiyələndiyi təcrübə
nəticəsində, yaxın və daha uzaq gələcək
üçün qarşısına qoyduğu problemləri
müəyyən etmək, bunların həll
olunmasının ardıcıllığını, sıralanmasını,
o cümlədən, ailə üzvlərinin,
övladlarının təhsili, uğurlu gələcəyi
baxımından düzgün hesablanmış, həyatın əhəmiyyətli
addımlarını, vaxtı vaxtında,
ara vermədən, taleyüklü tədbirlərin həyata
keçirilməsi bacarıqlarını daha da təkmilləşdirir.
Bu dövrün ən mühüm nəticələrindən
biri onun bir alim kimi inkişaf etməsi,
professionallığının yüksəlməsi
olmuşdur.
Vaqif
müəllimin elmi axtarışlarının hədəfı
Azərbaycan neftləri, təbiətin xalqımıza bəxş
etdiyi təbii sərvətlərindən olan, bu misilsiz nemətin
insanların müxtəlif ehtiyaclarının təmin
olunmasına yönəlmiş dəyərli praktiki əhəmiyyətli
məhsullara çevrilməsini təmin edən, geniş
çeşidli, müxtəlif təyinatlı yanacaq növləri,
texniki sürtkü yağları və başqa
materialların alınması olmuşdur.
Neft
kimyası sahəsində seçdiyi və inkişaf etdirdiyi
perspektiv istiqamətlərdə apardığı
ardıcıl, sistemli tədqiqatlar nəticəsində Vaqif
müəllim neft mənşəli xammal əsasında yeni nəsil,
geniş spektrli, dəyərli praktiki əhəmiyyətli xassələrə
malik reagentlərin alınmasına nail olmuş, onların tərkibi, xassələrini müasir
üsullarla öyrənmiş, müxtəlif sahələrdə
geniş sınaqlardan keçirilmiş və tətbiq
olunması üçün əsaslı tövsiyələr
verilmişdir.
Bunlardan bəziləri, həm ölkəmizin müəssisələrində,
həm də xarici ölkələrdə yüksək iqtisadi
səmərə ilə sənaye miqyasında istehsal və tətbiq
olunmuşdur.
Görkəmli
alim, akademik Vaqif Abbasovun 70 illik yubileyi haqqında Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 5
sentyabr 2022-ci il tarixli Qərarında onun xidmətləri
geniş göstərilmiş və yüksək dəyərləndirilmişdir,
yeni maddələrin, həmçinin, məlum olanların yeni
alınma üsulları və istehsalı üçün
yeni texnoloji prosesləri, sanki bir yol xəritəsi olmuş və
ən azı, neftin emalı ilə insanların
ehtiyaclarını ödəyən məhsulların
alınması üçün geniş imkanlar, üfüqlər
açmışdır.
Akademik Vaqif Abbasov korroziya, duz və parafinçökmə
inhibitorlarının, inhibitor-bakterisidlərin, antistatik
aşqarların sintezi və öyrənilməsi, unikal Azərbaycan
neftlərinin tədqiqi, sintetik neft turşularının
sintezi, konservasiya mayelərinin alınması sahələrində
tanınmış alimdir.
Akademik
Vaqif Abbasovun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın
unikal neftlərinin yeni emal proseslərinin işlənilməsi,
yeni nitrobirləşmələrin metal komplekslərinin,
yüksək molekullu aminlərin, amin komplekslərinin və
çoxfunksiyalı antistatik aşqarların, inhibitorların,
inhibitor-bakterisidlərin, konservasiya mayelərinin və
sürtkülərinin yaradılması və onların təsir
mexanizminin tədqiqi kimi problemlərin həllinə həsr
olunmuşdur. O, ilk dəfə olaraq üzvi nitrobirləşmələrin
metal kompleksləri əsasında antistatik aşqarların
sintezinin elmi əsaslarını işləyib
hazırlamışdır.
Akademik Vaqif Abbasov tərəfindən işlənib
hazırlanmış AP-L34-1 antistatik aşqar sənayedə
öz tətbiqini tapmışdır. Korroziya inhibitolarının
yaradılması və onların tətbiqi sahələrində
geniş tədqiqat işləri aparılmış, onun rəhbərliyi
ilə "VFİKS-82", "Azəri", "Kaspi-2"
və başqa çoxfunksiyalı korroziya
inhibitorlarının istehsalı təşkil olunmuşdur. "Azəri" inhibitorunun istehsal texnologiyasına
Rusiya Federasiyasının lisenziyası alınmış,
Meleoz (Başqırdıstan) şəhərində illik
gücü 20 min ton olan qurğu tikilmişdir. Bu
inhibitorlar Qərbi Sibir neft yataqlarında Rusiya, Belçika və
İngiltərədə istehsal olunan SNPX-601 İB, İKB-4V,
"Korreksit" inhibitorları əvəzinə işlədilmiş,
"VFİKS-82" və "Azəri" inhibitorları isə
Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və
Ukraynanın neft yataqlarında müvəffəqiyyətlə
istifadə olunmuşdur. V.M.Abbasovun rəhbərliyi ilə
yaradılmış "Kaspi-2" və "Kaspi-X"
inhibitorları Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodunda yüksək effektli inhibitorlar kimi
tətbiqini tapmışdır. Hazırda "Kaspi-X",
"Kaspi X (M)", "Kaspi" inhibitorlarının,
"Bakı" ərp həlledicisinin, "Xəzər"
deemulqatorunun istehsalı və tətbiqi davam edir.
Onun neft kimyası sahəsində apardığı tədqiqat
işlərindən biri, dünyada analoqu olmayan müalicəvi
Naftalan neftinin struktur-qrup tərkibinin öyrənilməsi və
onun yeni təmizlənmə texnologiyasının
yaradılmasıdır. İlk dəfə olaraq, bu texnologiya əsasında
"Ağ Naftalan" mazının istehsalı
üçün texniki standartlar Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
2001-ci ildə təsdiq edilmiş və "Ağ Naftalan yağı"
2014-cü ildə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfındən dərman preparatı kimi
qeydiyyata alınmışdır. 2019-cu ildə
Ağ naftalan yağı ilə bitki efir yağlarının
kompozisiyaları əsasında 9 müxtəlif kosmetik vasitələr
yaradılmış, onlara texniki şərtlər
hazırlanaraq, Dövlət Qeydiyyatından
keçirilmişdir. 2020-ci ildə isə
bitki efir yağları kompozisiyaları əsasında 8 ədəd
kosmetik dezodorantlar alınmış, onlara texniki şərtlər
hazırlanaraq, Dövlət Qeydiyyatından
keçirilmişdir. Onun rəhbərliyi
ilə hazırlanmış bitum üçün V-2 adgeziya
aşqarı 2015-ci ildən respublikamızın yol tikintisində
uğurla istifadə olunur, "Azofos" və
"Azofos-K" gübrələri isə sahə
sınaqlarından müvəffəqiyyətlə
çıxmış və 2017-ci ildən tətbiq edilir.
Vaqif Abbasovun ideya və
rəhbərliyi ilə yaradılmış məhsullar
neftayırma zavodunun bu reagentlərə görə xaricdən
asılılığını tamamilə aradan
qaldırılmasnı təmin etmişdir. Bu məhsullar 2022-ci ildə Bakı şəhərində
"Texnofest Azərbaycan" Avrasiya, Kosmos və Texnologiya
festivalında elm və texnika sahəsində nailiyyətləri
nümayiş etdirən sərgidə, AMEA-nm pavilyonunda
nümayiş etdirilmişdir.
Sərgidə nümayiş etdirilən çay, göl,
dəniz sularında işləyə bilən
yanğınsöndürmə üçün reagentlərin
işlənməsı ilə bağlı
videogörüntülər nümayiş etdirilmişdir. Sərgidə,
həmçinin, unikal Naftalan nefti əsasında və ölkəmizin
dərman bitkilərindən ayırmaqla alınmış
yağlardan istifadə etməklə, bir neçə dərman
preparatlarının istehsal texnologiyası göstərilmişdir.
Tərkibində xərçəng xəstəliyi
törətməsi baxımından təhlükəli
komponentlər olmayan 11 növ təbii tərkibli yeni növ
dezodorantlar da böyük maraqla
qarşılanmışdır.
Ölkəmiz üçün böyük əhəmiyyət
kəsb edən qeyri-neft mənşəli, üç
komponentli yeni növ "Qarabağ" adlı gübrələr
isə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını,
otlaq sahələrində yeni ehtiyatlarının
artırılmasını təmin edir. Bu gübrələr
bitkilərin, habelə dekorativ və meyvə
ağaclarının tinglərinin sürətli yetişdirilməsini,
məhv olmuş meşələrin sürətli bərpasını
təmin edir, dənli bitkilərin, pambığın məhsuldarlığını
kəskin artırır.
Bildiyimiz
kimi, müstəqil Azərbaycan Respublikasının erməni
barbarları tərəfindən 30 ilədək işğalda
saxlandığı müddətdə 54 min hektar meşə
zolaqları məhv edilmişdir. 44 günlük Vətən
müharibəsində müdrik Ali Baş Komandan, qüdrətli
sərkərdə, güclü diplomat İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuzun möhtəşəm zəfər
çalması nəticəsində azad olunmuş
torpaqlarımızda aparılacaq geniş bərpa-quruculuq
işləri proqramlarında ekoloji genosidə məruz
qalmış, viran qoyulmuş ərazilərdə bitki
örtüyünün, meşələrin bərpası nəzərdə
tutulmuşdur. Bu proseslərin sürətləndirilməsi
üçün akademik Vaqif Abbasovun ideyaları və əməkdaşları
ilə geniş araşdırmaları nəticəsində
yaratdıqları və Qarabağ torpaqlarında da geniş
uğurlu sınaqlardan keçirilmiş bitkilərin
böyüməsinin sürətləndirilməsini təmin
edən yeni maddələrin bitki boy
stimullaşdırıcıların tətbiqi daha bir prioritet
milli problemin həllinə xidmət etmiş olardı.
Vaqif
Abbasovun elmi fəaliyyətinin nəticələri kimi tətbiq
olunmuş proseslər, həm ölkəmizdə, həm də
ölkə sərhədlərindən çox uzaqlarda,
başqa ölkələrdə müxtəlif sahələrdə
tətbiq olunmuş məhsulları, müəllifı
olduğu çoxsaylı publikasiyaları, 80-dən çox
patentləri, ixtiraları onu istedadlı, məhsuldar
alim kimi tanıtmışdır.
O, 1550 əsərin,
o cümlədən, 82 patent, müəlliflik şəhadətnaməsi
və 14 ixtiraya iddia sənədinin, 631 elmi məqalənin,
635 tezisin, 83 publisistik məqalənin, 8 monoqrafiyanın, 22 dərslik, 23 dərs vəsaitinin müəllifi,
20 kitabın redaktorudur.
2009-2022-ci illər ərzində alimin elmi əsərlərinə
müxtəlif ölkələrdən olan kimyaçı
alimlər maraq göstərib və öz yazılarında
1520 istinad veriblər.
Vaqif Abbasovun alim kimi xüsusiyyətləri, onun yarım
əsrə yaxın dövrdə apardığı tədqiqatlarını
bir çoxlarından fərqləndirən cəhəti
qarşıya düzgün məqsəd qoymaq, bu məqsədlərə
aparan yolları araşdırmaq və məqsədə nail
olmaqla həmin sahədə, elmə məlum olmayan yeni nəticələr,
yeniliklər əldə etməkdən ibarətdir.
Kimya elmi çoxşaxəli olduğundan, həm də
bir çox sahələrlə - fizika, riyaziyyat, biologiya, tibb və
başqa həmsərhəd elm sahələri ilə sıx
bağlı olan elmdir.
Vaqif
Abbasovun, neft kimyası elmi sahəsində söz sahibi olaraq,
çoxşaxəli nəticələrinin səbəbi onun
geniş intellektə, biliklərə və elmin müxtəlif
sahələrində yaxşı məlumatlılığa,
yüksək professionallığa malik olmasının nəticəsidir.
Böyük bir elmi məktəbin davamçısı
olan Vaqif müəllim öz uğurlu elmi məktəbini
yaratmış və bu məktəb respublikamızın
hüdudlarından uzaqlarda tanınmış, nüfuz
qazanmışdır.
V.M.Abbasov
ixtisaslı kadrların hazırlanması sahəsində
böyük iş aparır. Onun rəhbərliyi
ilə 41 fəlsəfə doktoru və 13 elmlər doktoru
müdafıə etmişdir. Bunlardan bəziləri
ölkəmizdə elmi-tədqiqat, təhsil institutlarında,
sənaye obyektlərində aparıcı vəzifələrdə
çalışır, bəziləri isə xarici ölkələrdə
fəaliyyət göstərir və Azərbaycan elmini
tanıdır, şərəfləndirirlər. O,
böyük elmi-təşkilati və ictimai iş aparır,
elmlər doktoru və təlsəfə doktoru
dissertasiyalarınm müdafiəsi üzrə ED l.17 Dissertasiya
Şurasınm sədri, ED l.16 Dissertasiya Şurasının sədr
müavinidir.
Müdrik şərq atalar sözündə deyilir ki,
"Elmi məhsulu olmayan alim, yağışsız buluda bənzər". Bu
yanaşmadan Vaqif müəllimin elmi nəticələrini
leysana bənzətmək olar.
Müəllim ailəsində boy atıb,
böyümüş Vaqif müəllimin (bəlkə bunun da
təsiri olub) həyatı hər zaman təhsilin müxtəlif
formaları ilə sıx bağlı olub. O, çoxsaylı dəyərli
dərsliklərin, dərs vəsaitlərinin müəllifıdir,
həm də hər zaman gənc, yeni nəsil alimlərin
taleyinə çox həssaslıqla, diqqətlə
yanaşır.
2016-cı ildən NKPİ nəzdində təhsil
şöbəsi yaradılıb. Burada doktorantura və
magistratura üzrə doktorantlar və magistrlər təhsil
alır, elmi-tədqiqat işləri aparırlar. Magistrlərin bəziləri dərslərdən
sonra həm də yarımştatla NKPİ-də işləyir,
magistraturanı bitirdikdən sonra doktoranturaya qəbul olunur və
elmi-tədqiqat işlərini davam etdirirlər. Magistrlərin elmə həvəsi Vaqif müəllimin
onlara göstərdiyi qayğıdan qaynaqlanır.
Vaqif müəllim xarici və beynəlxalq Universitetlərlə
də sıx əməkdaşlıq edir. O, 2022-ci ildə öz
yubiley ilində də geniş auditoriyalarda dəfələrlə,
neft kimya elmi və sənayesi sahəsində cari vəziyyət,
öz uğurları və gələcək perspektivləri
ilə bağlı mövzularda maraqlı məruzələr
oxumuşdur və hazırda da müntəzəm əməkdaşlığını
davam etdirir.
2022-ci ildə akademik V.M.Abbasov Kazan Milli Tədqiqat
Texnoloji Universitetinin Fəxri doktoru, Başqırdıstanın
Ufa şəhərində Dövlət Texniki Universitetinin Fəxri
professoru seçilmişdir.
V.M.Abbasov bir sıra xarici təşkilatlar tərəfındən
mükafatlara, ordenlərə və adlara layiq
görülmüşdür. O, 2009-cu ildə Avropa Biznes
Assambleyasının mükafatını almış, 2013-cü
ildə "Elmdə ad" Sokrat mükafatına və ordeninə
layiq görülmüş, elə həmin ildə Türk
Dünyası Araşdırmaları Uluslararası İlimlər
Akademiyasının akademiki seçilmiş və
"Uluslararası Altın Yıldız Madalyası" ilə
(Ankara) təltif olunmuşdur, eləcə də Təbiətşünaslıq
elmləri üzrə Avropa Akademiyasının həqiqi
üzvü seçilmiş, Kuratorluq və Elmi Şuranın
qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə
görə "Əsas Qızıl Cəngavər
ulduzu"na layiq görülmüş, Rusiya Federasiyası Təbiət
Elmləri Akademiyasına "Neft və Qaz" bölməsi
üzrə xarici üzv seçilmişdir.
Vaqif müəllim geniş maarifləndirmə işləri
aparır ki, əslində, bu, hər bir alimin vəzifəsidir. O, qeyri-formal təhsilə hər
zaman böyük diqqət yetirir, həm təhsil müəssisələrində,
həm də ictimai təşkilatlarda uşaqlar, qadınlar,
ahıllar və başqaları üçün, televiziya
kanallarında, hər dinləyici auditoriyası
üçün maraqlarına uyğun olan, "öz dilində",
aktual, elmi və mühüm ictimai əhəmiyyətli məruzələrində
tarixi faktlara istinadlarla, elmimizi, azərbaycançlılıq,
həm də dərin bilicisi olan türk dünyasının
tarixi, elmi nailiyyətlərini dinləyicilərə, xüsusən
Vətənimiz Azərbaycanı, xalqımızı,
dünyaya tanıdır. Hazırkı geosiyasi vəziyyətdə
bunun xüsusilə böyük siyasi əhəmiyyəti
vardır.
Tanrı Vaqif müəllimə istedadlar çələngi
bağışlamış, ona yazıçılıq,
poeziya aləminə də yol açmışdır. Onun qələmindən
90 kitab, yüzlərlə şeirlər
çıxmışdır. Gələcək nəsillərə
ünvanlanmış kitab adlandırılmış "Dahilərin,
müdriklərin və fatehlərin həyat dərsləri"
adlı beş cildlik unikal ensiklopedik əsəri
yazıb yaratdıqca, özü də sanki haqqında
yazdığı bənzərsiz insanların dahiliyindən,
müdrikliyindən pay alıb, böyük
yaradıcılıq enerjisi ilə yeni ideyalara, onların
gerçəkləşdirilməsi yollarına yiyələnib.
Vaqif Abbasovun bu kitabı çox sevilən,
oxunan kitablardandır. Onun
yazdığı "Heydər Əliyevin liderlik fəlsəfəsi"
kitabı isə bir çoxlarının, ictimai təşkilatların
stolüstü kitabına çevrilmişdir, hətta dərslik
kimi istifadə olunur.
Deyirlər ki, hər bir insan unudulmayana qədər
yaşayır, odur ki, həmin dahilərin, fatehlərin, rəmzi
mənada ömrünü uzadandır Vaqif müəllim. Bu əsərdə
Ulu öndər Heydər Əliyev, müzəffər
prezidentimiz İlham Əliyev, I vitse-prezident Mehriban xanım
Əliyeva haqqında geniş məlumatlar xüsusi yer tutur.
Özü
dediyi kimi, şair olmaq iddiası olmasa da, lakin
yazdığı qafıyəli, çox mənalı,
xalqımızın taleyüklü məsələlərinə,
müstəqil vətənimizə, Zəfər tarixinə,
uşaq və gənclərin liderliyi məsələlərinə,
habelə şəhidlərin, ahılların xidmətləri
kimi aktual problemlərinə həsr olunan şeirləri maraqla
oxunur.
Belə yaradıcılıq istedadı, yeri gəlmişkən,
bəzi görkəmli kimyaçı alimlərimizin fəaliyyətində
də mövcud olub. Dahi kimyaçımız akademik Yusif Məmmədəliyev
qızı Sevda xanıma xaricdən şeirlə
yazdığı məktubda, hətta kimyəvi elementlərin
adlarına and içir.
Vaqif müəllim vətənpərvər, xalqına
xidmət edən alimdir. O, ehtiyacı olan insanların dərdini, kədərini
ürək ağrısı ilə bölüşür, həm
də Ali Baş Komandan, cənab İlham Əliyevə hər
bir azərbaycanlının ürəyində yaşayan sonsuz
məhəbbət, etibar, inam hisslərini tərənnüm
edir. Şair qəlbli Vaqif müəllim öz
ülvi hisslərini, sözlə, qələmlə məharətlə
ifadə etməyi bacarır, yüzlərlə
yazdığı, yuxusuz gecələrin məhsulu olan
şeirləri ilə də bunu təsdiqləyir.
Vaqif müəllim əcdadlarından qan yaddaşına
köçmüş, vətənə, dövlətə sədaqət,
seçdiyi sənətə, möcüzələr aləmi
kimya elminə sədaqət, ailəyə sədaqət,
saflıq kimi xalqımıza xas olan milli mənəvi dəyərləri
ömrü boyu, öz yüksək enerjili
yaradıcılığı ilə sanki xalqına
qaytarır.
Müharibə hər bir dövlət üçün,
hər bir əsl vətəndaş üçün
ağır bir imtahandır. 44 günlük Vətən
müharibəsində, onun öz xalqı ilə həm kədərini,
həm də zəfər sevincini, uğurlarını səmimi
qəlbdən bölüşmək, paylaşmaq
bacarığı, bu tarixi günlərimizdə də
özünü büruzə verdi. Sərhədyanı
rayonlarda, o cümlədən, Tərtər, Füzuli, Naftalan
və başqa rayonlarda əsl el oğlu kimi əhali ilə,
yaralılarla hərbi hospitallarda səmimi görüşlər
keçirir, yardımlar göstərir, ürək
ağrılarını şəhid ailələri, yaralı
qazilərlə ürəkdən bölüşür. O, erməni
barbarlarının amansız hücumlarından zərər
çəkmiş, dağıntılara, itkilərə məruz
qalmış soydaşlarına dəstəyi, xeyriyyəçilik
fəaliyyətini davam etdirir. Gülləbaran
altında Füzuli rayonunun hərbi hospitalında, Tərtər
İcra başçısının
sığınacağında, müxtəlif döyüş
bölgələrində əhali ilə,
döyüşçülərlə müntəzəm
olaraq görüşlər keçirir, onlara dəstək
olur.
Vaqif müəllim, ona ehticayı olan soydaşına əl
uzatmağı, şəhid anasını bağrına
basıb, dərdini bölüşmək, şəhid
balasının başına sığal çəkmək
üçün, uzaq məsafələri dəf etməyi
bacarandır.
Mən Tərtərdə şəhid ailələri
üçün keçirilən tədbirlərdə
soydaşlarımızın ona minnətdarlığının,
məhəbbətinin şahidi olmuşam. Özgənin
dərdinə laqeyd qalmamağı bacarmaq özü də
xoşbəxtlikdir.
Əcdadlarının
qeyrətindən aldığı payı səxavətlə
soydaşları ilə, varisləri ilə paylaşan,
halalı haramla, özününkünü özgəninki ilə
səhv salmayan, xalqına andına, dininə, imanına,
valideynlərinin ruhuna sadiq, ömür-gün yoldaşı
nurani Zemfira xanıma, zəhmətsevər, istedadlı
övladlarına, nəvələrinə sadiq, həm
onların qayğısına qalan, həm də onlarla fəxr
edən insandır Vaqif müəllim.
Müdriklər demişlər, dahi o kəsdir ki, ürəyi
başqaları üçün də
çırpınır. Vaqif Abbasov da məhz ürəyi
başqaları üçün çırpınan
insandır və bunun bəhrəsini insanların hörməti,
etibarı, sədaqətində görür.
Vaqif müəllim dəfələrlə müxtəlif
beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda
ölkəmizi, xalqımızı, elmimizi layiqincə təmsil
etmişdir.
O, müxtəlif illərdə Təhsil Nazirliyinin Kimya
Olimpiadalarının Respublika məktəblilərinin turunu
keçirən münsiflər heyətinin sədri, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası nəzdində
Kimya üzrə Ekspert Şurası və Seminarın sədri
olmuş, Təhsil Problemləri İnstitutu ilə birlikdə
"Kimya məktəbdə" elmi-metodiki jurnalı təsis
etmiş, bu jurnalın və "Neft Kimyası və Neft
Emalı Prosesləri" jurnalının baş redaktorudur. Azərbaycan məktəblilərinin Dünya
olimpiadalarında və Beynəlxalq Mendeleyev Kimya
olimpiadalarında iştirak edən komandaların rəhbəri
olmuşdur.
Akademik Vaqif Abbasov 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin gümüş medalı və
"SSRİ-nin qabaqcıl İxtiraçısı"
döş nişanı ilə təltif olunmuşdur. Elm və təhsilin
inkişafı sahəsində səmərəli fəaliyyətinə
görə 2004-cü ildə Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin "Qabaqcıl təhsil
işçisi" döş nişanına, 2005-ci ildə
"Azərbaycan Respublikasının Əməkdar Müəllimi"
fəxri adına layiq
görülmüş və "Şöhrət" ordeni
ilə təltif olunmuşdur. Azərbaycanda
neft-kimya elminin inkişafında uzun müddətli səmərəli
fəaliyyətinə görə akademik Vaqif Abbasov 2019-cu ildə
"Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna
layiq görülmüşdür.
Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 5
sentyabr 2022- ci il tarixli Qərarı ilə akademik Vaqif Abbasov
70 illik yubileyi ilə əlaqədar kimya sahəsi üzrə
akademik Yusif Məmmədəliyev adına Xatirə
nişanı ilə təltif edilmişdir.
AMEA Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasında akademik Vaqif Abbasovun anadan olmasının 70 illiyinə həsr olunmuş iclasın keçirilməsi, AMEA Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinə akademik Vaqif Abbasovun həyat və yaradıcılığına həsr olunmuş materialların kütləvi informasiya vasitələrində işıqlandırılmasının təmin edilməsi, habelə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına və AMEA-nın "Elm" Nəşriyyatına, onun biblioqrafiyasının hazırlanması və nəşrinin təmin edilməsi tapşırılmışdır. Bu yaxınlarda həmin dəyərli kitabın geniş təqdimatında iştirak edəcəyik.
Elmə, alimə yüksək qiymət verən Ulu öndər, müdrik Heydər Əliyev demişdir: "Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fıkirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasmda xüsusi yer tutur". Vaqif Abbasov da məhz belə alimlərdəndir.
Əzizimiz Vaqif müəllim, ailəniz ilə
birlikdə, Sizə uzun, sağlam ömür, daha böyük
uğurlar arzulayırıq! Çox yaşa, çox yarat,
böyük alim, böyük insan.
Elmira
Süleymanova
Azərbaycan
Ağsaqqallar Şurasının sədr müavini, professor
525-ci qəzet.- 2022.- 28 dekabr.- S.12-13.