"İrəvan Müəllimlər
Seminariyası və onun məzunları"
PROFESSOR
FƏRRUX RÜSTƏMOVUN EYNİADLI KİTABI HAQQINDA
QEYDLƏR
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci
il tarixində imzaladığı "İrəvan Müəllimlər
Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında"
Sərəncamından bir il keçir. İrəvan Müəllimlər
Seminariyasının 140 illik yubileyinin dövlət səviyyəsində
qeyd olunması xalqımızın ictimai, mədəni,
maarifçilik irsinə ehtiramdan qaynaqlanmaqla yanaşı, həm
də indiki Ermənistan Respublikasında bizim tarixi kimliyimizi
silmək məqsədilə aparılan siyasətə ən
tutarlı cavabdır. Milli yaddaşın bərpasına
hədəflənmiş Sərəncamda deyilir ki, İrəvan
şəhəri tarixən azərbaycanlıların
köklü yaşadığı böyük elm, maarif və
mədəniyyət mərkəzlərindən biri kimi
şöhrət tapmışdır. Şəhərdə
Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni
mühit formalaşmışdır. İrəvan
xanlığı çar Rusiyasının tərkibinə
qatıldıqdan sonra burada dünyəvi təhsilə
xüsusi diqqət yetirilməsində həmin mühitin
özü əhəmiyyətli rol oynamışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin İrəvanın
qədim Azərbaycan şəhəri olmasına dair bəyanatları
obyektiv reallığın, tarixi gerçəkliyin danılmaz
ifadəsi olduğunu qəti şəkildə təsdiqləməklə
yanaşı, tədqiqatçıları Vətənin
hüquqi-siyasi sərhədlərindən kənarda qalan
tarixinin ən mühüm məqamlarını dərindən
araşdırmağa, uydurma Ermənistan dövləti ilə əlaqədar
daha ciddi və dərin, ilk mənbələrə söykənən,
milli maraqlara xidmət edən, strateji hədəflərə
töhfə ola biləcək sanballı tədqiqatlar
aparmağa sövq edir. Mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi
və həm də beynəlxalq siyasi əhəmiyyət kəsb
edən, millətin milli-mənəvi dərk prosesinin güclənməsində,
milli təfəkkürün və azərbaycançılıq
ideologiyasının inkişafında mühüm rol oynayan bu
Sərəncamın hədəflərinə uyğun olaraq
çox maraqlı elmi araşdırmalar meydana gəlmişdir. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin
pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər
doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun
"İrəvan Müəllimlər Seminariyası və onun
məzunları" (2022) monoqrafiyası həmin
araşdırmaların içərisində elmi-nəzəri
səviyyəsi, strukturu, şərhetmə üslubu və
ilkin mənbələr əsasında yazılması ilə
diqqəti cəlb edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Bu gün biz yaxşı
bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan
torpaqlarında yaranıb. Zəngəzur,
Göyçə mahalı, İrəvan bizim doğma
torpağımızdır. Biz
qayıdacağıq" - strateji hədəflərə
istiqamətlənmiş fikirləri bu kitabın metodoloji əsasını
təşkil edir. Kitabın müəllifi əsaslı
və elmi dəlillərlə sübut edir ki, Qərbi Azərbaycan
(indiki Ermənistan) ərazisində yaşayan
soydaşlarımızın orada yaratdığı maddi və
mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin,
dövlətçilik ənənələrinin öyrənilməsinin,
tədqiq və təbliğ olunmasının hazırkı
dövrdə çox mühüm əhəmiyyəti var.
Bu, hər
şeydən əvvəl, Ermənistan adlanan təcavüzkar
dövlətin son 30 ildə apardığı yalan və
böhtan siyasətinə cavab olaraq onun özünün
uydurma tarixinə yenidən baxılmasını tələb
edir.
Digər
tərəfdən, bu, həm də Azərbay-can tarixinin
mühüm bir mərhələsinin, siyasi sərhədlərimizdən
kənarda qalan torpaqlarımızda (İrəvan, Zəngəzur,
Göyçə, Dərələyəz və b.) millətimizin
əsrlər boyu yaratdıqları maddi və mənəvi dəyərlərin,
təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii
irsin, dövlətçilik ənənələrinin öyrənilməsinə
dövlət səviyyəsində
çağırışın ifadəsidir.
İrəvan
Müəllimlər Seminariyası ilə bağlı arxiv sənədlərinin
böyük əksəriyyəti hələlik əlimiz
çatmayan İrəvan şəhərində olduğundan
müəllif "Qafqaz təqvimi"nin 1881-1917-ci illər
sayını, İrəvan Quberniyasının ictimai-vəziyyəti
ilə bağlı 1888-1908-ci illərdə nəşr
olunmuş kibabları, "Qafqaz ölkəsi və
xalqlarının təsviri üçün
materiallar"ı (SMOMPK), İ.Şopenin rəhbərliyi ilə
qeydiyyatçı katib A.Rıjkov tərəfindən tərtib
edilmiş "İrəvan şəhərinin kameral təsviri"ni,
Rusiya Xalq Maarif Nazirliyinin qərarlar toplusunu, Qafqaz Tədris
Dairəsinin popeçitelinin illik hesabatlarını və digər
sənədləri müqayisəli şəkildə
araşdırmış, xeyli pedaqoji fakt və hadisələri
elmi dövriyyəyə daxil etmişdir.
Kitabın ilk bölümündə
milli yaddaşın bərpasına hədəflənmiş
Prezident Sərəncamının əhəmiyyəti və
strateji istiqamətləri şərh edilir, qədim Azərbaycan
şəhəri İrəvanın dövlətçilik
tariximizdə, mədəniyyət, mənəviyyat və
maarifçilik tariximizdə yeri və rolu müəyyənləşdirilir,
şəhərin erməniləşdirilməsinin real mənzərəsi
yaradılır. Rusların İrəvan
xanlığını işğal edəndə şəhərdə
yaşayan 20 min əhalinin 16 mindən çoxunun azərbaycanlı olması əsaslandırılır.
Zaman-zaman İrandan, Türkiyədən, Suriyadan, Fransadan ermənilərin
İrəvan torpaqlarına köçürülməsi, ermənilərin
etnik azərbaycanlılara qarşı törətdiyi qanlı
toqquşmalar (1905-1907, 1918-1920), deportasiyalar (1948-1953; 1988-1989),
intellektual qüvvələrə, ziyalılara qarşı
törətdikləri mənəvi terror nəticəsində
yerli əhali tarixi torpaqlarını tərk etməli
olmuşdur. Ümumiyyətlə, ardıcıl
erməniləşdirmə siyasətinə baxmayaraq, XX əsrin
80-ci illərinin sonuna kimi Qərbi Azərbaycanda, o cümlədən,
İrəvan şəhərində əhalinin mühüm
bir qismini etnik azərbaycanlılar təşkil etmişdir.
Kitabda XIX
əsrdə və XX əsrin əvvəllərində İrəvanda
maarifçilik mühitinin səciyyəvi xüsusiyyətləri
araşdırılır, dünyəvi məktəblərlə
yanaşı, dini təhsil müəssisələrin - məscidlərin nəzdindəki
mədrəsələrin və
mollaxanaların (ibtidai məktəb) fəaliyyəti
işıqlandırılır.
İrəvanda yeni məktəb sisteminin
yaradılması XIX əsrin 30-cu illərinə təsadüf
edir. Yerli
xalqları itaətdə saxlamaq, ruslaşdırma,
xristianlaşdırma və rusiyalaşdırma siyasətini həyata
keçirmək, çarizmin hökmranlığını
möhkəmləndirmək məqsədilə milli ucqarlarda
açılan məktəblərin
(qəza məktəbi, progimnaziya, gimnaziya, qız məktəbi,
rus-Azərbaycan məktəbi və s.) tarixi kitabda əhatəli
şəkildə fakt və rəqəmlərin dili ilə
izah edilir, müqayisəli təhlillər aparılır və
maraqlı nəticələrə gəlinir. Məlum olur ki,
1911-ci ildə Bakıdakı 3 kişi gimnaziyasında oxuyan
1644 şagirdin 113 nəfəri (6,9%) azərbaycanlı
olduğu halda, İrəvandakı cəmi 1 kişi
gimnaziyasında oxuyan 624 nəfərdən 123-ü (19,7%) azərbaycanlı
olmuşdur. Rus-Azərbaycan qız məktəbi
Bakıda 1901-ci ildə, İrəvanda 1902-ci ildə
açılmışdır. Bakıda
qızların təhsil almasına ciddi maneələr
olduğu halda İrəvanın vitse-qubernatoru İsmayıl bəy
Qazıyevin qız nəvəsi Tacı xanım İrəvan
qadın gimnaziyasını qızıl medalla bitirmişdi.
Leyla xanım Şahtaxtinski İsveçrədə Tibb
Universitetində oxuyurdu (təəssüf ki, xəstələnərək
1908-ci ildə vəfat edib), Mirbağır Mirbabayevin
qızları Kübra və Ruqiyyə İsveçrədə
ali təhsil alaraq İrəvana
qayıtmışdılar.
Müəllif əsaslandırır
ki, İrəvan quberniyasında ildən-ilə ibtidai məktəblərin
sayının çoxalması müəllim kadrlarına olan
ehtiyacı artırmışdı. Bu səbəbdən
də çar hökuməti İrəvanda Müəllimlər
Seminariyası açmaq məcburiyyətində qaldı.
Çünki Rusiyadan İrəvan
quberniyasına göndərilən müəllimlərin əksəriyyəti
yerli əhalinin adət-ənənəsinə, məişətinə,
dilinə, dininə, ehtiyac və təsəvvürlərinə
yaxından bələd olmadıqlarına görə
onların hörmət və ehtiramını qazana bilmirdi.
Çar Rusiyası isə təhsil vasitəsi ilə milli
ucqarlarda öz strateji hədəflərinə nail olmaq
arzusunda idi. İrəvan Müəllimlər
Seminariyasının açılması ilə bağlı qərar
20 oktyabr 1880-ci ildə verilsə də, seminariya 8 noyabr 1881-ci
ildə 9 müəllim, 42 şagirdlə fəaliyyətə
başladı. Kitabda seminariyaların təşəkkülü
tarixini, fəaliyyət istiqamətlərini, əsasnamə və
nizamnamələrini müqayisəli şəkildə araşdıran
müəllif İrəvan Müəllimlər
Seminariyasının təşkilindəki çətinlikləri
və maarifçilərin fədakarlıqlarını
inandırıcı faktlarla verməyə nail olmuşdur.
Tədris üçün yararlı binanın olmaması, fənn
müəllimlərinin Rusiyanın mərkəzi
quberniyalarından vaxtında göndərilməməsi,
şagird kontingentinin vaxtında
formalaşdırılmaması, tədris resurslarının
azlığı və s. seminariyanın
açılmasını ləngidən əsas səbəblərdən
idi. Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən
İrəvan Müəllimlər Seminariyasının ştat
cədvəli, Rusiya Dövlət Şurasının azərbaycanlılarla
bağlı ştat cədvəlinə etdiyi dəyişikliklər,
tələbə kontingentinin milli tərkibi və illər
üzrə inkişaf dinamikası, məzunların sayı və
işlə təmin edilməsi, seminariyanın infrastrukturunun
(yeni binanın tikilməsi, cihazların və kitabların
alınması, laboratoriyaların və metereoloji stansiyanın
açılması və s.)
yaxşılaşdırılması, nümunə (təcrübə)
məktəbinin fəaliyyəti geniş təhlil edilir.
Kitabda
diqqəti cəlb edən məsələlərdən biri də
seminariyanın müəllim kadrları
hazırlığındakı rolunu müəyyənləşdirməklə
yanaşı, orada təhsilin məzmununun (tədris planı,
tədris proqramı, dərslik və dərs vəsaitləri)
təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirməkdən,
tədris planlarını müqayisəli şəkildə təhlil
etməkdən, istifadə edilən dərsliklərin əhəmiyyətini
üzə çıxarmaqdan ibarətdir. Seminariyada təlimin
təşkili formaları (sinif-dərs sistemi, ekskursiya, ev tapşırıqları, fakültativ məşğələ,
əlavə dərslər, məsləhət saatları və
s.), pedaqoji təcrübənin təşkili, tələbələrin
biliyinin yoxlanılması, sinifdənxaric tədbirlərin təşkili,
Pedaqoji Şuranın və tələbələrin
ictimai-siyasi fəaliyyəti ilə bağlı verilən
ümumiləşdirici fikirlər də tarixilik və
müasirlik baxımından olduqca maraqlıdır. Seminariyada zəngin təhsil
ənənələrinin yaranması, təbii ki, onun
direktorlarının adı və fəaliyyəti ilə
bağlıdır. Seminariyaya 1881-1896-cı illərdə
Yakob Stepanoviç Suşevski, 1898-1902-ci illərdə Mixail
Alekseyeviç Miropiyev, 1904-cü ildə İvan
Andreyeviç Pasyuteviç, 1905-1907-ci illərdə Aleksey
Martinov Zazuboviç, 1908-1912-ci illərdə Sergey
Nikolayeviç Streletski, 1913-1918-ci illərdə Valentin
Vasilyeviç Dobrotin rəhbərlik
etmişdir. Onların fəaliyyətini təqdir
edən müəllif M.A.Miropiyev və V.V.Dobrotin haqqında
xüsusi oçerklər vermişdir.
Seminariyanın
azərbaycanlı müəllimləri (Axund Məmmədbağır
Hacı Mehdi oğlu Qazızadə, Rəhim Musarza oğlu Xəlilov,
Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski, Mirzə
Cabbar Abbas oğlu Məhəmmədzadə, Həbib bəy
Yusif bəy oğlu Səlimov) və azərbaycanlı məzunları
(Rəşid bəy Əsədbəy oğlu İsmayılov,
Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov,
Haşım bəy Mirabdulla oğlu Vəzirov, Tağı bəy
Baxşəli bəy oğlu Səfiyev, Vahid Mehdi bəy
oğlu Musabəyov, İbrahim Qafar oğlu Səfiyev
(İbrahim Səfi), Cəfər bəy Cəfərbəyov,
Haşım bəy Nərimanbəyov, Həsən bəy
Qazıyev, Əli Əzim oğlu İbrahimov, Mehdi Kərbəlayı
Məhəmmədəli oğlu Kazımov, Hüseynəli bəy
Həsən bəy oğlu Rüstəmbəyov, İbrahim
ağa Hacı Vəli ağa oğlu Şahtaxtinski, Mirzə
Bağır Yusif bəy oğlu Əliyev, Ələkbər
Molla Hüseyn oğlu Qədimov, Aslan bəy Məhəmmədəli
bəy oğlu Nabatəlibəyov, Əkbər Mehdi oğlu
Əkbərov və b.) haqqında verilən qısa
oçerklərin gələcəkdə daha sistemli tədqiqatların
aparılması üçün dəyərli mənbə
olacağı şübhə doğurmur.
Müəllif
İrəvan maarifçilik mü-hiti və İrəvan
Müəllimlər Seminariyası ilə bağlı fakt və hadisələri
zaman və məkan kontekstində dəyərləndirmiş,
ictimai-siyasi hadisələrin fonunda təhlil etmişdir. İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni
həyatın ənənəvi dolğunluğunun və
canlılığının qorunub saxlanılmasında təqdirəlayiq
xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə
yaddaqalan səhifələr yazmış maarifçilərin
həyat və fəaliyyətinin ən mühüm məqamlarına
işıq salmışdır.
Kitabda müəllif 1920-ci ilə kimi Avropada, Rusiyada və Ukraynada ali təhsil alan irəvanlılar haqqında da qısa məlumat vermiş, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra təhsil müəssisələrində keçirilən tədbirləri xronoloji ardıcıllıqla təqdim etmişdir. Kitabda ilk mənbələr əsasında xeyli fakt və hadisələr dəqiqləşdirilmiş, mətbuat səhifəsindəki yanlışlıqların səbəbləri araşdırılmışdır.
Elmi üslubda, əsasən, ilk mənbələr əsasında yazılan kitabda ad göstəricisinin, rus və ingilis dilində xülasələrin və zəngin ədəbiyyat siyahısının verilməsi əsərin oxunaqlığını daha da artırmışdır.
Kitabın digər bir məziyyəti orada verilən şəkillərlə bağlıdır. Bu şəkillərin xeyli hissəsi ilk dəfədir ki, nəşr olunur. Seminariyanın direktorlarının, müəllimlərinin, məzunlarının və İrəvan maarifçilik mühitinin yetişdirdiyi onlarla ali təhsilli ziyalının şəkilinin verilməsi kitabın üstün məziyyətlərindən biri sayılmalıdır. Böyük zəhmət və əziyyətlə yazılan bu kitab oxuyarkən oxucu yorulmur. Baxmayaraq ki, kitabın mündəricəsi olduqca zəngindir, İrəvan maarifçilik mühitinin mürəkkəb problemlərin təhlilinə həsr olunmuşdur. Kitabda tarixi, kulturoloji, siyasi, ideoloji və maarifçilik məsələlərinin kompleks şəkildə araşdırılması gələcək strateji hədəflərin daha aydın qavranılmasına və dərk edilməsinə xidmət edir.
Professor Fərrux Rüstəmovun
"Qərbi Azərbaycan həqiqətləri: İrəvan
Müəllimlər Seminariyası və onun məzunları"
adlı kitabı bütöv Azərbaycanın təhsil və
pedaqoji fikir tarixinə dəyərli bir töhfədir.
Ümid edirəm ki, yüksək elmi-nəzəri əhəmiyyəti,
şərh üslubu, ümumiləşdirmə səviyyəsi,
ilk mənbələrin zənginliyi
ilə seçilən bu kitab bu sahənin tədqiqatçılarının
və tələbələrin stolüstü kitabına
çevriləcəkdir.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2022.- 28 dekabr.- S.10.