Millətinin fədaisi
Azərbaycan
Respublikası Prezidentinin 3 oktyabr 2022-ci il tarixli sərəncamına
əsasən milli mətbuatımızın görkəmli
nümayəndəsi, tanınmış
yazıçı-publisist və ictimai-siyasi xadim Ömər
Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 illiyi ilə
bağlı ölkəmizdə
silsilə tədbirlər keçirilməsi nəzərdə
tutulub.
Şübhəsiz, hər diqqətəlayiq
ildönümünün, yubileyin ən yaddaqalan və
faydalı bəhrəsi çap edilən kitablar, ucaldılan
abidələrdir. Ömər Faiqin zəngin ədəbi-publisist
irsinin tam şəkildə toplanıb nəşr edildiyini
söyləmək çətindir. Axtarışlar,
xüsusən də dövrü mətbuatın yenidən nəzərdən
keçirilməsi, yaradıcılığına yeni gözlə
baxılması müəllifin yeni əsərlərinin
tapılmasını və çapını zəruri prosesə
çevirir.
Əlamətdar
haldır ki, ölkəmizdə bir sıra ədəbi-mədəni
və ictimai tədbirlərə sponsorluq, yaxud ev sahibliyi edən,
mühüm layihələrin icrasına böyük həvəslə
dəstək verən ADA universiteti Ömər Faiqin yubileyinə,
xüsusən də ədibin həyat və
yaradıcılıq yolunun az öyrənilmiş mərhələlərinə
də laqeyd qalmamışdır.
ADA
universitetinin təşəbbüsü və maliyyə dəstəyi
ilə işıq üzü görən "Ömər Faiq
Nemanzadə. "Azərbaycan"
yazıları" kitabı da bu qəbildəndir.
Adı çəkilən kitabı universitetin həyata
keçirdiyi böyük layihənin kiçik bir hissəsi də
saymaq olar. "Böyük layihə" dedikdə Azərbaycanın
XX yüzillikdəki ictimai-siyasi fikir və dövlətçilik
tarixinə işıq salan "Azərbaycan" qəzetinin
20 cildlik transliterasiya edilmiş nəşrini nəzərdə
tuturam. Bu nəhəng işi Türkiyə ali məktəblərindən məzun olan iki gənc
azərbaycanlı alim - Mehdi Gəncəli (Mərmərə
universiteti) və Azad Ağaoğlu (İstanbul universiteti)
görürlər. Onların yorulmaz əməyi və
böyük entuziazmı sayəsində tarixi nəşrin beş cildi artıq çapdan
çıxmışdır.
Qəzetin nəşr olunduğu 1918-1920-ci illəri
Ömər Faiq daha çox doğma Axalsıq qəzasında
və menşevik Gürcüstanın həbsxanalarında
keçirsə də, "Azərbaycan"ın fəal
müəllifləri sırasında yer almışdı. Eyni zamanda qəzet
redaksiyası və "Azərbaycan" ətrafında
toplanan ədəbi qüvvələr də Ömər Faiq əfəndinin
taleyinə, üzləşdiyi çətinlik və məşəqqətlərə
laqeyd qalmamışdı. Onun müdafiəsinə
qalxmış, şəxsiyyəti və millət naminə fədakarlıqları
barəsində təsirli məqalələr
yazmışdılar.
Əksəriyyəti indiyə qədər naməlum
qalan qiymətli məxəzlər Mehdi Gəncəli ilə
Azad Ağaoğlunun diqqətindən yayınmayıb. Onları
ümumi mətndən ayırıb ayrıca kitab şəklinə
salmaqla qiymətli yubiley ərməğanı
hazırlayıblar. ADA universiteti isə həmin
kitabı oxuculara çatdırmaqla təkcə Ömər
Faiqin xatirəsinə ehtiramını ifadə etməyib, həm də
milli ədəbi-ictimai fikrə mühüm töhfə verib.
lll
XX əsrin əvvəllindəki milli oyanışı
-azərbaycanlıların "islam ümmətindən
türk millətinə çevrilməsi" prosesini nəzəri
və əməli cəhətdən hazırlayıb həyata
keçirənlər sırasında Ömər Faiq Nemanzadə
də mühüm yer tuturdu. O, İstanbulda
"Darüş-şəfəq" məktəbini bitirib
(1891) Qalata poçt və teleqraf idarəsində fəaliyyətə
başladığı zaman maarif və mətbuatın -
xüsusi ilə də istibdad rejimlərinin hər vasitə ilə
yayılmasını əngəllədiyi mütərəqqi
mətbu sözün xalqın həyatında
oynadığı müstəsna rola diqqət yetirmişdi. Ona görə də Vətənə dönəndən
sonra var gücü ilə hər iki mühüm sahədə
çalışmağı qarşısına məqsəd
qoymuşdu. Şəki, Gəncə,
Bakı və Şamaxıda tədrisin yeni üsulla
aparıldığı məktəblərdə səkkiz ilə
yaxın davam edən pedaqoji fəaliyyətdən sonra Ömər
Faiq 1902-ci ildə Qafqazın siyasi-inzibati mərkəzi Tiflisə
köçmüşdü.
Növbəti ildə isə XX əsrin ilk anadilli mətbu
orqanı olan "Şərqi-rus" qəzetinin aydın əqidəli,
açıq fikirli müəllifləri sırasında yer
almışdı. Amma bu, mətbuatla ilk təması deyildi.
Hələ Şəkidə
çalışdığı dövrdə "Tərcüman"
(Krım) qəzetində "Müəllim Nemanzadə"
imzası ilə məqalə və korrespondensiyaları
çap olunurdu. 1905-ci il Birinci rus
inqilabından sonra Cəlil Məmmədquluzadə və Məşədi
Ələsgər Bağırovla birlikdə Tiflisdə "Qeyrət"
mətbəəsini qurmuş, bütün türk-islam aləmini
silkələyən məşhur "Molla Nəsrəddin"
məcmuəsini çapına başlamışdılar.
Yeri gəlmişkən Qafqazdakı rus administrasiyası
İstanbulda təhsil almış Ömər Faiqlə
müqayisədə Qori seminariyasının məzunu C.Məmmədquluzadəyə
daha çox güvənirdi. Birincinin
"pantürkizmi" fonunda ikincinin "milliyyətçiliyi"
o qədər də təhlükəli
görünmürdü. Məhz bu səbəbdən
jurnalın nəşri ilə bağlı məsələlərdə
Ömər Faiq əfəndi bir növ pərdə
arxasından, lakin çox fəal şəkildə iştirak
etmişdi. Rusların gözündə fərqli
görünsələr də, əslində, onlar eyni yolun
yolçuları, eyni əqidənin
daşıyıcıları idilər. Bu
həqiqət Mirzə Cəlilin məktublarında da öz əksini
tapmışdı. Amma təəssüf
ki, sovet dövrü tədqiqatçılarının
"Molla Nəsrəddin" və mollanəsrəddinçilərlə
bağlı araşdırmalarında yanlış yanaşma nəticəsində
Ömər Faiqin rol və xidmətlərinin arxa plana
keçirilməsi tendensiyası özünü daha bariz
şəkildə göstərmişdi. Çox
güman ki, repressiya aktı da burada öz mənhus rolunu
oynamışdı.
1906-1918-ci
illərdə Ömər Faiq Nemanzadə "Molla Nəsrəddin"
jurnalının rəhbərlərindən və əsas
müəlliflərindən biri olmaqla yanaşı, "Həyat",
"İrşad", "Tərəqqi",
"Açıq söz", "Azərbaycan", sonralar isə
"Kommunist", "Qırmızı bayraq" kimi müxtəlif
istiqamətli qəzet və məcmuələrdə sayı
40-a çatan gizli imza və təxəllüslər
altında onlarla aktual mövzu, milli mündəricəli məqalə
və publisist yazılar çap etdirmişdi.
Millət, vətən, dil sevgisi, imzalar içində
millətinin imzasını görmək istəyi bu
yazıların başlıca leytmotivi idi. Azərbaycanda
türkçülük şüurunun yayılmasında
Ömər Faiqin xidməti Əli bəy Hüseynzadə,
Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə
kimi mogikanların xidmətləri ilə müqayisə oluna
bilər. Onun rus istibdadına, Cənubi
Qafqazda planlı şəkildə etnik soyqırım həyata
keçirən erməni şovinistlərinə və
Gürcüstanı türklərdən təmizləməyi
qarşısına məqsəd qoyan gürcü menşeviklərinə
qarşı illər boyu davam edən ideoloji mübarizəsi fəaliyyətinə
və yaradıcılığına aydın ifadə
olunmuş siyasi çalar verirdi. Üç
dəfə həbsə düşməyinin əsas səbəbi
də bu idi.
Gürcü
hökuməti Ömər Faiqi susdurmaq üçün
növbəti dəfə həbsə atanda M.Ə.Rəsulzadə
"Azərbaycan" qəzetinin 27 yanvar 1919-cu il tarixli
sayında çap etdirdiyi son dərəcə təsirli
"Vicdan sızlayır" adlı məqaləsində
yazırdı:
"Ömər
Faiq əfəndini kim bilməyir? O həssas,
o atəşli mühərriri kim
tanımayır? Qarsda dağılan
xanimanların, Ərdəhanda hətk olunan (tapdanan)
namusların, Batumda kəsilən qurbanların o yanıqlı
mərsiyənəvisini (mərsiyə deyənini), "bir
parça ətmək" (çörək) - deyə qəlbləri
yaxan o həmiyyət məşəlini hansı azərbaycanlı
unuda bilər?
Vaxt var idi Faiq Əfəndi Cəlil Məmmədquluzadə
ilə bərabər nəşr eylədiyi "Molla Nəsrəddin"
məcmuəsi vasitəsi ilə cəhalət pərdəsi
ilə örtülü olan qara qəlbləri yaxıcı qələmi
ilə yaxırdı. O, binəzir bir cəsarətlə müqəddəs zənn
olunan hər namüqəddəsə var qüvvəsi ilə
çarpır, bütün vicdanı ilə hər növ
vicdansızlıqlara qarşı protesto edirdi".
1918-ci il bir çox Azərbaycan ziyalıları kimi,
Ömər Faiqin də həyatında seçim anı oldu.
O, əsla tərəddüd etmədən Cümhuriyyət
amallarına xidmət yolunu seçdi, türk
dünyasındakı ilk Cümhuriyyətin inanclı və səmimi
ideoloqlarından birinə çevrildi.
Ömər
Faiqin 1919-cu ilin iyununda, Azərbaycanın müstəqilliyinə
qarşı çevrilmiş Denikin təhlükəsinin hər
an reallaşacağı günlərdə
"Hazır ol!" adlı çağırış ruhlu məqaləsindəki
aşağıdakı sətirlər bu fikrin həqiqiliyinə
ən yaxşı zəmanətdir:
"Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə
gələn yırtıcı ayılardan daha
yırtıcıdır! Vəhşilərdən daha vəhşidir!
Ən qəhhar xunrizlərdən (qan tökənlərdən)
daha xunrizdir.
Ey azərbaycanlı,
ey türk! İyi bil ki, sən zəif olunca hər
yandan üstünə hücum mühəqqəqdir
(qaçılmazdır).
Ey Azərbaycan!
Ey hər kəsin gözü düşən nazənin vətən!
Yatma, yatma ki, birdən birə "ürəyinin
üstünə çökməyə", hərarəti-həyatiyyəni
söndürməyə qəsd edərlər.
Ey azərbaycanlılar!
Ey böyük və şanlı cahangir nəvələri!
Başını bir az yuxarı qaldır.
Ticarət məşğuliyyətini bir az
yüngülləşdir, həmiyyət və qeyrətini
göstər!
Ey cavan
türk! Vətənini, onunla bərabər ananı,
bacını, balalarını qurtarmaq üçün
sakın, kimsədən imdad gözləmə, kimsəyə əl
uzatma! Əl uzatma ki, sənin yeganə yardımçın sənsən!
Sənin yaşamaya, istiqlala olan inamındır! Sənin millətinə olan məhəbbətindir!"
Bu vətənpərvər ruh,
çağırış və səfərbərlik
nidaları Ömər Faiqin "Azərbaycan"ın səhifələrində
"Ümidvar" təxəllüsü ilə çap
etdirdiyi məqalələrin əksəriyyəti
üçün səciyyəvidir. Onun Vətənin
taleyi, millətin bu günü və gələcəyi ilə
bağlı yazdığı hər sətirdə ürək
yanğısı, qəlb həyəcanı seçilir.
Uğurlara sevindiyi kimi, böyük problemlərin
həllində də soydaşlarına dözüm və mətanət,
iradə və qətiyyət arzulayır. Bu
əhval ruhiyyə çox vaxt məqalələrin
başlığından da görünür. Məsələn, "Möhkəm idarə möhkəm
işlər istər", "Ümidsizlik zə`f (zəiflik)
nişanəsidir", "Aldanmayınız",
"Hazır ol!" və s. Ömər Faiqin 1918-ci ildə qələmə
alınan və təqdim etdiyimiz kitabda toplanan
yazılarının çoxu sözdən kəsərli silah
kimi istifadə nümunəsi sayıla bilər.
Dostu Mirzə Cəlilin sözləri ilə desək, o,
"qan iyi gələn mətləblərə" toxunmaqdan qorxub-çəkinmirdi. Çətin
məqamda Naxçıvanın imdadına yetmək əvəzinə
düşmən Ermənistanla sərfəli əlaqələr
qurmağa çalışan bəzi nadürüst
işbazları ("Xanıstan-Ermənistan") cəsarətlə
damğalayır, erməni başkəsənlərin Zəngəzurda
törətdikləri cinayətlərin görümlü mənzərəsini
("Sağ ayağımız da kəsildi")
yaradırdı.
Bəs Ömər Faiqin ürəyin dərinliklərindən
gələn yanıqlı fəryadları cəmiyyətdə
əks-səda doğururdumu? Milli istiqbal və
istiqlal yolunda qatlaşdığı müsibətlər
soydaşlarının diqqətini çəkirdimi? Azərbaycan
cəmiyyəti bu
alovlu millət və vətən fədaisinin kim olduğunun,
nə istədiyinin fərqində idimi?
Kitabın "Əlavələr" bölməsində,
"Azərbaycan" qəzetində Ömər Faiq Nemanzadə
haqqında yazılanlar" başlığı altında
toplanan materiallar yuxarıdakı suallara birmənalı müsbət
cavab verməyə imkan yaradır. Məhəmməd Əmin Rəsulzadə,
Əhməd Cavad, Muxtar Əfəndizadə və b. siyasət
və söz adamlarının çətinliklər
qarşısında sınmayan, haqq yolundan çəkinməyən
Ömər Faiq haqda yazdıqları onun hələ gənc
adlandırılacaq yaşda böyük xalq məhəbbəti
və Azərbaycan adından
danışmaq səlahiyyəti qazandığını deməyə
əsas verir.
Mehdi ilə Anarın ərəb əlifbasından
transliterasiya baxımından son dərəcə diqqətli
işini ayrıca qeyd etmək istərdim. Mətndə
çətin anlaşılan ərəb-fars sözlərinin
izahı verilib. "İzah və şərhlər"
bölməsində qısa şəkildə hər məqalənin
məqsəd və niyyəti, toxunduğu əsas mətləblər
barədə bilgilər əks edilib. Adı
çəkilən tarixi şəxslər və tarixi hadisələr
barəsində müxtəsər məlumatlar əlavə
olunub. Nəşrə elmilik və akademizm
verən bu faydalı müdaxiələr dövrün ruhunu və
atmosferini duymağa zamanda Ömər Faiqin toxunduğu mətləbləri
dərindən anlamağa kömək edir.
lll
Təbii
ki, dövlət başçısının XX əsr Azərbaycan
tarixinin görkəmli simalarından biri kimi tanınan Ömər
Faiqin anadan olmasının 150 illiyi ilə bağlı sərəncamı
təqvimi xarakter daşımır, sadəcə görüləcək
işlərin ilin sonun qədər tamamlanmasını nəzərdə
tutmur. Əksinə, sərəncam bu sahədə
aparılacan tədqiqatlara yaşıl işıq
yandırır, alimlərin və naşirlərin
qarşısında yeni vəzifələr qoyur. İnanmaq istərdim ki, bu baxımdan Mehdi Gəncəli
ilə Anar Ağaoğlunun təmənnasız zəhməti,
ADA universitetinin nəcib təşəbbüsü istiqamətləndirici
və ruhlandırıcı rol oynayacaq.
Sarayevo, 30 noyabr 2022-ci il
Vilayət QULİYEV
525-ci qəzet.- 2022.- 30 dekabr.- S.14.