Gözlərdə bulud...

 

Sumqayıtlı həkim (həm də yazıçı) dostum Hümbət Həsənoğluna...

 

Tibb institutunu (indi universitet sayılır) bitirən kimi məni ucqar bir dağ kəndinə göndərdilər. Düşdüyüm kəndin balaca bir tibb məntəqəsi vardı və beş-altı kəndə xidmət edirdi. Mənim yanıma gələnlər əsasən bel ağrılarından, yeldən, duzdan, təzyiqdən əziyyət çəkirdilər. Əvvəllər darıxırdım, amma sonradan darıxmağa vaxtım olmadı, çünki buranın insanları, mehriban, xeyirxah və qonaqcanlı idilər. Bəlkə ona görə ki, mən qərib idim və qəribi həmişə çox istəyərlər. Güman, yazıqları gəldiyi üçün. Sözüm onda yox.

Deməli, bir gün yanıma 35-36 yaşlı bir xanım gəldi. Həmin vaxt ona xanım desəydim, məndən küsərdi. Elə bilərdi ki, ələ salıram. Dağın başında nə xanım!? Özü də mal-heyvan altı süpürəsən, təzək yığasan, beş-altı yetimçənin, əjdaha boyda ərin qulluğunda durasan (Bu qədər uşağı olan əjdaha olar da. Bəs nə bilmişdiniz?).

Al yanaqlı, yun çubuğu kimi qadın idi, yanında da 4-5 yaşlı qız uşağı. Qadın dərdini deməyə tərəddüd edirdi sanki. Ona görə də növbəsini başqalarına ötürürdü, yəni dəhlizdəki (dəhliz də ki, nə dəhliz e - dimdik boyda!?.)  cırıldayan stulda oturub qalmışdı, eləcə qapıdan girib-çıxanları müşayiət edirdi. Hər dəfə qapı açılıb-örtüləndə onun döyükən baxışlarını görürdüm. Sanki iynə üstündə oturmuşdu və kimisə, ya nəyisə gözləyirdi...

Pasientlərin hamısı gedəndən sonra dəhlizə çıxdım. Qadın məni görən kimi ayağa durdu, üst-başını düzəltdi, donunun ətəyini aşağı dartdı.

- Nəyi gözləyirsiniz? - deyə soruşdum.

O, başını aşağı salıb duruxdu. Dərsini pis bilən uşaqlar kimi susdu.

- Gəlin içəri.

Qadın tərəddüdlə içəri keçdi, uşağı da dirəşkən öküzlər kimi zorla arxasınca sürüdü. Elə bil onu sallaqxanaya aparırdı.

- Buna bax e... buna bax e!.. - deyə mızıldandı.

- Şikayətiniz nədəndir? - deyə ayaqüstəcə soruşdum. Onsuz da oturmaqdan yan-yörəm ağrıyırdı. Həm də bu qəribə pasientlərin nə istədiyini dərhal bilmək istəyirdim.

Qadın sanki nə deyəcəyini bilmirdi, eləcə key-key üzümə baxırdı. Mənə elə gəldi ki, yəqin, qadın xəstəliyilə bağlıdır və deməyə utanır.

- Bacım, mən həkiməm, çəkinməyin, - dedim, - burda nə var ki? Gündə sizin kimi xeyli adama baxıram.

Qadın ürəkləndi:

- Doxdur, qadan alım. Qorxuram ki, kənddə-kəsəkdə eşidələr, biabır olam.

- Ay bacı, bu nə söhbətdir, yalnız ikimizin arasında qalacaq.

- Doxdur, bu uşağı görürsən, - deyə balaca qızı göstərdi. - Bu, bizim sonbeşiyimizdir, özü də birtəhər uşaqdır. Özünü dəli kimi aparır. El içində biabır olmayaq deyə onu çölə də qoymuruq.

Qadının bu etirafı qırışığımı açdı. Çünki mən özüm də qadın xəstəliklərilə bağlı söhbətləri xoşlamırdım, amma bir həkim kimi onu dinləməyə və müayinə etməyə borcluydum.

- Neynir ki?

- Hər yeri dağıdır, əlindəkini yerə atır. Düz yolda büdrəyib yıxılır. Getdiyi yerdə başını sütuna, divara vurur. Üstünə çəmkirəndə də dəli kimi olur. Bilmirik neyniyək? Bura da ki, uzaqdır, tez-tez gələ bilmirik. Dədəsinin də işi ağırdır. Çobançılıqla qarnımızı zorla doyurur. Özü də balası kimi əsəbi... Qışqıranda da elə bil dana böyürür...

Qadının bu sözlərinə gülməyim tutdu. "Dədəsinə çəkib, yəqin..." O da bunu başa düşdü və qıpqırmızı qızardı, yəni heç hənanın yeridir!?

Biz danışdıqca gözaltı uşağa baxırdım. O, başını aşağı salıb durmuşdu. Hərdən gözünün üstünə düşmüş tellərini püfləyib geri atmaq istəyirdi. Teli sözünə baxmırdı deyə əsəbiləşirdi, əlini-qolunu dişləyirdi. Bu hal bir neçə dəfə təkrar olundu. Doğrudan da, uşaq özünü çox nadinc aparırdı, anası da tez-tez onun qolundan tutub dartır, bir yerdə dayanmasını tələb edirdi. Birdən uşaq ayağa qalxıb saçlarını yolmağa başladı.

- Görürsünüz, doxdur, - qadın uşağın üstünə cumdu və onu danladı, - bu nə oyundur çıxarırsan?! Sakit ol, dinməz dur!

Uşaq narazı-narazı yerinə oturdu.

- Gözəl bala, gəl əmi sənə baxsın. Sən ağıllı balasan axı, - deyə onu dilə tutdum.

Uşaq, doğrudan da, qəşəng idi, anasına qəti oxşarlığı yoxuydu, sarı, ipək kimi saçları vardı və hərdən onları sığallayır, uzun, kirli barmaqlarını oynadır, dırnağını çeynəyirdi. Anası hər dəfə onun əlindən vuranda uşaq yerindən dik atılırdı.

- Hə, mənim balam, bax, burda oturaq, - deyə uşağı çarpayıda oturtmaq istədim, amma yerindən qalxmadı, əlini başına apardı, sanki məndən qorunmaq istədi və əlilə məni itələdi.

- Onun başına vurursunuz? - deyə soruşdum.

- Doxdur, neyniyək, ən yaxın yeri başıdır da, nerviləndirəndə başına qapazlayırıq.

- Uşağın başına vurmaq olmaz, - əsəbiliklə söylədim və yumşaq şəkildə uşağa dedim: - Gəl, quzum, gəl, qorxma.

Uşaq yerindən qalxmadı və dırnağını çeynəməkdə davam elədi.

- Dəlilik, eləmə, doxdur nə deyir, ona da bax! - Anası uşağa çəmkirdi.

- Siz qarışmayın, - dedim, - biz özümüz hər şeyi yoluna qoyarıq.

- Hə, gözəl bala, dur burda otur, haydı dur görək? Haydı, yavrum, - dedim.

"Yavrum" sözünü eşidəndə uşaq ayağa durdu və quzu balası kimi gəlib göstərdiyim yerdə oturdu.

- Türk kinolarına çox baxır? - deyə uşağın anasından soruşdum.

- Televizorun qabağından çəkilir ki... Televizor da bir televizor ola barı? Sınıq-salxaq. Onda şəkildən başqa hər şey var, yalnızca səsi eşidilir, elə bil, ilan-qurbağa boğuşur. Dədəm evindən gətirdiyimdi...

- Aydındır, - deyə başımı tərpətdim. Sonra uşağa tərəf dönüb:

- Ağzımızı açaq görək.

Uşaq eləcə başını aşağı salıb durmuşdu.

- Yavrum, başını qaldır, ağzını da aç. Baxalım görək orda nə var. Dişlərin hamısı çıxıbmı?

Bir az tovlayandan sonra uşaq ağzını açdı.

Təbii, heç nə yoxuydu. Heç özüm də bilmirəm, niyə onun ağzını açdırdım. Çünki birinci dəfəydi ki, bu cür balaca uşağı müayinə edirdim. Düzünü desəm, bu, uşaq vaxtı gördüyüm həkimləri yamsılamaq idi. Yəqin bir qədər də çaşmışdım, ona görə.

Ağlıma gəldi ki, bəlkə də uşaqda kəllədaxili təzyiq var. Ona görə də:

- İndi də gözlərinə baxaq.

Uşaq iri, mavi gözlərini mənə zillədi. Onun gözləri oynaşırdı, bəbəkləri irilənmişdi. Sanki bir okean idi, dalğalanırdı, kükrəyirdi.

- Onu rayon mərkəzinə aparmaq lazımdır. Qoy beynini ekoqram eləsinlər, - dedim. O zaman hələ tomoqrafiya yox idi...

Qadın yazıqcasına üzümə baxdı:

- Biz onu necə aparaq, nəylə aparaq? At arabası ilə qəti getməz. Maşın olsaydı, bəlkə də həvəslənərdi. İndi yollar da bağlıdı. Gərək yazı gözləyək. Özü də o biri uşaqlara bəs kim baxacaq? Hamısı dəcəl, ataları kimi tələbkar...

- Aydındır, - dedim, - gərək yazı gözləyək. Ya bəlkə mən özüm dərman dalınca gedəndə sizi apararam...

Bu zaman uşaq əlimdən tutdu və üzümə baxdı. Sanki mənə yalvarırdı. Onun şıltaqlığından əsər-əlamət qalmamışdı...

Uşağın yalvarışlı gözlərinə diqqətlə baxdım və elə bil, məni ilıdırım vurdu. Bu gözəl gözlərdə sanki buludlu ay gizlənmişdi və mən bayaq buna fikir verməmişdim, daha doğrusu, diqqətimi toplamağa imkan tapmamışdım. Uşağın gözlərinə heyran olmuşdum...

- Onun gözlərini müayinə elətdirmisiniz? - deyə soruşdum.

- Yox, qadan alım, harda elətdirəydik, - qadın başını bulayaraq dedi, - gözdən başı çıxanmı var? Bizimki banka-bunkadır.

Mənim göz həkimi olmağım tamam yadımdan çıxmışdı, çünki buralarda heç kim gözündən şikayətlənmirdi.

Mən göz ləvazimatları olan qutunu açdım. Ordan əldəqayırma gözlüyü çıxarıb uşağın gözünə taxdım və aramla şüşələri dəyişməyə başladım. Bir az keçmiş uşaq eynəkdən daha möhkəm yapışmağa başladı və birdən  qışqırdı, bayılan kimi oldu və eynəyi bərk-bərk tutub, ətrafa baxdı və gözləri anasının üzünə zillənəndə dəli kimi qışqıraraq onun üstünə atıldı:

- Aaanaaa! - deyə qışqırdı.

Qadın qorxusundan ağappaq ağardı.

- Doxdur, nə oldu bu uşağa!?

Mən heyrətimdən donub yerimdə qalmışdım, hətta doluxsunmuşdum da. Bu uşaq birinci dəfə idi ki, anasının üzünü görürdü. "Mənfi on iki", - deyə öz-özümə pıçıldadım. Onun gözləri anadangəlmə zəif idi və demək olar ki, görmürdü. Uşağın gözlərində alaqaranlıq və toran bir boşluq vardı.

Uşaq isə irilənmiş gözlərlə gah mənə, gah da anasına baxır, sevinclə, qışqıra-qışqıra ətrafı seyr edirdi.

- Uşağın gözləri anadangəlmə zəifdir, demək olar ki, görmür, ona görə də belə əsəbiymiş, çünki sizə qəribə görünən hərəkətlərini izah edə bilmirmiş. Elə bilirmiş ki, siz də onun kimi görürsünüz...

Bu sözlərimi eşidəndə qadın özünü itirdi, mənə necə təşəkkür edəcəyini bilmədi, bəlkə də dediklərimi hələ tam dərk eləməmişdi. Yerində quruyub qalmışdı.

- Doxdur... - sözünün dalını gətirə bilməyib hönkürdü və qızına sarıldı. Onu qucaqlayıb dəfələrlə öpdü. Yanaqlarından axan göz yaşlarını qızının ipək tellərinə sürtdü.

Mən onu sakitləşdirmək üçün:

- Olur belə şeylər, olur, - qəhərdən boğula-boğula dedim...

Onları yola salanda əldəqayırma eynəyi uşaqdan almaq istədim, amma nə illah elədimsə, vermədi. Uşaq eynəkdən bərk-bərk yapışmışdı, ətrafa, mənə və anasına baxmaqdan doymurdu...

Bu hadisənin üstündən xeyli vaxt keçdi. Qış ötdü, yaz gəldi və mən bir gün rayon mərkəzinə dərman dalınca yollandım, uşağa təzə gözlük aldım və səhərisi gün kəndlərinə qonaq getdim...

Məni necə qarşılayıb, yola saldıqlarını deməyə utanıram. Bircə onu deyim ki, sonralar qapının ağzında növbəyə duranların əksəriyyəti gözlərindən şikayətçilər idi...

Bu əhvalatı danışmağımın canı var. Üstündən uzun illər keçəndən sonra, daha doğrusu, bir neçə gün əvvəl balaca bir bağlama aldım. Açdım. Nə görsəm yaxşıdır!? Yəqin təxmin etdiniz, axı siz ağıllı oxucularsınız...

P.S. Onlar mənim yanıma gələndə hər yer duman-çən idi, uzaq dağlar, dərələr, meşələr güclə sezilirdi... Mənim yanımdan qayıdanda isə gün çıxmışdı və hər yer tər-təmiz görünürdü...

Mən onlara gedəndə elə bil İmam Əlini qarşılayıb, yola salırdılar. Bura İsa Məsihi də, Buddanı da, Krişnanı da - ümumən müqəddəslərin hamısını əlavə edə bilərsiniz və bu, sizin haqqınızdır...

Oktyabr - dekabr, 2022

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2022.- 30 dekabr.- S.21.