Elçinin yaradıcılığı: arxetipik plastlar  

 

Azərbaycan ədəbiyyatının "60-cıları"nın əsas təmsilçilərindən olan bu gün bədii yaradıcılığını davam etdirən Elçinin əsərləri hər zaman ədəbi tənqidin diqqətində olub. Lakin Elçinin yaradıcılığı haqqında aparılan müxtəlif araşdırmalarda yazıçının əsərlərində əks olunan arxetipik məqamlardan az bəhs edilmişdir. Fikrimizcə, yazıçının yaradıcılığında arxetipik məqamlar aşağıdakı plastlarda meydana çıxır: Birbaşa arxetipik süjet obrazın əksi; Arxetip element kimi; Neoarxetipik obrazın yaradılması

Birbaşa arxetipik süjet obrazın əksi

Elçinin yaradıcılığında arxetipin birbaşa süjet obraz kimi işlənməsindən bəhs edərkən əsas diqqəti cəlb edən əsər "Mahmud Məryəm" romanıdır. Məlum "Əsli Kərəm" dastanı əsasında qələmə alınan romanda dastanın Gəncə variantından istifadə edilmiş, lakin yazıçı arxetipik süjeti yenidən işləyərək fərqli bir əsər ərsəyə gətirməyə nail olub. Dastanda olan milli mifik-arxetipik motivlər - od, dağ, buta, saz romanda yeni çalarlarla bədiiləşdirilib. Dastanda zaman qeyri-müəyyən plastik olsa da, romanda dövr aydın qeyd edilib: hadisələr hicri tarixi ilə 920-ci il camadiül ayının 4-dən başlayır. Bununla da Elçin zamansızlıq içində dövr edən hekayəti real motivlərə kökləməyə nail olur. Lakin dastan zamansızlığından roman reallığına qədəm qoyan mətndə yenə irreal motivlərlərdən imtina etməyən yazıçı realist nəsrlə folkor janrı arasında dayanan simbioz mətn yaratmağa nail olur.

Simbioz mətn estetikası Elçinin "Baş" romanında da özünü büruzə verir. XIX əsrdə baş verən hadisələri romanın əsas motivi kimi seçən yazıçı öz bədii məramını daha öncə nəsrimizdə rast gəlinməyən fərqli bir üsulla reallaşdırır. Tarixi hadisələr tarixi real, ya irreal qəhrəmanın dilindən verilmir, yaxud birbaşa tarixi olayların bədii təsviri ilə gerçəkləşdirilmir. Əsərin əsas nəql edicisi, ön fiquru general Sisianovun başı, daha doğrusu, başın simvolizə etdiyi ruhudur. Məhz bu cür qeyri-adi arxetipik obrazın - ruhun xatirələri, ölümdən öncə sonra duyduqlarının aracılığı ilə oxucu dövrün təlatümlərini, həqiqətlərini yenidən yaşayır. Şamanizmdən gələn ruhla bağlı arxetipik məlumatlara dayanaraq yazıçı qəfil qətlə yetirilən Sisianovun ruhunun bədənin yoxluğu ilə barışmadığını, sərgərdan şəkildə iki dünya arasında var-gəl etdiyini vurğulayır. Elçin başın - ruhun ölümdən sonrakı halını, nələri unutduğunu, nələri xatirəsindən silə bilmədiyini, nələrə laqeyd yanaşıb, nələrə etiraz etdiyini çox məharətlə qələmə alıb. Fikrimizcə, baş obrazı Elçinin bədii tapıntısıdır. Yazıçı ətrafda dolanan sərgərdan, dünyadan umacağı olmayan, həyatla birgə kini, sevgisi silinən başın - ruhun dilindən tarixin, dövrün insanlığın mahiyyətinin daha obyektiv qiymətləndirilməsinə nail olur. Əsərdə rast gəlinən maraqlı bir məqamı da qeyd etməliyik. Ətrafdan qurtulub əbədi məkana doğru yol alan baş-ruhun şüurun son işartılarında xatırladığı söz - onun milli kökünü vurğulayan, gürcü dilində "Allah" kəlməsi "Xmerti" olur. Bu elementlə yazıçı mətndə kökə, milli identikliyə sadiqliyin, bağlılığın ruh səviyyəsində vurğulanmasına nail olur.

 

Arxetip element kimi

 

Yazıçının yaradıcılığında arxetipin element kimi bədii mətnə daxil edilməsi "Dəyişmə" hekayəsində aydın izlənilir. Maraqlıdır ki, bu hekayədə Elçin həm su arxetipi, həm həyat ağacı ilə bağlı motivi vəhdətdə əks etdirib. Hekayənin əsas, aparıcı obrazı S.Qayıblının başına gələn hadisələr yağışın müşayiəti ilə reallaşır. Əsərdə qəhrəmanın adının deyil, soyadının qabardılması yazıçının bədii məramını elə ilk sətirlərdən aşkarlayır. Bu məqamla Elçin qəhrəmanının öz individiallığından uzaq düşdüyünü, həyatındakı yeknəsəkliyin "qılaflı adam" kimi var oluşundan, bozluq içində yaşamasından doğduğunu vurğulayır. Yağış - su həyatın ilkin elementlərindən biri kimi yaranışı, təmizlənməni kökə dönüşü simvollaşdırır. Sarımtıl həyatdan qaçmaq istəyini S.Qayıblıda məhz kəsməyən yağış yaradır. Yaşadığı binanı gəmiyə, otağını isə kayutaya bənzədən qəhrəman okean kimi dalğalanan həyata kayutanın pəncərəsindən baxmağa məhkum olunmasından, özü kimi öz "kayutalarında" - öz aləmində, öz tənhalığında yaşayan insanların həyatının yeknəsəkliyindən sıxılır. Öz qılafından çıxmağın, barama qurdundan kəpənəyə çevrilməyin eşqi S.Qayıblının daha öncələr onun üçün qeyri-adi sayıla biləcək bir addım atmasına səbəb olur. O, küçəyə çıxıb "dəli kimi" yağışın altında gəzir, bununla təmzilənmək, yekrənglikdən yaxa qurtarmaq istəyir.

Əsərdə həyat ağacı ilə bağlı motivi küknarvari milləri olan boz pencək simvollaşdırır. Dəyişən, özünü tapan bir daha həyatını yekrəng yaşamaq istəməyən S.Qayıblı küknarvari milləri olan boz pencəyi yeni mənliyinin simvolu kimi seçir. Əvvəlki yeknəsək həyatını - Sarı pencəyi isə tələm-tələsik aparıb zibilliyə atan qəhrəman daxili harmoniyaya qovuşur.

Elçinin "Su" hekayəsində mənzildə suyun kəsilməsi fonunda qadının daha çox şüur selinə oxşayan monoloqu səslənir. Qəflətən su gəldikdə isə artıq ölüm ayağında - aqoniya vəziyyətində olan qadın suyu bağlamaq halında qayğısında olmur. Bu hekayədə su arxetipi həm təmizlənmə, həm iki dünya arasında sərhəd funksiyasını yerinə yetirir.

 

Neoarxetipik obrazın yaradılması

 

Elçinin yaradıcılığından bəhs edən tədqiqatçıların əksəriyyəti yazıçını "şəhər nəsri"nin nümayəndəsi kimi xarakterizə edir. Buna əsas yaradan məqamlardan biriElçinin məhz Bakı kəndlərinin sakinlərinin həyatından bəhs edən realist əsərlər silsiləsi olub. Yazıçının qələmə aldığı "Gümüşü furqon", "Bağ mövsümü", "Toyuğun diri qalması", "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı" kimi əsərlər stereotip şəhərli obrazının bədii əksinin təzahürü idi. Zaman keçdikcə bu obrazlar içindən biri - aerodrom kepkalı Baladadaş daha çox seçilməyə və oxucular tərəfindən sevilməyə başladı. Yazıçının da bu obraza olan sevgisionu müxtəlif mətnlərinə baş qəhrəman olaraq seçməsi obrazın daha da hamarlanmasına və bədii cəhətdən stereotipləşməsinə rəvac verən məqamlardandır. Elçinin Bakı mühitinin bütün incəliklərinə bələdliyi sayəsində meydana çıxan Baladadaş obrazı öz səmimiliyi, düzlüyü, halallığı və namusluluğu ilə seçilən qəhrəmandır. Onun saflığı ətrafındakı pula həris, çirkaba bulaşmış mühitlə ziddiyyət təşkil edir. Baladadaş obrazı müsbət, ənənələrə sadiq bakılı obrazı olmaqdan ziyadə, azərbaycanlı kişi obrazının proyeksiyasıdır. Elçin qəhrəmanına "bakılı ceyil" qiyafəsi geydirsə də, bu obraz vasitəsilə arxetipik azərbaycanlı kişi obrazını bədii mətnə translyasiya edir. Fikrimizcə, Baladadaş - "Bakılı qədeş" obrazının zahiri koloriti ilə oxucunu mətnə cəlb edən yazıçı bu qəhrəman vasitəsilə azərbaycanlı-türk kişi arxetipinin yeni formada təzahürünü - neoarxetip yaratmağa nail olub.

Elçin yaradıcılığının bütün plastlarından keçən arxetipik motivlərin ən güclüsü isə məhz Vətən arxetipidir. İstənilən plastda - obraz, süjet, element, neoarxetip - son nəticə Vətənin, doğma Azərbaycanın arxetipik obrazının yenidən bədii mətndə canlandırılmasına hesablanıb.

 

Elnarə QARAGÖZOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2022.- 29 dekabr.- S.11.