Mübarəkdir bu
növrağın, Kəlbəcər!
Bol çeşməli, ayna bulaqlı Kəlbəcərim!
Sıx meşələrinlə,
yaşıl otlaqlarınla,
göz oxşayan ormanlarınla, sıldırım
qayalarınla, əlçatmaz,
ünyetməz zirvələrinlə
daim bizi özünə bağlayan
əsrarəngiz diyarım!
Vüqarınla sən daim Türk oğlu Türkün adını uca tutmusan. Tariximizin ən keşməkeşli
dövrlərini özündə
yaşatmısan. Yenilməz görkəmin
daim düşmənlərinin
bağrına dağ çəkib. Erməni vandalları,
bəşərilik düşmənləri
daim sənin bağrını al-qana döndərməyə çalışıb.
Əyilməmisən! XIX əsrin əvvəllərində
Rusiya və Fars imperiyalarının havadarlığı
nəticəsində müqəddəs
vətənimizə murdar
ermənilər ayaq basanda torpağın fəqan qopardı. Məlakə
donunda gələnlər
dəfələrlə sənin
qatilinə çevrildi.
2 aprel 1993-cu ildə
Ermənistanın terrorçu
ordusu Gümrüdə
dislokasiya olunan Rusiya diviziyasının qəddarları ilə birgə səni işgal edib, aşına zəhər qatdı. Rayon əhalisinin ağsaqqalına,
ağbirçəyinə, qadınına, uşağına,
əlilinə zülm
verməkdən, onları
qanına qaltan etməkdən həzz alıb, misli görünməmiş soyqırımı
həyata keçirdilər.
Daim qurub-yaratmaqdan, tikməkdən, abadlaşdırmaqdan,
sənin hüsnünə
sığal çəkməkdən
həzz alan
insanlarımız vandal və
işğalçı Ermənistan
Respublikasının insanlığa
yaraşmayan vəhşiliyi
nəticəsində öz
yurd-yuvasından perik düşdü. Əhalin,
sakinlərin az
qala Azərbaycanımızın
bütün şəhər,
rayon, qəsəbə və
kəndlərinə səpələndi.
Saysız-hesabsız türk
insanı qətl edildi, öldürüldü,
yüzlərcəsi əsir
götürüldü, itkin
düşdü... Eh, nə
bilim, nə deyim nələr oldu... Dilimə gətirə bilmirəm...
Ərazi baxımından sən, Kəlbəcərimiz, Azərbaycanın
ən iri rayonu idin. Sənin təpərli
oğulların erməni
bağrına neştərlər
sancmışdı. Şərəfsiz ermənilər sənin özünü, kəndlərini,
saysız-hesabsız, yaşı
minilliklərin o yanından
boylanan tarixi-mədəniyyət
abidələrini yerlə-yeksan
etdi. Utanıb, usanmadılar! Nəinki yerli əhəmiyyətli,
həm də dünya miqsaylı "İstisu" sanatoriyasını,
yüzlərcə obyekt
və tikililəri - məktəblərini, məscidlərini,
uşaq bağçalarını,
kitabxanalarını, çoxsaylı
mədəniyyət ocaqlarını
xarabalığa çevirdilər.
Bununla sanki Yaradanın, Allahın, Uca Tanrının qəsdinə
durdular.
Dünya dövlətlərinin əksəriyyəti
belə biabırçılığa,
mənfurluğa görə
sussa da, BMT-nin Təhlükəsizlik Şurası nəhayət
ki, dillənib, bu işğalla bağlı Qətnamə
çıxardı. Qətnamə Ermənistan faşist ordusunun qeyd-şərtsiz nəinki Kəlbəcərin,
həm də Azərbaycanın digər
işğal olunmuş
ərazilərindən çıxarılmasını
tələb etdi.
Amma neyləyəsən! Dünyanın belə laqeydliyindən küreyi-ərz başımıza firlandı. Bütün bunlara nankor və qatil ermənilər məhəl qoymadı. 60 mindən yuxarı Kəlbəcər sakini Azərbaycanımızın və dünyanın müxtəlif regionlarına səpələndi. Qaçqın, köçkün, didərgin həyatı yaşamağa məcbur edildi. Min bir məhrumiyyətlərin acısını daddı. Ermənilər sənin kəndlərini, qəsəbələrini, yaşayış yerlərini viran qoydu. Kəlbəcərlilər bütün bunlara baxmayaraq, dözüb mətin dayandı. Qəddini əymədi. 27 il gecə-gündüz bilməyib, sənə qovuşmaq həsrəti ilə yaşadı. Yenilməz, müsəlləh Azərbaycan xalqı və ordusu 27 sentyabr 2020-ci ildə silaha sarılıb digər işğal altında olan ərazilərimiz kimi, səni də erməni caynağından xilas etdi. Azadlığına qovuşduğun ərəfədə sənə düşmən kəsilən vandallar qarşında təblamayıb, qaçmağa üz qoyduğu zaman Kəlbəcər şəhərinin özündə yerləşən məktəbə erməniəsilli məktəb direktorunun od vurmasına, bu mənfurların mənəvi baxımdan nə qədər rəzil və şikəst olmasına baxanda, dözmədin. İçin-için yandın. Onların dünya mədəniyyətinə və maarifinə düşmən kəsildiklərinin şahidi olub, hey heyifsləndin, vaysınlandın!
Başına gətirilənləri gözüm önündə canlandırmaq istəyərkən hələ 1997-ci ildə qələmə aldığım "Haray dünyam!" şeirimdə səninlə bağlı belə bir bəndi vərəqə köçürmüşdüm:
Dağ vüqarlı Kəlbəcərim əyildi,
Bu, qorxaqlıq nişanəsi deyildi,
Nə edək ki, qonşu haqq zaildi,
Dözmə haqsızlığa dünyam, ay dünyam!
Səninlə həmişə varam, ay dünyam!
Odur ki, şahidi olduğumuz kimi, dünya bu haqsızlığa göz yumsa da, Azərbaycan dözmədi.
Dünyaya öz müsəlləhliyi, mobilliyi, bacarığı, qəhrəmanlığı ilə səs salmış yenilməz Azərbaycan ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadət, qazandığı triumfal qələbə, bu qələbənin əvəzsiz banisi olan cənab Ali Baş Komandan İlham Əliyevin qəti addımları sən yenidən azadlığına qovuşdurdu. Kəlbəcəri özü ilə, xalqımızı Kəlbəcərlə can bir qəlbdə etdi. Mübarəkdir bu qayıdış, Kəlbəcərim!
Yadındamı?! 1993-cü ilin aprelindən Sənin üzün heç gülməmişdi, sanki bulaqların şır-şır axmırdı, şəlalələrin qurumuşdu, ağacların çiçəkləmirdi, güllərin ləçəkləmirdi, quşların öz nəğməsini oxumurdu, sanki düşmənin nəfəsi də Kəlbəcəri tanınmaz hala salmışdı. Ceyranlarının, cüyürlərinin mələşməsi eşidilmirdi. Sanki Sənin bütün floran və faunan Səninlə birgə matəm libası geyinmişdi. Təpərli oğullarının qayalıqlardan, sıldırımlıqlardan gələn, dünyanı lərzə gətirən nərələri də səngimişdi. Təbiətinin də sənə yas saxlaması içimdə daim bədbin hisslər oyadırdı...
Lakin tarixinə nəzər salıb, ululuğunu, əyilməzliyini bir dəfəlik yəqin edəndə, "Kəlbəcər" toponiminin mənşəyinin "Çay üstündə qala" anlamına gəldiyini düşünəndə, Sənin uzun zaman kəsiyində düşmən tapdağı altında qalacağına inanmamışdım. Çünki Sən çay üstündə qala olub, həm də qədim yaşayış məskənlərindən biri kimi qədim mağaralarının çay qırağı ilə uzanan və ululuğa şahidliyin böyüklüyünü, yenilməzliyini özündə çəmləşdirmisən.
Axı mənfur düşmən nə bilsin ki, sənin ərazilərində yerləşən mağaralarda aparılmış arxeoloji qazıntılarda ibtidai insanın həyat izləri saxlanılmaqdadır. Yaşı minilliklərin o yanından boylanan qədim yaşayış məskənləri və qayaüstü təsvirləri, qədim türklərin yazı mədəniyyətini əks etdirən əlifba nümunələri! Daş abidələrin yaddaşında donub qalmış atəşpərəstlik, xristianlıq və islam mədəniyyətinin izləri! Sənin tarixindən bizlərə ərmağan olmuş çox şeylər qalıb. Hələ sinənin üstündəki "Türk qəbristanlığı"ndakı qədim məzarlıqlardan, oralarda qədim dövrlərin şəhadətini özündə əks etdirən at, qoç, sandıq, qəbirüstü fiqurlar, başdaşı, künbəzlərin özünəməxsusluğundan danışmıram. Vəng kəndində yerləşən Alban məbədi, Çərəkdar kəndindəki Alban kilsəsi, Qanlıkkənddəki Lök qalası, Qaracanlıdakı Uluxan qalası, Tərtər çayla Bulanıq çayının qovşağındakı Alban kilsəsi, Comərd kəndindəki Comərd qalası, Camışlıdakı Keşikçi qalası və onlarca başqalarının adını çəkmirəm!.. Hamısını sayıb qurtarmaqmı mümkündür?! Bircə onu bilirəm ki, Sənin adına, Sənin hüsnünə işğal olunmanı heç vaxt yaraşdırmamışdım. Özüm özümlə mübhəm dərdləşirdim. Dostlarla, tanışlarla, alimlərimizlə, tarixçilərimizlə nə vaxt mükaliməyə girirdimsə, özümdən asılı olmayaraq, Sənin erməni tapdağında qalacağına inanmamışdım.
İndi Allahıma şükürlər olsun ki, 2 ildir, murdar, mənfur erməni tapdağından azad edilmisən. Yenə də deyirəm, Allahıma şükürlər olsun. İndən belə məşhur Xudavəng məbədin, Mxitar Qoş məbədin, Gəncəsər monastrın, Havaptux monastrın, Xatirəvəng monastrın, Xilaskar kilsən və adlarını çəkmədiyim qeyriləri öz yeni dövrünə qovuşmaqdadır.
Deyirəm ey, Kəlbəcərim, sənin palıd, vələs, fıstıq meşələrinin, alp və subalp çəmənliklərinin də hüsnü indən belə tamamilə başqalaşacaqdır. İndə başqa dövran gəlib. Yeni dövründə sənin müxtəlif guşələrindən sosial şəbəkələrə qoyulmuş videolar baxmaq biləsən məni necə sevindirir.
Görürəm ki, dağlarında, daşlarında, qayalıqlarında, meşələrində haray salan dağ keçilərin, cüyürlərin, qonur ayların, qartalların və s. bu gün özlərinı necə azad və xoşbəxt sayır. Hələ saysız-hesabsız yeraltı resurslarından danışmıram. Qızılının, civənin, yaşam üçün mineral sularının hər birində türkə qayıdış, türkün ünü, səsini, sədasını eşidirəm.
Deyirəm, ey Kəlbəcərim, indi sənin xalqının, insanının hər bir sakininin başı necə də ucadır! Qısas qiyamətə qalmadı. Yaxşı ki, qəhrəman oğullarının sayəsində indi yenidən, Kəlbəcərim, öz doğmalarına, Azərbaycan türkünə qovuşdun. Odur ki, indi ceyranların, cüyürlərin, dağ keçilərin dağlara, sıldırım qayalara dırmaşıb, ormanlarında otlayıb, incə səsləri ilə, Kəlbəcərim, sənə xoş günlərinə nəğmələr deməkdədirlər. Təbiət də, hava da, landşaft da təzələnməyə, öz vərdiş etdiyi ömür-gününə qovuşmağa tələsməkdədir! Heç bilmirəm, hüsnünə hansı sözdən çələng tutum ki, ürəyincə olsun! Və düşünürəm... Yox, Səni qələm də sonacan vəsf edə bilmək iqtidarında deyil. Odur ki, hüsnünə həsr etdiyim bu kiçik yazımı aşağıdakı bəndlə yekunlaşdırmağı qərara aldım:
Yağı düşmən daim məğlub olacaq,
Xoş gününə xalqım büsat quracaq.
Səni sevəcəyəm, bil, canım qədər.
Mübarəkdir bu
növrağın, Kəlbəcər!
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2022.- 29 dekabr.- S.13.