Moskvada Əsgər Məmmədovun
“Nar dastanı” sərgilənib
Moskva
Şəhər Dumasında Rusiyanın və Azərbaycanın
Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar
dalğaları” adlı fərdi sərgisi açılıb.
APA-nın
Moskva bürosunun verdiyi məlumata görə, sərgidə rəssamın
Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri
və digər mövzularda çəkdiyi peyzajlar,
natürmortlar, portretlər toplanıb.
Sərginin
açılışında çıxış edən
Moskva Şəhər Dumasının sədri Aleksey
Şapoşnikov Azərbaycanlı rəssamın əsərlərinin
Moskva Şəhər Dumasında nümayiş olunmasını
əlamətdar hadisə adlandırıb. İki ölkə
arasındakı münasibətlərdən danışan
A.Şapoşnikov Rusiya ilə Azərbaycanı mehriban dostluq əlaqələrinin
birləşdirdiyini və bu münasibətlərin bundan sonra
da möhkəmlənəcəyini söyləyib.
.Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu isə
çıxışında Əsgər Məmmədovu fərdi
sərgisinin açılması münasibəti ilə təbrik
edib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin
saxlandığı ev muzeyinin yandığını və rəsmlərin
məhv olduğunu xüsusi vurğulayıb: “Lakin o, ruhdan
düşməyib, işləyir və yeni əsərlər
yaradır. Sərgidə gördüyünüz rəsmlərdə
Vətən həsrəti hiss olunur. Əsgər Məmmədov
doğma Vətəni Azərbaycanı, Qarabağı
heç zaman yaddan çıxarmır”.
P.Bülbüloğlu A.Şapoşnikovu yenidən Moskva Şəhər Dumasının sədri seçilməsi münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb: “Moskva Şəhər Dumasının VII çağırış deputatlarını təbrik edirəm. Moskvada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir. Biz Rusiya paytaxtında baş verən hadisələrə biganə deyilik. Deputat korpusuna fəaliyyətlərində uğurlar arzu edirəm”.
Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar Rəssamı Pavel Boyko, şair Sultan Mərzili, “Dirçəliş və Ümid” Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığından danışıblar.
Əsgər Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına təşəkkürünü bildirib. O qeyd edib ki, sərgidə təqdim olunan əsərlərin əksəriyyəti Azərbaycana həsr olunub: “Mənim 50 illik yaradıcılıq yolumun başlıca ilham mənbəyi Azərbaycandır.
Yaratmaq əzmini və gücünü də məhz Vətənimdən alıram”.
Qeyd edək ki, “Nar dalğaları” sərgisi oktyabrın 11-dək davam edəcək.
525-ci qəzet.- 2022.- 30 dekabr.- S.13.