Günlər əl-ələ tutub

 

İlə çatdı - beş ilə.

Məni yoxluğun yedi,

Səni torpaq - nuş ilə.

 

Sənsizlik düyün atdı,

Düyünlədi eynimi.

Sənsiz deyən də yoxdu:

- Qalın geyin əynini.

 

Bu sənsiz ev-eşiyin

Burnunun ucu göynür.

Otağımda dörd divar

Sənin rəsmini geynir.

 

Səliqə-sahman itib,

Evi yoxluğun basıb.

Evin hər bir yerindən

Xatirən özün asıb.

 

Təndir həmən təndirdi,

Çörəklər bada gəlmir.

Sən olmayan bu evdə

Yeməklər dada gəlmir.

 

Sən olmayan beş ildə

Əlli illik qocaldım.

Sənli keçən günlərə,

Ana, tamarzı qaldım.

 

***

 

Anam açan keçələrin birində,

Eşqim itən küçələrin birində,

Öləcəyəm, gecələrin birində

Ağlayarsan xısın-xısın yad evdə.

 

Çox olacaq "Niyə? Nədən?" gedəndə,

Biçmək üçün mənə kəfən gedəndə.

Çiyinlərdə cansız bədən gedəndə

Ağlayarsan xısın-xısın yad evdə.

 

Rəsmim gəlsin göz önündə sərginə,

Ağlın getsin mənli-mənsiz sürgünə.

Mən cəhənnəm, mənlə ölən sevginə

Ağlayarsan xısın-xısın yad evdə.

 

Çarə ola bilməyəcəm ağrına,

Mənsiz günlər döndərəcək yorğuna.

Baş daşımı sıxıb yanan bağrına

Ağlayarsan xısın-xısın yad evdə.

Bir dəfə məzarıma heç getmə,

Məndən sonra tələsiyib köç etmə.

Ağrın alım, ümidimi puç etmə,

Ağlayarsan xısın-xısın yad evdə.

 

***

 

Qayıt daha, qayıt gəl,

Gəlib başıma ağlım.

Gəl üç alma düşməsin,

Belə bitməsin nağlım.

 

Gəl bu dərdli başımı

Qoyum dizlərin üstə.

ki bir günüm, keçsin

Ayım dizlərin üstə.

 

Sığal çək saçlarıma,

Oyna buruq telimlə.

Qucaqlaşsın əllərin

Arada bir əlimlə.

 

Yoxluğunda göz yaşım

Hücum çəkən yanağa

Dodaqlarından hərdən

Bir öpüş ver sadağa.

 

Qayıt, gülüm, qayıt, gəl,

Gəlib başıma ağlım.

Gəl üç alma düşməsin,

Belə bitməsin nağlım.

 

***

 

Ömrümün ayrılıq döngəsindəyəm,

Düşmüşəm, sənsizlik ölkəsindəyəm.

Dərd-qəmin, kədərin kölgəsindəyəm,

Xoşbəxtlik günəşi doğmadı, neynim?

 

Gözlər sıxar, amma yaş da dayanmaz,

Dilimdən tökülən kaş da dayanmaz.

Təzədən daş üstə daş da dayanmaz,

Sənsiz eşq sarayım daxmadı, neynim?

 

Əliylə qəlbimi əzən yoxluğun,

Badəmə həsrəti süzən yoxluğun,

İllərlə yanımda gəzən yoxluğun,

İndi varlığından doğmadı, neynim?

 

***

 

Kişilər ağlamaz deyən qadınlar

Kişilər gözündə yaşa döndülər.

Eşqin ilk həftəsi güllü ilk bahar,

İkinci həftədə qışa döndülər.

 

Qorxub səadətin o kölgəsindən,

Qayğı küçəsindən, kef döngəsindən,

Özü soyutduğu eşq ölkəsindən

İsti şəhrə gedən quşa döndülər.

 

Aldanıb boş olan dolu vədlərə,

Şöhrətin sərvətin qulu vədlərə,

Dəyişib getdiyi yolu vədlərə

Geriyə kədərlə qoşa döndülər.

 

Kişilər qadını qarğışlamazlar,

Gəlişin ayaqda alqışlamazlar.

Heç vaxt xəyanəti bağışlamazlar,

Çırpılan qapıya boşa döndülər.

 

 

 

Kəramət Məmmədov

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.24.