Samuray mənəvi ruhu yaşayır  

 

Samuray zümrəsi min il ərzində Yaponiya tarixinə daxil olmaqla, ölkədə baş verən bütün siyasi hadisələrdə fəal iştirak etmişdir. Əgər bu gün Sumo güləşi və ya sakuranın çiçəklənməsini heyranlıqla seyr etmək Yaponiyanın rəmzi hesab olunursa, samuraylar bu əlaməti daşımağa daha artıq layiqdirlər. Yaponların müqəddəs saydıqları Fudziyama dağını (hərfi mənada "Fudzi dağı" və ya yaponların əzizlədiyi qaydada adlandırdıqları kimi "Fudzi-san") təbiət yaratmışdısa, samurayı da xalq yaratmaqla, ona az qala əfsanə donu geyindirmişdir. Samuray əyalət kəndlərindəki döyüşçü kimi meydana gəlsə də, iri torpaq sahiblərindən ötəri və hərbi diktaturaya yiyələnən syoqunlar üçün möhkəm dayaq rolunu oynamış, ağalarına sədaqət, həm də özünü intihar etmək də daxil olmaqla əsl ağlasığmaz fədakarlıqlara imza atmışlar. Onların mənəvi dünyası uzun bir müddət ərzində aludə obyektinə çevrilmiş, igidlikləri xalqın mübarizə səhnəsini bəzəyən qüdrətli faktor rolunu oynamışdır.

 

Samurayların vicdanını döyüş fərqləndirirdi. Axı bəzən qüsurlardan ləyaqət də boylanmağa başlayır. Xristian rıtsarlarının üç başlanğıc dayağı var idi: din, müharibə və şöhrət. Yaponiyadakı Busidonun isə bir neçə mənşəyi var idi. Əslində, yaponları başqaları ilə müqayisə etmək də düzgün deyildir, mahiyyətcə yapon xüsusi millətdir.

 

 Samuray Göyün əla hədiyyələrinin daşıyıcısı idi. Özünün xalqın içərisində seçilməsinə baxmayaraq, öz əxlaqi standartını yaratmış və həm də ləyaqət nümunəsi olmağa xidmət etmişdi. Ona görə də samuray bütün xalq üçün ideala çevrilmişdi. Yaponun mahnıda oxuduğu kimi, sakura çiçəklər arasında çariçadırsa, samuray adamlar arasında ağa idi. İntellektual və mənəvi Yaponiya, birbaşa və dolayı yolla olsa da, samurayın müqəddəs kodeksi olan Busidonun bəhrəsi idi.

 

Lakin samuray kimi məşhur silkin də sonu gəlib çatdı, 1868-ci ildə başlanan Meydzi Bərpası yapon cəmiyyətinin canına hopmuş bu sinfi birdəfəlik ləğv etdi. Lakin bu, heç də ona məxsus olan yapon mənəvi dəyərlərinin itirilməsi deyildi.    

 

Qədim romalılar tarix səhnəsini  tərk etdikdən sonra da onların çoxtərəfli istedadı Qərb sivilizasiyasının davam edən saqasında yenə də mühüm rol oynadığı kimi, samuraylar da Yaponiya cəmiyyətini fiziki olaraq tərk etsələr də, onların qiymətini itirməyən igidlik saqası yoxa çıxmamışdır, doğma xalqının iftixar mənbəyi rolunu oynamaqda davam edir.

 

2020-ci ilin 10 noyabrında Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələri üzərində parlaq qələbə çalmaqla, milli tariximizi hərbi zəfərlə zənginləşdirmişdir. Azərbaycan əsgərinin döyüşlərdə nümayiş etdirdiyi yüksək mənəvi ruh, fədəkarlıq və igidlik onun şəxsində həm də müəyyən mənada samuray fenomenini yada salır.

 

Yaponiyada yeni, tam fərqli mühitin formalaşması ilə, feodaliizmin bütün qalıqları kimi, samuraylar da yoxa çıxdı, qeybə çəkildi, lakin samuray ruhu tarix qumlarının altında itmədi, oradan qalxdı, yüksəldi və qılıncı səmərəli və yüksək nəticə verən əqli və fiziki zəhmətlə əvəz edən yaponun mənəvi dünyasına hakim kəsildi.

 

Azərbaycan əsgəri də, özünü heybətli Qoilaf kimi göstərən Ermənistan ordusunun başını gənc, cəsur David kimi, özü də sapand daşı ilə deyil, dəmir yumruğu ilə əzdi. Bibliyadakı kimi Qoliafın başını onun öz qılıncı ilə  kəsməyə də ehtiyac olmadı, çünki baş da torpağa gömülən cəsədlə birlikdə çürüyür, yoxa çıxır.     

 

Samurayın qılıncı özünə təlqin etdiyi kimi daim şərə qarşı, yalnız xeyirə xidmət etmiş, şərəfsizlik və məğlubiyyət anı gələndə, yaxud ağasının verdiyi cəza kimi seppuku adlanan özünü intihar da üstündə gəzdirdiyi iki qılıncdan biri - kiçiyi ilə həyata keçirilirdi.

 

"Gün doğan ölkə"

 

Yaponiya kimi tanıdığımız ölkənin Nippon və ya Nixon adı "Gün doğan ölkə" mənasını verir. Yaponlar özlərini "nixodzin"  adlandırırlar, dillərinə isə "nixonqo" deyirlər.

 

Yaponiyanın müqəddəs adaları, rəvayətə görə, allah və ilahənin qiymətli daşlarla bəzədilmiş nizəsindən süzülən su damcısından meydana gəlmişdi. Dai Nipponun (Yaponiyanın) səma hökmdarı - tenno da allahlardan əmələ gəlmişdi.

 

 Burada neolit mədəniyyəti b.e.ə. VIII əsrdə mövcud olmuşdu. B.e.ə. I minillikdə yapon adalarına materikdən tayfalar miqrasiya etmişdi, onlar özləri ilə həm də suvarılan düyü becərilməsi texnikasını gətirmişdilər.

 

Yaponiyanın ilk sakinləri barədə Çin dövləti Veyin  salnamələrində (b.e. 207-ci ili) xəbər verilir. Burada bizim eranın I əsrində 100-ə qədər dövlət mövcud idi. Sonralar özünün allah mənşəyindən olduğunu iddia edən və tenno ilə qohumluğu olan ailələr birinci yerə çıxdılar, onlar Yamato dövlətini qurdular. Protoyaponlar arasında əcdadlara və nəsilə pərəstiş, dini praktikanı əvəz edirdi. Əcdadlara pərəstiş sonralar sintoizm dininə təkamül etdi. Sinto özü də "ruhların yolu"  olmaqla, fövqəltəbii bir dünyanı nəzərdə tuturdu.

 

VI əsrdə buraya Koreyadan Buddizm daxil oldu. Budda təlimi  Yaponiyada inzibati-bürokratik ierarxiyanın formalaşmasına köməklik göstərdi. VIII əsrdə isə buddizmin təsiri ölkənin siyasi həyatında da mühüm rol oynadı.

 

574-622-ci illərdə hökmdar olmuş Yamoto Syotoku-taysi Çin imperoturuna yazdığı məktubda  özünü "Günəşin doğulduğu ölkə Göyünün oğlu" adlandırmaqla, ona isə "Günəşin batdığı ölkənin Göyünün oğlu" kimi müraciət etmişdi. "Gün doğan ölkə" Asiya qitəsini tamamlayırdı.

 

710-cu ildə Çin nümunəsi ilə Nara imperiyasının paytaxtı tikildi və bu şəhər ədəbiyyat və incəsənət mərkəzinə çevrildi. Əsrin sonunda isə paytaxt Heyana (indiki Kiotoya) keçirildi. Ölkə artıq müstəqil inkişaf yoluna qədəm qoymuşdu. Fudzivara nəsli daha böyük qüdrətə yiyələnmişdi, hətta imperatorlar yalnız Fudzivara ailəsinin qızları ilə evlənməli idi. 1087-ci ildə tenno Fudzivaranın hakimiyyəti əleyhinə çıxmağa cəhd etdikdə, taxt-tacdan əl çəkməli oldu və həmin ailəyə düşmən olanları qızışdırmağa başladı. Bu vaxt qüdrətli nəsili təmsil edən hər bir ev xüsusi döyüşçü dəstələrinə - samuraylara malik idi. Samurayların əsas etik normalarından biri isə süzerenə qeyd-şərtsiz  sədaqət göstərməsi idi.

 

Yoritomo Minamoto 1185-ci ildə dəniz döyüşündə Tayra evini qəti surətdə məğlub edib, öz ailəsinə irsi syoqun (hərfi mənada ali hərbi rəis deməkdir) titulunu verdi. O, ölkənin əsl sahibinə çevrildi, baxmayaraq ki, imperator sarayı da mövcudluğunu saxlayırdı. Yeni dövlət quruluşunun əsasını hərbi idarəetmə və feodal münasibətləri təşkil edirdi. Buna görə kiçik torpaq sahibləri iri feodalların vassallarına çevrilirdi və həm də onlar hərbi xidmət etməyə borclu idilər.

 

Minamotonun tətbiq etdiyi dövlət quruluşu ondan altı əsr sonra Avropada meydana gələn Prussiyanın idarəedilməsinə çox bənzəyirdi. Yaponiyada da hərbi idarəetmə monarxın mülki hakimiyyətini əvəz etmişdi. Hərbin üstünlüyü isə heç nə ilə müqayisə oluna bilməzdi. 1800-cü il ərəfəsində bir Prussiya nazirinin öz ölkəsində baş verənlər barədə dediyi sözləri ilk syoqunat Yaponiyasına da bütünlüklə aid etmək olar: "Prussiya ordusu olan ölkə olmayıb, ölkəsi olan ordudur, bu ölkə isə ona qərargah və qida dükanı xidməti göstərir". Yaponiya  da Prussiyadan xeyli əvvəl, XII əsrdə bu yolla getməyi seçmişdi. Samuraylar isə dövlətin (onu təmsil edən syoqunatın) təkcə onurğa sütunu deyildi, ölkədəki çox şey məhz onların xidmətində idi.

 

Yaponiya adalar ölkəsidir, əhalisinin sıxlığı ilə də seçilir. Əsas adalar Honsyu, Kyusyu, Sikoko və Hokkaydodur. Əlavə 4 min kiçik adası da vardır.

 

İlk dövrlərdə buraya Çindən və Koreyadan metaldan  -  bürüncdən və dəmirdən hazırlanmış alətlər və silah, dulusçuluq məhsulları daxil olurdu. Ölkənin ilk daimi paytaxtı Nara idi, sonralar isə Heyan (indiki Kioto) oldu.

 

Nara şəhəri indiki turistlərə parkındakı xallı maralların qorxmadan onlara yaxınlaşıb, təklif etdikləri dadlı şeyləri yeməsi ilə tanışdır. VIII əsrdən XII əsr də daxil olmaqla beş yüz illik müddət Yaponiya tarixinin Heyan dövrü adlanır və bu dövrdə zərif, nəfis mədəniyyət çiçəklənməyə başladı.

 

Əhali arasında yapon kosmogen mifləri geniş yayılmışdı. Bir qədər əvvəl, VI əsrdə Yaponiyaya ayrı-ayrı dini-fəlsəfi məktəblər şəklində buddizm daxil oldu. Buna qədər olan dinə - sintoizmə də ibadət öz növbəsində davam edirdi. Sintoizm - təbiətin və əcdadların ilahiliyinə sitayiş idi. Yapon taoizmi də sintoizm kimidir. Bu günə qədər buddizm və sintoizm birgə yaşayırlar, təsir dairələrini öz aralarında bölmüşlər. Buddizm, dəfn və dəfndən sonrakı qaydaları özünə götürmüş, sintoizm isə bu dünyada yaşayan adamların dini-məişət tələbatlarına xidmət edir.

 

Əsas tarixi hadisələrə gəldikdə, 1185-ci ildə Tayra klanı qoşunlarını darmadağın edən nüfuzlu Minamoto evi ətrafında samuraylar birləşdilər. Onların başçısı Minamoto Yoritomo 1192-ci ildə özünü syoqun elan etdi. Syoqun öz əlinə bütün siyasi hakimiyyəti keçirdi, imperatorun isə dövlətin ruhi başçısı olmaq kimi siyasi statusu nominal qaydada saxlanıldı. Sonralar isə, XV əsrin sonunda Yaponiya anarxiyaya yaxın bir vəziyyətdə idi.

 

Yaponiya tarixi hər bir xalqın salnaməsində olduğu kimi, maraqlı hadisələrlə doludur. Həmin cəhətlər onun dünyabaxışını da, xeyirə və şərə əsasən ümumi münasibət istisna olunmaqla, başqalarından xeyli fərqləndirir. Yapon poeziyasına və bağ arxitekturasına azacıq diqqət versək, dünyanın heç yerində nəinki ona bənzərləri, hətta ona yaxın olanları da tapmaq mümkün deyildir. Şeir üslubundakı müəmmalı görünən standartlar və yapon bağlarının dünyada tarixən mövcud olmuş və indiyədək hökm sürən standartlara heç cür uyğun gəlməməsi təəccüb doğurmaya bilməz. Təkcə samuraylar deyil, poeziyadakı qeyri-adilik və bağların ağılasığmayan tərkib hissələri və onların xalqın spesifik ruhunu oxşaması da sakura kimi bu ölkə üçün endemikdir.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.19.