"Gözəlliklər kameranın gözüylə..."  

 

AZƏRBAYCANIN İLK KİNO OPERATORU, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ NƏRİMAN ŞIXƏLİYEV BU GÜNLƏRDƏ DÜNYASINI DƏYİŞDİ

 

...Gözlərini ekrandan çəkə bilmir. Kadrlar bir-birini əvəzlədikcə otaqda var-gəl edir.  Şuşanın işğaldan azad edilməsinə ürəkdən, candan sevinir, gözlərindən süzülən yaşları əlinin arxasıyla silib, yenidən nəzərlərini ekrana zilləyir. Uçulub dağılmış evlər, Vaqifin məqbərəsi, Xan qızı Natəvanın xaraba qoyulmuş mülkü... Hər qarışında tarix yaşayan yaralı Şuşa...

 

"- Lənətə gələsiniz sizi! Vəhşilər, vandallar! Necə qıydınız o gözəlliklərə?  Tarixin bu canlı abidələrini viran qoymağa əliniz necə gəldi?! O yerlərin hər daşında, hər qayasında bir möcüzə vardı. Allah cəzasını versin mərdimazarların...  Var olsun cənab Prezidentimiz! Görün gözəl deyir:

 

"Əziz Şuşa, sən azadsan!

 

Əziz Şuşa, biz qayıtmışıq!

 

Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

 

***

 

Kadrlar dəyişir. Ekranda 30 il əvvəlki Şuşadan görüntülər yayımlanır. Vaxtilə o yerləri qarış-qarış gəzmiş, əsrarəngiz gözəlliyi olan məkanları lentin yaddaşına köçürmüşdü.  "Şuşa", "Nəğməkar Bülbül" filmini Şuşanın dağlarının, Cıdır düzünün, İsa bulağının göz oxşayan mənzərəsini ürəyinin səsi, Bülbülün avazıyla ərsəyə gətirmişdi.  Yaxşı ki, o kadrlar var. Yaxşı ki, o yerləri görməyənlərə təbiəti necə sevməyi, onu necə qorumağı öyrədir həmin filmlər...

 

Neçə illərdi, bu arzuyla yaşayırdı Nəriman müəllim. Addım-addım gəzdiyi o yerləri bir daha görmək istəyirdi.  Çəkə bilmədiyi, xəyalında yaşatdığı ana təbiətimizin o dilbər guşələrini bir daha tamaşaçıya göstərmək keçirdi könlündən.

 

- Yaxşı ki, 30 illik həsrətə son qoyuldu. İndi bu işi gənclərimiz, yetirmələrim həyata keçirəcəklər.

 

Yetirmələri isə az, azacıq, onlarladır. Amma bu sənətin ilki olmaq onun taleyinə yazılıbmış.

 

***

 

- Oğlum, sən kinostudiyada işləyirsən?

 

- Operator assistenti.

 

- Burada, bizdə televiziyada necə, işləmək istəyərsənmi?

 

- Fikirləşərəm...

 

- Yaxşı, qərarını bizə bildirərsən...

 

Xalası qızı Kübranın təklifi ilə kinostudiyada yenicə işə başlayan Nəriman günlərin birində kinooperator Vladimir Koryaqinlə süjet çəkmək üçün o vaxt yenicə yaradılmış Bakı televiziyasına gəlmişdi. Çəkiliş vaxtı xalqımızın dəyərli ziyalısı, o dövrdə Televiziyada sədr müavini vəzifəsində çalışan gözəl insan Ənvər Əlibəyli gənc Nərimanın peşəsinə necə can yandırdığını görüb onu televiziyaya işə dəvət etdi. Çox keçmədi, Nəriman Şıxəliyevin əmək kitabçasına belə yazıldı:  Televiziya operatoru.  Yanvar, 1957-ci il.  o vaxtdan da Nəriman Şıxəliyevi tanıyanlar onun filmlər çəkə-çəkə elə öz həyatının da filmə bənzədiyinin fərqinə vardılar.

 

***

 

Həyatın ötüb keçən anlarını əbədiləşdirmək arzusu Nərimanda hələ orta məktəbdə oxuyanda yaranmışdı.  Atası Səttar həkimin ad günündə ona hədiyyə etdiyi "Komsomolets" fotoaparatı ilə uşaqları, tədbirləri çəkər, sonra şəkilləri məktəblilərə, rəhbərliyə təmənnasız verərdi. Elə o vaxtlar tanıyan, bilən Nərimanı "foto-müxbir" deyə çağırardı. onda heç kimin ağlına gəlməzdi ki, gün gələcək, Nəriman Şıxəliyev gələcəyin mahir fotomüxbiri, rejissoru olacaq, neçə-neçə sənədli, bədii filmə sənətkar möhürü vuracaq.   Məktəbdə onu idmançı kimi tanıyırdılar.  Amma taleyində Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatını, yaradıcılığını əbədiləşdirmək, əsrarəngiz yurd yerlərimizi lentlərin yaddaşına köçürmək varmış...

 

Bu gün biz unudulmaz sənətkarlarımızı - Seyid Şuşinskini, Qurban Pirimovu, Rəşid Behbudovu, Münəvvər Kələntərlini, Səid Rüstəmovu - daha kimləri onun sayəsində ekranlarda seyr edir, gələcək nəsillərin bu şəxsiyyətləri məhz bu nadir görüntülər hesabına tanıyacaqlarına sevinirik.  Axı, hər bir sənətkar xalqın milli sərvətidir. Bu sərvəti bizə ərməğan edənlərdən birinə - Əməkdar İncəsənət xadimi, "Tərəqqi" medallı mərhum Nəriman Şıxəliyevə minnətdarıq.

 

***

 

Azərbaycan Televiziyasının ilk kinooperatoru olan Nəriman Şıxəliyev 140-dan çox bədii sənədli film çəkib.  Onun rejissor operator kimi yaratdığı "Bu, Səttar Bəhlulzadədir", "Mikayıl Müşfiq", "Fəhlə yataqxanası" başqa filmləri televiziya kinofestivallarda diplomlara, mükafatlara layiq görüldü.

 

Adətən filmin nümayişi başa çatdıqdan sonra titrlərdə yaradıcı heyətin kimlərdən ibarət olması maraqlandırır tamaşaçını. Bu qəbildən Nəriman müəllimin ekran həyatı verdiyi filmlərin bəzilərində onun adının qarşısında rejissor-operator yazıldığının şahidi oluruq.  Bu isə onun işinə olduqca yaradıcı yanaşması deməkdir.

 

"Film çəkən yaradıcı işçilər zamanla ayaqlaşmalı, zamanın ruhunu tutmağı bacarmalıdırlar.  Kinooperatorun silahı onun kamerasıdır. O, bu kameranın gözlüyündən dünyaya müxtəlif rakurslardan baxmalı, lazım olan detalları, ən incə ştrixləri belə bir-birindən seçməlidir" - deyirdi Nəriman müəllim.

 

Nəriman Şıxəliyev 63 illik yaradıcılıq fəaliyyəti dövründə bu kriteriyalara sadiq qaldı bunları indi istər Azərbaycanın, istərsə dünyanın bir çox ölkələrinin teleməkanlarında çalışan yetirmələrinə aşıladı.

 

***

 

2010-cu ildə yaxın dostları Nazim Məmmədbəyov Nəriman Bağırov Nəriman Şıxıliyev haqda "Əbədiyaşar gözəllik fədaisi" adlı bir kitab çap etdiriblər.  Həmin kitabdan bir məqam diqqətimi cəlb etdi.  Onu oxuculara çatdırmağı özümə borc bildim.

 

Kitabdan sətirlər:

 

"- Bizə yaxşı bəllidir ki, sənin çəkmədiyin, lentin yaddaşına köçürmədiyin maddi varlıq qalmayıb. Nələri, kimləri lentə almamısan... Üst-üstə yığsan, iki ömürlük görmüsən, Nəriman!

 

Düzdür, dostlar! Amma çəkməyi arzuladığım bir neçə tarixi məkan, tarixi abidə qalıb. Kaş onları çəkə biləydim.  Neçə il əvvəl Gədəbəy dağlarında Koroğlunun mübarizə yolu haqda film çəkirdik. Yolun başlanğıcında Koroğlu qalası idi. Qaladan başlanan yol çox maraqlı yerlərdən, abidələrdən keçirdi. Onları lentə ala-ala xəyalım Kəlbəcəri, Laçını, Cəbrayılı dolaşırdı.  Kəlbəcərdəki Sümüklü dərəni çəkə bilsəydim...  O dərədə vəhşi ermənilər minlərlə soydaşımızı qətlə yetirib.  Orda tökülüb qalan insan sümüklərini dilə gətirmək lazımdır.  Azıx mağarası, Şuşa qalası, Cıdır düzü... Ən böyük arzum onların görüşünə getməkdir...

 

Bunları illərlə əvvəl arzulamışdım. Bu gün müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi o yerləri ekranda gördükcə qəlbim qürurla döyünürdü.   Yaşım sağlamlığım özümün o yerlərə getməyimə imkan verməsə , bilirəm ki, o məkanları lentə köçürənlərin arasında mənim şagirdlərim var.  Əllərinə sağlıq!"

 

Biz bu gün sizin cüzi bir hissəni qələmə aldığımız filmə bənzər taleyinizə işıq salmağa çalışdıq, unudulmaz Nəriman müəllimin ömür kitabını vərəqlədik.  Ruhuna dərin ehtiramla.

 

Aybəniz MƏMMƏDƏLİYEVA,

Azərbaycan Televiziyasının əməkdaşı,

Həsən bəy Zərdabi Mükafatı laureatı

 

525-ci qəzet.- 2022.- 5 fevral.- S.20.