FRAQMENTLƏR  

 

Esse

 

Onları kim tanımır ki...

 

Məhəmməd Füzulinin yubiley tədbirinə fəxri qonaq kimi dəvət olunmuşdu. Mən həmin tədbirdə çıxış edib dahi şairə həsr etdiyim

 

"Rüşvət deyil" deyib,

 

şair, almayanlar salamını,

 

Beş-on ilin döngəsində

 

ilim-ilim itdi-batdı" -

 

beytli şeirimi söyləmişdim. Mərasim bitdikdən sonra ağlıma da gəlməzdi ki, bu qonaq mənə yaxınlaşıb yaxşı çıxışıma görə təbrik edib əlimi sıxar. Amma bu, baş vermişdi...

 

Məktəbimizin təqdimatı ilə bağlı mötəbər bir məclisdə məruzə edirdim. Fəaliyyətimizdən danışmalı, nailiyyətlərimiz haqqında məlumat verməli idim. Elə bunu da edirdim. Çıxışımın əvvəlində məktəbimizin məzunu olmuş tanınmışların arasında, həm başda onun adını çəkdim. Diksindi elə bil, komissiyanın sədri özünü saxlaya bilməyib: "O, doğrudan da, bu məktəbi bitirib?" -soruşdu haqqında bir neçə cümlə xoş söz söyləyərək xeyli heyifsləndi. "Bizim ən yaxşı yoldaşlarımızdan idi" - dedi...

 

Televiziya verilişinə dəvət olunmuşam. Ölkənin tanınmış görkəmli alimlərinin söz deyəcəyi verilişə. Unutmuşam, unutmuşam ki, burda mən nəsə deməliyəm. Sadəcə dinləməyə gəlmişəm elə bil. Aparıcının müraciətindən sonra çaşqınlıqla başlayıram bildiklərimdən deməyə. Rayonumuzun adını çəkirəm. Həmin andan elə bil bu böyük alimlərin məni daha diqqətlə dinlədiklərini hiss edirəm. Sanki doğmalaşmışam onlara.

 

Çəkiliş bitir. Yenə onun adı. Həmin o həmyerlimizin. Oradakı görkəmli alimlərdən biri məni təqdir edərək: "Müəllimimin həmyerlisi belə olmalıdır" - deyərək, onun barəsində xatirələrini bölüşür.

 

Həmyerlim, ən yaxşı yoldaş, görkəmli alimin müəllimi Samət Əlizadə. Həmin tanınmışlarsa Misir Mərdanov Nizami Cəfərov. Titullarsız yazdım. Onu da, onları da kim tanımır ki?!

 

"O Adam"ı tapmaq

 

Düşünüb-daşınmışam. Az yox, lap xeyli. Bir problemin həllindən ötrü. Öncə düz hesab etdiyim fikirlərimdə yanlışlıq tapıb dəyişmişəm . Qəti əminlik yaranıb verəcəyim qərara. "Bundan yaxşısı da ola bilməz" düşüncəsilə çağırmışam onu yanıma. Tapşırıqlarımı verməyə. Sakitcə dinlədi məni. Səbirlə, bircə kəlmə danışmadan, heç sormadan.

 

İşimi bitmiş hesab edib tapşırığımı icra etməyi tapşırdım. Susub durub, üzümə baxırdı. Nəsə demək istədiyini duydum. "Axı deyəcək ki! - düşüncəmlə. - qədər tez başlasaq, bir o qədər yaxşı olar. Onsuz da çox gecikmişik". Baxışları ilə sanki "bəlkə məni dinləyəsən" - deyir.

 

- , bəlkə bir sözün var? - soruşuram. Cavabında:

 

- , var, - deyib başlayır. Elə ilk cümləsində mənim günlərlə fikirləşib verdiyim qərarın yanlışlarını anladır mənə. İndi mən susub onu dinləyirəm - heyrətlə. Çıxış yolu göstərir, daha asan, daha ağıllı çıxış yolu. "Bundan yaxşısı ola bilməz" - düşüncəmlə nəsə oyuncaq tapmış uşaq təki sevincək: "Onda bildiyin kimi et" - tez-tələsik səhvimi düzəldirəm: "Onda sən deyən kimi edək" - deyirəm.

 

Özümdən ötrü daha vacib olan qərarı verirəm: "Deyəsən, bütün çətin məqamlarımda məsləhətləşə biləcəyim adamı tapmışam axı..."

 

Riyakar

 

Tərifləyir, hey öyür məni. Sözləri, cümlələri bir-birinə calaya-calaya, dil boğaza qoymadan. Çöhrəsində süni təbəssüm: "Sənin kimilər tək-təkdir, tayın-bərabərin yoxdur, hamı etdiyin yaxşılıqlardan, xeyirxahlığın, lütfkarlığından danışır" - deyir. Olan, olmayan keyfiyyətlərimi sayır şişirdə-şişirdə. "Görkəmli, tanınmış" epitetlərini yapışdırır adımın yanına. Bu tərif mərasiminin bitməsini gözləyirəm. O isə uzadır, uzadır. Alnımı puçur-puçur xəcalət təri basır. Utanıram... Utanıram onun əvəzinə. Bu saxtalığına görə. Bilirəm, dəqiq-dürüst bilirəm, arxada isə bu dediklərinin əksini dönə-dönə söylədiyini məndən ayrıldıqdan bir neçə dəqiqə sonra tamam başqa sözlər danışdığını. Ağır-ağır nəfəs aldığımı görüb, təəccüblə baxır üzümə. Anlayır, elə bil oxuyur ürəyimdən keçənləri.

 

Düşüncəmdəsə bircə, tək bircə söz təkrarlanır: "Riyakar, riyakar, riyakar..."

 

"Sən bizə qonaq gəlmə"

 

Təsadüfi olmuşdu ünsiyyətimiz. "Tam demokratik" kimi qələmə verilən bir dövlətin vətəndaşı idi. Ehtiyatla davranır, adi məişət söhbətlərindən kənara çıxmırdıq. Dil çətinliyimiz vardı. Birtəhər anlaşırdıq. Ancaq zaman keçdikcə isinişdik. Nəsə fərqli səmimiyyət görürdüm onda. Təbii ki, söhbətlərimizin mövzusu da dəyişirdi yavaş-yavaş. Məni maraqlandıran suallara cavab almaq istəyirdim ondan. O da eləcə. Mənim işim ona nisbətən asan idi. O, bizim ölkəmizdə idi. Hər şeyi öz gözləri ilə görürdü. Mənsə ondan nələrisə eşitməli idim. Maraqlı idi onların həyat tərzi, düşüncələri, böyük ölkənin vətəndaşı kimi imkanları, maraqları sair. Dünyaya keçdikləri "demokratiya dərsləri" haqqında sualıma "Bizim ölkədə demokratiya yoxdur" deyə cavab verməsi heyrətləndirdi məni. "Bəs onda..." Fikrimi bitirməyə imkan verməyib məyus şəkildə başını buladı. Böyük kədər gördüm baxışlarında. Daha da inandım onun səmimiyyətinə. Hamı ilə qaynayıb-qarışmışdı qısa bir müddətdə. Deyib-gülür, söhbətləşirdi. Şənlənir, az qala hər kəsi bağrına basmaq istəyirdi. Əlinə düşən imkandan doyunca bəhrələnmək istəyirdi sanki.

 

Nəhayət, yetişdi ayrılacağımız gün. Gözləri dolmuşdu. "Sizləri çox, lap çox sevdim. Gözəl insanlarsınız. Burda hamı məni öz doğması bilirdi - dedi. - Həyatımın ən xoş günlərini yaşadım Azərbaycanda" - əlavə etdi. "Mən sizin ölkəni görmək istərdim" deməyimlə çöhrəsinə kölgə çökdü elə bil. Dəyişdi səsinin tonu. Məni bağrına sıxaraq yavaşca qulağıma pıçıldadı: "Sən bizə qonaq gəlmə, - dedi, çox təəccübləndirdi məni. - Biz sizin kimi deyilik. Mənim ölkəmdə olsan, onda bizə nifrət edərsən, yaxşısı budur, sən bizə qonaq gəlmə". Sanki yalvarırdı mənə: "Sən bizə qonaq gəlmə". İndi yazığım gəlirdi ona - böyük "demokratik" ölkənin "azad" vətəndaşına...

 

Allahım, qoru bizi belə aqibətdən, qoru bizi Allahım!

 

Cılızlığın avtoportreti

 

"Kəndçidir, geridəqalmışdır" - düşünür barəmdə, bilirəm. İmkan yaradıram bu "şəhərli"yə özünü lazımınca "təqdim etməsi" üçün. Susub dinləyirəm. Şablon cümlələrlə göstərmək istəyir öz "üstünlüyünü". Sayır bir-bir cılız "nailiyyətlərini". Tanınmışlarla əlaqələrindən bəhs edir. Bəzən bir fikri digərini təkzib etsə də, usanmır onları ipə-sapa düzməkdən. "Filankəslə filan yerdə çay içmişik", "filankəsin iştirak etdiyi məclisdə olmuşam, hətta onunla şəklim də var", "bir dəfə filan məşhur öz çıxışında mənim adımı çəkib", "filankəs rəhmətlik atamla söhbət edib" və sair. Başımı tərpətməklə guya təqdir edirəm onun uğurlarını. Gedir yavaş-yavaş daha böyük ucuzluğa. Qazanclarını sayır, imkanlarından şişirdə-şişirdə bəhs edir. Hər cümlədə özünün ürəkbulandıran portretini çəkir elə bil. Gözləyirəm ürəyimdə gülə-gülə, gözləyirəm "yaratdığı avtoportret"in bitməsini. O isə durmadan vurur onun yeni ştrixlərini. Heç bir mahir rəssamın görə bilməyəcəyi bir işi görür. Daha dinləmirəm onu. Hazırdır portreti, görürəm hər şeyi. Bütün varlığıyla əks olunub kasad ağlı, cılız düşüncəsi. Yəni böyüklüyü yox, "yekəliyi", yaramaz xisləti. Onun adına nə ola bilərsə, hamısı əks olunub bu "avtoportret"də: elə məni "kəndçi, geridəqalmış" hesab etməsi də... "Malades!"

 

Görmədi özünü

 

İnamdan, etibardan bəhs edən bir verilişi izləyirdik. Tanınmış bir alim də qonağıdır bu verilişin. Qısa müqəddimə verdikdən sonra bir süjetə baxmağı təklif edirlər. Elə bil biz ikimizik bu verilişin qəhrəmanları. Təkcə adlar fərqlidir. Ürəyimdən keçənləri söyləyirlər sanki, yanımdakının üzünə. Müşahidə edirəm onu. Axı eynən onun "üslub"undan - davranışlarından, danışıq tərzindən, bir sözlə, yaramazlığından bəhs edirlər. Diqqət kəsilib. Əlindəki stəkandan qurtum-qurtum çay içməklə daha yaxına keçib oturur. Sevinirəm. Ürəyimdən keçənləri, abrıma, həyama qısılıb deyə bilmədiklərimi sayırlar onun üzünə. Göstərdilər, ekrandan tanıdırlar özünü ona. Belə hərəkətlərin adının yalnız yaramazlıq olduğunu deyərək qınayırlar. Çəkdikləri nümunələrin hamısı cəmlənib yanımdakının varlığında. Yalan da var, etibarsızlıq da, vecsizliyininsə həddi-hüdudu yox. Dinləyir, az qala nəfəs almadan dinləyir. Mənsə sevinirəm. "Nə yaxşı oldu! Yəqin bunu görüb nəticə çıxarar özü üçün". Rahatlıq gətirir mənə bu düşüncə. Təşəkkür edirəm ürəyimdə, bu verilişi ərsəyə gətirənlərə. "Çox sağ olun, deyə bilmədiklərimi ünvanına çatdırırsınız" düşüncəsi ilə sevinirəm, minnətdar oluram.  Amma qəfil diksinirəm onun naqolay hərəkətindən. Ekranda özünü müdafiə edən tipinə hiddətlənir, əlini dizinə vuraraq, mənə müraciətlə ucadan deyir: "Tfu! Görürsən əclafı?!"

 

Donub qalıram yerimdə. Əlim üzümə yapışır. "Görməyib özünü, görməyib, tanımayıb". Bu fikirlə sustalıram. "Düzəlməz, yox, düzəlməz". Heyfim gəlir bayaqdan alqışladığım yaradıcı heyətin zəhmətinə. Qandıra bilmədilər bu özünü görə bilməyəni. Amma onlar nə etsinlər?! Axı beləsində özünə hesabat vermək qabiliyyəti yoxdur. Yoxdur öz nöqsanını görüb nəticə çıxarmaq qanacağı. Demək "nəsə" çatmır. Bax bu çatmayanısa ona heç kim kənardan gətirib verə bilməz. Yoxdur o "nəsə", olmayacaq da...

 

 

Nəcməddin MÜRVƏTOV

 

525-ci qəzet.- 2022.- 9 fevral.- S.20.