“Tağıyev Zərdabiyə görə Nərimanova əsəbiləşib, tələbələrin pulunu kəsəcəyini deyir”  

 

525.az Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun APA-ya müsahibəsini təqdim edir:

 

Bir dəfə Hacı Zeynalabdin Tağıyevlə bağlı qalmaqallı mətləblərə toxunan yazı yazmışdım. Təbii ki, həmin mətləblərə toxunmağın cəzası kimi yaxşıca tənqid də olunmuşdum. Ancaq həmin vaxt hələ tanımadığım Fərhad müəllimdən gələn mesaj mənim üçün böyük stimul olmuşdu. O məni tənqid etmir, əksinə cəsarətimə görə təqdir edirdi. Fərhad müəllimi də, elə onun Tağıyev sevgisini də özüm üçün ilk dəfə onda kəşf etmişdim. O gündən sonra isə Tağıyevlə bağlı məni maraqlandıran suallarla müraciət etdiyim ilk mənbə məhz Fərhad müəllim olub. İndi də Tağıyev də daxil olmaqla bir çox Bakı milyonçusu haqqında suallarımı “götürüb” yollandım Fərhad müəllimin çalışdığı Milli Azərbaycan Tarix Muzeyinə.

 

Muzeyə girər-girməz Fərhad müəllimə belə bir sual verdim:

 

- Görəsən, Tağıyevin ruhu narahat deyil?

 

- Niyə narahat olsun ki?

 

- Mülkü Tarix Muzeyinə çevrildiyinə görə...

 

- Əksinə, onun ruhu indi şaddır. Çünki Tağıyevin adı burada yaşayır, yaşadılır. Bir də ki, bu bina ondan hələ 1920-ci ildən alınmışdı. Artıq may ayında ailə buradan köçürülmüş, iyunda muzey təsis edilmişdi. Hazırda isə binada ona aid doqquz otaq var ki, həmin otaqlar Tağıyevin xatirə muzeyi kimi fəaliyyət göstərir. Burada onun adına tədbirlər təşkil olunur, kitablar nəşr edilir. Muzeyə gələnlərin əksəriyyəti buranı Tağıyevin evi kimi tanıyırlar. Bir sözlə, onun evi etibarlı əllərdədir.

 

 

 

Fərhad müəllimin otağında demək ola hər tərəfdə Tağıyevin şəkillərini görmək mümkündür. Elə bu nüansdan çıxış edərək növbəti sualımı verirəm.

 

- Siz Tağıyevi bütləşdirmisiniz ki...

 

- Əsla! Mən ümumiyyətlə, hansısa tarixi şəxsiyyəti bütləşdirməyin əleyhinəyəm. Ancaq tarixi faktlara söykənərək olan şeyləri mütləq qeyd etmək lazımdır. Onun haqqında onsuz da hansısa fantaziyalara söykənib, nələrsə söyləməyə ehtiyac yoxdur, çünki deyilə biləcək kifayət qədər təqdirəlayiq məqam var.

 

 

 

Bakıda Aleksandr Nevski başkilsəsinin tikintisinə ən çox Bakı milyonçuları kömək edib

 

- Bu məqamlardan danışacağıq. Ancaq söhbətimizə Bakı milyonçuları ilə bağlı məni ən çox maraqlandıran bir sualla başlamaq istəyirəm. Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4 min manat maaş aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20 min manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət edibmişlər. Süleymanov Bakı milyonçularının bu avam “səxavəti”nin dəfələrlə qəzet felyetonlarında lağa qoyulduğunu yazırdı. Siz bu məsələni necə şərh edərdiniz?

 

 

 

- Bu məsələni şərh edərkən bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, o vaxt Bakıya rəhbərlər kənardan dəvət edilirdi. Onlar da çox vaxt gəlmək istəmirdi.

 

- Niyə?

 

- İlk növbədə şəhərin iqliminə görə. Digər tərəfdən, şəhərin həmin dövrdə problemləri çox idi. Bakı Şəhər Duması vəziyyətdən çıxış yolu kimi məvacibi qaldırmışdı ki, heç olmasa bunun hesabına kimisə gətirmək olsun. Axı o vaxt şəhər başçıları azərbaycanlı ola bilməzdi. İstisna kimi bir neçə azərbaycanlını çıxmaqla, əksər şəhər başçıları digər millətlərdən olub. O dövrdə şəhərin başçısı Duma tərəfindən seçilirdi. Dumada da əksəriyyət neft milyonçuları idi. Elə olub ki, Rusiyanın şəhərlərindən bura başçılar gəlib. Yəni bu səxavətdən yox, onları cəlb etmək üçün atılan addım idi.

 

- Yəni səbəb təkcə bu idi?

 

- Bir də o vaxt yad bir dövlətin tərkibində idik və bizə qarşı böyük etimadsızlıq vardı. Bəlkə də milyonçular bu yolla sədaqətlərini göstərmək istəyiblər. Başqa bir nümunə deyim. Bakıda Aleksandr Nevski başkilsəsinin tikintisinə ianə yığılan zaman ən çox kömək edənlər məhz Bakı milyonçuları olub. Çünki müsəlman şəhərində ən böyük pravoslav kilsəsi kimi Aleksandr Nevski başkilsəsi çox möhtəşəm olmalı idi.

 

- Deyilənə görə, tikinti zamanı təkcə milyonçular yox, şəhər sakinləri də kilsə zənginin hazırlanması üçün öz qızıllarını veribmiş.

 

- Bu məqam birbaşa yuxarıda qeyd etdiyim etimad məsələsi ilə bağlıdır.

 

Tağıyev Səttarxan hərəkatına kömək edib, hərəkat vaxtı ora ərzaq göndərib

 

- Rusiya ilə münasibətlərdən söz düşmüşkən, Sizcə Bakı milyonçularında Qərbə meyl daha güclü idi, yoxsa Şərqə?

 

 

 

- Mən onların heç birinə qərbpərəst deyə bilmərəm. Biz dövrün mesenatlarının fəaliyyətinə baxanda həm məscidə, həm də teatra dəstək olduqlarını görürük. Onların tikdirdiyi binalarda həm Şərq, həm də Qərb elementlərini görə bilərik. Yəni burada konkret fikir söyləmək mümkün deyil.

 

- Bakı milyonçularının Səttarxan hərəkatına kömək etdiyi barədə də iddialar var. Bununla bağlı konkret faktlar var?

 

- Bəli, belə faktlar var. Tağıyev Səttarxan hərəkatına kömək edib, hərəkat vaxtı ora ərzaq göndərib. Hətta bəzi polis məlumatlarında silah göndərdiyi də deyilir. Düzdür, bu tam təsdiqini tapmayıb. Ümumiyyətlə, o vaxt Cənubda gedən proseslərə burada böyük rəğbət vardı. Ona görə də bizim milyonçularımız onlara kömək edirdi. Yardımla bağlı sənədlərdə Musa Nağıyevin də adı keçir.

 

- Milyonçuların dinə münasibəti necə olub?

 

- Onların əksəriyyəti dindar idi. Mən deməzdim ki, fanatik dindar olublar. Ancaq məsələn, Dadaşov hacı idi, İsrafil Hacıyev kərbəlayı idi. Şəmsi Əsədullayevlə, Murtuza Muxtarov barədə dəqiq nəsə deyə bilmərəm, amma Tağıyev dəqiq dindar idi. Baxın, görün hacının ətrafında nə qədər dindar toplanmışdı, özü də geridə qalmış mollalar yox, qabaqcıl din xadimləri. Quranın tərcümə olunmasında Tağıyevin maliyyə dəstəyi verməsini də unutmamalıyıq. Kərim Mircəfərzadə tərəfindən edilən tərcüməni Tağıyev maliyyələşdirib.

 

Məscidlərin tikintisində isə bir çox milyonçular iştirak edib. Əlbəttə, burada cəmiyyətin həmin dövrdə dinə münasibətinin mühüm rolu var. Din hökmran idi. Başqa cür mümkün də deyildi. Məsələn, Rusiyada da milyonçular kilsələrə kömək edirdi. Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, milyonçular təkcə məscidlərə yox, həm də kilsə və sinaqoqlara kömək edirdilər.

 

- Məncə bu multikulturalizm təkcə ibadət evlərinin təmiri ilə məhdudlaşmır, milyonçuların içərisində digər millətlərdən olan xanımlarla evlənənlər də vardı.

 

- Elədir, Muxtarovun xanımı və Şəmsi Əsədullayevin ikinci həyat yoldaşı başqa millətdən idi. Ancaq bizim əksər milyonçularımız öz xalqımızın nümayəndələri ilə evlənib. Əgər bu suala məndən dürüst cavab istəyirsinizsə, deyim. Nərimanov yazırdı ki, Avropada qonaq gələndə evin xanımları uşaqlara deyirlər ki, keç o biri otaqda oyna. Bizdə isə qadınlar qonaq gələndə uşağı gətirib oturdurlar qucaqlarında, uşağın yanında qeybət qırırlar. Analardan söhbət gedir… Nərimanov söhbəti qadınların təhsilinə gətirib çıxarırdı, yəni Tağıyevin qız məktəbinə.

 

Qız məktəbi yaratmaq Tağıyevin nəyinə lazım idi? Onun qızları yaxşı yerdə oxumuşdu, istəsə ondan da yaxşı yerlərdə oxuda bilərdi. O, heç qız məktəbini açdırmaya da bilərdi. Ona görə açdırdı ki, bu millətin gələcəyini düşünürdü. Qızlar təhsil alsın, bu kimi hallar çoxalmasın. Bu arada onun hər iki xanımı müsəlman olub.

 

- Murtuza Muxtarovun özünü öldürməsi. Bu barədə nə deyə bilərsiniz? (Deyilənə görə, 1920-ci ildə XI Qırmızı Ordunun silahlıları Murtuza Muxtarovun yaşadığı evin, indiki Səadət sarayı, qapısını sındırıb zala daxil olurlar, ondan təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir və tüfəngi götürüb birinci gülləni Anasov adlı bolşevikə atıb onu öldürür, ikinci gülləni isə özünə vurur).

 

 

 

- Bu, versiyadır. O vaxt belə bir söhbət gəzirdi, böyük ehtimalla da həqiqətdir. Bəlkə də Musa Nağıyevlə Şəmsi Əsədullayevin vəfat etməsi onları belə şeylərdən xilas etdi. Əgər 1920-ci ilə qədər sağ qalsaydılar, onları da belə bir aqibət gözləyəcəkdi.

 

- Yeganə kimə toxunmadılar məlumdur.

 

- Hacıya toxunmadılar. Qalan milyonçular ya qaçdılar, ya həbs olundular, ya da Muxtarov kimi…

 

- Onda belə çıxır ki, “Hacı o çətin dönəmdə qaçmadı” deyənlər, “Hacıya toxunmadıqları üçün qaçmadı” sözünü də fikirlərinə əlavə etsinlər.

 

- Yanılırsınız. Hacı istəsə 1920-ci ildə də, 1921-də də, hətta sonralar da Bakıdan qaça bilərdi. Çünki onu nə gözlədiyini bilmirdi. Hər halda Tağıyevi evindən çıxarmışdılarsa, ona münasibət pis olub və daha da pis addımla da nəticələnə bilərdi.

 

Tağıyev əsəbiləşib deyir ki, tələbələrin hamısı nankordur

 

- Əgər Nərimanov gəlməsəydi...

 

- Bəli, əgər Nərimanov Hacını himayə etməsəydi... Bu artıq aksiomdur ki, Nərimanova görə ona dəymədilər. Yeganə milyonçu Tağıyevdir ki, onun bağ evini saxladılar. Heç olmasa yaşamağa yer verdilər. Digər milyonçuların isə bütün mülkləri müsadirə olunmuşdu.

 

 

- Məşhur Nərimanov-Tağıyev qalmaqalında sizcə günahkar kim idi?

 

- Obyektiv deyək, hər ikisinin günahı var idi. Tağıyev böyük kimi gərək o sözü deməyəydi. Nərimanov da gərək kiçikliyini gözləyib o cür danışmazdı.

 

Hadisəni detallı danışmasını xahiş edirəm.

 

- Deməli, 1906-cı ildə müəllimlərin qurultayı keçirilir, iclasın sədri Zərdabi idi. Həmin iclasda çox problemlər müzakirə olunur, axırda qərara alınır ki, ana dilində təhsil, həmçinin digər məsələlərlə bağlı hökumətə müraciət olunsun. Nərimanov da cavan oğlandır, inqilabçıdır, durub iclasda deyir ki, bəsdirin xahiş etdik. Gəlin qərara yazaq ki, biz hökumətdən tələb edirik. Zərdabi də deyib ki, biz ora yazsaq ki, tələb edirik, onlar hər şeyin üstündən xətt çəkəcəklər, hökumətlə hökumətlik etmək olmaz. Gəlin yazaq ki, xahiş edirik, onlar da heç deyilsə, beşindən ikisini etsinlər.

 

Mübahisə əsnasında kimsə Zərdabi haqqında deyir ki, yaşlıdır, fikir verməyin. Bu sözü Nərimanovun, yoxsa bir başqasının deməsi dəqiq deyil. Bir sözlə, bu “yaşlı” sözü Zərdabiyə toxunur. O da inciyib qurultayı tərk edir. Bu xəbər Hacıya çatır. Hacı da zala girib deyir ki, ay camaat, bu Nəriman kimdir ki, siz onun dalınca gedirsiniz? Bu adam mənim pulumla oxuyub, onun cibində bir qəpik pulu da olmayıb. Bu sözü deyəndə Nərimanov durur ayağa, deyir mən bilmirdim Hacı tələbələrə pulu ona görə verir ki, həmin tələbələrin sonra öz mövqeyi olmasın. Mən də burda hamının yanında elan edirəm ki, o pulu son qəpiyinə qədər özünə qaytaracağam. Tağıyev də əsəbiləşib deyir ki, tələbələrin hamısı belə nankordur. Bundan sonra bütün tələbələrin pulunu kəsəcəyəm. Sonra Hacıya yaxınlaşıb deyirlər ki, Nəriman cavandır, o birilərin günahı yoxdur, onların pulunu niyə kəsirsən? O da yumşalıb sözünü geri götürür. Bu münaqişə haqqında çox yazılıb, Sovet vaxtı bu məsələni çox şişirtmişdilər.

 

Çox maraqlıdır ki, Nərimanov sonra o pulu Tağıyevə qaytardı. Nərimanovun Tağıyevə məktubu var. Orda yazılır ki, mən hər dəfə kontorunuza gəlib pulu qaytarmaq istədiyimi deyəndə sizin müdir mənə deyir Hacı dedi sonra qaytarar. Görünür, Hacı da üstünü vurmağı çox istəmirmiş ki, indi sözdür də, əsəbiləşib demişəm. Amma Nərimanov axıra qədər iradə göstərir və o pulu Tağıyevə son qəpiyinə qədər qaytarır. Təsəvvür edin, 1906-cı ildə aralarında o boyda qalmaqalın yaşanmasına baxmayaraq, Nərimanov 1908-ci ildə təhsilini tamamlayıb Bakıya qayıdandan sonra Tağıyevin qız məktəbində bir müddət həkim işləyir. Nərimanovun “Bahadır və Sona”sı Tağıyev teatrında oynanılır. Sovet hökuməti qurulan vaxt Nərimanov Mərdəkanda olarkən Hacını soruşur, Hacının yaxşı olmadığını öyrənəndə deyir: “Mən gedib ona dəyməliyəm, baxmayaraq ki, bizim aramızda belə bir hadisə olmuşdu. O, çox böyük insandır, gedib onu mütləq görməliyəm”. Baxın, küsülü də olublar, aralarında böyük problemlər də olub, ancaq onlar bunu ümumxalq işinə qarışdırmayıblar.

 

Fərhad müəllimlə Tağıyevin heykəli barədə də danışdıq.

 

Heykəlin qoyulmağı özlüyündə əlbəttə, yaxşı haldır, ən azından insanlar ziyarət edir, xatırlayır. Ancaq mən heykəli başqa yerdə və başqa cür görmək istəyərdim. İstiqlal abidəsi var ha, bax, onun yerində.

 

Mart qırğınları zamanı müqavimətin göstərilməsində qoçuların mühüm rolu olub

 

- Qoçular və milyonçular məsələsi də olduqca maraqlı, eyni zamanda, az danışılan mövzudur.

 

- Bir neçə milyonçu qoçu saxlayırdı, amma Tağıyevin qoçusu yox idi. Onun ümumiyyətlə qoçulardan xoşu gəlmirdi. Hacı haqqında xatirələrin hamısında yanında qoçu saxlamadığı vurğulanıb.

 

 

- Bəs onu kim qoruyurdu?

 

- Kimdən qoruyasıydılar, neyləyəcəkdilər ona?

 

-Musa Nağıyev kimi onu da oğurlaya bilərdilər.

 

- Hə, qoçular Musa Nağıyevi oğurlamışdılar. Bu baxımdan Nağıyev istisnadır. Ancaq mən sizə bir şey deyim ki, ümumiyyətlə tanınmış milyonçuların qoçuları olmayıb. Həm də qoçu saxlamaq təhlükə məsələsindən çox özünü göstərmək məqsədi daşıyırdı. Məsələn, bu gün bizdə müğənnilər toya mühafizəçi ilə gəlir, halbuki baxırsan heç elə tanınmış müğənni də deyil, di gəl, neçə mühafizəçi ilə gəzir. Elə bil ki, bu müğənniyə nə edəcəklər (gülür).

 

Ancaq biz qoçulara birmənalı yanaşmamalıyıq. Yəni qoçu obrazı bizim üçün təkcə “O olmasın, bu olsun”dakı Qoçu Əsgərdən ibarət olmamalıdır.

 

- Bəlkə bu yanaşmanı dəyişmək üçün elə mart qırğınları zamanı qoçuların göstərdikləri şücaətləri danışmaqla başlayaq.

 

- Bəli, o qırğınlarda müqavimətin göstərilməsində qoçuların mühüm rolu olub. Çünki onların silahı vardı, qorxmaz, cəsur idilər. Yeri gəlmişkən, qoçular haqqında biz çox az şey bilirik. Həm 1905-ci il, həm də 1918-ci il qırğınlarında onların mühüm rolu olub. Ancaq bizim bu barədə çox az məlumatımız var, çünki mənbə yoxdur. Biz ümumiyyətlə, belə xalqıq. Tarixi yaratmağı sevirik, yazmağı yox.

 

- Fərhad müəllim, gələk Tağıyev və Ərəblinski məsələsinə. Tağıyev haqqında danışırıqsa, bu mövzuya toxunmağa məcburuq. Tağıyev, Ərəblinski və Sona xanım…

 

- Birinci onu deyirlər ki, guya Hüseyn Dərbənddə qastrolda olarkən Sona Ərəblinskini görüb, ona aşiq olub və Ərəblinski ləqəbini götürüb. Halbuki Hüseyn Ərəblinski o təxəllüsü özünə götürəndə Sona xanım artıq Dərbənddə yaşamırdı, Bakıda Tağıyevin arvadı idi. İkincisi, Ərəblinskinin öldürülməsi ilə bağlı istintaq aparılıb və sübut olunub ki, onu məişət zəminində öz qohumu öldürüb. Ən əsası, Ərəblinski öldürüləndə Tağıyev heç o hayda da deyildi ki, durub o haqda fikirləşəydi. Bu hadisə Cümhuriyyət dövründə olub. O qətldən qısa zaman öncə Tağıyevin oğlu Lənkəranda “rus ruletkası” oynayaraq özünü öldürdü. Onun nəşi “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilərkən bolşeviklər gəmidə olan zabitləri tərk-silah edir, bu da münaqişəyə səbəb olur. Xalq deyir ki, necə olur şəhərdə ermənilər, ruslar silahla gəzir, ancaq müsəlmanlar tərk-silah olur? Bu münaqişə birbaşa Mart soyqırımına gətirib çıxardı. Təsəvvür edin ki, ailədə bu cür faciə baş verib. Yazırlar ki, Sona xanım oğlunun vəfat xəbərini eşidəndə havalanmışdı. Siz o hadisədən sonra Hacının şəkillərinə baxın, hamısında saç-saqqalı ağdır. Oğlu öləndən sonra Hacı nə saçına, nə də saqqalına həna qoyurdu. Təsəvvür edin ki, o cür faciə baş verib, soyqırımı bir tərəfdən, arvadının xəstəliyi digər tərəfdən və həmin vaxt Hacının yadına düşüb ki, vaxtilə Hüseyn Ərəblinski ilə Sona xanım arasında nəsə olub və bir qoçu tapıb Ərəblinskini öldürtdürür.

 

Digər tərəfdən, əgər onların münasibəti pis idisə, əgər Tağıyevin ondan xoşu gəlmirdisə, Ərəblinski onun teatrında necə aktyor kimi çıxış edir, rejissorluq edirdi? Deyilənlər başdan-ayağa cəfəngiyat, şayiədir. Sona xanımın Tağıyevlə evlənəndə 16 yaşında olması məsələsinə gəldikdə isə, biz bunu qəbul etməyə bilərik, bizə qəribə gələ bilər, 50 və 16 yaş arasında fərq çox görünə bilər. Lakin gəlin baxaq görək, bizim dində bu qadağa var? Yox! Hacı da dindar adam idi. Deyirlər ki, Sona xanım Tağıyevin puluna görə ərə gedib. Məgər Sona xanım Ərəblinskaya kasıb ailədən idi? Çar ordusunun generalının qızı idi. Hələ bilmək olmaz ki, bu izdivacda kim daha çox şöhrət qazandı, kəndli balası Tağıyev, yoxsa general qızı Ərəblinskaya? Nəhayət üçüncüsü, Sona xanımın məktubu var. Həmin məktubda deyilir ki, mən özüm könüllü şəkildə Tağıyevə ərə getmişəm. Həmçinin orada Tağıyevin niyə Sonanı seçməsi göstərilir.

 

- Niyə?

 

- Bildiyiniz kimi, Tağıyev oğlu ilə bacanaq idi. O deyir gəlinimiz Nurcahanın evi, təsərrüfatı idarə etməsini görürəm və bilirəm ki, Sona da bu cür qadın olacaq.

 

Mən Tağıyevin ədalətsiz olduğu məqamları da dilə gətirirəm

 

- Deyirlər, Hacı bu binanı da Sona xanımın şərəfinə tikdirib. Bəlkə söhbətimizi elə binanı gəzə-gəzə davam etdirək?

 

Və belə də edirik.

 

 

 

Bina iki hissəyə bölünüb. Bir hissə yaşayış yeri üçün, digəri iş məqsədilə gələnlər üçün istifadə olunub. Deyilənə görə, bina tikilən zaman 101 otaqdan ibarət olub. Sonradan müəyyən dəyişikliklər edilib. Otaqlar bir-birindən gözəldir. Onu da deyim ki, otaqlar ailə albomundan götürülən şəkillərə əsasən Tağıyevin dövründəki kimi bərpa edilib. Söhbətimizə də Tağıyevin kabinetində davam edirik.

 

- Burda katibləri onun üçün qəzet oxuyurlarmış. Müasirlərinin sözlərinə görə, Tağıyev söhbətlərində tez-tez “filan qəzetdə oxumuşam” ifadəsini işlədirmiş. Baxın, “mənə oxuyublar” demir, “mən oxumuşam” deyir. Görün, nə qədər güclü yaddaşı olub və ona oxunana necə diqqətlə qulaq asıb. Özü oxuya bilməsə də, rus hökumətinin bütün qanunlar toplusu, lüğətlər toplusu onda varmış.

 

Kabinetdə olduğumuz vaxt Fərhad müəllim bir neçə dəfə xatırladır ki, yerə sərilmiş xalçadan kənara ayaq qoymayaq, çünki döşəmə orijinaldır. Ümumiyyətlə, o, burda elə gəzir, hər əşyaya elə ehtiyatla yanaşır, sanki öz evini qoruyur.

 

Sonra o məşhur zala daxil oluruq... Burada çox mühüm hadisələr yaşanıb. Məsələn, Tağıyev Nuru Paşanı burada qarşılayıb. Erməni-müsəlman davası olanda, 1905-ci ildə barışıq iclası burada keçirilib. Nəsib bəy Yusifbəyli xarici qonaqları burada qarşılayıb. Ancaq mənim üçün bu zalı özəlləşdirən məhz “Əli və Nino”da olan o məşhur bal səhnəsinin burada baş verməsidir.

 

Zalda gəzişərkən diqqətimi çəkən əsas məqam istər memarlıq, istərsə də ab-hava baxımından Şərq və Qərb elementlərinin vəhdətidir. Fərhad müəllim bunu belə əsaslandırır:

 

Binanın memarı polyak Qaslavski, işləyən ustalar isə yerli imiş. Bu məqam da ümumi mənzərəyə təsirsiz ötüşmür. Sovet dövründə bu zal “Xalqlar dostluğu” adını daşıyıb, belə ki, Azərbaycana hədiyyə olunan əşyalar burada nümayiş edilirdi.

 

Bu qızın isə - Fərhad müəllim pilləkənin sürahisinin başında qoyulmuş qız heykəlini göstərir - əlində qızıl məcməyi varmış. Burda xeyriyyə tədbirləri keçiriləndə bu məcməyinin içərisinə qızıl qoyurlarmış.

 

 

 

Tağıyevin istirahət otağına daxil olanda heyrətimi gizlədə bilməyib deyirəm:

 

- Fərhad müəllim, Hacı pis yaşamayıb.

 

- Pis yaşamayıb yox e, əla yaşayıb (gülür). Əcnəbilər buranı görəndə çaşıb qalırlar ki, deməli, sizdə də dəbdəbəli həyat yaşayan adamlar olub. Amma zövq məsələsi də əhəmiyyətlidir, Hacının çox yaxşı zövqü olub.

 

 

 

- Hər mövzuda da Tağıyevi haqlı bilirsiniz.

 

- Xeyr, mən onun ədalətsiz olduğu məqamları da dilə gətirirəm.

 

- Məsələn?

 

- Məsələn, cümhuriyyət vaxtı o, Nəsib bəy Yusifbəyliyə məktub yazaraq cümhuriyyətin iqtisadi siyasətini tənqid edir. Burada subyektiv tənqid var və ədalətli deyil. Axı o özü sahibkar idi, ona dövlət nəzarəti sərf etmirdi.

 

- Bu nədir belə? (bufetə yaxınlaşıram)

 

- Bu ailənin servizidir. Servizin üzərinə öz adını yazdırıb.

 

- Buna nə lüzum varmış ki?

 

- Siz hələ onun çəngəl-bıçağını görməmisiniz.

 

 

 

Sonra çəngəlləri göstərir. Onların da üzərində Tağıyevin inisialı yazılıb.

 

Və nəhayət binanın ən gözəl nöqtəsində qərar tuturuq, Sona xanımın otağının qarşısında.

 

- Deyəsən, Tağıyev Sona xanımı çox sevib axı?

 

- “Deyəsən”, artıqdır, Aytac.

 

 

 

 

 

Aytac Sahəd

 

525-ci qəzet.- 2022.- 9 fevral.- S.10-11;12.