"Dionisin şərəfinə" kitabının təqdimatı oldu

 

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tənqidçi Əsəd Cahangirin "Dionisin şərəfinə" adlı kitabının təqdimatı keçirilib.

 

Tədbiri AYB sədrinin müavini Rəşad Məcid açaraq qonaqları salamlayıb, tənqidçi və onun yeni kitabı barədə fikirlərini bölüşüb. R.Məcid Yazıçılar Birliyi və sədr, Xalq yazıçısı Anarın adından müəllifi təbrik edib, onun ədəbi tənqiddə seçilən imza olduğunu bildirib. Vaxtilə Ə.Cahangirin "525-ci qəzet"də çap olunan "Bəhramnamə" adlı silsilə yazılarının da geniş maraq doğurduğunu vurğulayan R.Məcid deyib: "Pandemiyadan sonra Yazıçılar Birliyində bir çox tədbir keçirilsə də, ilk dəfədir ki, bu cür qələbəlik görünür. Bu təsadüfi deyil, Əsəd Cahangirin özünə, yaradıcılığına və çap etdirdiyi kitaba olan münasibətin nəticəsidir".

Təqdimatın aparıcısı olan AYB katibi İlqar Fəhmi "Dionisin şərəfinə" kitabını Əsəd Cahangirin yaradıcılığının çox az bir hissəsini əhatə etdiyini bildirərək müəllifi təbrik edib, ona yaradıcılığında yeni uğurlar arzulayıb.

Yazıçı-publisist Səyyad Aran Ə.Cahangirin fəaliyyəti barədə danışarkən deyib: "Əsəd Cahangirin ilk dəfə "Kim yatmış kim oyaq?" kitabını oxumuşdum. Həmin kitab məndə xeyli xoş təəssürat yaratmışdı. Bu qədər müəllifi oxuyub onların hər biri haqqında dolğun yazı yaza bilməsi məni heyrətləndirmişdi. Düşündüm ki, bu kitabda da müxtəlif müəlliflərə işıq tutulacaq. Amma baxdım ki, burada müxtəlif teatr, sənət və incəsənət adamları ilə bağlı əsərlər toplanıb. Buradakı müsahibələr sadəcə müsahibə deyil. Etiraf etməliyəm ki, bu günə qədər heç bir kitabda sözün çalarları və rəngarəngliyini bu dərəcədə müşahidə etməmişdim".

AYB katibi Səlim Babullaoğlu da yeni təqdim olunan nəşr və ümumən Ə.Cahangir haqqında düşüncələrini ifadə edib: "Bu kitabdakı əsərlər görkəmli şəxslərdən alınan, sənətin fəlsəfəsinə valeh olan birinin dərin baxışını təzahür etdirən müsahibələrdir. Mən hazırkı Azərbaycan ədəbiyyatında Əsəd Cahangir qədər fədakar ikinci şəxs tanımıram".

 

El ROMAN

 

525-ci qəzet.- 2022.- 12 fevral.- S.13.