"İnsan qaydalarla böyüməlidir"

 

Günel Səfərova: "Zzed nəsli" yetişir, köhnə tədris sisteminin tətbiqi ilə onlarla baş etmək mümkün deyil"

 

Müsahibimiz Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovadır.

 

***

 

- Günel xanım, rəhbəri olduğunuz Təhsil Nazirliyi yanında İctimai Şuranın iş mexanizmi bu gün nə dərəcədə əhəmiyyətlidir?

 

- Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanun var. Bu qanun ayrı-ayrı sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, müxtəlif səviyyələrdə qərarların qəbulunda ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur. Əslində, bu, çox geniş qanundur, ictimaiyyətə şərait yaradır ki, müxtəlif sferalarda həyata keçirilən siyasətin yönəldilməsində iştirak etsin. Ölkənin təhsil siyasəti, təhsil strategiyası da buraya daxildir. Bu məqsədlə yaradılmış İctimai şuralar ictimaiyyət və dövlət qurumu arasında bir körpüdür. Deyək ki, müəllimlərlə bağlı hansısa yeni bir yanaşma müzakirə olunur, müəllim-valideyn-məktəb-uşaq münasibətləri ilə bağlı yeni bir strategiya, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı yeni tövsiyələr var, yaxud da məktəblərdə təhsilin keyfiyyəti necədir, ali məktəblərdə keçirilən dərs və imtahanlardan nə kimi narazılıqlar var, nəyi daha yaxşı etmək mümkündür - Bizim təmsil olunduğumuz İctimai Şura sadalanan bu məsələlərin öz həllini necə tapacağına, ümumilikdə bu proseslərə ictimai nəzarəti həyata keçirən bir qurumdur. İctimai şuralar adətən, iki il müddətində seçilir və tərkibi 9-11, bəzən 15 nəfərdən ibarət olur. Qanuna görə, bu şuralarda vətəndaş cəmiyyətinin subyektləri, qeyri-hökumət təşkilatları, ictimai birlik və fondlar, kütləvi informasiya vasitələri təmsilçiləri təmsil oluna bilərlər. Bizdə isə bu sahədə daha çox QHT-lər fəallıq göstərir. Buna görə də Təhsil Nazirliyi yanında İctimai Şurada əsasən, QHT və ictimai birliklərinin təmsilçiləri təmsil olunurlar.

 

- Bu gün ölkədə təhsil sistemi hansı səviyyədədir?

 

- Sistem olaraq deyiriksə, bu çox böyük anlayışdır. Buraya müəllimlərin əmək haqqı, şagirdlərlə davranış məsələlərindən tutmuş məktəbin infrastrukturu, dərs saatlarının paylanılmasına qədər bir çox məsələlər daxildir və dediyim kimi, çox geniş, əhatəli anlayışdır. Məsələn, dərs saatları və müəllimlərin əmək haqqı ilə bağlı kiçik bir detala toxunum. Deyək ki, riyaziyyat fənni üzrə dərs saatını bir saat artırmaq istəyirik, onda məcburuq ki, hansısa fənnin dərs saatından kəsək. O zaman avtomatik olaraq dərs saatı azaldılan fənni tədris edən müəllimin də maaşı azalacaq və bu, narazılıq yaradacaq. Çünki biz təhsil sistemini saat hesabı dərs metodu üzərində qurmuşuq. Ya da götürək məktəblərin infrastrukturu məsələsini. Elə yerlər var ki,  məktəblər yaxşı vəziyyətdə deyil, təmir olunmalıdır,  yaxud da elə kəndlər var ki, orada sayı az olsa da, məktəblər var. Amma faktiki olaraq oraya nə qədər büdcə ayrılır.

 

- Bəs bu xərclər hara gedir?

 

-Təbii ki, məktəblərə gedir. Amma mühüm olan burada effektivlikdir.

 

- Bu gün məktəblərdə tez-tez rast gəlinən şiddət halları ilə bağlı nə deyə bilərsiniz?

 

- Bəli, bu gün gündəmdə olan əsas məsələlərdən biri də məktəblərdəki şiddət halları ilə bağlı məsələdir. Şagirdlərin müəllimə, müəllimin şagirdlərə olan şiddəti bullinqə - zorakılığa gətirib çıxarır və bu artıq çox böyük problemlərə yol açır. Biz bu mövzu ilə bağlı müzakirə aparanda həmişə ya uşağa, ya müəllimə fokuslanırıq. Amma uşaq, müəllim, valideyn, ailə bütövlükdə toplumdur. Bu xoşagəlməz hadisələr hər birimizi eyni dərəcədə  narahat etməlidir. Burada uşaqlar uduşlu təbəqə sayılır. Axı biz onlara tələb olaraq deyə bilmərik ki, müdrik ol və s. Uşaqlar dəcəllik etməyi sevir, amma qaydalara riayət etməyi sevmirlər. Amma o davranışı ona öyrətmək üçün tədrisdən kənar tərbiyəvi təlim prosesləri həyata keçirilməlidir. Bu isə həm məktəbdə, həm də ailədə olmalıdır. Düşünürəm ki, daha çox məktəblərdə olmalıdır. Axı, bütün uşaqların ailəsi yoxdur, bütün uşaqların ailəsi uşaq psixologiyasını, onlara yanaşmanın incəliklərini bilmirlər. Amma bunların hamısının tədrisi müəllimə həvalə olunur və onların məsuliyyəti daha çoxdur. Həmişə deyirlər ki, sizin müəllimlərdən gözləntiniz daha çoxdur. Əlbəttə ki, çoxdur. O müəllimlərin yetişməsi üçün dövlət  ödənişsiz təhsil verib, onları müxtəlif kurslara göndərir, zamanla onlara hər cür şərait yaradılır.

 

- Yeni tədris sisteminə baxanda smartfonların xüsusi çəkisi aydın hiss olunur. Bu barədə nə deyərdiniz?

 

- Məktəblərdə smartfonlar olmasaydı, elə problemlər var ki, bu gün  həmin problemlərdən xəbər tutmazdıq. Bizim məqsədimiz  bu smartfonlardan, bu texnologiyadan təhsildə doğru yöndən istifadə etmək olmalıdır. Bəlkə, bir şagirdə tapşırıq vermək olar ki, kitablardan əlavə müxtəlif internet mənbələrindən hansısa bir dövlətin tarixini, coğrafiyasını araşdırıb öyrənsin. Bu, yeni yanaşma ilə köhnə sistemin toqquşmasıdır və bunun müvəqqəti olacağını düşünürəm. "Zed nəsli" yetişir, köhnə tədris sisteminin tətbiqi ilə onlarla baş etmək mümkün deyil. Burada əsas səlahiyyət Təhsil Nazirliyindədir. Yeni konsepsiyalar, yeni baxışlar hazırlanmalıdır ki, bu dünyanın yeni trendləri ilə ayaqlaşmaq mümkün olsun.

 

- Yaxın tarixə nəzər salsaq, məsələn, 1990-cı illəri götürsək, görərik ki, o illər dərs yükü daha az idi, məktəblilər daha çox öyrənə bilirdilər və həm də əyləncəyə də vaxt tapırdılar. Amma indi baxırsan ki, artıq orta məktəblərin fənn qrafikləri dəyişilib, çətin fənnlər daxil olunub. Sizcə, biz buna hazırıqmı, bununla ayaqlaşa biləcəyikmi?

 

- Başqa çıxış yolumuz yoxdur. Əgər o təhsil sistemini geri qaytarmaq, bərpa etmək haqqında düşünsək, o zaman dünyadan geri qalmış olarıq.

 

- Amma belə də uşaqlar öz uşaqlıqlarından geri qalır axı.

 

- Gəlin qayıdaq 30 il əvvələ. Biz uşaq olan vaxtları informasiya ala biləcəyimiz mənbə vur-tut bir-iki telekanal və bir də kitablar idi. İndiki uşaqların informasiya almaq mənbələri hüdudsuzdur. Əgər biz o zamanlar hansısa bir mövzunu araşdırmaq istəyirdiksə, gedib kitablardan axtarıb tapmalı idik. Amma indi internetdə istənilən bir mövzu ilə bağlı yüzlərlə mənbə tapmaq olur. O zamanla indini müqayisə edəndə informasiyanın əlçatanlığı çox fərqlidir. İndiki uşaqlar daha çox məlumat ala bilirlər və alırlar. Amma təəssüf ki, bu məlumatlar arasında lazımsız olanları daha çox üstünlük təşkil edir. Artıq bu məlumatlı uşaqları biz 30 il öncəki kimi idarə edə bilmərik. Biz mobil telefonların olmadığı dövrün uşaqlığını yaşamışıq. İndi isə biz bir-birimizlə sosial bağlarımızı azaltmışıq, çünki hər kəs texnologiyaya adaptasiya olub. Biz o vaxt bir qohumumuzu görmək üçün ya onun ev telefonuna zəng edərdik, ya da onların evinə gedirdik. İndi isə bunları görüntülü zənglər əvəzləyib. Görüntülü danışırıq və düşünürük ki, bir-birimizi gördük. Ona görə də indiki gənclikdən bizim dövrümüzdəki yanaşmanı gözləmək absurddur. İndi yanaşma çox dəyişib. İndi gənc nəslin danışıq dili də dəyişilib, texnologiya onların dilinə də sirayət edib. Bizi qane etsə də-etməsə də, bu duruma uyğunlaşmağa məcburuq. Artıq bizim böyüdüyümüz qapalı mühitdən, cəmiyyətdən əsər-əlamət yoxdur. İndiki şəraitdə bizə yalnız doğru modeli tapmaq qalır.

 

- Bəs doğru model hansıdır sizcə?

 

- Mən Yaponiya təhsil modelini misal çəkərdim. Orada çox gözəl təhsil sistemi qurulub. Yaponiya təhsil sistemi ən ağır təhsil sistemlərindən biri hesab olunur.

 

Təsəvvür edin. İlk orada 4-cü sinfi bitirən şagird artıq ibtidai biliklərə tam yiyələnmiş olur, hətta gigiyenik cəhətdən də elə mükəmməl təbiyə olunurlar ki, öz tökdüklərini özləri yığışdırmaqla bərabər, məktəbin, sinfin səliqəsinə də nəzarət edirlər, artıq o yaşdan sahiblənməyi və mənimsəməyi bacarırlar. Beləliklə, şagirdlər kiçik yaşdan həm sosiallaşır, həm də iş bölgüsü anlayışını qavramış olurlar, komandada işini, birgə paylaşmağı öyrədirlər. Şəxsən mən bu modeli bəyənirəm. Amma bu model Azərbaycana gəlsə, əminəm ki, valideynlərin əksəriyyəti bununla razılaşmayacaq ki, mənim uşağım əlini ağdan qaraya vurmaz. Təəssüf ki, biz məsələyə ya tipik bürokratik təfəkkürlə yanaşırıq, ya da hər şeyə bir bucaqdan baxırıq. Problemləri isə bu yolla həll etmək mümkün deyil. Bu problemlər o vaxt həll olunacaq ki, təhsilin əsas amilləri sayılan müəllim-şagird-valideyn üçbucağı arasında sağlam birlik qurulacaq. Yaxşı olardı, icma əsaslı məktəb qura biləydik və mən də hiss edərdim ki, övladımın təhsil aldığı məktəb valideyn kimi həm də mənim məktəbimdir və mən oranın daha yaxşı olması üçün çalışmalıyam.

 

- İllər öncə Təhsil Nazirliyi ilə "ASAN xidmət"in "Məktəblinin dostu" adlı birgə pilot layihəsi həyata keçirildi və bu, indi də davam edir. "Məktəblinin dostu" layihəsi uğurludurmu və onların  fəaliyyəti nələrdən ibarətdir?

 

- Bu layihənin ideyası, əslində, çox gözəldir və həm müəllimlərə, həm   məktəblilərə kömək edən uğurlu bir proqramdır. Bu layihənin həyata keçirilməsində, icrası prosesində hansısa problemlər ola bilərdi. Bildiyimə görə burada adətən, psixologiya təhsilini bitirənlərə daha çox üstünlük verilirdi. Belə bir fakültə var: Sosial iş. Düşünürəm ki, bu prosesə sosial işçilər də cəlb edilsə, daha effektiv olar. "Məktəblinin dostu" modelini çox zaman yanlış anlayırlar, hesab edirlər ki, onları direktorlara nəzarət etmək üçün göndəriblər. Amma əslində belə deyil. Şiddət, zorakılıq, bullinq olmasın deyə, hazırda prioritet bu istiqamətdə qurulub. Bu həm də inklüzivliyin təmin olunmasına yardım göstərir. "Məktəblinin dostu" sözün əsl mənasında şagirdlərin dostu, onların inana, etimad göstərə biləcəyi, müəllimə deyə bilməyəcəyi sözləri onlarla bölüşə bildiyi insan olmalıdır. İndi "Məktəblinin dostu" bir model olaraq fəaliyyət göstərir, düşünürəm ki, pis də deyil. Amma məncə, burada fərqli məsələlər də ortaya qoymaq olar. Fikrimcə, bu iş bir qədər texniklikdən çıxmalı, nəzarət mexanizmi yox, həm də təlim və təhsilə kömək edəcək bir layihəyə çevrilməlidir.

 

- Günel xanım, söhbətimizi belə bir sualla yekunlaşdırmaq istərdim: Ümumbəşəri dəyərlərin qorunub saxlanılması ilə bağlı hansısa tədbirlər həyata keçirməyi planlaşdırırsınızmı?

 

- Əslində, təhsil sahəsində düşüncə və inamımız ondan ibarətdir ki, insan hüquqlarına əməl olunsun.  Biz o zaman nəticə əldə edə biləcəyik ki, insan hüquqları  qayda-qanun çərçivəsində olmasın. Bu, mədəniyyətin bir hissəsi olmalıdır. Bir haşiyə çıxım: bir dəfə Avstriyada səfərdə olanda bir hadisə ilə üzləşdim. Bir masa arxasında əyləşmişdik. Xüsusi içkilər vardı ki, üzərində 16 yaşından yuxarı şəxslərin içilməsi üçün nəzərdə tutulduğu göstərilirdi. Bizimlə eyni masada oturan bir gənc dedi ki, mən bunları içə bilmərəm. Niyəsini soruşanda cavab verdi ki, 16 yaşının tama olmasına hələ bir ay yarım var. Halbuki onun yaşını heç kim soruşmurdu və görünüşcə də yaşından böyük görünürdü. Demək ki, bu qanun artıq onun qanına hopmuşdu və bunu özü dərk edirdi. Təəssüf ki, bizdə qayda-qanun deyiləndə hər kəs bunu cəza kimi başa düşür. Adicə "Piyada keçidindən keçilməlidir" deyilərkən elə bilirlər ki, cərimə yazmaq üçün, yaxud da başqa nəyəsə görə deyilir. Amma bu, qaydadır və insan qaydalarla böyüməlidir.

 

Bəşəri dəyərlər deyərkən, xüsusilə vurğulamaq istəyərdim ki, biz xarici görünüşcə bənzəməsək də, dəyərlərimizə görə yaponlarla çox oxşarıq. Bir dəfə Yaponiya səfirliyi ilə müzakirələr edəndə demişdim ki, sizdə qadın-kişi münansibətləri bizimlə eynidir. Hətta onlarda bu münasibətlər daha qatıdır. Bizim çox oxşar dəyərlərimiz var. Azərbaycana xas dəyərləri saxlamaqla, sınaqdan çıxmış ümumbəşəri dəyərlərdən  biz də bəhrələnə bilərik.

 

Avropa dəyəri deyərkən, çox zaman cinsi azlıqları, açıq-saçıqlığı, özbaşınalığı nəzərə alırlar. Xeyr, Avropa dəyərləri insana dəyəri, insan hüquqlarını aşılayır, vəzifəsindən, irsindən, cinsindən asılı olmayaraq, hər kəsin bərabərhüquqlu olduğunu cəmiyyətə çatdırır. Bu baxımdan da ümumbəşəri dəyərlərə üz çevirmək olmaz. Ümumbəşəri dəyərlərə insan hüququ kontekstindən yanaşmaq lazımdır. Bizim İctimai Şurada Pərvanə adında dəyərli bir xanım var. O, insan hüquqları kontekstində dəyərli maarifləndirici təlimlər keçir. Həmişə deyir ki, ən böyük arzum insan hüquqlarını təhsil və tədrisə gətirməkdir. Bu gün təhsildə olan zorakılıq, bullinq Avropada da, Amerikada da var. Amerikada travmalı uşaq zaman keçdikdən sonra  o məktəbə gələrək müəllimini də, uşaqları da öldürüb gedir, yaxud məktəbə bomba qoyur, onu incidən insanları öldürməyə çalışır. Bu cür şiddət təəssüf ki, var və qlobaldır. Dünya bunun həllini insan hüquqlarına riayət etməklə tapıb. Mən də belə düşünürəm ki, bundan yaxşı üsul yoxdur.

 

Şəlalə CAMAL

 

525-ci qəzet.- 2022.- 16 fevral.-S.8;12.