"Gəlmişəm, Şuşam, gəlmişəm" müjdəli poeziya çələngi

 

Həssas oxucular, yəqin, bilirlər ki, "Orxan Paşa" istedadlı qələm sahibi, gözəl alim şair Məhərrəm Qasımlının təxəllüsüdür. Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi M.Qasımlının indiyə kimi Orxan Paşa imzalı yeddi şeir kitabı işıq üzü görüb, şeirləri rus, gürcü, ingilis dillərində nəşr olunub.

 

Orxan Paşanın poeziyasında Vətən sevgisi, azərbaycançılıq, Qarabağ mövzusu, türk-oğuz bahadırının yenilməz ruhu hər zaman çox qabarıq görünüb. Bu yaxınlarda işıq üzü görən "Əllərini uzat mənə" (Bakı, 2021) kitabı da eyni ovqat üstündədir. Bu kitabın bütün məzmunu Vətən sevgisindən yoğrulub. "Getdim, gördüm", "Xudafərin körpüsü", "Şuşanın xarıbülbülü", "Göyçə dedim, yaralarım göynədi, "Türklüyümüz yenilməz", "Əl boyda çay daşı", "Qürbətin yolları", "Gedək Təbrizə, Təbrizə" kimi şeirlərində Orxan Paşa vətən torpaqlarının müqəddəsliyini dönə-dönə dilə gətirir:

 

Bir udum bürkü gələ

Vətəndən,

Burda dönüb külək olar, vallah.

Əl boyda bir çay daşı gələ

Vətəndən,

Götürüb sinəmə qoyam,

Döyünüb ürək olar, vallah...

 

Şairin yeni kitabını vərəqlədikcə mərd igidlərimizin, qəhrəmanlarımızın canı-qanı bahasına azad olunmuş Vətən torpaqları, Qarabağ-Şuşa zəfərinin qüruru bir daha yaşanır.

Müqəddəs ziyarət yeri bildiyi Şuşanın 30 ildən sonra yenidən görüşünə getməsi şairin xəyalını pərvazlandırır:

 

Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm.

Qalmasın ahın-amanın,

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Vaqif Poeziya günlərində Şuşaya səfəri şairin ruhuna, mənəvi-poetik dünyasına elə bir dalğalanma gətirir ki, illər öncə niyyət etdiyi əhdini yerinə yetirir. Dizlərini yerə qoyub, Şuşanın daşını-divarını öpüb bağrına basır. Şair bu görüş üçün borclu olduğu vətən mücahidlərini fəxarətlə yad edir:

 

Yolu açdı igidlərim,

Qazilərim, şəhidlərim,

Gerçək oldu ümidlərim -

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Orxan Paşanın şeirlərində ana axar kimi görünən duyğu - kökümüzə, folklorumuza sevgi hörmət bu dəfə Şuşamızın azad ruhu torpağı ilə qovuşur. Şuşanı müqəddəs bir varlıq kimi qəbul edən şair, zəfərimizin Haqqdan gələn bir həqiqət olduğunu, ədalətin qalib gəldiyini bunun nəticəsində Vaqifin görüşünə, Şuşa ziyarətinə gəldiyini vurğulayır:

 

Haqq-tala itaətinə,

Pir-ocaq ibadətinə,

Vaqifin ziyarətinə

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Şeirdən aydın olur ki, birliksevginin yaratdığı yenilməzlik 30 illik həsrətə son qoydu. Bu zəfərə birlik və bərabərliyimizlə yetişməyimiz, Ali Baş Komandanımızın yenilməz əzmi, davamlı mübarizəsi ilə Qarabağ savaşında qalib gəlməyimiz şeirdə qürurverici nidalarla əks olunur:

 

Qarabağ bizim yerimiz,

Meydandayıq hər birimiz.

Baş Komandan öndərimiz,

Gəlmişik, Şuşam, gəlmişik.

 

Kitaba daxil edilən "Kasıbın oğlu", "Bir ayrıydı o kənd", "Bayrağım", "Ordumuz", "Azərbaycan əsgərinə", "Yolum gedir Zəngilana", "Şəhid köynəyi lalələr" və başqa şeirlərdə də 44 günlük Vətən müharibəsilə bağlı mövzular təcəssümünü tapıb. Şuşaya səfərində şəhidlərimizin qanı daman daşları bağrına basıb öpən Orxan Paşanın Qarabağ-Şuşa ovqatlı şeirlərinin hər misrasından Xarıbülbülün ətri və nəfəsi gəlir.

 

Mərziyyə NƏCƏFOVA,

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 17 fevral.-S.16.