Nəfsimin əsarətində  

 

XATİRƏ-HEKAYƏ

 

 

Moskva altındakı "Peredelkino" Yaradıcılıq evində bir qadının məkrinə düşdüm. Yaradıcılıq evinin direktoru Qalina Sergeyevna sənədlərimə baxa-baxa: - Sizin Rəsul Rza da burdadır. Darıxmazsınız, - dedi.

 

- Harda qalır? Yenə ikinci mərtəbədə, kitabxananın yanındakı otaqda?

 

- Yox! Sizinlə qonşuluqdadır. Bir qonşunuz da erməni yazıçısı Hamo Saqiyandır. Qızını da gətirib özüynən. 21-ci otağı vermişəm onlara.

 

Rəsul Rza Azərbaycan şeirini trafaret çərçivədən çıxarıb, uçuşlarına geniş meydanlar verən yenilikçi, ictimai-tənqidi fikirlərini özünəməxsus cəsarətlə, yeni formalarda ifadə edən novator şair idi. Nə zamansa barəmdə çox nüfuzlu tribunada fikir söyləyib, məni plenum iştirakçılarına təqdim edəcəyini ağlıma gətirməzdim. Ancaq Allah qismət elədi.

 

Otağım isti, işıqlı idi. Yuyunub darandım. Əyin-başımı səliqəyə salıb dəhlizə çıxdım. Boynu, sinəsi daş-qaşlarla cilvələnən, bir alışdım-yandım xanım da qonşu otaqdan çıxdı. Məni görcək:

 

- O...o...o Vot eta mujçina!

 

- Hincanım bəs, ay mamacan! Hinc lyavi en krasaviç! En dığa marts super. Bizim sasunsi Davidi kişi qaxraman, - deyərək əlini mənə tərəf uzatdı. - Adım Sedadır. Armyankayam, - dedi.

 

Başında qalın saçlarına kip oturulmuş qızılı araxçın vardı.

 

Ürəyimdə yüngül bir dağıntı duydum. "Nə qədər ki, at belinə çıxmayıb bu dağıntı, qayıt bu yoldan!" Ancaq qorxusu yoxdu! İradəm, gücüm çatar tamahımı boğaram. Nəfsimin "mən", "mənim" viruslarının əsiri olmaram! - dedim özüm-özümə. Qırmızı barmaqlarının ucundan tutdum. Adımı eşitcək.

 

- O...o...o... znaçit bek, qospodin? Znaçit aristokrat, centlemen! Yes haskanumem. Bek, znaçit hayeren lezü ter pisatel. Sən mənim Avetik İsakyan şairimsən! Qoluma girib şişman döşlərini sinəmə dayadı. - Aka, bek poet! Davay vazmom taksi, poyedim Moskvu! - cavab gözləmədən, -  Yeliseyev maqazinində kofe-konyak içərik!

 

"Yox" - deyə bilmirdim. Kişiyəm, axı! "Hə" də necə deyim? Moskvanın mağazaları canavar kimi açıb ağzını.

 

- Davay, davay! Bek poyet, çıxaq yola! Taksiynən gedək Moskvaya!

 

- Təklifiniz ürəyimcədi. Bizə sarı gələn, alnı şapka-günlüklü taksini saxlatdım.

 

Mərkəzi univermağa gəldik. "Qızıl, əqiq əşyalar" şöbəsində barmağını vitrindəki büllur sırğaların üstünə qoyub - Gör necə də gözəldilər - deyərək əllərini bir-birinə çırpa-çırpa atılıb düşdü. Qolunu boynuma dolayıb, üzümdən öpdü. Təndir kimi yanan içərilərimdə sərin mehlər əsdi. "Yaman yerdə günüm axşam oldu! Sırğaları alaram, bəs sonra Bakıya hansı pulnan qayıdım?! Əşi, yox ey! Oturuş-duruşundan imkanlı qıza oxşayır! Boş əlnən univermağa kim girər?"

 

- Əlbəttə, sırğaların tacındakı al yaqutlar rənginizi bir az da açar-dedim. O, əllərini gödəkcəsinin ciblərində, yaxasında çox gəzdirdi və birdən ayağını yerə çırpdı: -  Tfu, çort! Gör necə bəxti koram! - deyə hönkürür, dərisini soyurlarmış kimi sızıldayırdı.

 

Mən biganə qala bilməzdim bu ağrı-acıya! Qıza yardımçı olmalıydım:

 

- Sizə nooldu birdən?!

 

O, dərindən ah çəkdi, kəsilə-kəsilə: - Ox batdı yadıma. Portmanetimi götürmədim. "Peredelkino"da qalıb. Siz bəysiniz. Bəlkə bizə bir kömək edəsiniz? Sonra draxma, rubl verərəm. Siz axı bəysiniz. Centlemen oğlansınız! Ay dina martis! Tu turkes! Lah lyava! Bizim axçılar türk kişiləri çox sevərlər. Səni surumem qadanı alaram sonralar.

 

- Əlbəttə! Narahat olmayın. Avetik İsakyan olmaq istəmərəm. Amma centlemenlərdən min qat artıq kişiyəm - deyib, kassaya yaxınlaşdım. Sonra bu xanım bir yay eynəyi istədi. Aldım. Ətriyyat şöbəsində "Şanel", "Fidji" duxilərini görüncə qolumdan sallaşdı. Anamı-atamı söyə-söyə onları da aldım. Taksiylə "Yazıçılar" restoranına gəldik. Yedik-içdik. Bir şampan şərabı, bir də bir "Moskva" tortu götürüb "Peredelkino"ya qayıtdıq. Taksinin haqqını ödədim və ikicə rubl qaldı əlimdə.

 

Xanımın otağına gəldik. Ayın-uyunla dolu çantanı dolabın böyrünə söykədim. Tumbuçkanın üstündə qızın portmanetini gördüm, eynim açıldı, gözümə işıq gəldi. Dinmədim. Haqq-hesab söhbətinin yeri deyil. Üzü gülürdü. Şampan butulkasının tıxacına toxunan kimi yerindən qopdu. Qədəhləri doldurdum. Birdən ağlıma qəribə bir fikir gəldi. Moskvadakı "xarici komissiya" şöbəsi məni bəzi Avropa ölkələrinə ezam edəcək. Avropada da gərək özünü mədəni aparasan. "Bruderşaft" haqda məlumatım vardı. Bəlkə elə burada o "Bruderşaft" üsulundan istifadə eləyim? Əlimi Sedanın çiyninə qoyaraq:

 

- Sizdən xahiş edirəm! Gəlin, üz-üzə durub "Bruderştaf"la içək bu şərabları! Portmanetiniz də tumboçkanın üstündədi, - dedim. "Portmanet" sözünü eşidcək çırpınıb çıxdı əlimdən. Üzü kif atmış bozlamac kimi bozardı.

 

- Podless! Tı oğraş! Ya çto, küçə qızıyam?! - Yığışdır baraxlolarını, rədd ol burdan!

 

"Bu necə olur, axı? Yazıq, məsum Seda birdən-birə dəyişib, ilan kimi məni çaldı. Sənə bu da azdı. Ürəyinin qapıları darvaza kimi açıqdı. Ağlını başına cəm elə! Çəngiyə baş qoşmaq ağılsızlıqdı".

 

Paltomu götürüb otaqdan çıxdım. Nəyim vardı, xərcləmişdim. "Sabah "Sovetski pisatel" nəşriyyatına gedərəm. Təzə çapdan çıxan kitabımın qonorarını alaram. Hər şey qaydasına düşər. Çalışıb bu hadisəni də unudaram. Eybi yoxdur. Bundan belə biz də ehtiyatlı dolanarıq" - deyə özümü sakitləşdirdim.

 

Qapının ağzındaydım. Paltomun cibində açarı axtardım. Yoxdu. Pencək, şalvar ciblərimin astarını üzə çıxartdım. Açarı tapmadım. Univermaqda, restoranda da əlimi cibimə salmışam dəfələrlə. Ancaq taksinin haqqını ödəyəndə cibimdəydi. İndi neyləyim? Bu gecə hardasa yatmalıyam? Bəs harda? Bəlkə, Rəsul müəllimin yanında? Qonşu qapıya yaxınlaşdım. Moskvaya gedim, bəlkə? Şair dostlarım məni darda qoymaz. Amma necə gedim? Taksi pulum yoxdu. Neyləyim? Rəsul müəllimi də narahat eləyə bilmərəm. Axı, o da gecənin bir aləmində düşünmək, yazmaq istəyəcək. Qapını iki barmağımla iki dəfə tıqqıldatdım. İçəridən səs çıxmadı. Neyləyim? Bəlkə elə Sedanın otağında düşürmüşəm açarı? Soruşum. Bir yerdə axtaraq. Açarı tapsam, kopoyoğludu bir saniyə orda qalan. Geri qayıtdım. Qapını iki barmağımla iki dəfə tıqqıldatdım. Səs yoxdu. İki yumruqla döydüm.

 

- Açın qapını. Mən açarı itirmişəm. Otağınızda harasa düşüb yəqin!

 

- Sən bek yox, xuliqansan!

 

Yox! Bu qaraçıdan mənə hay olmayacaq. Xain xoflu olar. Qapını açmayacaq.

 

Amma yenə, yalvar-yaxar eləyim gərək!

 

- Noolar, açın qapını! Xahiş eləyirəm! Yalvarıram! Axı, biz dostuq. Açarımı axtaraq, əgər tapılmasa, mənə 25 manat borc verərsiniz. Taksi pulu!

 

- Yoox! Məndə bir  dirxom, rubl yox! Siz məni iznasilovat anım! Siz şanvartisiniz. Yoxsa milisiya çağıraram!..

 

İndi gəl bu anlamazla danış? Onu necə başa salım ki, mən türkəm, türkü də başqalarından ayıran türk kişiliyidi. Türk düşməninin başını min yerdən kəsər, ancaq arvadına pis gözlə baxmaz. Çünki qadın müqəddəs sayılır türk dünyasında. Bütün dünya alimlərini bir yerə topla, hidrogen nüvələrini və bir çox başqa həyat ünsürlü maddələri də qablaşdır xüsusi bir kameraya. Sonra qoy o döşünə döyən alimlər, doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə yox, doxsan min illər boyu təcrübələr, sınaqlar aparsalar, əgər o kameradan bir canlı hüceyrə çıxara bilsələr, başımı kəs! Amma qadınların dünyaya gətirdikləri hər körpə, bir təzə icaddır. Türklər qadınlara əl qaldırmazlar, ağır söz deməzlər. Səslərinə güc verib diksindirməzlər. Qadın incədir, kövrəkdir. Sevilməli, əzizlənməlidirlər.

 

- Aç qapını, - yenə dedim.

 

Açmadı. Hirs təpəmə vurdu. Bir-iki dəfə dala-qabağa gedib təpiyimi qapıya necə ilişdirdimsə, qapı cəftəsindən qopub bir yanı üstə asıldı. Qız üz-gözünü cırmaqlayırdı. Moskvadan gətirdiyimiz hədiyyələrlə dolu çantanı sinəsinə sıxmışdı. Tumbuçkanın üstündəki portmaneti açdım. İçində dodaq boyası, qaş qələmi, bir də bir əl yaylığı, vəssalam. Seda nalə çəkirdi.

 

- Ay atam, ay babam, məni zorramaq istəyirlər - deyə bağırırdı. Onu bağrıma basıb sakitləşdirmək, "biz bacı-qardaşıq, sizdən heç bir təmənnam yoxdur", -  demək niyyətiylə ona yaxınlaşdım. Əlimdən qopub pəncərəyə çıxdı.

 

- Özümü atacam!

 

Qanında qaynayan tamahın, nəfsin "mən", "mənim" virusları ağlını başından almışdı. Geriyə boylandım. Qapının ağzında yaşı keçmiş yazıçılar gözlərini dörd eləyib dodaqlarını gəmirirdilər. Əlləri süpürgəli, döşəməsilənli xadimələr bir-birinə sığınmışdılar. Gombul Qalina Sergeyevna kötük ayaqlarını irəliyə yox, yanlara ata-ata yüyürürdü hadisə yerinə.

 

- Bu Qafqaz vəhşilərini kim buraxıb yaradıcılıq evinə! - deyən, burnunu tutsan canı çıxan yazıçının ağzını yığdım əlimin ortasına. Dizlərini şaraqqıltıyla çırpdı döşəməyə. Soyuq dodaqları ovcumun içində sındı. Məni araya almışdılar. Əllərimi sağa-sola atır, şapalaqlardan qorunur, özümü müdafiə edirdim. Birdən qurbağa gölünə daş atdılar elə bil. Hay-küy kəsildi. Toplananlar aralandı. Qapıda Rəsul müəllim göründü. "Mənim bu günümdə gələsən, Nəbi! Qazamat dalını dələsən, Nəbi!" mahnısı səsləndi ürəyimin başında. Arxamda dağ dikləndi elə bil. Ancaq soyuq tər basmışdı məni. "Ayıb deyilmi, utan, yerə gir!" - deyər "Vallah, özü elə bu cür çəngidi. Bəlkə elə bilir ki, bağışladığım hədiyyələri alacam əlindən! Vallah, qıza əl vurmamışam, heç barmağım da toxunmayıb" - deyərəm. "Bəs bunu kim soyundurub?" - soruşar. "Özü soyunub, vallah, nəyə görə bilmirəm. Bəlkə yatmağa hazırlaşırmış. Mən də qapını döymüşəm. Rəsul müəllim, siz məni tanımırsız. Şairəm, həm də bəy nəvəsi, bəy kimi də qulluğunda durmuşam o haxçının! Deyib Moskvaya apar məni. Aparmışam. "Pervi klas" restoranlarda yaxşı yedirib-içirtmişəm. Burda da qolumu boynundan aşırıb, bir "Bruderşaft" qaydasınca şərab içmək istədim. Həyasızın üzü döndü birdən. "Ay anam, bu idiot zorrayır məni - deyə hay-haray saldı.

 

Rəsul müəllim susurdu. İri ala gözləri həmişəki kimi oynayıb qaynamırdı. Baxışlarında donuqluq vardı. Gecə köynəyində titrəyən o qızın göz yaşları, yaşı keçmiş yazıçıların mənə yumruq göstərmələri, Qalina Sergeyevnanın dünyalar qədər xətrini istədiyi Rəsul müəllimə çəp-çəpi baxışı da incə ruhunda dağıntılar yaradırdı.

 

Bir neçə gün Rəsul müəllimin gözünə görünmədim. Yeməkxanaya əl-ayaq çəkiləndən sonra gəlir, film göstərilən kluba işıqlar söndürüləndən sonra girirdim. "Kişidən ayıb oldu" deyə üzülür, özümə yer tapmırdım.

 

Mən harda görmüşdüm, nə bilirdim qadın nədi? Bilsəydim, ayıq olardım. Rəsul müəllimdən də bu qədər utanmaz, xəcalət yükü altında əzilməzdim.

 

"Suda batan öz qollarına güvənməlidi" deyib atalar. Təzə, "xoruz səsi" eşitməyən şeirlər yazmalıyam. Rəsul müəllimə oxuyaram. O sevinər, günahlarımı bağışlayar. Həmin gecə, birnəfəsə bir neçə şeir yazdım. Səhəri gün, utanacaqlığım, qorxunun da daşını atıb, Rəsul müəllimin qapısına yaxınlaşdım. Özümü yığışdırıb, dərindən bir-iki nəfəs ötürüb, taqqıldatdım qapını.

 

- Gəl içəri! -  dedi, mülayim, mehriban səs. Ürəkləndim. Qapını özü açdı.

 

-  Gəl, gəl! Xoş gəlmisən! Bəs hardasan neçə gündü? Bu ara-bərələrdə də görmürəm səni heç!

 

İçimdə titrətmə vardı. Başımı qaldırıb üzünə baxmağa cəsarətim çatmırdı. Utanırdım! Tutulduğumu başa düşdü. Məni vəziyyətdən çıxarmaq üçün araya söz qatdı.

 

- Bu evin hər tərəfi meşəlikdi. Burda dincələnlərin çoxu, mən də şam yeməyindən sonra yaşıl xiyabanlarda gəzişirik. Bəzən quşlar, sərçələr civildəşir, ağaclarda yem axtarırlar. Dələlər budaqdan-budağa atılır, qaçdı-tutdu oynayır, şənlənirlər. Bəziləri xiyabana düşür, məzlum-məzlum gəzişənlərə yaxınlaşır, əllərini irəli uzadır, biz də cibimizdə gətirdiyimiz bulka, peçenye qırıntılarıyla onları yemləyirik. Bütün canlılar diqqətə, qayğıya möhtacdır. Amma gənc şairlər daha çox. - Əlinin arxasıyla masanın üstündəki kağızları kənara itələdi. - Ancaq səni o xiyabanda görmürəm. Haralardasan bəs? Yaradıcılıq evində nəyə qarışıqdı başın?

 

- Rəsul müəllim, bir-iki şeirim var. İcazə verərsiniz...?!

 

- Hə! Əlbəttə! Bunu bayaqdan de dəə! - Dodaqları qaçdı. Mavi gözlərindən süzülən işıqlar, yanaqlarının qızartılarını alışdırırdı. - Hə, köhnə palan içi sökməyəcəyik burda. Cavansan! Ancaq mən sənin o aşıb-daşan şövqünü, həvəsini də alqışlamaq istəyirəm. Heyif deyilmi! Amma Maksim Qorki yazıçılara tövsiyə edirdi ki, mayalarını qorusunlar, yəni ehtiraslarını yazmağa sərf eləsinlər. Bənd olma olub-keçənlərə də! Yazı masasının arxasına keçdi. - O stulu gətir qoy altına, otur yanımda -  dedi. Bükülü vərəqləri cibimdən çıxartdım.

 

- Evdən gətirmisən? Redaksiyalardan geri qaytarılanlar cəsarətli, tünd olduqlarına görə çap olunmurlar, bəzən. O cür şeirlərə həvəslə qulaq asıram!

 

- Təzə yazmışam. Özü də hələ nədi-nə deyil, bilmirəm. Bunlara şeir deməyə də çətinlik çəkirəm! Amma əziyyətsiz, asan yazdım.

 

- Hansı rayondansan?

 

- Qubadanam.

 

- Hə! Bağlar şəhərindən! Sən bilərsən. Yaxşı yetişmiş alma dəriləndə budaqdan tez qopur. Bəzən özü düşür yerə. Səni içəridə danışdıran yaxşı danışdırıb. Söz də bulaq kimi axıb. Qulaq asıram. Di başla!

 

Kağızların üzünə baxmır, şeirlərimi əzbərdən deyir, sağsağan kimi cahbıldayırdım. Gözaltından ustada da baxırdım hərdən! Barmaqları ilə masanı daqqıldatmır, sakit, diqqətlə qulaq asırdı. Birdən dodaqlarının qaçdığını gördüm. Ürəkləndim bir az da! Cilovsuz, dördnallı çapan kəhəri saxlamaq olar?

 

Yadıma gəlmirdi bir saat qabaq, -

 

Nə çay, nə bulaq,

 

Nə kəhriz!

 

Ancaq dara düşəndə

 

Xilaskarı düşünürük biz.

 

Ömrü boyu darlıq dağıntılarıyla üz-üzə gəlib Rəsul müəllim. Ancaq heç vaxt qabaqdan qaçmayıb. Dağıntı yaradanların "atasını yandıran", onları ziyanlı fəaliyyətlərdən uzaqlaşdıran şeirlər yazıb. Amma o şeirlər də ürəkdən yanğı istəyir. Dağıntının mahiyyəti, cəmiyyət üçün nə qədər zərərli olduğu aşkarlandıqca ehtizaza gəlib şair ürəyi. İçərilərindən üzə çıxan qırmızı zolaqlı alov dilləri soyuyub, bürüşüb, sifətdə qırışlara çevrilib. Qan qırmızı qızartılar yanaqlarında şaxələnib, göz qapaqlarının, burun pərlərinin həndəvərlərindən oxlar, nizələr kimi şığıyıb, çənəsinin altında, hülqumunun üstündə oraq kimi əyilib. Şair biganə qala bilmir gün-gündən artan dağıntılara. Kolxozun fermasında bir dana xəstələnir. Rayon başbilənləri əl-ayağa düşürlər. Bakıdan "təcili yardım" maşınında adlı-sanlı həkimlər gəlir. Bahalı, "importnı" dərmanları şirin südə qatıb danaya can-amanla içirdirlər. Yan-yörəsini yorğanlarla basdırıb, aspirinli otlarla tərlədib, sağaldırlar. Ancaq danaya baxan sağıcının balaca qızı kimsəsiz otaqda can üstədir. O yazığı itirib-axtarmır heç kim! Dana tezliklə sağalır. Ancaq sağıcının qızı baxımsızlıq üzündən ölür. Əlbəttə, bu dağıntılı hadisə də həyəcansız yazılmır. Qırışlar artır.

 

- Çox ciddi məsələlərə toxunmusan! Gözəl şeirlər yazmısan -  dedi. -  Sərbəst deyil! Heç hecalı da deyil. Əşi, nəyimizə gərəkdi hecası, vəzni? Bədiidi. Obrazlıdı. Hər nədisə, təzə şeirdi. Bəs sən bu çağa kimi harda itib-batmısan, mən səni tanımamışam!

 

- Ayıb oldu, utanıram, Rəsul müəllim... - dedim.

 

- Təki inəyim südlü olsun, vurub sərinci dağıtsa da, ziyanı yoxdu.

 

- Çox utanıram, xəcalət çəkirəm!

 

- Əşi, bənd olma! Təki sən belə şeirlər yazasan. Yaradıcılıq evini dağıtsan da, "gözün üstündə qaşın var" demərəm. Bakıya qayıdan kimi şeirlərin bir nüsxəsini mənə verərsən!

 

- Baş üstə, - deyib otaqdan çıxdım. Dəhlizdə özümdən xəbərsiz atıla-düşə, oynaya-oynaya gedirdim. Bir neçə həftə keçdi. Bakıya qayıtdım. Bir gün də Yazıçılar İttifaqında növbəti plenuma yığışdıq. Rəsul müəllimim "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuş, gənclərin yaradıcılığından bəhs edən "Qayğı sözü və qayğının özü" məqaləsi ətrafında müzakirələr gedirdi. O, təmkinlə sözə başladı:

 

- Bir də axı, gənc oldu və ya yaşlı yazıçı oldu, nə fərqi, əsəri orijinal, təzə, cazibədardısa, o haqda niyə danışmayaq?! Yazıçılar İttifaqının qarşısında, dəhlizlərində də tez-tez görürdüm bir cavan oğlanı. Heç yazıb yazmadığını da bilmirdim. Ancaq təzə şeirlərini göstərdi mənə. Oxudum, sevindim! İstəyirəm, siz də sevinəsiniz!

 

Şeirlərim oxunduqca alqışlar güclənirdi. Ustadın həyatımda dönüş yaradan bu çıxışından sonra bütün bağlı qapılar üzümə açıldı.

 

 

Yusif HƏSƏNBƏY

 

525-ci qəzet.- 2022.- 18 fevral.-S.14;15.